Ankarada Türkiyə-Azərbaycan
münasibətlərinə dair konfrans keçirilmişdir
Xəbər verdiyimiz kimi, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Ankarada səfərdədir.
Səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyində Azərbaycan və Türkiyə strateji araşdırmalar mərkəzlərinin toplantısı keçirilmişdir. Toplantıda iki qardaş ölkənin strateji araşdırmalar mərkəzləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
İyunun 29-da Türkiyə Odalar və Borsalar Birliyi Universitetində Azərbaycan və Türkiyənin strateji araşdırmalar mərkəzləri rəhbərlərinin, deputatların və Azərbaycanın Türkiyədəki səfirliyi əməkdaşlarının iştirakı ilə "Türkiyə-Azərbaycan münasibətlərinin regiona təsiri" mövzusunda konfrans keçirilmişdir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi direktorunun müavini Gülşən Paşayeva bildirmişdir ki, ötən ilin avqustunda Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd və sentyabrda Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə bəyanatları əlaqələrimizin daha da güclənməsində yeni mərhələ açmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, nəticələri və davam edən danışıqlar prosesindən ətraflı bəhs edən natiq diqqətə çatdırmışdır ki, bu münaqişənin davam etdiyi şəraitdə Türkiyənin Ermənistanla sərhədləri bağlaması qardaş ölkənin xalqımıza misilsiz dəstəyi kimi qiymətləndirilməlidir. Eyni zamanda, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun beynəlxalq təşkilatların kürsüsündən problemi gündəmə gətirmələri də bizim üçün mühümdür.
Gülşən Paşayeva dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakıda keçirilmiş təntənəli hərbi paradda nitqindən aşağıdakı fikirləri xatırlatmışdır: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilsin. Bunun üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt etməmişik, heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur, baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu, həmişə belə olub, bu gün də belədir".
Konfransda daha sonra çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov diqqəti son illər Türkiyə ilə Rusiya arasında strateji əməkdaşlığın güclənməsinə cəlb etmiş, bu faktın Ermənistanda qorxu yaratdığını, Azərbaycanın mövqeyini isə gücləndirdiyini vurğulamışdır. Digər tərəfdən, bu yaxınlarda keçirilmiş parlament seçkilərində inamlı qələbə qazanmış Ədalət və İnkişaf Partiyasının proqramında da xarici siyasət kursunun Qafqazla bağlı olan hissəsi Rusiyadan ayrılmır.
Rasim Musabəyov Azərbaycanın energetika siyasəti haqqında da ətraflı məlumat vermiş, bu siyasətdə əsas üstünlüyün qardaş Türkiyəyə verildiyini xatırlatmışdır. Onun sözlərinə görə, hazırda Azərbaycan nefti və qazının böyük hissəsi Türkiyə üzərindən dünya bazarlarına çatdırılır. Qardaş ölkə ilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrə imza atan Azərbaycan Nabukko boru xətti ilə bağlı problemlərin həlli və payçı ölkələrin tranzit şərtlərini həll etməsini gözləyir.
SAM-ın əməkdaşı Cavid Vəliyev də çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının regiona təsiri və digər məsələlərdən bəhs etmişdir.
Nümayəndə heyətimizin üzvləri salona toplaşmış müəllim və tələbələrin suallarını cavablandırmışlar.
Səfər çərçivəsində Türkiyə XİN-də "beyin mərkəzləri" və mətbuat nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Türkiyə-Azərbaycan əlaqələri, regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılmışdır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2011.-30 iyun.- S.
7.