Sumqayıt hadisələri ilə
bağlı www.sumqait.com internet saytının təqdimatı
olmuşdur
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, alimlər və ziyalıların nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, "İRƏLİ" İctimai Birliyinin, digər QHT-lərin və KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Yeddi bölmədən ibarət olan www.sumqait.com internet resursunun hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Bu bölmələrdə əsasən 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədən, təşviq edən qruplar və Ermənistandan qaynaqlanan millətçi hərəkatlar haqqında materiallar yerləşdirilmişdir. Eyni zamanda, Sumqayıt hadisələrindən əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilən cinayətlərə, keçmiş SSRİ rəhbərliyinin yarıtmaz milli siyasətinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı aktlarından bəhs edən materiallara da xüsusi yer ayrılmışdır.
Tədbiri açan Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məruzə ilə çıxış etdi. O dedi:
- Hörmətli xanımlar və cənablar, bu gün 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş vermiş hadisələrə həsr olunmuş internet saytı işə salınır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən hazırlanmış bu informasiya resursu Azərbaycan, ingilis və rus dillərində təqdim olunur.
Saytın yaradılması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranmasının səbəbləri haqqında yalançı erməni təbliğatının ifşa edilməsi üzrə işimizin mühüm mərhələsidir.
Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq cəhdində Sumqayıt hadisələrinə istinad edir. Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt kimi təqdim edir. Hələ 1988-ci ildə başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılar ilə bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlmişdir. Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır. Belə uydurma məlumatlar internet şəbəkəsində kütləvi şəkildə yerləşdirilir, onların yayılması üçün xüsusi saytlar yaradılır.
Bununla yanaşı, son vaxtlar Ermənistan Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən ermənilərə qarşı soyqırımı olması fikrini tez-tez səsləndirir və belə bəyanatlarla müxtəlif beynəlxalq qurumlara müraciət edir.
Azərbaycan dövləti erməni tərəfinin dezinformasiya xarakteri daşıyan fəaliyyətini diqqətlə izləyir, bu fəaliyyətin neytrallaşdırılması üçün zəruri tədbirlər görür, beynəlxalq ictimaiyyətə öz haqlı mövqeyini çatdırır. Lakin biz bu istiqamətdə işimizi daim gücləndirməliyik. Bu baxımdan "sumqait.com" saytının açılmasının əhəmiyyətini bir daha vurğulamaq istərdim.
Sumqayıt şəhərində təşkil olunmuş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməmiş, onların əsl sifarişçiləri və təşkilatçıları müəyyən edilib məsuliyyətə cəlb olunmamışlar. Əksinə, SSRİ Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanmış və həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparmışdır. Məhz Sumqayıt hadisələrinə obyektiv hüquqi və siyasi qiymət verilmədiyindən istifadə edərək erməni separatçıları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlamışlar. Sumqayıt hadisələrindən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verilmişdir. Bu kampaniya artıq iyirmi üç il ərzində ardıcıl şəkildə aparılır.
Azərbaycan belə vəziyyətlə barışa bilməzdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən hakimiyyətə gələn gündən erməni informasiya maşınının dağıdılması üçün bütün mümkün vasitələrdən istifadə edərək buna nail ola bilmişdir. Sumqayıt hadisələrinin erməni pravokasiyası olması hamıya aydın olub. Cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Baş Prokurorluq Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı cinayət işləri üzrə istintaqı təzələmişdir. İstintaqın hərtərəfli aparılması üçün Baş prokurorun birinci müavininin rəhbərliyi ilə istintaq-əməliyyat qrupu yaradılmışdır.
İstintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, xarici ölkələrə müvafiq sorğular göndərilmiş, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.
Aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmışdır. Bu hadisələrin əsas sifarişçi və təhrikçiləri Qorbaçov, sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir.
Hamımıza məlum olan Şaxnazarov, Aqanbekyan, Kaputikyan, Balayan kimilərinin millətçi və separatçı ideyalarının təsiri altında olan, eyni zamanda, öz siyasi və geosiyasi maraqlarını güdən Qorbaçov tərəfindən erməni millətçi və separatçılarına göstərilən dəstək artıq çoxdan sübut olunmuş faktdır. Mixail Qorbaçovun Silva Kaputikyan və Zori Balayan ilə görüşü bütün erməni millətçilərini ruhlandırmışdır. İndi onlara Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin "rəsmi səbəbi" kimi yalnız qanlı təxribat lazım idi. Seçim Sumqayıtın üzərinə düşdü.
Sumqayıt sənaye şəhəri olduğu üçün orada əsasən sadə fəhlələrin yaşamasını, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların məskunlaşdırılmasını, Sumqayıt şəhərində yaranmış mürəkkəb sosial-iqtisadi vəziyyəti nəzərə alaraq, Qorbaçov Azərbaycana qarşı təxribat aksiyasını məhz bu şəhərdə təşkil etmək qərarına gəlmişdir. SSRİ təhlükəsizlik orqanlarına bu hiyləgər əməliyyatın təşkil edilməsi ilə bağlı xüsusi tapşırıqlar verilir, Sumqayıtın rəhbərliyi və yerli güc strukturlarının fəaliyyəti isə Moskvanın göstəriş və əmrləri ilə iflic vəziyyətinə salınır.
Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sumqayıt əməliyyatının planı hazırlanır, Sumqayıta xüsusi hazırlıq keçmiş təxribat qrupu göndərilir və müxtəlif cinayətkar ünsürlər ermənilərin əli ilə bu təxribata cəlb edilirlər.
Xatırlatmaq istəyirəm ki, Sumqayıtdan sonra orada sınaqdan keçmiş eyni ssenari üzrə Sovet İttifaqının digər respublikalarında da çoxsaylı insan tələfatlarına səbəb olmuş faciəli hadisələr təşkil edilmişdir. Sumqayıtda isə maraqları üst-üstə düşən Qorbaçov, onun erməni ətrafı, Ermənistandakı və Dağlıq Qarabağdakı millətçilər və separatçılar istədikləri nəticələri əldə edə bilmişlər.
Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdir. Belə ki, o vaxt başlanılmış cinayət işinin materiallarında Sumqayıtda talanlar etmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə ifadələr var idi. Lakin bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmırdı. Əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilirdi. Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğularına Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya daşımayan cavablar göndərilirdi, Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilmirdi. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olmaları ilə bağlı əsas suallar cavabsız qalmışdı.
Yeni açılmış hallar onu göstərir ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar Eduard Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmuşdur. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdığı "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermişlər. Bu emissarlar aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmişlər. Hadisələr zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryan ilə birlikdə camaata soyuq silah paylayırdılar.
Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar.
Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiqləyir.
DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı "Qarabağ" komitəsinin fəalı olan Pxakadze familiyalı şəxs, həmin komitənin, habelə "Krunk" cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olmuşlar.
Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən daha bir fakt. Talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum şəxslər kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişini aparmışlar. Bu kadrlar Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə göstərilmişdir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı idilər.
Sumqayıtda təxribatın hazırlanmasını göstərən növbəti sübut. Bir çox erməni şəhəri əvvəlcədən tərk edir, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından pulların çıxarılması da kütləvi hal alır.
Digər tərəfdən, müəyyən olunmuşdur ki, Sumqayıt hadisələri ərəfəsində Ermənistandan və Dağlıq Qarabağdan Sumqayıt və Bakı şəhərlərinə çoxlu sayda milliyyətcə erməni olan şübhəli şəxslər gəlmiş, onların bir qismi mehmanxanalarda yığcam yerləşdirilmişdir. Həmin şəxslər Sumqayıtda yaşayan ermənilərlə çoxsaylı görüşlər keçirmiş, onları təlimatlandırmış, baş vermiş kütləvi iğtişaşlardan dərhal sonra isə yoxa çıxmışlar.
Hörmətli toplantı iştirakçıları, Sumqayıt hadisələrinin əvvəlcədən təşkil olunmuş erməni pravokasiyası olmasını sübut edən bütün bu materiallar saytımızda yerləşdirilmişdir. Məqsədimiz bu sayt vasitəsilə Sumqayıt hadisələri haqqında əsl həqiqətin geniş ictimaiyyətə çatdırılmasıdır.
Erməni uydurmalarının qarşısının alınması, Sumqayıt hadisələri barədə həqiqətlərin yayılması üzrə fəaliyyətimiz yalnız saytın açılması ilə kifayətlənmir. Ermənilərin ifşa edilməsi üçün filmlər çəkilir, məqalələr, kitablar yazılır, xarici dillərə tərcümə edilir, beynəlxalq səviyyədə gərgin iş aparılır. Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan Dövlət Televiziyası tərəfindən təkzibolunmaz faktlara əsaslanan, Sumqayıt hadisələrinə həsr olunmuş sənədli film hazırlanmışdır. Erməni miflərinin dağıdılması işində biz daha mütəşəkkil olmalıyıq, Azərbaycanın siyasətçiləri, ziyalıları, elm adamları, bütün vətəndaş cəmiyyəti bu işə fəal qoşulmalıdır.
Sumqayıt hadisələri, Xocalı faciəsi, ümumilikdə, Dağlıq Qarabağ münaqişəsi, onun səbəbləri və xalqımız üçün ağır nəticələri barədə məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması münaqişənin ədalətli həlli üçün vacib şərtlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, Azərbaycan problemin danışıqlar yolu ilə beynəlxalq hüquq prinsipləri əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının tərəfdarıdır. Biz bunun üçün bütün zəruri tədbirlər görürük, Minsk qrupu formatında beynəlxalq vasitəçilər, beynəlxalq və regional təhlükəsizlik məsələləri ilə məşğul olan digər beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Lakin sülh prosesi yalnız o halda səmərə verə bilər ki, prosesin iştirakçılarının hərəkətləri və qərarları həqiqi məlumatlara əsaslansın. Bu səbəbdən erməni tərəfinin yaydığı uydurmalar və əsassız iddialar sülh prosesi üçün ancaq və ancaq əngəllər törədir və onun səmərəliliyini böyük şübhə altında qoyur. Danışıqlar sonsuz davam edə bilməz, onlar nəticə verməsə, biz torpaqlarımızın azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcəyik. Əminəm ki, biz bütün cəbhələrdə, o cümlədən informasiya müharibəsində də qələbə qazanacağıq.
Diqqətinizə
görə təşəkkür edirəm.
