Kamil Nəcəf oğlu Nəcəfzadə

 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəf oğlu Nəcəfzadə 2011-ci il iyunun 29-da ömrünün 82-ci ilində vəfat etmişdir.

Kamil Nəcəfzadə 1929-cu il dekabrın 29-da Lənkəran şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxumuş, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali təhsil almışdır.

Kamil Nəcəfzadə 1955-ci ildən etibarən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlamışdır. O, 40-a yaxın bədii, tammetrajlı filmin tərtibatçısı olmuşdur. Kamil Nəcəfzadə müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olmuş, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirmişdir.

Gənc yaşlarından yaradıcılığa böyük həvəs göstərən Kamil Nəcəfzadə Azərbaycanda rəssamlıq sənətinin inkişafında özünəməxsus rol oynamışdır. O, yarım əsrdən artıq bir dövr ərzində milli teatr və kino rəssamlığı sənətinin inkişafı naminə diqqətəlayiq xidmətlər göstərmişdir. Sənətkar Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərin quruluşçu rəssamı olmuşdur. Həmin filmlərin geniş şöhrət tapmasında məhz onun verdiyi tərtibatlar mühüm əhəmiyyət kəsb edir.

Kamil Nəcəfzadə, həmçinin bir sıra dram tamaşalarına bədii tərtibat vermişdir. Hüseyn Cavid və Səməd Vurğun kimi qüdrətli söz ustalarımızın əsərləri onun tərtibatı sayəsində özünün dolğun səhnə təcəssümünü tapmışdır. Bunlar geniş yaradıcılıq diapazonuna malik rəssamın səhnəqrafiya sahəsində də böyük istedadı olduğunu nümayiş etdirir.

Kamil Nəcəfzadə rəngkarlıq və qrafika sahələrində də bir sıra dərin məzmunlu və estetik təsir gücü ilə seçilən əsərlər yaratmağa müvəffəq olmuşdur. Onun fırçasından çıxmış gözəl tablolar özünün mövzu aktuallığı, orijinallığı və bənzərsizliyi ilə səciyyələnir. Mənzərələr silsiləsi, portret və eləcə də məişət janrlarında yaradılan bu əsərlər sənətsevərlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Kamil Nəcəfzadənin ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilən fərdi sərgiləri, xarici ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan rəsm əsərləri Azərbaycan təsviri sənətinin şöhrətini daha da artırmışdır.

Sənətkarın yaradıcılığı həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adını almış, müstəqil respublikamızın ali mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Tanınmış rəssam, gözəl pedaqoq və qayğıkeş insan Kamil Nəcəf oğlu Nəcəfzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Mahmud Kərimov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Fərhad Xəlilov, Tahir Salahov, Ömər Eldarov, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə, Tokay Məmmədov, Altay Hacıyev

 

 

Azərbaycan.- 2011.- 30 iyun.- S.  7.