İnkişafın Azərbaycan modeli: sığorta-pensiya sisteminin uğurlu islahatı

 

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın Konstitusiya hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır. Eyni zamanda dövlətin sosial siyasəti - sosial sferada müəyyən məqsədlər güdən, konkret tarixi şəraitlə əlaqələndirilən, zəruri təşkilat və təbliğat cəhdləri, maliyyə vasitələri ilə dəstəklənən və müəyyən mərhələli sosial nəticələri nəzərdə tutan dövlət fəaliyyətidir.

Ötən 17 ildə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, respublikamızın qoşulduğu beynəlxalq konvensiyalar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur. Respublikada həyata keçirilən pensiya-sığorta siyasəti aparılan fəal sosial siyasətin nəzəri-praktik aspektlərinin tədqiqini tələb edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz müəllifi və ideya rəhbəri olduğu "İnkişafın Azərbaycan modeli" kitabında ölkəmizin milli inkişaf modelinin əsas fərqləndirici xüsusiyyətləri sırasında analoqu olmayan sığorta-pensiya sisteminin formalaşması məsələsi xüsusi önə çəkilir. Eyni zamanda hər bir vətəndaşın mənafeyinə xidmət edən pensiya islahatlarına elmi-analitik rakursda nəzər salınır.

"Azərbaycan" qəzetinin təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunda keçirilən "dəyirmi masa"da respublikada ciddi elmi təmələ söykənən, praktik olaraq sınaqdan çıxan sığorta-pensiya islahatlarına bir daha nəzər salınmış, bu sahədə qazanılan uğurlar qeyd olunmuş, qarşıda duran vəzifələrdən söz açılmışdır. Tədbirdə Fondun ayrı-ayrı struktur bölmələrinin rəhbərləri, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

Hər bir cəmiyyətin tərəqqisinin əsas məqsədləri sırasında yer alan sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Çünki sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə möhtəşəm nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Bu mənada sürətli tərəqqiyə can atan istənilən dövlətin qarşısında duran əsas məsələlərdən biri də maddi rifahın davamlı yüksəlişinə xidmət edən uğurlu sosial siyasətin həyata keçirilməsidir.

Aydındır ki, geniş mənada sosial siyasət insanların həyatnın bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Bu da öz növbəsində ondan xəbər verir ki, sosial siyasət strategiyasının hazırlanması böyük uzaqgörənlik və dəqiqlik, elmi əsaslara söykənən prinsiplərin, metodologiyanın tətbiqini tələb edir. Yeni müstəqillik tariximizin son 17 ilinin təhlili göstərir ki, əhalinin sosial müdafiəsinin daim gücləndirilməsi istər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində başlıca məqsədlərdən biri kimi yer almışdır.

Ölkədə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılmış, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlmiş, yoxsulluq səviyyəsi son 7 ildə 4-5 dəfə azalaraq 9 faizə düşmüşdür. İqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Təsadüfi deyildir ki, 2009-cu il martın 19-da Azərbaycan Respublikası Konstitusiyasına ümumxalq referendumu yolu ilə edilmiş dəyişiklik nəticəsində Əsas Qanunun 15-ci maddəsinin 2-ci bəndi aşağıdakı formada ifadə olunmuşdur: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Əməkqabiliyyətli insanların fəaliyyətlərinin reallaşdırılması üçün hər cür şərait yaradılır, dövlət təqaüdçülər, əlillər, əmək qabiliyyətindən məhrum olan digər insanlar, eləcə də büdcədən sosial müavinətlər alanlar qarşısındakı sosial öhdəliklərini də müvəffəqiyyətlə yerinə yetirir. Bununla yanaşı, ölkədə dövlət tərəfindən həyata keçirilən sosial siyasətin vacib prioritetləri sırasında optimal sosial infrastrukturun yaradılması və onun inkişafı, maddi nemətlərin və gəlirlərin ədalətli şəkildə bölünməsi, məşğulluq səviyyəsinin daim yüksəldilməsi də xüsusi yer tutur.

