Müasir Azərbaycan - 20: müasir tipli təhsil ocağı

 

 Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini xalqımızın milli sərvəti adlandırmışdı. Zaman keçdikcə, illər ötdükcə bu fikirlərin nə qədər müdrikcəsinə və uzaqgörənliklə deyildiyinin bir daha şahidi oluruq. Çünki müstəqillik kimi mənəvi sərvət ötən 20 il ərzində xalqımıza və dövlətimizə mühüm nailiyyətlər bəxş edib. Ən əsası odur ki, 20 illik müstəqillik tariximiz bütün sahələrdə müasir dövrün çağırışlarına uyğun inkişaf dövrü kimi xarakterizə olunur. O cümlədən Azərbaycanda təhsil sistemi də bu müddətdə müasir dünyanın tələb və standartlarına uyğun inkişaf edib.

"Azərbaycan" qəzetinin Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirdiyi "dəyirmi masa"da bu ali təhsil müəssisəsinin müstəqillik illərində keçdiyi inkişaf yollarına nəzər salındı. DİN-in Polis Akademiyası 1992-ci ildə yaradılıb. Lakin akademiyanın formalaşma prosesi ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra başlayıb. 1994-cü ildən sonra akademiya Heydər Əliyevin himayədarlığı və daimi qayğısı sayəsində böyük inkişaf yolu keçdi. Bu gün isə Prezident İlham Əliyevin qayğısı sayəsində Polis Akademiyası polis kadrların hazırlanması üzrə MDB-də və Şərqi Avropanın ən yaxşı təhsil müəssisələrindən birinə çevrilib. Akademiyanın maddi-texniki bazası, tədrisin səviyyəsi ən yüksək tələblərə cavab verir.

"Dəyirmi masa" iştirakçıları əvvəlcə ulu öndərin Polis Akademiyasının binası qarşısındakı meydanda ucaldılmış əzəmətli abidəsi önünə əklil və tər çiçək dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad etdilər. Sonra Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev irsinin öyrənilməsi üzrə İdeoloji Mərkəzə gələrək ulu öndərin zəngin, şərəfli və mənalı ömür yolunu əks etdirən eksponatlara, müxtəlif tərifnamələrə və sənədlərə, ümummilli liderin həyatının ayrı-ayrı dövrlərini əhatə edən fotostendlərə baxdılar. Sonra "dəyirmi masa" öz işinə başladı.

Tədbiri açıq elan edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ili tamam olur. Tarixi baxımdan elə də böyük olmayan bu zaman kəsiyində respublikamız həqiqətən böyük inkişaf yolu keçib, dünya dövlətləri sırasında öz yerini möhkəmləndirib. Ancaq dönüb arxaya baxanda, son iyirmi illik tariximizə ekskursiya edəndə keçdiyimiz müstəqillik və inkişaf yolunun heç də hamar olmadığını görərik. SSRİ-nin dağılmasından sonra müstəqilliyini qazanmış ölkələrdən fərqli olaraq Azərbaycan bu yolda kəşməkeşli tarixi sınaqlarla üzləşdi, çox əziyyətlərə qatlaşmalı oldu.

Azərbaycanın müstəqillik tarixi formal olaraq 1991-ci il oktyabrın 18-dən başlayır. Azərbaycan Ali Sovetinin həmin tarixdə qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə dövlət müstəqilliyimiz elan edildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Lakin təəssüf ki, sonrakı dövrdə hakimiyyətdə olan siyasi dairələr həmin sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün heç bir iş görmədilər. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün zəruri addımlar atılmadı. Beləliklə, bir-birini əvvəz edən A.Mütəllibov və AXC-Müsavat iqtidarları faktiki olaraq "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nı deklarativ sənədə çevirmiş oldular.

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, o cümlədən dövlət quruculuğu istiqamətində fəaliyyətsizliyin nəticəsi idi ki, 1991-1993-cü illərdə Azərbaycanda xaotik mühit yaranmışdı. İqtisadiyyat tənəzzül etmişdi, cinayətkarlıq baş alıb gedirdi. Dövlət aparatı faktiki olaraq işləmirdi. Bütün bunların fonunda baş qaldıran separatçılıq meyilləri və Ermənistanın işğalçılıq siyasətinin genişlənməsi az qala hələ kövrək olan müstəqilliyimizin əldən getməsi ilə nəticələnəcəkdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 1920-ci ildə yaşadığı aqibətlə üz-üzə idi.

Həmin ağır günlərdə ölkəni düşdüyu vəziyyətdən çıxarmaq üçün siyasi qətiyyət, dəmir iradə lazım idi. Lakin AXC-Müsavat iqtidarında təmsil olunanlar bu cür liderlik keyfiyyətlərinə malik deyildilər. Onlar parlament zalında ölkədə baş verən hadisələrə görə bir-birini ittihamdan başqa bir şey edə bilmirdilər. Bütün bunları düzgün dəyərləndirən Azərbaycan xalqı ən doğru və tarixi seçimini etdi: özünün böyük oğluna, o zaman Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət edərək bu dahi şəxsiyyəti, görkəmli dövlət və siyasi xadimi hakimiyyətə çağırdı. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il tarixli sərəncamında bu barədə deyilir: "Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı".

Bu mənada Azərbaycanın həqiqi müstəqilliyi 1993-cü ildən başlayır. Beləliklə, Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu, hakimiyyətsizliyə son qoyuldu, dövlət aparatının iflic olmuş fəaliyyəti bərpa edildi. Ulu öndərin hakimiyyətə gəlişi ilə dövlət quruculuğuna start verildi. Bütün sahələrdə inkişafın əsası qoyuldu, hüquqi və sosial-iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı, cəmiyyətimizdə demokratik dəyərlər bərqərar edildi.

"Azərbaycan" qəzetinin dövlət müstəqilliyimizin ildönümünə həsr olunmuş növbəti "dəyirmi masa"sının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında keçirilməsi təsadüfi deyil. Çünki dövlətçiliyimizin əsas sütunlarından olan daxili işlər orqanları ötən illərdə müstəqilliyimizin möhkəmlənməsinə böyük töhfələr veriblər. Müstəqillik illərində Azərbaycan polisi böyük inkişaf yolu keçib. Lakin təəssüflə qeyd etməliyik ki, müstəqilliyimizin ilk illərində ölkədəki xaos polis strukturlarından da yan ötməmişdi. O vaxtkı iqtidarların səriştəsiz idarəçiliyi ucbatından ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyəti, demək olar ki, hiss olunmurdu. Cinayətkarlıq baş alıb gedir, ölkədə kriminal elementlər hökm edirdi. Ən acınacaqlısı isə mühüm vəzifələrə sırf təsadüfi adamların önə çəkilməsi idi. Həmin illərdə bir çox peşəkar, vicdanlı polis zabitlərinin daxili işlər orqanları sıralarını tərk etmələrinin əsas səbəblərindən biri də bu idi.

Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu, qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi. 1994-cü ilin aprel ayından etibarən Daxili İşlər Nazirliyində yeni bir mərhələ başlandı. Qısa zaman kəsiyində daxili işlər orqanlarının sıraları təsadüfi adamlardan, dövlətçilik maraqlarına və polis adına ləkə gətirən kadrlardan təmizləndi, rəhbər vəzifələrə sağlam düşüncəli, səriştəli, peşəkar, dövlətinə və xalqına sədaqətli kadrlar təyin edildilər. Cinayətkarlığın artan dinamikasının qarşısı qətiyyətlə alındı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, ictimai-siyasi sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu və təxirəsalınmaz tədbirlər həyata keçirildi. Tezliklə ölkədə sabitlik bərqərar edildi. 1994-cü il aprelin 29-da ulu öndər Heydər Əliyev Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin iştirakı ilə keçirdiyi müşavirədə deyirdi: "Cəmiyyətimizdə Daxili İşlər Nazirliyinin, polis orqanlarının işindən çoxlu narazılıq vardır. Bəllidir ki, bu narazılıqlar Daxili İşlər Nazirliyinin imkanlarından kənar olan məsələlərin həlli ilə əlaqədardır. Ancaq çox vaxt, əksər hallarda narazılıq əsaslıdır. Əgər Daxili İşlər Nazirliyində və onun bölmələrində, polis orqanlarında çalışan hər kəs öz sahəsində qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirə bilsə, bu narazılıq da az olar. Həm də söhbət təkcə narazılıqdan getmir - cəmiyyətimizdə olan bu çətinliklər xeyli azala bilər".

Ulu öndərin bu proqram xarakterli niqtində qarşıya qoyulan vəzifələr tezliklə real həyata vəsiqə qazandı. Daxili işlər orqanlarının qədəm qoyduğu yeni mərhələ polisin xidməti fəaliyyətinin yüksəlməsi ilə müşayiət olunmağa başladı. Şöhrətini özünə qaytaran daxili işlər orqanları bütün kriminal ünsürləri zərərsizləşdirdi. Həmin vaxtdan indiyədək polisin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycan MDB və Şərqi Avropa məkanında cinayətkarlığın səviyyəsinin ən aşağı olduğu ölkədir. Heydər Əliyevin memarı və qurucusu olduğu müstəqil Azərbaycana, Prezident İlham Əliyevin uğurlu siyasətinə sadiq daxili işlər orqanlarının şəxsi heyəti dövlətçiliyimizə zərbə vurmağa çalışanlara, böyük əziyyətlər hesabına əldə edilən əmin-amanlığa təhlükə yaratmaq istəyənlərə, qanunçuluğu pozmağa cəhd göstərənlərə qarşı mübarizədə daim barışmaz və qətiyyətlidir.

Təbii ki, daxili işlər orqanlarının effektiv fəaliyyəti bu sistemdə çalışan kadrların peşəkarlığından əhəmiyyətli dərəcədə asılıdır. Bu gün Azərbaycanda kriminogen durumun nəzarətdə olması, törədilən cinayətlərin üstünün açılma faizi bu sistemdə çalışan kadrların peşəkarlığından xəbər verir.

Ölkəmizdə daxili işlər orqanlarının kadr hazırlığı ilə məşğul olan yeganə təhsil ocağı Polis Akademiyasıdır. Ona görə kadr hazırlığı ilə bağlı yükün ağırlığı əsasən bu təhsil müəssisəsinin üzərinə düşür. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da peşəkar polis kadrların hazırlanması məsələsi onun diqqətindən yayınmadı. Bu mənada Polis Akademiyasının ali təhsil müəssisəsi kimi formalaşması, inkişafı, nailiyyətləri bilavasitə 1994-cü ildən sonra mümkün oldu.

Ulu öndərin qayğıkeş siyasətini davam etdirən möhtərəm Prezident İlham Əliyev daxili işlər orqanları üçün kadr hazırlığına diqqətlə yanaşılmasının vacibliyini daim önə çəkib. Polis Akademiyasının 2006-2007-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli buraxılış mərasimində çıxış edən ölkə başçısı Polis Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı deyib: "Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni, gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

Ötən illərdə Daxili İşlər Nazirliyinin, şəxsən general-polkovnik Ramil Usubovun nəzarəti və himayəsi altında Polis Akademiyası peşəkar, bacarıqlı, ən əsası, xidməti vəzifəsində vətənə sədaqət andını layiqincə doğruldacaq polis kadrlarının hazırlanması işində böyük uğurlar əldə edib. Mühüm məqam odur ki, burada müdavimlər dövlətçiliyə sədaqət ruhunda formalaşaraq vətənpərvərlik, humanizm kimi dəyərləri dərindən mənimsəməklə polis zabiti kimi fəaliyyətə başlayırlar. Beləliklə, Polis Akademiyası peşəkar kadrlar hazırlamaqla dövlət müstəqilliyimizə inamla öz töhfələrini verir.

İndi isə çıxış üçün söz Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim ƏLİYEVə verilir.

 

Nazim ƏLİYEV:

- 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası öz tarixinin şərəfli, eyni zamanda mürəkkəb dövrünə qədəm qoydu. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Müstəqilliyin ilk illərində mövcud olan qeyri-sabit ictimai-siyasi vəziyyət, dağıdıcı proseslər nəticəsində qanunlara itaətsizlik, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və bu kimi digər neqativ hallar dözülməz həddə çatmışdı. Saysız-hesabsız qanunsuz silahlı dəstələr və ayrı-ayrı şəxslərdə olan silah-sursat respublikanın kriminogen durumunu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, əhalidə vahimə və qorxu hissi, dövlət orqanlarına inamsızlıq yaratmışdı.

Əlbəttə ki, həmin illərdə ölkəyə başçılıq edən şəxslərin siyasi səriştəsizliyi, təcrübəsizliyi ictimai-siyasi hadisələrin mənfi istiqamətdə baş verməsinə, sosial-iqtisadi böhranın dərinləşməsinə, hətta ölkənin parçalanması təhlükəsinə gətirib çıxarmışdı. Bu amillər bütün sahələrə, o cümlədən təhsil sahəsinə də öz mənfi təsirini göstərmişdi. Yeni yaranmış DİN-in Polis Akademiyası da təhsil müəssisəsi olaraq təhsillə məşğul olmaq əvəzinə hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində baş verən hadisələrin qarşısını almaq üçün xidmətə cəlb edilir, demək olar ki, nazirliyin rəhbərliyinin şəxsi maraqlarının həyata keçirilməsi üçün istifadə olunurdu.

Vətəndaş müharibəsi həddinə çatdırılmış ölkəni düşdüyü bu çətin vəziyyətdən çıxarmaq, qarşıda duran taleyüklü problemləri həll etmək, hakimiyyətə itirilmiş ümumxalq inamını yenidən qaytarmaq insandan fövqəladə dərəcədə siyasi iradə, qətiyyət, cəsarət və zəngin təcrübə tələb edirdi. Göstərilən yüksək mənəvi, iradi keyfiyyətləri özündə təcəssüm etdirən dahi siyasətçi Heydər Əliyev vətəninin çətin məqamında xalqının səsinə səs verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi. Çağdaş tariximizə yeni - Heydər Əliyev erasının başlanması kimi daxil olan 1993-cü ilin 15 iyun tarixində ulu öndər əvvəlcə Ali Sovetin Sədri, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində isə seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qarşıda duran başlıca vəzifələrdən biri hüquq-mühafizə orqanlarının, xüsusilə də DİN-in qanunauyğun fəaliyyətini təmin etmək və peşəkar kadrları bu orqanlarda irəliyə çəkməklə bu dövlət qurumunu xalqın və vətənin layiqli müdafiəçisinə çevirmək idi. "İctimai-siyasi sabitlik olmayan yerdə hər hansı inkişafdan söhbət gedə bilməz" deyən ümummilli lider ictimai asayişin etibarlı şəkildə mühafizəsi, ölkə daxilində qayda-qanunun, nizam-intizamın möhkəmləndirilməsi məqsədilə ilk növbədə DİN-in fəaliyyətində dönüş yaratmağın vacibliyini önə çəkmiş, bu orqanın daxilində xoşagəlməz mühitin formalaşdığını, polis orqanlarının peşə səlahiyyətləri ilə bir araya sığmayan qanunsuz hərəkətlərə yol verdiyini təəssüflə bildirmişdi.

