Azərbaycan Prezidenti İlham Əliyev
Rumıniyanın "NİRO İnvestment Group" şirkətinin
rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi
nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Rumıniyanın "NİRO İnvestment Group" şirkətinin rəhbəri Nikolae Dumitrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
"NİRO İnvestment Group" şirkətinin rəhbəri Nikolae Dumitru "Balkanlar və Avropa" jurnalı nümayəndə heyətinin üzvü olaraq "Prezident İlham Əliyev-ilin adamı 2010" mükafatını dövlətimizin başçısına təqdim etmək imkanı əldə etmələrindən məmnunluğunu bildirdi. O, dövlətimizin başçısını bu mükafata dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə əldə olunan və yüksək qiymətləndirilən böyük uğurlara görə jurnalın akademiklərdən, alimlər, jurnalistlər və hüquqşünaslardan ibarət nüfuzlu münsiflər heyəti tərəfindən yekdilliklə layiq görüldüyünü qeyd etdi. Nikolae Dumitru Rumıniya-Azərbaycan strateji tərəfdaşlığının və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da davam edəcəyinə əminliyini bildirdi və "İlin adamı-2010" mükafatını dövlətimizin baçısına təqdim etdi.
Dövlətimizin başçısı "İlin adamı-2010" mükafatına görə minnətdarlığını bildirdi və "Balkanlar və Avropa" jurnalının bu qərarını ölkələrimiz arasında əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini və bir çox sahələri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələri əhatə etdiyini dedi. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dünyada Rumıniyanın Azərbaycana ən yaxın dost dövlətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında imzalanan müxtəlif sənədlərin, xüsusilə strateji tərəfdaşlıq haqqında sazişin əhəmiyyətini vurğuladı.
AzərTAc
Azərbaycan.- 2011.-1 mart.- S.2.