* * *
Prezident
Administrasiyasının siyasi təhlil və informasiya təminatı
şöbəsinin böyük məsləhətçisi Fərhad
Məmmədov məruzə ilə çıxış edərək
dedi:
- Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 1988-ci il Sumqayıt hadisələri haqqında internet resursu yaradılmışdır. Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və siyasi təhlil və informasiya şöbələrinin birgə fəaliyyəti nəticəsində bu internet saytı qısa zaman ərzində hazırlanmış və dolğun məlumatlarla təmin olunmuşdur.
Saytın yaradılması zamanı biz bir neçə problemlərlə üzləşdik. Belə ki, "Sumqayıt" adı altında bir çox internet domenlər artıq ermənilər tərəfindən istifadə olunurdu və "Google" axtarış sistemində erməni saytları tam çoxluq təşkil edirdi. Belə şəraitdə yaradılan bu internet resursu həm adı ilə, həm də özündə əks etdirdiyi materiallarla zəngin, baxımlı və dolğun olmalı idi. www.sumqait.com üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir və dünyanın ən kütləvi sosial şəbəkələrində (facebook və twitter) xüsusi səhifələrlə təmsil olunur.
İnternet
resursu informasiya müharibəsinin birinci və əsas
ünsürüdür. Prezident İlham Əliyevin göstərişi
ilə informasiya məkanında fəaliyyət getdikcə
möhkəmlənir və səmərəsini artırır.
www.sumqait.com saytı dövlət tərəfindən
yaradılsa da, Azərbaycan Respublikasının vətəndaş
cəmiyyətinin və diaspor təşkilatlarının bu
işdə dövlətə yardımı işimizi daha da
faydalı edər, məlumatların yayılma miqyasını
artırar.
www.sumqait.com
internet resursu yeddi bölmədən ibarətdir. İlk
bölmə "Cinayət işinin sənədlərindən"
adlanır və Azərbaycan Respublikası Baş
Prokurorluğu tərəfindən istintaq edilən cinayət
işinin xülasəsindən ibarətdir.
"Sumqayıt
ətrafında gedən proseslər" adlı ikinci bölmədə
bu şəhərdə baş verənlər təkcə bir
hadisə kimi yox, məhz əvvəlcədən
hazırlanmış bir prosesin tərkib hissəsi kimi təqdim
olunur. Burada SSRİ-nin rəhbərliyində gedən
proseslər, Ermənistan SSR-də başlanan və dövlət
rəsmiləri tərəfindən dəstəklənən
millətçi çıxışlar haqqında geniş məlumatlar
verilir.
Növbəti
bölmədə Ermənistan SSR-də "Azərbaycanlılara
qarşı talanlar" haqqında məlumat yer
almışdır və bu bölmənin əsas mahiyyəti
ondan ibarətdir ki, ilk talanlar, cinayətlər və
ölüm hadisələri məhz Ermənistanda həyata
keçirilmişdi.
"Sumqayıt
şəhərinin qısa tarixi" adlanan bölmədə
Sumqayıtın yaranma tarixi və əhalinin o dövrdə
etnik bölgüsü göstərilmişdir. Bu məlumatları
oxuyanda aydın olur ki, hansı səbəblərə görə
bu hadisələrin məhz Sumqayıt şəhərində
baş verməsi planlaşdırılmışdı.
"Azərbaycanlıların
etnik təmizlənməsi" bölməsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi dövründə
azərbaycanlılara qarşı törədilən
soyqırımı aktlarına dair geniş məlumat təqdim
edilmişdir.
Burada Xocalı, Qaradağlı və digər
yaşayış məskənlərində dinc insanlara
qarşı amansızlıqlar göstərilmişdir.
"Krunk"
və digər millətçi erməni təşkilatlarının
tarixi" bölməsində Ermənistanda XX əsrin
ortalarında yaradılan millətçi təşkilatların
qısa tarixçəsi yazılmışdır. Bu təşkilatların
azərbaycanlılara qarşı törədilən cinayətlərin
arxasında durmaları bir daha sübut edir ki, hadisələr əvvəlcədən
hazırlanan ssenari əsasında həyata keçirilirdi.
Bu bölmədə bir şəkil diqqəti cəlb
edir. Fotoşəkildə keçmiş Ermənistan
prezidenti Robert Koçaryan, beynəlxalq terrorçu Monte
Melkonyan və separatçı "Dağlıq Qarabağ
Respublikası"nın hazırkı
başçısı Bako Saakyan birlikdə təsvir
olunmuşdur. Bu, bir daha onu göstərir ki, erməni
tərəfi terrordan istifadə etmiş və bunu dövlət
siyasəti səviyyəsində həyata keçirmişdir.
Sonuncu bölmə
"Qarabağ münaqişəsi: mənbələri, səbəbləri,
nəticələri" adlanır. Bu bölmədə
hadisələrin xronologiyası ermənilərin 1828-ci ildə
bu ərazilərə köçündən başlayır.
Burada Qarabağın tarixi, Çar
Rusiyasının milli siyasəti, Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması və ermənilərin
separatçılıq niyyətləri haqqında geniş məlumat
təqdim olunur.