Qeyd etməliyik ki, 1994-cü ilədək fəaliyyətində böyük problemlər olan DİN-də köklü islahatlara hazırlıq məqsədilə Heydər Əliyev həmin il aprelin 29-da keçirdiyi xüsusi müşavirədə demişdir: "Məni şəxsən narahat edən odur ki, Daxili İşlər Nazirliyi böyük qüvvəyə malik olsa da, qarşısında duran vəzifəni yerinə yetirə bilmir. Cinayətkarlıq həddindən artıq çoxalıb. Cinayətkarlıqla mübarizə çox zəif gedir. İnsanların hüquqları tapdalanır. Bizim polis orqanları insanlarımızın hüquqlarının qorunmasına çox vaxt təminat verə bilmir. Respublikamızda nizam-intizam aşağı səviyyədədir. Müəssisələrdə, təşkilatlarda, respublikamızın özəklərində cinayətkarlıq, rüşvətxorluq, bir çox mənfi hallar geniş yayılmışdır. Bunların aradan götürülməsi, belə hallara qarşı mübarizənin aparılması üçün hüquq-mühafizə orqanlarının hamısı birlikdə, bərabər, ahəngdar fəaliyyət göstərməlidir". Ümummilli lider DİN-in fəaliyyətindəki nöqsanları əsasən rəhbər şəxslərin səriştəsizliyi, onların qulluq səlahiyyətlərinə səhlənkar yanaşmaları, şəxsi maraqlarını dövlət mənafelərindən üstün tutmaları ilə əlaqələndirmişdi.

Ölkəmizin hərtərəfli inkişafına şərait yaradan vacib amillərdən biri də sabitliyin təmin edilməsidir. Bu sahədə Azərbaycan polisinin uğulu fəaliyyəti danılmazdır. Ümummilli lider Heydər Əliyev polis peşəsinin yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, bilik, elm və təcrübə tələb etdiyini vurğulayaraq, polisin öz peşəkar səviyyəsini yüksəltməsini daxili işlər orqanları qarşısında vacib tələb kimi qoymuşdur. Polis orqanlarının uğurlu fəaliyyəti və bu sahədə arzuolunan nəticələrin əldə edilməsi əməkdaşların peşə hazırlığından və təhsilindən asılıdır.

Daxili işlər orqanlarının kadr hazırlığı ilə məşgul olan yeganə ali təhsil müəssisəsi DİN-in Polis Akademiyasıdır. Bu təhsil ocağının birinci kateqoriyalı ali təhsil müəssisəsi kimi formalaşması, inkişafı, nailiyyətləri bilavasitə 1994-cü ildən ölkəmizdə siyasi sabitliyin təmin edilməsi sayəsində əldə olundu. Məhz bu dövrdən başlayaraq akademiyanın professor-müəllim heyətinin təcrübə və bacarıqlarının, nəzəri bilik səviyyəsinin, pedoqoji məharətlərinin yüksəldilməsinə, müdavimlərin peşə hazırlığının artırılmasına geniş imkanlar yarandı.

Akademiyanın maddi-texniki bazasının təşkilinə, peşəkar kadrlarla təmin olunmasına, dərsliklərin, dərs vəsaitlərinin, tədris-metodik ədəbiyyatların hazırlanmasına həmişə xüsusi diqqət yetirilir. Azərbaycan polisinin yaranmasının 84-cü ildönümünə həsr olunmuş yığıncaqda ulu öndər Heydər Əliyevin Polis Akademiyasının tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə göstərişlərinin nazir Ramil Usubovun rəhbərliyi ilə yerinə yetirilməsinin bariz nəticəsidir ki, məktəbin tədris və maddi-texniki bazası müasir tələblərə cavab verən səviyyədə yenidən qurulub və hazırda o, inkişaf etmiş dövlətlərin polis kadrları hazırlayan təhsil müəssisələri ilə rəqabət aparacaq səviyyədədir. Bunu tək biz yox, beynəlxalq təşkilatların nümayəndələri, MDB və Avropa ölkələrinin polis təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyəti akademiya ilə tanışlıqdan sonra qeyd edirlər. Müəllim və müdavimlərin hazırlığı, müasir təhsil və təlim mövzularında respublikamızda və xarici dövlətlərdə keçirilən müxtəlif tədbirlərdə uğurlu çıxışları, bilik və bacarıq yarışmalarında əldə edilmiş müvəffəqiyyətlər DİN-in Polis Akademiyasının işgüzar nüfuzunun artmasına, ali təhsil müəssisələri sırasında öndə getməsinə şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DİN-in Polis Akademiyasının 2007-ci ildə 11-ci təntənəli buraxılış mərasimində iştirakı və proqram əhəmiyyətli nitqi qarşımızda daha mühüm vəzifələr qoyur. Cənab Prezidentin "Polis işçiləri xalqla birbaşa təmasda olan insanlardır. Ona görə də mənim əsas tələbim odur ki, polis qətiyyətli olmalıdır, onun çox böyük peşəkarlığı olmalıdır, həm də polis işçiləri özlərini çox mədəni şəkildə aparmalıdır. Belə olan halda siz Azərbaycan xalqının daha böyük rəğbətini qazanacaqsınız. Bu işlərdə Polis Akademiyasının böyük rolu var" kimi tələb və tövsiyələri fəaliyyətimizin gələcək istiqamətini müəyyənləşdirdi.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun gündəlik qayğısı nəticəsində akademiyanın maddi-texniki bazası mütəmadi olaraq təkmilləşir. Belə ki, son zamanlar ümumilikdə mühazirə zallarının sayı 8-ə, auditoriyaların sayı isə 77-yə çatdırılmışdır. Tədris edilən fənlər üzrə müasir avadanlıqla və kompyuter texnikası ilə təchiz edilmiş 40-dan çox fənn kabineti, sahəsi 160 kv.m olan kriminalistika sınaq meydançası fəaliyyət göstərir.

Mühazirə zallarında interaktiv lövhələr və tədris prosesinə nəzarəti həyata keçirmək məqsədilə videonəzarət sistemləri quraşdırılmışdır. Təhsil alanlarla keçirilən dərslərin real şəraitə uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərən poliqon və fənn kabinetlərinə yeni "İnzibati ərazi modulu" əlavə edilmiş və həmin modulun nəzdində "Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru" yaradılmışdır. Tədris planlarının dinamikliyini təmin etmək məqsədilə akademiyanın internet saytı daima yeniləşdirilir, kafedralarda tədris olunan fənlər üzrə zəruri didaktik materialların elektron versiyaları hazırlanır və elektron kitabxananın işi təkmilləşdirilir.

Təhsildə daha yüksək nailiyyətlər əldə etmək üçün informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilir, pedaqoji fəaliyyətdə fəal interaktiv təlimə geniş yer verilir. Polis Akademiyası əməkdaşlarının elmi potensialının və məlumat dairəsinin artırılması üçün internet şəbəkəsinə qoşulmuş kompyuter siniflərimiz fəaliyyət göstərir, ümumi kitabxanada elektron fond yaradılmış və internet şəbəkəsinə çıxışlı kompyuterlər quraşdırılmışdır. Təhsilverən əməkdaşlarımız ixtisasartırma kurslarında, digər təhsil və elm müəssisələrində peşəkarlıq səviyyəsini və elmi-nəzəri biliklərini mütəmadi təkmilləşdirirlər. Dövlət başçısının ali qayğısının və diqqətinin nəticəsidir ki, elmi-pedaqoji fəaliyyətdə əldə edilmiş uğurlara görə akademiyanın 4 əməkdaşına "Əməkdar müəllim" fəxri adı verilmişdir.

