Milli Məclisdə görüş

 

Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Baltik Assambleyası (BA) sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs və onu rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.

Görüşdə ölkələrarası əlaqələrin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ilə Latviya arasında iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın daha da genişlənməsindən söz açmışdır.

Komitə sədri bildirmişdir ki, Latviyanın və BA-nın Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayiş etdirdiyi mövqe, Azərbaycanın haqq səsini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk.

Yanis Reirs Azərbaycanın GUAM-da aparıcı qüvvə olduğundan danışmış, demişdir ki, Latviya Azərbaycanı özünə yaxın dost və tərəfdaş ölkə hesab edir. Latviya Azərbaycan ilə əlaqələrin həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar, xüsusən də, Baltik Assambleyası ilə GUAM çərçivəsində inkişafında maraqlıdır. Regionda sürətlə inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Latviya Azərbaycanın Avropaya inteqrasiyasını dəstəkləyir və onun Avropa ailəsinə daxil olmasına hər cür kömək göstərməyə hazırdır.

 

***

 

Dünən Milli Məclisdə Baltik Assambleyası (BA) sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşmüşdür.

Görüşdə Azərbaycanın GUAM-dakı rolu, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə qurulması, əldə edilən uğurlu nailiyyətlər barədə məlumat verilmişdir.

Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Elton Məmmədov bildirdi ki, ölkəmiz bütün beynəlxalq təşkilatlar, həmçinin Baltik Assambleyası ilə əməkdaşlıqda maraqlıdır. Əlaqələrimizin beynəlxalq təşkilatlar çərçivəsində genişlənməsi hər iki tərəfin mənafeyinə uyğundur. GUAM ilə BA, eləcə də Benilüks Ölkələri Assambleyası arasında əlaqələrin genişlənməsi regional münaqişələrin həllində mühüm rol oynayacaqdır.

Görüşdə qeyd edildi ki, bu ilin oktyabrında Bakıda GUAM, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyasının iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təşəbbüsünün irəli sürülməsi təqdirəlayiqdir. Azərbaycan Baltik Assambleyası və GUAM-la əlaqələrin inkişafında maraqlıdır.

Nümayəndə heyətinin rəhbəri Yanis Reirs demişdir ki, beynəlxalq təşkilatlarda eləcə də GUAM-da əsas aparıcı dövlət olan Azərbaycan regionun inkişaf etmiş ölkəsidir. Azərbaycan nümayəndə heyətinin GUAM-dakı fəaliyyəti GUAM-la BA arasındakı əlaqələrin inkişafına mühüm töhfələr verir. Bu fəaliyyətlərinə görə Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və heyətin üzvü Əli Məsimli Baltik Assambleyasının 20 illik yubiley medalı ilə təltif olunmuşlar.

Hər iki görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 30 iyun.- S.  7.