BDU ilə Xarkov Milli Universiteti arasında memorandum imzalanmışdır

 

Azərbaycanda səfərdə olan V.N.Karazin adına Xarkov Milli Universitetinin birinci prorektoru professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 29-da Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ilə görüşmüşdür.

BDU-nun mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov əsasən onun beynəlxalq əlaqələrindən danışmışdır.

İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin rəhbəri Xarkovda Azərbaycan Mərkəzinin yaradılması fikrini açıqlamışdır.

Görüşün nəticəsi olaraq Bakı Dövlət Universiteti ilə Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanmışdır. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə hər iki tərəf üçün maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər.

Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları ilə tanış olmuş, universitetdən xoş təəssüratlarla ayrılmışlar.

 

 

Azərbaycan.- 2011.- 30 iyun.- S. 10.