Akademiyada xidmət edən professor-müəllim (zabit) heyətinin elmi dərəcələrinin artırılması və elmi adlar alması da daim diqqət mərkəzindədir. Əməkdaşlarımızdan elmi dərəcəsinə görə 1 nəfər hüquq elmləri doktoru, 15 nəfəri isə müvafiq sahələr üzrə fəlsəfə doktorudur. Elmi adına görə 1 nəfər professor, 7 nəfər isə dosentdir. 4 nəfər elmlər doktorluğu, 20 nəfər isə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Hüquq üzrə fəlsəfə doktoru dissertasiyalarını 5 əməkdaşımız müdafiə edib və sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilib.

Ölkə başçısının Polis Akademiyasının 2006-2007-ci tədris ilinin yekunlarına həsr olunmuş təntənəli buraxılış mərasimində iştirakı zamanı söylədiyi proqram əhəmiyyətli nitqi isə qarşımızda daha böyük vəzifələr qoydu. Prezident İlham Əliyev bildirdi: "Mən bu gün çox şadam ki, Polis Akademiyasında gördüyüm işlər yüksək səviyyədədir. Burada oxumaq üçün, yaxşı təhsil almaq üçün bütün imkanlar var. Ən müasir avadanlıq, gözəl binalar, tədris korpusları, yeməkxana, yataqxanalar, yəni gözəl təhsil almaq üçün bütün şərait var. Polis Akademiyasının da rolu artır. Çünki Polis Akademiyasında oxuyan kursantlar müasir tələblərə cavab verməlidirlər, ona görə də tədris prosesinə çox böyük diqqət yetirilməlidir. Akademiyanı bitirən kursantlar ən yüksək meyarlara, ən yüksək tələblərə cavab verməlidirlər".

Əlbəttə, əldə olunmuş bütün nailiyyətlər Polis Akademiyasının və Daxili İşlər Nazirliyinin uğurlarıdır. Lakin bizi qarşıda daha çox işlər, böyük perspektivlər gözləyir. Çünki Prezident İlham Əliyev və DİN-in rəhbərliyi bizə etimad göstərib, bizə müqəddəs missiya həvalə edilib. Akademiyanın qarşısında duran başlıca vəzifə mükəmməl biliyə, yüksək mənəvi-psixoloji keyfiyyətlərə, xüsusi fiziki hazırlığa, möhkəm iradəyə və diqqətə malik polis zabitləri hazırlamaqdan ibarətdir. Polis orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar daxili işlər naziri general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində demişdir: "Mənim akademiyanın rəhbərliyindən və pedaqoji kollektivdən əsas tələbim budur ki, müdavimlərdə zabit qüruru, saf mənəviyyat formalaşdırmaq üçün xüsusi səy göstərsinlər, tədris prosesində ən mükəmməl, praktikada özünü doğruldan metodlar tətbiq edilsin, qətiyyət, vətənpərvərlik, humanizm kimi dəyərlər aşılansın".

Beləliklə, ölkə başçısının daxili işlər orqanlarının şəxsi heyəti qarşısında qoyduğu məsul və şərəfli vəzifənin yerinə yetirilməsi və bunun üçün zəruri kadr hazırlığının təmini məqsədilə, eləcə də daxili işlər nazirinin tələbinə cavab olaraq akademiyanın professor-müəllim heyəti öz bilik, bacarıq və səriştəsini milli-mənəvi dəyərlərimizə, dövlətçilik, qanunçuluq ideyalarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edən yüksək ixtisaslı kadrların hazırlanmasında əsirgəməyəcəkdir.

 

Bəxtiyar SADIQOV:

- Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə hər bir sahə üzrə təhsil məsələsinə xüsusi diqqət yetirərdi. Ümummilli lider həm sovet dövründə, həm müstəqillik illərində polis kadrlarının yetişdirilməsinə də daim önəm verir, bu sahədə diqqət, qayğı və köməyini əsirgəmirdi. Polis Akademiyasının birinci kateqoriyalı ali təhsil müəssisəsi kimi formalaşması, inkişafı, nailiyyətləri bilavasitə Heydər Əliyevin hakimiyyətə gəlişindən və ölkəmizdə siyasi sabitliyin təmin edilməsi sayəsində qazanıldı. Məhz bu dövrdən başlayaraq akademiyanın müəllim-zabit heyəti bilik və diqqətlərini təcrübə və bacarıqlarının, nəzəri səviyyəsinin və pedaqoji qabiliyyətlərinin yüksəldilməsinə, peşə ustalığının təkmilləşdirilməsinə yönəltməyə imkan qazandı. Bu barədə danışmaq üçün söz Polis Akademiyasının İctimai elmlər kafedrasının dosenti, polis polkovniki, əməkdar müəllim Tahir BEHBUDOVa verilir.

 

Tahir BEHBUDOV:

- Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin axırlarında SSRİ dağılır, respublikalarda müstəqillik meyli durmadan artırdı. Bunu hiss edən mərkəzi hakimiyyət bir çox sahələrdə səlahiyyəti yerlərə verməyə məcbur olurdu. 1991-ci ilin sentyabr ayının 1-dən etibarən bir sıra səlahiyyətləri SSRİ DİN-də saxlamaqla milis kadrları hazırlayan məktəblər respublikaların öz ixtiyarına verildi. Həmin tarixdən Bakı Xüsusi Orta Milis Məktəbi respublikamızın sərəncamına keçdi.

Lakin SSRİ DİN-in təhsil sistemindən ayrıldıqdan sonra bir sıra təşkilati və maliyyə çətinlikləri də meydana çıxdı. Bu vaxtadək Bakı Milis Məktəbi respublikanı orta təhsilli mütəxəssislərlə təmin edirdi. Ali təhsilli mütəxəssislər isə SSRİ-nin ayrı-ayrı şəhərlərindəki ali milis təhsili müəssisələrində hazırlanırdı. Maliyyələşdirilmə sahəsində yeni səlahiyyət bölgüsündən sonra respublikalardan həmin ali məktəblərdə təhsil alan kadrların hər biri üçün yüksək tariflə vəsait tələb olunurdu.

 

Yaranmış bu şəraitdə respublikamızın Rusiyada və digər respublikalarda ali təhsil alan polis əməkdaşları təhsilini yarımçıq qoyub geri qayıtmaq məcburiyyətində qaldılar. Bu zaman respublikaya lazım olan ali təhsilli polis mütəxəssislərinin elə ölkəmizdə hazırlanması zərurəti meydana çıxdı. Bütün bunların nəticəsində müstəqil Azərbaycan Respublikasının ali təhsilli milli mütəxəssislərə olan ehtiyacını təmin etmək məqsədi ilə N.K.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin bazasında ali hüquq təhsili verən Azərbaycan Polis Akademiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 23 may 1992-ci il tarixli Fərmanı verildi. Qərara alındı ki, Azərbaycan Polis Akademiyasında daxili işlər orqanları üçün ali hüquq təhsilli kadrların hazırlanması üçün hər il 200-250 nəfər qəbul etməklə 4 il əyani, 5 il qiyabi təhsil müddəti təyin edilsin.

1991-1993-cü illərdə respublikamız acınacaqlı vəziyyətə düşmüşdü. Həmin ağır günlərdə xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev qısa bir müddətdə nəhəng işlər gördü, ölkəni uçurumdan, müstəqilliyini itirməkdən xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Polis Akademiyasının fəaliyyətinə də müsbət təsirini göstərdi.