Sonda onu qeyd etmək
istərdim ki, saytda Aslan İsmayılovun "Sumqayıt -
SSRİ-nin süqutunun başlanğıcı" kitabı
üç dildə yerləşdirilmişdir. Bu saytın
populyarlaşmasında burada iştirak edən Yeni Azərbaycan
Partiyası Gənclər Birliyinin və "İrəli"
İctimai Birliyinin üzvlərinin sosial şəbəkələrdəki
fəaliyyəti böyük rol oynayacaqdır.
Sonra Azərbaycan
Respublikası Baş prokurorunun birinci müavini Rüstəm
Usubovun məruzəsi dinlənildi. R.Usubov dedi:
- KİV-lərdə gedən
məlumatlardan bilirsiniz ki, hazırda Baş Prokurorluqda 1988-ci il fevralın 27-29-da baş vermiş məlum
Sumqayıt hadisələri ilə əlaqədar cinayət
işinin istintaqı davam etdirilir.
Uzun müddət
keçməsinə baxmayaraq, həmin hadisələrin yenidən
araşdırılması hansı zərurətdən
doğmuşdur?
Əvvəla, qeyd olunan hadisələrdən,
yəni 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində
törədilmiş kütləvi iğtişaşlardan 23 il
keçməsinə baxmayaraq, ermənilər hələ də
dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu
hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa
çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin
əsl mahiyyətini gizlədərək Azərbaycan
xalqını vəhşi, qaniçən və cinayətkar
qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan
çıxır, Sumqayıt hadisələrini
soyqırımı kimi təqdim etməyə
çalışırlar və bu istiqamətdə xeyli fəal
təbliğatla məşğuldurlar. Bu məqsədlə
Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələri
ilə bağlı internetdə xüsusi sayt açaraq həmin
hadisələr haqqında yalan məlumatlar yaymağa
başlamışdır.
Bundan başqa, həmin hadisələrlə
əlaqədar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən
hadisələr başlayan kimi, yəni fevralın 27-də
başlanmış və artıq 1988-ci il martın 1-də
keçmiş SSRİ Prokurorluğunun İstintaq qrupunun
icraatına götürülərək istintaq olunmuş cinayət
işlərinin öyrənilməsi göstərmişdir ki,
bu hadisələrlə bağlı işin istintaqı qeyd
olunan istintaq qrupu tərəfindən tam, hərtərəfli
və obyektiv aparılmamış, hadisələrin əsl
mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş,
cinayətlərin bütün iştirakçıları
müəyyən edilməmiş, hadisələrin əsl təşkilatçıları
isə ümumiyyətlə, məsuliyyətdən kənarda
qalmış, onların müəyyən edilib məsuliyyətə
cəlb olunması üçün heç bir tədbir
görülməmiş, cinayətin başvermə səbəb
və şəraiti qətiyyən
araşdırılmamışdır.
Məhz qeyd
etdiklərim Sumqayıt hadisələrinin yenidən
araşdırılması zərurətini yaratmışdır.
Hazırda
aparılan istintaqın əsas məqsədi də məhz
Sumqayıt hadisələri ilə əlaqədar erməni
yalanlarını üzə çıxarmaq, toplanmış
sübutlarla bu hadisələrin əsl mahiyyətini
açmaq, mümkün qədər cinayətin bütün
iştirakçılarını, əsasən də təşkilatçılarını,
nə qədər çətin də olsa müəyyən
etməkdir.
Bu məqsədlə əvvəlcə,
Baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş
Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və
icraatlarını dayandırdığı cinayət işlərinin
öyrənilməsi üçün Prokurorluğun təcrübəli
işçilərindən ibarət komissiya
yaradılmış və komissiya işləri öyrənərək
onların icraatlarının təzələnərək yenidən
istintaq aparılmasını tövsiyə etmişdir.
Baş prokurorun 2010-cu il 19
mart tarixli qərarı ilə 5 cinayət işinin icraatı
təzələnərək bir icraatda birləşdirilmiş,
istintaqın aparılması Baş prokurorun birinci müavini
Rüstəm Usubovun rəhbərliyi ilə Baş
Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili
İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından
ibarət istintaq-əməliyyat qrupuna
tapşırılmışdır.
Doğrudur,
Sumqayıt hadisələri ilə əlaqədar
keçmiş SSRİ Prokurorluğunun SSRİ-nin müxtəlif
respublikalarından və hüquq-mühafizə
orqanlarından 200-ə yaxın müstəntiq və bir o qədər
də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat
qrupu tərəfindən olduqca böyük həcmdə
material toplanmış, araşdırılmış və bir
çox şəxslər məsuliyyətə cəlb
edilmişlər.
Lakin hadisələrlə
bağlı istintaqın lap əvvəlindən hadisələrdə
zərərçəkənlərin guya ermənilər, təqsirkarların
isə azərbaycanlılar olması barədə irəli
sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli
və kifayət qədər qərəzli aparılmasına,
onun müəyyən siyasi sifarişə xidmət etməsinə
səbəb olmuşdur.
Belə ki,
Sumqayıtda baş vermiş iğtişaşlar zamanı
saxlanılmış erməni soyadı daşıyanların
barəsində heç bir araşdırma
aparılmamış, onlar dərhal "zərərçəkən"
tərəf kimi buraxılmış və bir çoxları
məsuliyyətdən kənarda qalmışdır.
