Bakıda Prezident Mahmud Abbasın
iştirakı ilə Fələstin Dövləti səfirliyinin
rəsmi açılışı olmuşdur
İyunun 29-da Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olmuşdur. Mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iştirak etmişdir.
Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident Mahmud Abbas səfirliyin əməkdaşları ilə görüşdü. Səfirlikdə yaradılmış şəraitlə tanış olan ali qonağa məlumat verildi ki, diplomatik nümayəndəlik beş inzibati və bir neçə yardımçı otaqdan ibarətdir. Səfirlikdə ümumilikdə yeddi əməkdaş çalışır və onlar üçün lazımi iş şəraiti yaradılmışdır.
Baş nazirin müavini Elçin Əfəndiyev Fələstin Dövlətinin ölkəmizdə səfirliyinin açılmasını xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da inkişafına şərait yaradacağını bildirdi. Vurğuladı ki, dövlətlərimiz arasında münasibətlərin indiki mərhələsi ikitərəfli əlaqələrin inkişafı üçün lazımi imkanlar yaradır. Azərbaycan ilə Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır.
Prezident Mahmud Abbas Bakıda Fələstin səfirliyi üçün binanın verilməsinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Fələstin Dövlətinin başçısı məhz bu amilin ölkələrimiz arasında mövcud əlaqələrin inkişafının daha bir göstəricisi olduğunu vurğuladı.
Ölkəmizə ilk səfərindən məmnun qaldığını bildirən ali qonaq Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirdi. Xalqlarımız arasında qədim tarixi əlaqələrin mövcudluğundan danışan Prezident Mahmud Abbas Azərbaycan ilə Fələstin arasında bir çox sahələrdə yeni əməkdaşlıq imkanlarının olduğunu qeyd etdi. Fələstin Dövlətinin başçısı gələcəkdə sosial-iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı.
AzərTAc
Azərbaycan.- 2011.-30
iyun.- S. 3, 7.