İqtisadi sahədə keçid dövrünü tarix üçün olduqca qısa sayılan zaman kəsiyində uğurla başa vuraraq bazar iqtisadiyyatı şəraitində inkişafını davam etdirən Azərbaycanda əhalinin etibarlı sosial müdafiəsinin yaradılması ölkə vətəndaşlarını işsizlik, inflyasiya kimi sosial risklərdən də uğurla himayə edir. Beləliklə, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqamlardan biri kimi xalqın sosial rifahının daha da yaxşılaşdırılması çıxış edir və bu, Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin edən mühüm faktorlar sırasında yer alır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədi cəmiyyətin, onun hər bir fərdinin sosial rifahının mütəmadi qaydada yüksəlməsi, insan kapitalının inkişafıdır. Bunun nəticəsidir ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial tələbatlarının təminatı ildən-ilə yaxşılaşır və bu, beynəlxalq səviyyədə də açıq etiraf olunur. Xatırlatmaq yerinə düşərdi ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Ötən ilin noyabr ayında açıqlanmış və Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir. Bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmiz 2000-2010-cu illər arasında postsovet məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilmişdir.

İqtisadi cəhətdən qüdrətli bir dövlət halına gələn müasir Azərbaycanda həyata keçirilən sosial siyasətin səmərəlilik əmsalı şübhəsiz ki, qarşıdakı dövrdə daha da artacaq. Bu da öz növbəsində yenə ölkəmizdə insanların yaşayış səviyyəsinin yüksəlməsində, sosial proqramların uğurla icra olunmasında, vətəndaşların rifah halının daha da yaxşılaşmasında əksini tapacaq. Beləliklə də heç bir şübhə yoxdur ki, qarşıdakı illərdə də Azərbaycanın qət edəcəyi tərəqqi yolu, o cümlədən sosial rifahın yüksəlişi yenə möhtəşəm uğurlarla müşayiət olunacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ideya müəllifliyi və təşəbbüsü əsasında işıq üzü görmüş "İnkişafın Azərbaycan modeli" kitabında ölkədə həyata keçirilən sosialyönümlü siyasətin mahiyyəti dolğun və hərtərəfli şəkildə açılır. Əsərdə bir çox fundamental məsələlərlə yanaşı, ölkədə elmi əsaslarla gerçəkləşdirilən pensiya islahatlarına da geniş yer verilmiş, bu sahədə əldə olunan uğurlardan söz açılmışdır.

Bugünkü "dəyirmi masa"nın Dövlət Sosial Müdafiə Fondunda keçirilməsi də qətiyyən təsadüfi deyildir. Son illər Azərbaycanın pensiya sistemində aparılan islahatlar beynəlxalq səviyyədə maraqla qarşılanır və şəffaflığın təminatına yönəldilmiş mühüm addımlardan biri kimi dəyərləndirilir. Bu barədə danışmaq üçün söz Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim MÜSLÜMOVa verilir.

 

Səlim MÜSLÜMOV:

- Müasir mərhələdə hər bir ölkənin inkişaf modelinin uğuru qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların əlaqələndirilməsindən birbaşa asılıdır. Azərbaycanın inkişaf modeli onun sosial-iqtisadi həyatının əsas mərhələlərinin təsiri ilə formalaşmış, dövlət quruculuğu fəlsəfəsinin başlıca elementlərindən biri kimi meydana gəlmişdir. Ölkəmizin yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vurmasını şərtləndirən bu modelin uğurlu nəticələri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir.

Tariximizin çətin və şərəfli mərhələsi olan "keçid dövrü"nün sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və düzgün qurulmuş çoxşaxəli fəaliyyətin ətraflı təhlili ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya rəhbərliyi ilə ərsəyə gələn "İnkişafın Azərbaycan modeli" kitabının ön sözündə qeyd edildiyi kimi, bu, həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir.

Hakimiyyətə gəldiyi ilk günlərdən ulu öndər Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin ana xəttini təşkil etmişdir. Bu üslub bazar iqtisadiyyatının, geosiyasi maraqların, qlobal güclərin diktəsi kimi sərt tələblərin əsasında formalaşmış müasir dünya müstəvisində də ümummilli liderin əsas prinsipi olmuşdur.

Dövlət müstəqilliyini əldə etdikdən sonra ən məqbul inkişaf istiqaməti kimi sərbəst bazar iqtisadiyyatı yolunu tutmuş Azərbaycanda keçid dövrü cəmiyyətin müxtəlif sahələrində özünü göstərən çeşidli problemlərlə müşayiət olunmuşdur. Bununla yanaşı, yeni iqtisadi sistemə keçid prosesində sosial müdafiə sisteminin məzmununun, konseptual, qanunvericilik və maliyyə əsaslarının yeni şəraitlə ziddiyyət təşkil etməsi daha qabarıq görünürdü.

Azərbaycanda yeni iqtisadi sistemə keçid dövründə hansı modelə üstünlük veriləcəyi ilə bağlı çoxlu fərqli fikirlər irəli sürülsə də, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdir.