İş
üzrə təqsirləndirilən şəxs kimi cəlb
edilmiş Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən
cinsi zorakılığa məruz qalmış zərərçəkmiş
erməni qızlar
Bunu ona əsaslanıb
deyirəm ki, hazırda aparılan istintaqla və əldə
edilmiş arxiv materiallarına əsasən Eduard Qriqoryanın
məsuliyyətdən azad edilməsi üçün erməni
millətçi təşkilatları və xüsusi xidmət
orqanları çox çalışmışlar.
Təsadüfi deyildir ki,
Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrumetmə
cəzasına məhkum edildikdən az
sonra hansısa xidmətlərinə görə cəzasını
çəkmək üçün Ermənistana göndərilmiş
və orada azadlığa buraxılmışdır.
Bu gün də ermənilər
Sumqayıtda kütləvi iğtişaşların fəal
iştirakçısı erməni Qriqoryan Eduard
Robertoviçin hadisələrdə iştirak etməməsi,
erməni olduğuna görə onun barəsində saxta
sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə,
erməni olmaması, anasının azərbaycanlı
olması və pasportunda milliyyətinin azərbaycanlı
göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar.
Ermənilərin nə deməsindən
asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində
törədilmiş kütləvi iğtişaşların fəal
iştirakçısı olması ibtidai və məhkəmə
istintaqı zamanı toplanmış sənədlərlə
kifayət qədər sübuta yetirilmiş və onun barəsində
qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin
1989-cu il 22 dekabr tarixli hökmü vardır.
Həmin cinayət işinin
istintaq materiallarına əlavə edilmiş Eduard
Qriqoryanın pasportunda, pasport almasına dair 1 nömrəli
formada, hərbi xidmət sənədlərində onun milliyyətinin
erməni yazılması müəyyən edilmişdir.
Hazırda
E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə
əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hazırkı
istintaqla o da müəyyən edilmişdir ki, Sumqayıt şəhərində
yaşayan ermənilərin əksəriyyətinin kütləvi
iğtişaşlar baş verəcəyindən əvvəlcədən
xəbərləri olmuşdur. Belə ki, aparılan əlavə
istintaq zamanı Sumqayıt şəhərində yaşayan
100-dən çox ailənin hadisələrə qədər əmanət
kassalarında olan pullarını götürüb şəhərdən
köçüb getmələri müəyyən
edilmişdir. Köçüb gedənlərin
əksəriyyəti imkanlı ailələr olmuşdur.
Həmin ərəfədə
Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının
Bakı və Sumqayıt şəhərlərinə gəlib
buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə
görüşüb gizli söhbətlər aparmaları
müəyyən edilmişdir.
Yuxarıda qeyd
olunduğu kimi, ermənilər Sumqayıt hadisələri
zamanı azərbaycanlıların vəhşi obrazını
yaratmaq üçün əllərindən gələni edirlər.
Hazırda
aparılan istintaq zamanı Sumqayıt şəhərində
yaşayan milliyyətcə erməni qadınlar dindirilmiş və
onlar ifadələrində azərbaycanlıların həmin
hadisələr zamanı yüzlərlə erməninin həyatını
xilas etmələrini göstərmişlər.
Bundan başqa, hələ
SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən,
Ermənistan SSR Prokurorluğunun müstəntiqləri
Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri
dindirmiş və onlar da azərbaycanlıların onları
xilas etmələri barədə ifadələr vermişlər.
Qeyd etdiyim bu faktdan, yəni
guya hadisələr zamanı azərbaycanlılar arasından
ölənlərin olmaması "fakt"ından istifadə
edən ermənilər Sumqayıt hadisələri zamanı
bir nəfər də olsun azərbaycanlının
öldürülməməsi barədə iddialarını
bu gün də davam etdirirlər.
Ermənilərin
iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri
öyrənilərkən müəyyən edilmişdir ki,
Sumqayıt hadisələri ilə əlaqədar şəhərə
qoşun hissələri yeridilərkən 5 azərbaycanlının
öldürülməsinə dair Bakı Qarnizonu Hərbi
Prokurorluğunda cinayət işi istintaq olunmuş və
işin icraatına əsassız olaraq xitam verilmişdir. Həmin
cinayət işi üzrə tərəfimizdən aparılan əlavə
istintaq zamanı sübut olunmuşdur ki, Bakı 1 nömrəli
avtobus parkının sürücüsü, milliyyətcə
erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində
idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət
edən insanların üstünə qəsdən
sürmüş və nəticədə 4 azərbaycanlı
həlak olmuşdur. Rus millətindən olan
istintaq aparanlar isə hadisəni elə qələmə
vermişlər ki, guya zərərçəkənlərin
özləri günahkar olmuş və guya təsadüfən
hərbçilərin idarə etdikləri zirehli texnikanın
tırtılları altında qalıb həlak olmuşlar.
Ölənlərin yaxın qohumları da bu
vaxtadək elə güman etmişlər ki, hadisə hərbçilər
tərəfindən törədilmişdir.
