Moskvada MDB ölkələrinin mədəniyyəti və xalq ənənələri festivalı çərçivəsində Azərbaycan Respublikası günü keçirilmişdir

 

İyunun 29-da Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində (ÜSM) Azərbaycan Respublikası günü keçirilmişdir. Bu tədbir Birliyin 20 illiyinə həsr edilmiş festival çərçivəsində təşkil olunmuşdur.

MDB ölkələrinin yaradıcı kollektivlərinin iştirak etdiyi festival Birliyin iştirakçısı olan dövlətlərin hökumətləri, MDB İcraiyyə Komitəsi, Dövlətlərarası Sərgi-Yarmarka və Konqres Fəaliyyəti Şurası, MDB üzvü olan dövlətlərin Ticarət-Sənaye Palatalarının Rəhbərləri Şurası və ÜSM tərəfindən təşkil edilmişdir.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Sonra Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov giriş sözü söyləmişdir. O, ÜSM-də açılmış dövlətlərarası "MDB-nin 20 illiyi: tərəfdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda yubiley sərgisinin əhəmiyyətindən söhbət açmış və vurğulamışdır ki, bu festival da həmin sərgi çərçivəsində keçirilir. N.Səfərov qeyd etmişdir ki, bu sərginin keçirilməsi MDB iştirakçısı olan dövlətlərin xalqları arasında dostluq münasibətlərinin inkişafına, ticari-iqtisadi, mədəni və humanitar əlaqələrin fəallaşmasına yeni təkan verəcəkdir. Niyazi Səfərov demişdir: "Bu sərginin keçirilməsi onunla əlamətdardır ki, 9 dövlətin nümayəndələri 20 il ərzində bütün sahələrdə qazandıqları uğurları nümayiş etdirirlər. Azərbaycan ekspozisiyası çox yüksək səviyyədə təşkil edilmişdir. Burada sərgi fəaliyyətinin, interaktiv təqdimatların və ən yeni informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmuşdur. Biz əlimizdən gələni etmişik ki, sərgiyə gələnlər müasir Azərbaycanın həyatı ilə, ölkəmizin ötən 20 ildə qazandığı uğurlarla tanış olsunlar. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın gələcək inkişafına yönəlmişdir və biz bu istiqamətdə çox ciddi addımlarla irəliləyirik. Ölkənin inkişafının bütün sahələrində çox böyük tərəqqi əldə edilmişdir. İqtisadiyyatın və sosial sahənin əsas göstəricilərinin yüksək artım sürəti bundan sonra da saxlanacaqdır".

Azərbaycan Respublikası gününün açılışının rəsmi hissəsindən sonra Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Ritm" nağaraçılar qrupu çıxış etmişdir. Bu qrupun virtuoz ifasını festivala gələnlər gurultulu alqışlarla qarşılamışlar. Rəqs qrupları və tanınmış müğənnilər tamaşaçılara xalq mahnıları və Azərbaycan bəstəkarlarının vokal əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.-30  iyun.- S.  6.