Heydər Əliyevin sayəsində akademiyaya kateqoriya verildikdən sonra ilk növbədə ayrı-ayrı fənlərin tədrisinin mərkəzi olan kafedraların təşkili işi nizamlandı. İctimai elmlər, Dövlət və hüquq nəzəriyyəsi, Kriminalistika, DİO-da əməliyyat-axtarış fəaliyyəti, DİO-nun inzibati fəaliyyəti, Cinayət prosesi, Cinayət və mülki hüquq, Dil hazırlığı, DİO-da TMT və idarə olunması, Xüsusi-taktiki hazırlıq, Fiziki hazırlıq kafedraları yaradıldı. Bütün kafedralar üzrə aparıcı fənlərin proqramları tərtib olundu. Qısa müddət ərzində mühazirə fondu yaradıldı. Dərsliklər və metodik vəsaitlər tərtib olundu. Akademiyanın Elmi Şurası yaradıldı. Bu da, öz növbəsində, akademiyada tədrisin keyfiyyətinin yüksəldilməsinə xeyli kömək etdi.

Beləliklə, akademiyanın yaradılması və inkişaf tarixinin birinci mərhələsi tamamlandı. Bununla bağlı xalqımızın ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının 75 illiyi münasibətilə akademiyanın kollektivinə 27 sentyabr 1996-cı il tarixli təbrik məktubunda deyilir: "Respublikanın ilk peşəkar milis kadrlarını hazırlayan tədris mərkəzi kimi yaradılmış milis məktəbi zəngin, qaynar və faydalı bir ömür yaşayaraq akademiya səviyyəsinədək yüksəlmiş, öz yetirmələri və böyük elmi-təcrübi nailiyyətləri ilə şöhrət qazanmışdır".

Son 10 ildə isə akademiya çox böyük nailiyyətlər əldə etmişdir. Azərbaycan Polisinin yaranmasının 89-cu ildönümünə və Polis Akademiyasının 2006-2007-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev burada çıxışı zamanı Polis Akademiyasının qarşısında bir sıra mühüm tapşırıqlar qoydu, savadlı və peşəkar kadrların hazırlanması, tədris prosesinin yeni və müasir tələblərə uyğun keçirilməsi, təhsilin daha səmərəli aparılması kimi çox faydalı tövsiyələr verdi. Məhz bununla akademiyanın tarixində yeni, ikinci mərhələnin təməli qoyulmuş oldu. Bunu bizim son 10 ildə gördüyümüz işlər və əldə etdiyimiz uğurlar da təsdiqləyir.

Belə ki, son 3 ildə 3 dərslik, 25 dərs vəsaiti, 7 sxemlər albomu, 17 mühazirələr toplusu, 82 tədris proqramı, 12 metodik tövsiyə çap edilmişdir. Tədris-təlim prosesində müasir beynəlxalq təcrübənin tətbiqi və öyrənilməsi məqsədilə 2007-2010-cu illər ərzində akademiyanın 33 əməkdaşı Almaniya, Rusiya, Macarıstan, Tatarıstan, Avstriya, İngiltərə, Ukrayna və digər dövlətlərdə keçirilən konfrans, seminar, təlim və beynəlxalq intellektual müsabiqələrdə iştirak etmişlər. Polis Akademiyasının son 10 ildə yeni xarici strategiyası müəyyənləşdirilmişdir. Müxtəlif ölkələrin polis məktəbləri ilə qarşılıqlı əlaqələr yaradılıb. Avropa və MDB ali məktəbləri ilə müqavilələr bağlanıb.

Son bir neçə il ərzində akademiya idman sahəsində böyük nailiyyətlər əldə etmişdir. Akademiyanın əməkdaşları Olimpiya çempionu, Avropa çempionu olmuş, MDB ölkələri arasında dəfələrlə ön sıralarda qərarlaşaraq ilk yerləri tutmuşlar. Akademiyanın müdavimləri son 5 il ərzində idmanın müxtəlif növləri üzrə qaliblər arasında yüksək mükafatlara layiq görülmüşlər.

Azərbaycan polisinin 90 illik yubileyi ərəfəsində DİN-in Polis Akademiyasının kollektivi daha bir əlamətdar hadisənin şahidi oldu. İyun ayının 30-da keçirilən təntənəli mərasimdə daxili işlər naziri general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 mart 2008-ci il tarixli Fərmanı ilə təsis olunmuş DİN-in Polis Akademiyasının bayrağını bu kollektivə təqdim etdi.

Polis Akademiyası ötən illər ərzində qazandığı uğurları davam etdirəcək, ildən-ilə daha da təkmilləşəcək, inkişaf edəcək və yeni-yeni nailiyyətlərə imza atacaqdır.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanda təhsil sistemi müstəqilliyimizin bərpasından ötən 20 il ərzində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bütün sahələr üzrə tədris proseslərində müasir standartlara cavab verən, yeni dövrün çağırışlarına uyğun metodların tətbiqi geniş vüsət alıb. Ölkəmizdə polis zabitlərinin hazırlanması üzrə yeganə ixtisaslaşmış ali təhsil müəssisəsi olan Polis Akademiyasında da vəziyyət məhz bu cürdür. Müstəqilliyimizin 20 ili bu ali məktəbin də həyatında təhsilin səviyyəsinin durmadan yüksəlməsi ilə əlamətdardır. Müstəqillik illərində Polis Akademiyasında təhsilin inkişaf mərhələləri ilə bağlı danışmaq üçün söz Polis Akademiyasının Cinayət prosesi kafedrasının rəisi, polis polkovnik-leytenantı Səyyad AĞAYEVə verilir.

 

Səyyad AĞAYEV:

- Bu gün hüquq-mühafizə orqanları qarşısında duran mühüm və məsuliyyətli vəzifələri layiqincə yerinə yetirmək üçün yüksək peşəkarlıq, müasir dünyanın əldə etdiyi nailiyyətlərdən və təcrübədən bəhrələnməyi, onlardan səmərəli istifadə etməyi bacarmaq lazımdır. Bundan başqa, bazar iqtisadiyyatı şəraitində hüquq elminin əsaslarına yiyələnmək və hüquq-mühafizə fəaliyyətini həyata keçirmək qabiliyyətinə malik olmaq da başlıca şərtdir. Bu konseptual müddəalar Prezident İlham Əliyevin və DİN-in rəhbərliyinin təhsil standartlarına uyğun olaraq təhsil-təlim prosesinin inkişafı, təkmilləşdirilməsi sahəsində Polis Akademiyasının qarşısında qoyduğu əsas vəzifələrdir.

Daxili işlər orqanlarının əməkdaşı ilk növbədə öz hüquq və vəzifələrini mükəmməl bilməli, bu orqanların səlahiyyətlərinin və vəzifələrinin icra mexanizmini layiqincə öyrənməlidir. Məhz bu baxımdan təhsil müəssisəmizdə avtomobil hazırlığı, kriminalistika poliqonu, xüsusi atıcılıq, döyüş hazırlığı, ekstremal şərait və başqa xüsusi fənlər tədris olunur. Bu sahədə çalışanlar nəzəri cəhətdən inzibati, cinayət və cinayət-prosessual hüququ bilməklə yanaşı, sırf polis işinin xüsusiyyətləri ilə bağlı olan peşə fənlərini - DİO-da əməliyyat-axtarış fəaliyyəti, inzibati fəaliyyət, idarəetmənin təşkili və texniki məlumatlarla təminat, xüsusi taktiki hazırlıq və s. mənimsəməlidirlər. Polis fəaliyyətinin xüsusi sahə olduğunu nəzərə alaraq akademiyada bu fənlərin hər biri ayrılıqda tədris olunur.