Hazırda bu
fakt üzrə istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Aparılmış
indiki istintaqla həmçinin müəyyən edilmişdir
ki, Sumqayıt şəhərində zərərçəkən
ermənilərin əksəriyyəti Dağlıq Qarabağ
Vilayətində fəaliyyət göstərən
"Krunk" cəmiyyətinə könüllü maddi vəsait
köçürməkdən imtina edənlər olmuşlar.
İstintaqın tam, hərtərəfli
və obyektiv aparılmasının təmin edilməsi məqsədilə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər
Kabinetinə, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik,
Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə,
Ali Məhkəməyə, Həmkarlar İttifaqları
Konfederasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə,
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə,
respublikanın bəzi kütləvi informasiya vasitələrinə
və Rusiya Federasiyasının Baş Prokurorluğuna
sorğular göndərilərək əksəriyyətinə
cavablar alınmışdır.
Onu da qeyd etmək yerinə
düşər ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərə
yaxın erməni yaşadığı halda, cəmi 26 erməninin
öldürülməsi faktı, azərbaycanlıların
öz erməni qonşularını fədakarcasına
müdafiə etmələri və gizlətmələri nəticəsində
mümkün olmuşdur.
SSRİ Baş
Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan
Respublikası hüquq-mühafizə orqanlarının əməkdaşlarının
ifadələrindən görünür ki, onlar Sumqayıt
hadisələrinin istintaqını aparmış SSRİ
Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət
göstərmiş, istintaq qrupunun rəhbəri SSRİ
Baş Prokurorluğunun xüsusilə mühüm işlər
üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər
olmuş, iş üzrə əsas istintaq hərəkətlərini
SSRİ Baş Prokurorluğundan və Rusiya
Federasiyasının müxtəlif vilayətlərindən dəvət
edilmiş müstəntiqlər yerinə yetirmiş,
aparılan istintaq hərəkətlərindən onlar belə
nəticəyə gəlmişlər ki, Sumqayıt hadisələrini
ermənilər və xarici dövlətlərin xüsusi xidmət
orqanları təşkil etmiş, istintaq qrupunun rəhbərləri
cinayətin sifarişçilərinin və təşkilatçılarının
müəyyənləşdirilməsi istiqamətində demək
olar ki, istintaq hərəkətləri aparmamış,
onların ifşa olunmasında maraqları olmamış və
buna görə də əsas cinayətin
icraçıları barəsində işlərin tezliklə
tamamlanıb məhkəməyə göndərilməsini tələb
etmiş və Azərbaycan millətindən olan müstəntiqləri
əsas istintaq hərəkətlərinin icrasından kənarda
saxlamağa çalışmışlar.
Tərəfimizdən
həmin dövrdə Sumqayıt şəhərində
partiya, sovet və hüquq-mühafizə orqanlarında işləmiş
şəxslər, habelə kütləvi informasiya vasitələrinin
və ictimaiyyətin nümayəndələri dindirilmişlər. Onların
verdikləri ifadələrdən belə nəticəyə gəlmək
olar ki, hadisələr sovet rəhbərliyinin məkrli
planları və xüsusi xidmət orqanları tərəfindən
hazırlanaraq həyata keçirilmiş və idarə
olunmuş, iğtişaşların qarşısını
almaq üçün dövlət rəhbərliyi səviyyəsində
lazımi tədbirlər görülməmişdir.
Apardığımız
istintaq zamanı Sumqayıtda doğulub və uzun müddət
orada yaşamış sakinlərin çoxsaylı ifadələrindən
görünür ki, iğtişaşları təşkil edən
qara plaşlı şəxslər sumqayıtlı
olmamış, onlar öz aralarında bəzən erməni
dilində danışaraq Azərbaycan dilini də təmiz
bilmiş və hadisələr zamanı adamlar arasında ermənilər
əleyhinə təbliğat aparmış, camaata spirtli
içkilər, güclü təsiredici həblər, pul, dəmir
parçaları və s. paylamış və
talançıları əvvəlcədən onlara məlum
olan erməni ünvanlarına aparmışlar.
Azərbaycan ərazisində,
o cümlədən Bakı və Sumqayıt şəhərləri
ərazisində Sumqayıtdakı iğtişaşların
qarşısını almaq üçün yetərli sayda hərbi
qüvvələr olsa da, məlum olmayan səbəbdən
SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən hərbi
hissələrin qüvvələrini yeritmiş, lakin onlar da
iğtişaşların qarşısını almaq
üçün lazımi tədbirlər görməmişlər.
Bundan başqa, Moskva şəhərində
SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olmuş
keçmiş SSRİ Baş prokuroru yanında xüsusilə
mühüm işlər üzrə baş müstəntiq
işləmiş V.İ.Kaliniçenko ilə
görüşərkən o, Sumqayıt hadisələrinin
istintaqı zamanı ermənilərin söylədiklərinin,
yəni "qaniçən azərbaycanlı" obrazı əvəzinə,
insanpərvərlik nümunəsi göstərmiş
sumqayıtlı azərbaycanlılardan ağızdolusu
danışaraq Səməngül adlı sadə bir azərbaycanlı
qadının erməni qonşularını öz həyatını
təhlükəyə ataraq necə müdafiə etdiyinin
şahidi olduğunu bildirmiş və göstərmişdir
ki, belə faktlar yüzlərlə olmuşdur.
Sonda onu qeyd etmək
istəyirəm ki, istintaq-əməliyyat tədbirləri davam
etdirilir.