Ötən dövr ərzində respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Bu məqsədlə 2003-2005-ci illərdə pilot və hazırlıq tədbirləri başa çatdırılmış, 2006-cı ildən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdir. Beləliklə, ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sisteminin tətbiq olunması ilə pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimləməsi və bazar münasibətləri əsasında təminatının müasir forması təşəkkül tapmışdır. Habelə əmək qabiliyyətini itirmiş, lakin əmək pensiyası hüququ olmayan şəxslərin sosial müdafiəsi üçün dövlət sosial müavinətlərinin, gəlirləri aşağı olan ailələrin sosial müdafiəsi üçün isə ünvanlı dövlət sosial yardımı sisteminin uğurla tətbiqinə başlanılmışdır.

Hazırda ölkədə qurulmuş sığorta-pensiya sistemi məcburi dövlət sosial sığortası əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığorta olunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq, vətəndaşların pensiya təminatının həmin uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Bu baxımdan qurulmuş modeli sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də xarakterizə etmək olar.

Ötən dövr ərzində bu sahədə idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti beynəlxalq standartlar əsasında tamamilə yenidən qurulmuşdur. Məcburi dövlət sosial sığorta haqlarının toplanmasının avtomatlaşdırılmasına fərdi uçotun tətbiqi nəticəsində nail olunmaqdadır və bu o deməkdir ki, hər bir işləyən şəxs öz gələcək pensiya təminatı naminə sosial sığorta haqlarının tam və vaxtında ödənilməsində maraqlı olur, beləliklə, inzibati nəzarət daha səmərəli ictimai nəzarətlə əvəzlənir. Hazırda bu məqsədlə qurulmuş Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin 3-də 1-i, yəni 1 milyon 292 min nəfər pensiyaçı və 1 milyon 800 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanmışdır.

Pensiya və müavinət təyinatının avtomatlaşdırılması yeni qurulan sığorta-pensiya sisteminin əsas elementidir. Bu məsələlərin həlli üçün artıq kifayət qədər iş görülmüş, avtomatlaşdırılmış iş yerləri və proqram təminatı hazırlanmışdır. Hazırda sistemin pilot ərazilərdə tətbiqi aparılır.

Pensiya və müavinətlərin ödənişinin avtomatlaşdırılması məqsədilə bu ödənişlərin əhaliyə plastik kartlarla bankomatlar vasitəsilə çatdırılması əldə edilmiş mühüm nəticələrdəndir. Hazırda şəhərlərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 98 faizinin pensiyaları plastik kartlarla ödənilir və qeyd olunan göstəricilər üzrə Azərbaycan dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.

Yeni sığorta-pensiya sistemində pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan vermişdir. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı ilin 1 yanvarından tətbiq edilən sığorta- pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Beləliklə, ölkədə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Ötən 5 ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 5 sərəncam verilmişdir. Nəticədə, yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artmışdır.

Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Artıq sığorta-pensiya sistemlərini yenidən qurmaq niyyətində olan bir sıra dövlətlərin - Əfqanıstan, Türkmənistan, Monqolustanın və başqalarının müvafiq qurumları Azərbaycan təcrübəsindən yararlanmaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciətlər edirlər. Bunun nəticəsi kimi, 2007-ci ildə ölkəmiz inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmiş, Dünya Bankı 2007-ci ilin iyun ayında Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatları və qurulan modeli müsbət təcrübə kimi dəyərləndirmişdir. 2009-cu ildə Dünya Bankı missiyasının rəsmi məlumatında Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyi və Fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyi əks etdirilmişdir. Həmçinin 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır.

Bununla yanaşı, 29 noyabr - 4 dekabr 2010-cu il tarixlərində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Sosial Təminat Forumunda Beynəlxalq Sosial Təminat Assosiasiyasının MDB və türkdilli ölkələr üzrə Regional Koordinasiya Mərkəzinin Bakıda yaradılması qərara alınmışdır.

Hazırkı mərhələdə sığorta-pensiya sisteminin özü-özünü tənzimləyən və müstəqil gələcək inkişafına nail olunması, bu konteksdə əsas məqsəd və vəzifələrin, həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qeyd olunan vəzifələrin kompleks həllinə yönəlmişdir və ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində sığorta-pensiya sisteminin maliyyə dayanıqlığına nail olunması, sosial sığorta prinsiplərinin gücləndirilməsi, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi diqqət mərkəzindədir.