Tədris-təlim prosesinin beynəlxalq standartlara çatdırılması, maddi-texniki bazanın müasir tələblərə uyğun təkmilləşdirilməsi sahəsində də əməli tədbirlər görülmüşdür. Dövlət qayğısı ilə əhatə olunmuş akademiyamızda hazırda fənn kabinetləri, kompyuter otaqları, linqafon sinifləri, kriminalistika poliqonu, fotolaboratoriyalar, narkotiklərlə mübarizə kabineti, tarix muzeyi, idman kompleksləri, müasir tələblərə cavab verən yataqxanalar şəxsi heyətin istifadəsinə verilmişdir. Yeni idman meydançaları tikilmiş və şəxsi heyətin fiziki hazırlığına diqqət daha da artırılmışdır. Bütün bunlarla yanaşı, şəxsi heyətin iş otaqları da müasir tələblərə uyğun yeniləşdirilmişdir. Elmi şura zalı, beynəlxalq konfransların keçirilməsi üçün texnika ilə təmin olunmuş konfrans zalı, beynəlxalq konfranslara gələnlərin istirahəti üçün otaqlar hazırlanmışdır.

Polis təhsilinin inkişafı ilə bağlı digər bir məqam akademiyada 5 illik təhsil sisteminə keçidlə əlaqədar olmuşdur. Bununla bağlı tədris planında dəyişiklik aparılmış, fənlərə ayrılan saatlara yenidən baxılmış və yeniləri əlavə edilmişdir (beynəlxalq xüsusi hüquq, siyasi və hüquqi təlimlər tarixi, bələdiyyə hüququ, məhkəmə hakimiyyəti və s.). Humanitar və sosial-iqtisadi, təbiət və fundamental, ümumpeşə hazırlığı və ixtisas fənləri müəyyənləşdirilmişdir.

Tədris prosesinin təkmilləşdirilməsi istiqamətində daha bir addım daxili işlər nazirinin "DİN-in Polis Akademiyasının tədris prosesinin təkmilləşdirilməsinə dair" 5 dekabr 2001-ci il tarixli əmrini xüsusilə qeyd etmək istəyirəm. Həmin əmrə əsasən, daxili işlər orqanları üçün yüksək vəzifəli kadrlar hazırlığını təmin etmək məqsədilə Daxili işlər orqanlarının idarə edilməsi fakültəsi yaradılmışdır. Fakültənin yaradılmasında məqsəd DİO-da yüksək vəzifələrə irəli çəkilmək üçün təşkilatçılıq və idarəetmə üsullarını mənimsəmiş, yeni iş forma və metodlarına yiyələnmiş əməkdaşların hazırlanmasıdır.

Hazırda akademiyada 2 fakültə, 13 kafedra, Tədris-metodiki, Elmi-tədqiqat və redaksiya-nəşriyyat, Kadrlar və Maliyyə-plan şöbələri, Təchizat, Mənzil-istismar bölmələri, Tibb-sanitariya, Texniki hissə, Növbətçi hissə, Katiblik, Ümumi və Xüsusi kaitabxanalar, Mülki müdafiənin təşkili və səfərbərlik qrupu, Komendant taqımı fəaliyyət göstərir.

Son dövrlərdə polis orqanlarının fəaliyyətinin müxtəlif sahələrini tənzimləyən bir sıra normativ-hüquqi aktların qəbul edilməsi ilə əlaqədar akademiyanın kafedralarında müxtəlif sayda dərslik, 100-dən artıq fənn proqramı hazırlanmış, mühazirə materialları tərtib edilmiş, bəzi mühazirələr isə yenidən işlənilmişdir. Tərtib edilmiş dərsliklərə, proqramlara, tədris vəsaitlərinə akademiyanın kafedralarında və şöbələrində baxılmaqla yanaşı, onların hər birinə respublikamızın ali təhsil müəssisələrinin nüfuzlu alimlərindən rəylər alınmışdır. Eyni zamanda, həmin alimlər ayrı-ayrı fənlərin aktual problemləri üzrə akademiyada mühazirələr oxumuş və müxtəlif seminarlar keçirilmişdir.

Tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması üçün beynəlxalq praktikanın öyrənilməsinə xüsusi fikir verilir, onlarla təcrübə mübadiləsi aparmaq üçün beynəlxalq konfranslarda iştirak edirik. Bu məqsədlə müəllimlərimiz Avropa Şurasının xətti ilə keçirilən seminarlarda ayrı-ayrı ölkələrə dəfələrlə ezam olunmuşlar. DİN-in Polis Akademiyası artıq Avropa Şurası və digər beynəlxalq təşkilatların xətti ilə Azərbaycana gələn nümayəndə heyətinin diqqət mərkəzindədir. Bu marağın artmasına səbəb son zamanlar əlaqələrimizin möhkəmlənməsi istiqamətində görülmüş işlərdir. Akademiyada insan hüquqları fənninin tədrisinin keyfiyyətini yüksəltmək üçün beynəlxalq standartlara cavab verən fənn kabineti yaradılmış, texniki avadanlıq alınmış, tədris modulları tərtib olunmuşdur. Nəticədə fəxrlə demək olar ki, Avropa Şurası və digər beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana gələn nümayəndə heyətinin respublikamızda keçirdikləri tədbirlərin ağırlıq mərkəzi tədricən bilavasitə DİN-in Polis Akademiyasına keçməkdədir. Bu iş son zamanlar daha da intensiv şəkil almışdır.

Təhsilin və tərbiyənin keyfiyyətini müasir tələblər səviyyəsinə qaldırmaq məqsədilə təcrübə mübadiləsini sistemli şəkildə və mütəmadi həyata keçirmək üçün əlaqələrimiz daha da genişlənmiş və bir çox ölkələrin qabaqcıl ali məktəblərinin rəhbərliyi ilə bağlanan müqavilələr şəklində rəsmiləşdirilmişdir. Buna misal olaraq Türkiyə Polis Akademiyası, Ukrayna Milli Daxili İşlər Akademiyası, RF DİN Akademiyası, Sankt-Peterburq Universiteti, Rostov Hüquq İnstitutu, Volqoqrad, Moskva milis məktəbləri, Macarıstan "Açıq cəmiyyəti", Budapeşt Konstitusiya və Hüquq Siyasəti İnstitutu və digər ali polis təhsili verən məktəbləri göstərmək olar. Bağlanmış müqavilələrə uyğun olaraq təcrübə mübadiləsi məqsədilə DİN-in Polis Akademiyasının əməkdaşlarından bir çoxu Avropa, Rusiya və başqa ölkələrə ezam olunmuşdur.

Professor-müəllim heyətini və müdavimləri ən yeni hüquq və ictimai-siyasi ədəbiyyatla təmin etmək məqsədilə akademiyanın kitabxanası xeyli genişləndirilmişdir. Son 20 il ərzində kitabxana fonduna çoxlu sayda dərslik, metodik vəsait, məcəllə və s. alınmışdır.

 

Bəxtiyar SADIQOV:

- Heydər Əliyevə qədər heç bir rəhbər daxili işlər orqanlarının yaranma günü ilə bağlı keçirilən mərasimdə iştirak etməmişdi. Bu orqanların dövlət idarəçiliyində roluna həmişə böyük dəyər verən ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra başladığı dövlət quruculuğunun əsas istiqamətlərindən biri də polis sistemində həyata keçirilən islahatlar idi. Ulu öndər hər zaman polis orqanlarına və Polis Akademiyasının fəaliyyətinə diqqətlə yanaşardı. Bu mövzuda çıxış üçün söz Polis Akademiyasının V kurs V taqım müdavimi Rahib ƏLİYEVə verilir.