Hazırda Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova
hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun
istintaq qrupunun üzvləri barədə məlumatlar əldə
edilməsi üçün sorğular verilmişdir.
* * *
Sonra məruzələr
ətrafında çıxışlar olmuşdur.
Milli Məclisin deputatı, professor Musa Qasımlı saytın yaradılmasını
yüksək qiymətləndirərək demişdir ki,
Sumqayıt hadisəsi haqqında həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
çox vacibdir. Çünki ermənilər
öz işğalçılıq niyyətlərini və Azərbaycana
qarşı təcavüzü ört-basdır etmək
üçün Sumqayıt hadisələrini qabardırlar.
Erməni kilsə xadimləri də iki xalq
arasında münasibətləri
qızışdırırdılar. Sumqayıt
hadisələrində ermənilərin və SSRİ rəhbərliyinin
konkret məqsədləri var idi. Ermənilərin
məqsədi diqqəti Ermənistandan qovulan azərbaycanlı
qaçqınlar məsələsindən yayındırmaq,
Azərbaycana qarşı təcavüz üçün bəhanə
əldə etmək, guya ilk qurbanın ermənilər
olduğunu demək idi. Mərkəzi
hakimiyyətin məqsədi isə Azərbaycanı təzyiq
altında saxlamaq, onun müstəqilliyə gedən yolunu kəsmək
idi.
Professor qeyd
etmişdir ki, Sumqayıt hadisələrinin şahidləri
olan əsasən, qeyri-azərbaycanlıların ifadələri
alınmalı, məqalələr dərc olunmalı, kitablar,
dissertasiya işləri yazılmalıdır.
"Sumqayıt
- SSRİ-nin süqutunun başlanğıcı"
kitabının müəllifi, hüquqşünas Aslan
İsmayılov vurğulamışdır ki, erməni
diasporunun yardımı ilə özünə demokrat imici
yaratmaq istəyən M.Qorbaçov bu hadisələrə
xüsusi təkan vermişdir. SSRİ-nin
dağılmasında xüsusi marağı olan ABŞ da
Sumqayıt hadisələrindən istifadə etmişdir.
A.İsmayılov bildirmişdir ki, istintaq materialları Azərbaycan
Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən
öyrənilməli, bu materiallar Milli Məclisdə
müzakirə olunmalı və qəbul edilmiş qərar
bütün dünya parlamentlərinə göndərilməli,
ali və orta təhsil müəssisələrində təbliğat
işləri aparılmalı, məşhur Azərbaycan
rejissorları və yazıçıları tərəfindən
hadisələrlə bağlı filmlər çəkilməli,
kitablar yazılmalıdır.
Milli Məclisin
deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin
müavini Mübariz Qurbanlı saytın ərsəyə gəlməsinin
mühüm, əhəmiyyətli və eyni zamanda gərgin
bir fəaliyyətin məntiqi nəticəsi olduğunu
vurğulamışdır. Qeyd etmişdir ki, ermənilərlə
bütün sahələrdə müharibə vəziyyətində
olan Azərbaycan digər sahələrdə Ermənistanı
üstələsə də, tarixi hadisələrin dünya
ictimaiyyətinə çatdırılması
baxımından müəyyən boşluqlarla üzləşmişdir.
Sumqayıt hadisələri də bu
boşluqlardan biri idi. Ermənilər
Sumqayıt hadisələrindən istifadə edərək
Xocalıda törətdikləri vəhşilikləri
ört-basdır etmək istəyirlər. Biz
Xocalı ilə bağlı məsələləri gündəmə
gətirən kimi erməni diasporu alternativ kimi Sumqayıt hadisələrini
önə çıxarmağa çalışır. Ermənilər həm Sumqayıt, həm də
Bakıda baş verən hadisələr zamanı ölənlərin
sayını ilbəil artırırlar.
Bu sayt və
buradakı faktların, xüsusilə ingilis və rus dillərində
yazılması Sumqayıtla bağlı ermənilərin Azərbaycan
əleyhinə apardıqları təbliğatın ifşa
olunmasında əhəmiyyətli rol oynayacaqdır.
Gənclərimiz sosial şəbəkələrdə
bunu paylaşmalı, eyni zamanda müxtəlif sosial şəbəkədə
saytın linki yerləşdirilməlidir ki, istənilən
şəxs istədiyi vaxt bu resursa daxil ola
bilsin.
İstintaq
materiallarının ortaya çıxardığı faktlar əsasında
təşviqatın genişləndirilməsinin zəruriliyini
bildirən M.Qurbanlı Sumqayıt hadisələrinə siyasi
qiymət verilməsi məsələsinin gündəmdə
olduğunu vurğulamışdır. Biz bu məsələni
Milli Məclisdə qaldıracağıq. Hesab
edirəm ki, istintaqın əldə etdiyi materiallara istinad edərək
gələn sessiyaya qədər tutarlı bir siyasi qərar
hazırlamaq mümkündür.
