AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumu və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

 

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində "Muzeylərin müasir durumu və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı açaraq konfransın aktuallığından, əhəmiyyətindən, gündəlikdə duran məsələlərdən danışmışdır. Bildirmişdir ki, rəhbərlik etdiyi mədəniyyət ocağı son zamanlar yerli və beynəlxalq muzeylərin müasir vəziyyəti, inkişaf perspektivləri, mədəni irsin qorunmasında muzeylərin fəaliyyəti, informasiya texnologiyalarının geniş tətbiqi, muzeylərdə tədris məsələsi sahəsində əldə edilən nailiyyətləri əhatə edən seminar, simpozium və konfranslar keçirir.

Mədəniyyətlərarası münasibətlərin yaranmasında və inkişafında mühüm əhəmiyyəti olan bugünkü konfransda mədəni irsin qorunmasında muzeylərin rolu, müasir muzeylərdə konservasiya və bərpa məsələləri, muzeylər və mədəni turizm, tarix və mədəniyyətin tədrisi və təbliğində müasir muzeylərin rolu, muzeylərdə informasiya texnologiyalarının tətbiqi, muzey menecmentinin problemləri və digər mövzular müzakirə ediləcəkdir.

Bildirilmişdir ki, tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Almaniya, Bolqarıstan, İtaliya, Livan, Qazaxıstan və digər ölkələrin tanınmış mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov AMEA Rəyasət Heyətinin təbrikini səsləndirmiş, konfransın işinə uğurlar arzulamışdır.

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycanda muzey işinə qayğı və diqqətin ümummilli lider Heydər Əliyevin fəaliyyətində önəmli yer tutmasından, ulu öndərin elm və mədəniyyətimizin inkişafına böyük əhəmiyyət verməsindən danışmışdır. O qeyd etmişdir ki, Heydər Əliyev xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanması, tarixi-mədəni irsin qorunub zənginləşdirilməsi üçün əlindən gələni etmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Bu, muzey şəbəkəsinin inkişafına, təkmilləşdirilməsinə geniş imkanlar yaratmışdır.

Ölkəmizdə fəaliyyət göstərən 250 muzeydən 205-nin Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olduğunu diqqətə çatdıran S.Məmmədəliyeva vurğulamışdır ki, bu gün muzeylər mühüm mədəniyyət ocaqlarına, xüsusilə, gənc nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzlərinə çevrilmişdir.

Hər bir vətəndaşın öz diyarının tarixinə, tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinə yaxından bələd olması baxımından muzeylərin vacib rolundan danışan S.Məmmədəliyeva qeyd etmişdir ki, hazırda respublikamızda yeni muzeylərin yaradılması işi davam etdirilir. Ekspozisiyalar müasir tələblər baxımından təkmilləşdirilir, zənginləşdirilir və kütləvi işin yeni formaları tətbiq olunur. Mövcud muzeylərimiz Azərbaycan xalqının böyük şəxsiyyətləri ilə bağlı dəyərləri toplayır, qoruyur və təbliğ edirlər. 2005-ci ildən bəri yaradılan Heydər Əliyev muzeyləri ümummilli liderin zəngin irsinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması vəzifəsini yerinə yetirir.

Ulu öndərin muzeylərə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ilin mart ayında dövlətimizin başçısı 90 illik tarixə malik Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması haqqında sərəncam imzalamışdır. 2004-2007-ci illərdə Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olunmuşdur. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzeyin fondlarında tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycanın maddi-mədəniyyət abidələri ilə zəngin, qədim tarixə malik ölkə olmasından, xalqımızın qədim dövrdən bu günədək tarixini əks etdirən maddi və mənəvi mədəniyyət abidələrinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, ekspozisiya və sərgilərdə nümayişi və təbliğinin təşkilində tarix muzeyinin əvəzsiz rolundan danışmışdır.

Tədbirdə çıxış edən Əhməd Aytac (Türkiyə), Nina Qarunova (Rusiya), Luici Skrinzi (İtaliya) azərbaycanlıların qonaqpərvərliyinə heyran qaldıqlarını, ölkələrimiz arasında mədəniyyət əlaqələrinin qurulmasında və genişləndirilməsində konfransın böyük rolu olacağına əminliklərini bildirmişlər.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Konfrans iyulun 2-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2011.- 30 iyun.- S.  12.