 

Rahib ƏLİYEV:

- Məlum olduğu kimi, 1991-1993-cü illərdə Azərbaycanda mövcud olan qeyri-sabit vəziyyət, dağıdıcı proseslər daxili işlər orqanlarından da yan keçməmişdi. Kadr siyasəti ciddi şəkildə təhrif olunaraq vəzifə borcuna sədaqətli minlərlə peşəkar əməkdaş xidmətdən qovulmuş, onların yerinə isə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində heç bir bacarığı və səriştəsi olmayanlar qəbul edilmiş, rəhbər vəzifələrə təyin olunmuşdu. Dövlətin mühüm qurumlarından biri olan polisin fəaliyyətinə bu cür münasibət onun nüfuzdan düşməsinə gətirib çıxarmış, cinayətlərin kəskin formada artmasına səbəb olmuşdu.

1993-cü il iyun ayında xalqın təkidli dəvəti ilə ölkənin siyasi rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni tarixin səhnəsindən silinmək təhlükəsindən qurtardı, qanunçuluq və dövlətçilik prinsiplərini önə çəkərək respublikada hökm sürən özbaşınalıqlara qarşı mübarizənin möhkəm əsaslarını yaratdı. Heydər Əliyevin sayəsində sabitlik bərqərar edildi, kriminogen durum tam nəzarətə götürüldü, cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi.

Ulu öndərin şəxsi nəzarəti və ciddi tələbkarlığı sayəsində həyata keçirilən bu və digər mühüm təşkilati tədbirlər daxili işlər orqanlarının fəaliyyətinə köklü dönüş gətirdi. Nəticə etibarilə daxildən saflaşan, təmizlənən Azərbaycan polisi və onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar fəaliyyəti ilə cəmiyyətin inamını doğrultdu, ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək, əgər bu gün ölkəmizin iqtisadi potensialının artmasının əsas şərti olan sabitlik və ictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi.

Azərbaycan polisinin yaranma tarixi Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin illərdə ictimai-siyasi sabitliyin, asayişin qorunması üçün polis kadrlarının hazırlanması zəruri məsələ kimi gündəmə gəlmişdi. Lakin kadr çatışmazlığı və digər obyektiv səbəblər üzündən cümhuriyyət dövründə polis orqanları üçün kadr hazırlığı prosesini sistemli və təşkilatlanmış formada reallaşdırmaq mümkün olmadı. Polis üçün ixtisaslı kadr hazırlayan ilk təhsil ocağı yalnız 1921-ci il sentyabrın 28-də yaradıldı. Xalq Cümhuriyyəti dövründə polis orqanlarının təsis edildiyi gün - 2 iyul tarixi Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ökəmizdə polis günü olaraq qeyd edilir.

Bu gün Prezident İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmuş daxili işlər orqanlarında fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, milli polis kadrlarının yetişdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə görülən əhəmiyyətli işlər müvəffəqiyyətlə davam etdirilir.

DİN-in Polis Akademiyası isə özünün maddi-texniki bazasına və təminatına, tədrisin səviyyəsinə görə MDB-də və Şərqi Avropada öncül yerlərdən birini tutur. Akademiyanın ən yüksək tələblərə cavab verən auditoriyaları, sinif otaqları, yüksək maddi-texniki bazası, texnikası, didaktik materialı və s. mövcuddur. Akademiyada təhsil Avropa məkanında olduğu kimi, Bolonya prosesinin tələblərinə uyğun şəkildə qurulmuşdur. Fərq yalnız magistr və bakalavr pillələrinə yanaşmada özünü göstərir. Bu da tək akademiyanın deyil, ümumilikdə bütün güc nazirliklərinin təhsil müəssisələrindəki tədris prosesinin xüsusiyyətlərindən irəli gəlir. Digər analoji təhsil müəssisələrindən fərqli olaraq, akademiyada Xüsusi taktiki hazırlıq kafedrası da mövcuddur. Müxtəlif silahlardan istifadə, xüsusi şəraitdə cinayətkarların zərərsizləşdirilməsi və s. spesifik məsələlər tədris olunur. DİN-in Polis Akademiyasında həmçinin DİO-da Xüsusi texnika kafedrası fəaliyyət göstərir. Polis əməkdaşlarının əməliyyat tədbirləri zamanı istifadə etdiyi məxfi və qeyri-məxfi xüsusi texnika tədris prosesində müdavimlərə dərindən öyrədilir. Eyni zamanda, DİO-nun əməliyyat-axtarış fəaliyyəti kafedrasının mövcud olması da polisin spesifik fəaliyyətindən irəli gəlir. Bunlarla əlaqədar təminat da olduqca yüksəkdir. Akademiyada fondu 100 min kitabdan ibarət olan ümumi, 40 minə yaxın kitabı olan xüsusi kitabxana müdavimlərin gündəlik istifadəsindədir. DİN-də bütün xidmət sahələrini əhatə edən məxfi ədəbiyyat akademiyada ciddi şəkildə qorunur. Həmin kitabxanaların ən yüksək tələblərə cavab verən oxu zalları fəaliyyət göstərir. Akademiyanın bir özəlliyi də var ki, təhsil alan müdavimlər burada yaşayırlar və onlar hər cür şəraiti olan yataqxana ilə təmin olunmuşlar. Akademiyada eyni zamanda 1000 nəfərə xidmət göstərmək imkanında olan, yüksək tələblərə cavab verən yeməkxana da mövcuddur.

Maddi-texniki bazanın, tədrisin keyfiyyətinin yüksəldilməsi daim Daxili İşlər Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir. General-polkovnik Ramil Usubovun təhsil müəssisəmizə tez-tez gəlişi, bu və ya digər məsələlər barədə tapşırıq, tövsiyələr verməsi təhsil ocağına diqqət və qayğının təzahürüdür. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması yönümündə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin qarşımıza qoyduğu tələblərin yerinə yetirilməsinə xüsusi önəm verilməsinin nəticəsidir ki, bu sahədə əhəmiyyətli nailiyyətlər qazanılmışdır.

DİN-in Polis Akademiyasının daimi heyəti, müdavimləri həmişə, hər yerdə Heydər Əliyev ideyalarına, milli dövlətçilik ənənələrinə sadiq olmuş və bu gün də - müstəqilliyimizin 20-ci ildönümündə də bunu əməli fəaliyyətləri ilə bir daha doğrultmağa çalışırlar.

 

Bəxtiyar SADIQOV:

- Polis əməkdaşları öz sahələrində peşəkar, dünyagörüşlü olmaqla, müasir üsul və metodların tətbiqini dərindən bilməklə yanaşı, həm də fiziki baxımdan güclü və çevik olmalıdırlar. Fərəhli haldır ki, Polis Akademiyasında müdavimlərin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması da daim diqqət mərkəzindədir. Bu barədə danışmaq üçün söz Polis Akademiyasının IV kurs, I taqım müdavimi Eldar QƏDİMOVa verilir.

 

Eldar QƏDİMOV:

- Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra siyasi, iqtisadi, mədəni və digər sahələrdə olduğu kimi, idmanda da yüksəlişə doğru inkişafın əsası qoyuldu. Müstəqilliyimizin ilk illərində Azərbaycan idmanının üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı.

İdman sahəsində uğurlu dövlət siyasətinin nəticələri özünü çox gözlətmədi. Dövlət başçısı İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanında olan inkişafı daha da sürətləndirdi. Azərbaycan idmançıları idmanın bir çox növlərində inamla mübarizə apararaq tezliklə vətənə hətta Sovetlər birliyinin tərkibində olduğumuz 70 ildəkindən çox medallar gətirdilər.