Milli Məclisin
deputat Çingiz Qənizadə saytın təqdimatını
Sumqayıt hadisələrinin dünya ictimaiyyətinə
çatdırılmasının başlanğıcı
olduğunu demişdir. Bundan sonrakı mərhələ
prokurorluğun apardığı istintaqın nəticələri
və ona siyasi qiymətin verilməsidir. Deputat
Sumqayıt hadisələrindən keçən müddət ərzində
hadisələrin yeni iştirakçılarının,
şahidlərinin, eləcə də arxiv sənədlərinin
üzə çıxarılmasının çətinliyini
vurğulayaraq istintaq qrupu üzvlərinin fəaliyyətini
yüksək qiymətləndirmişdir. Onların
fəaliyyətləri təkcə vəzifə borcu deyil, eyni
zamanda, Vətən və xalq qarşısında borcdur.
Əminəm ki, istintaq qrupu kifayət qədər
əsaslandırılmış nəticəni ortaya qoyacaq və
ondan sonra məsələyə siyasi qiymət veriləcəkdir.
Parlamentin
deputatı, "İrəli" İctimai Birliyinin sədri
Ceyhun Osmanlı saytın əhəmiyyətini qiymətləndirərək
sosial şəbəkələrdə yeni internet resursunun təbliği
işlərinə artıq başlandığını diqqətə
çatdırmışdır.
Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynov demişdir ki, bu məsələlərin
Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi
kimi Prezident İlham Əliyevin diqqətində olması təqdirəlayiq
haldır. O
qeyd etmişdir ki, Sumqayıt hadisələrindən əvvəl
Ermənistanda yaşayan azərbaycanlıların kütləvi
şəkildə deportasiya edilməsi ilə bağlı məsələ
qaldırılmamış, lazımi sənədlər hazırlanmamışdır.
Azərbaycanlıların Ermənistandakı
tarixi torpaqlarından son nəfərinədək deportasiya
edilməsi indiyədək müzakirə
olunmamışdır. AMEA-nın Tarix
İnstitutunun nəşr etdirdiyi "İrəvan
xanlığı" kitabı bu istiqamətdə hüquqi
sübut ortaya qoymuşdur.
Ə.Hüseynov
azərbaycanlıların tarixi torpaqlarındakı fəaliyyəti,
İrəvanla, o cümlədən deportasiya ilə
bağlı sənədlərin elektron variantının
hazırlanaraq ictimaiyyətə təqdim edilməsinin
vacibliyini bildirmişdir.
AMEA-nın müxbir
üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun
direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov yeni saytın
yaradılmasını qatı düşmənə
qarşı mübarizədə mühüm addım
adlandırmış, bunun Prezident İlham Əliyevin
çıxışlarındakı kəskin mövqenin
davamı olduğunu bildirmişdir. Y.Mahmudov
demişdir ki, Sumqayıt hadisələrini araşdıran
istintaq-əməliyyat qrupuna Tarix İnstitutu da fəal kömək
edir. Alim Gəncə quberniyasında, Zəngəzurda,
Qarabağda, Naxçıvanda, İrəvanda ermənilərin
törətdikləri soyqırımlarının
bütövlükdə araşdırılaraq ictimaiyyətin
diqqətinə çatdırılması istiqamətində
işlərə başlanmasının əhəmiyyətini
qeyd etmişdir.
Y.Mahmudov
bildirmişdir ki, Sumqayıt hadisələrinə
siyasi-hüquqi qiymət verilməsi üçün kifayət
qədər materiallar vardır. Siyasi qiymətdə digər məsələlərlə
yanaşı, Heydər Əliyevin SSRİ-nin ali
rəhbərliyindən uzaqlaşdırılması məsələsi
də əksini tapmalıdır.
Ermənilərin
torpaqlarımızı ələ keçirmək
üçün həmişə özlərindən qurban
verməyə məmnuniyyətlə razı olduqlarını
söyləyən Y.Mahmudov qeyd etmişdir ki, bu barədə
faktlar "İrəvan xanlığı" kitabında da
öz əksini tapmışdır. Sumqayıt hadisələrinin
Qorbaçovun nəzarəti altında vahid ssenari əsasında
hazırlanması, varlı ermənilərin əvvəlcədən
öz pullarını banklardan çıxarmaları və digər
sübutlar beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılmalıdır. Bu istiqamətdə
saytın imkanlarından geniş istifadə olunmalıdır.
Tarixi sənədlər
əsasında hazırlanmış kitablara ermənilərin
etiraz edə bilmədiyini vurğulayan Y.Mahmudov bu cür
materiallara üstünlük verilməsinin diqqətdə
saxlanılmasının vacibliyini bildirmişdir.
Potensial Sumqayıt Mütəxəssislər
Birliyinin sədri, Sumqayıt hadisələrinin şahidi Sahib
Fərzəliyev iğtişaşların ermənilərin
özləri tərəfindən törədildiyini sübut
edən misallar çəkmiş, Azərbaycan və ingilis
dilində "Ermənilərin Sumqayıtda qanlı
aksiyası" kitabını çap etdirdiklərini
demişdir.
Tədbirə
yekun vuran F.Ələsgərov bu istiqamətdə fəaliyyətin
davam etdirildiyini və yaxın günlərdə Baş
Prokurorluq tərəfindən növbəti saytın istifadəyə
veriləcəyini bildirmişdir. Həmin saytda
bütün sübutlar və hər bir şahidin ifadəsi
yerləşdiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-1 mart.- S. 2, 3.