Son illərdə Azərbaycanın, demək olar ki, bütün bölgələrində idman infrastrukturu yenidən qurulmuş, ən müasir beynəlxalq standartlara cavab verən idman kompleksləri idmançıların ixtiyarına verilmişdir. Ötən bir neçə ildə Azərbaycanda onlarla beynəlxalq miqyaslı turnirin keçirilməsi nüfuzlu beynəlxalq idman federasiyalarının ölkəmizdə idmanın inkişafına verdikləri yüksək qiymətin nümunəsi sayıla bilər. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, hətta əyalətlərdə də beynəlxalq statuslu turnirlər keçirilir. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi olmipiya oyunlarında idmançılarımızın qazandıqları uğurlarda da özünü göstərdi.

İdman sahəsində görülən tədbirlərdən ürək dolusu danışmaq olar. Polis əməkdaşı da peşəkar olmaqla yanaşı, fiziki baxımdan güclü olmalı, ən ekstremal şəraitdə xidməti vəzifəsini yerinə yetirməyi bacarmalıdır. Fərəhli haldır ki, Polis Akademiyasında müdavimlərin fiziki hazırlığı məsələsinə daim xüsusi diqqət yetirilir.

Mən həm bir müdavim, həm bir gənc kimi deyə bilərəm ki, bizim önümüzdə qoyulan tələblər yaradılmış şəraitə tam uyğundur. Günün istənilən vaxtında bizim üçün imkan yaradılır ki, akademiyada salınmış idman şəhərciklərində öz fiziki sağlamlığımızı gücləndirək, möhkəmliyimizi artıraq. Məlum olduğu kimi, idman insanı həm fiziki, həm də ruhən tərbiyə edir, onu dözümlü edir.

Polis əməkdaşı tərəfindən fiziki qüvvənin tətbiqi olduqca kompleks hazırlıq tələb edir. Belə ki, əməkdaş fiziki qüvvə tətbiq etməzdən əvvəl həm mövcud şəraiti düzgün qiymətləndirməyi, həm də tətbiq ediləcək qüvvələr nisbətini dəqiq təhlil etməyi bacarmalıdır. Fiziki qüvvə tətbiq edərkən cinayətkarı zərərsizləşdirməklə yanaşı onun sağlamlığına mümkün qədər az zərər vurulmalı, işgəncələrə, digər qəddar və qanunsuz hərəkətlərə yol verilməməlidir. Göstərilən tələblər sadəcə milli qanunvericilikdə deyil, eləcə də beynəlxalq sənədlərdə icrası məcburi normalar kimi əksini tapır. Buna görə də polis əməkdaşı həm fiziki, həm hüquqi, həm də psixoloji cəhətdən tam hazırlıqlı olmalı, gərgin vəziyyətlərdə öz soyuqqanlığını, təmkinliyini, uzaqgörənliyini qoruyub saxlamalıdır. Bizə keçirilən fiziki hazırlıq dərslərində göstərilən vəziyyətlərdə düzgün addımlar atmaq üçün xüsusi fəndlərlə yanaşı, psixoloji hazırlığa da diqqət yetirilir. Peşəkar müəllim heyətimiz təcrübi nümunələri misal gətirir, bizi hərtərəfli hazırlıqlı etmək üçün əlindən gələni edir.

Polis Akademiyası daxili işlər orqanları üçün sadəcə zabit kadrları, savadlı mütəxəssislər hazırlamır, o, həm də igid, cəsur, bacarıqlı vətən övladı, döyüşçü yetişdirir. Buranı bitirən hər bir əməkdaş vəzifələrinin məsuliyyətini dərindən dərk edərək, qarşısında qoyulan tapşırıqların vicdanla yerinə yetirilməsinin vətənə, xalqa, dövlətə, dövlətçiliyə xidmət edəcəyinə inanır. Özünün fiziki, intellektual, təcrübi hazırlığı ilə vətəndaşlara xidmət edir, onları hüquqazidd qəsdlərdən qoruyur.

 

Bəxtiyar SADIQOV:

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

"Dəyirmi masa"da çox maraqlı fikirlər səsləndirildi. Azərbaycan daxili işlər orqanlarının müstəqillik illərində keçdiyi yola, dövlətçiliyimizin qorunması istiqamətindəki fəaliyyətinə ətraflı nəzər salındı.

Mən Prezident İlham Əliyevin bir fikrini diqqətinizə çatdırmaq istəyirəm. Ölkəmizin başçısı deyib: "Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi".

Prezident İlham Əliyevin bu fəaliyyət prinsipləri son 8 ildə müvəffəqiyyətlə gerçəkləşib. Bundan sonra da Heydər Əliyev ideyaları uğurla davam etdiriləcək, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əbədi xoşbəxtliyi təmin ediləcək. Fərəhli haldır ki, daxili işlər orqanlarının əməkdaşları ölkə başçısının bu müqəddəs missiyasına öz fəaliyyətləri ilə böyük töhfələr verməkdədirlər. Çıxışlarda bu barədə qeyd edildi. Bizim üçün fərəh doğuran hal odur ki, xalqa, ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına və Prezident İlham Əliyevin siyasi kursuna sədaqət Azərbaycan polisi üçün ən ali prinsipə çevrilib. Azərbaycanın sabitliyinin etibarlı təminatı, ictimai asayişin qorunması baxımından bölgənin və dünyanın ən yaxşı göstəricilərə malik ölkələrdən biri olması hər birimizdə qürur və fəxarət hissi doğurur.

Bu ondan irəli gəlir ki, Daxili İşlər Nazirliyi və onun tabeliyində olan qurumlar qanunla qarşılarında dayanan vəzifənin öhdəsindən layiqincə gəlirlər. Dövlətin və xalqın keşiyində dayanan Azərbaycan polisi ictimai sabitliyə təhlükə yaradan istənilən təhdidə qarşı barışmazdır. 1991-1993-cü illərdən fərqli olaraq, indi vətəndaşların inam və etimadını qazanan, həmçinin dövlətin qayğısını daim hiss edən daxili işlər orqanları üzərlərinə düşən borcu bundan sonra da şərəflə yerinə yetirəcək, ulu öndərin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün vəzifələrinin öhdəsindən layiqincə gələcəklər.

Təbii ki, ölkəmizin müstəqilliyi və demokratik yolla inkişafı daxili işlər orqanlarının məsuliyyətini daha da artırır, qarşısına yeni vəzifələr qoyur. Son illərin reallıqları göstərir ki, Azərbaycan polisi öz fəaliyyətini müasir dövrün çağırışları əsasında uğurla həyata keçirir. Polis Akademiyasında bir daha şahid olduq ki, burada müdavimlər beynəlxalq tələblərə, dünya standartlarına cavab verən səviyyədə təhsil alırlar. Çıxışlarda da qeyd olundu ki, son illərdə Polis Akademiyasında xeyli iş görülüb. Əlbəttə, əldə olunmuş bütün nailiyyətlər Polis Akademiyasının, xüsusən Daxili İşlər Nazirliyinin uğurlarıdır. Lakin sizi qarşıda daha böyük işlər, yeni perspektivlər gözləyir. Çünki Prezident İlham Əliyev və DİN-in rəhbərliyi sizə etimad göstərib, müqəddəs missiya həvalə edilib. Bu elə bir missiyadır ki, onu yerinə yetirmək hər kəs üçün şərəf işidir

Mən bu işdə - Azərbaycan dövlətinə sədaqətlə xidmət işində sizin hamınıza uğurlar diləyirəm. Və qarşıdan gələn Polis Günü münasibətilə sizi təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

 

Azərbaycan.- 2011.-30  iyun.- S.  8, 9.