 

Bəxtiyar SADIQOV:

- Beynəlxalq standartlara əsaslanan islahatların aparılması Azərbaycanda sığorta-pensiya siyasətinin strateji istiqamətlərindəndir. Respublikada uğurla reallaşdırılan sığorta-pensiya islahatlarının beynəlxalq miqyasda böyük maraqla qarşılanması, model olaraq qəbulu da məhz bu strategiyanın bəhrəsidir. Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman MEHDİYEV yəqin ki, bu barədə daha ətraflı məlumat verəcəkdir.

Elman MEHDİYEV:

- Keçid dövrünün başlanğıcında Azərbaycanın üzləşdiyi ciddi sosial təhlükələr əhalinin sosial vəziyyətinin ağırlaşmasının əsas səbəbləri kimi çıxış etmiş, həmçinin sovet dönəmindən qalmış sosial müdafiə institutlarının bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu ölkəmiz üçün ümumi bir problem olmuşdur. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin müdrikliyi, təcrübəsi və gərgin əməyi sayəsində ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində həyata keçirilən tədbirlərlə ölkədə hökm sürən böhran dayandırılmış, inkişaf elementlərinin əhalinin sosial müdafiəsinə yönəldilməsinə başlanmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində, ölkə əhalisinin daha həssas təbəqəsi olan pensiyaçılar, keçmiş sovet sisteminin iqtisadi məzmununa daha çox bağlı olan, qısa vaxt ərzində isə dəyişdirilməsi çətinliklər törədən pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir. Buna paralel olaraq Avropaya inteqrasiya yolunu seçmiş Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun yeni sosial müdafiə institutlarının yaradılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir.

Ötən dövr ərzində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə çox ciddi iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq müasir qloballaşma dövrünün reallıqlarına cavab verən müstəqil milli iqtisadiyyat formalaşdırılmış, bu əsasda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli təşəkkül tapmışdır. Həmin modelin mühüm tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin Azərbaycan Respublikası Prezidentinin daim diqqət mərkəzində saxlaması bütün uğurların başlıca təminatçısı olmuşdur.

Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Bu sırada aparılan islahatlarda sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin bir-birindən tam ayrılması xüsusi qeyd olunmalıdır. Beynəlxalq təcrübə göstərir ki, bazar iqtisadiyyatı şəraitində vətəndaşlar qocalıq, əlillik və ya ailə başçısını itirmə səbəbindən gəlir əldə etmək imkanlarından məhrum olduqda onların sosial müdafiəsinin birinci elementi kimi sosial sığorta sistemi çıxış edir. Həmin sistem iqtisadi aktivliyi daha çox təşviq etməklə şəxslərin işlədikləri zaman onların özləri və işəgötürənlər tərəfindən edilən sığorta ödənişlərinə əsaslanır. Bunun üçün hər bir sığortaolunana fərdi hesabın açılaraq ödənilən sığorta haqlarının həmin hesabda fərdi uçotunun qurulması, vətəndaşların pensiya təyinatının bu uçotun məlumatları əsasında aparılması nəzərdə tutulur. Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan insanların isə dövlət büdcəsi hesabına sosial müavinət və sosial yardımlarla əhatə olunması düzgün addım sayılır. Ölkəmizdə təyin edilmiş islahat istiqamətlərinə uyğun olaraq, sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri təmin olunmuşdur.

Növbəti əsas meyar ölkədə vahid sığorta-pensiya orqanının fəaliyyətinin təşkili, sosial sığorta, fərdi uçot və pensiya təminatı funksiyalarının həmin orqanda cəmləşdirilməsidir. Halbuki, Azərbaycandan xeyli əvvəl yeni sistemə keçmiş qonşu ölkələrdə sosial sığorta haqlarının toplanmasının fərdi uçotu və pensiya təminatını aparan orqan tərəfindən icrasına, daha doğru addım kimi, yalnız son illərdə başlanılmışdır. Ötən dövr ərzində sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti tamamilə yenidən qurulmuş, Fond beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrilmişdir.

Göstərilənlərlə yanaşı, ölkəmizdə qurulmuş sığorta-pensiya sisteminin üçpilləli olması onun çevikliyini şərtləndirən əsas amildir. Azərbaycan Respublikasında 2006-cı ildən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunla baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatı sistemi qəbul olunmuşdur. Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilmişdir və bu prosesdə dövlətin həlledici rolu, pensiyaçıların sosial müdafiəsinə birbaşa dəstəyi aydın görünür. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə ehtiyatlı mövqe tutulmuşdur. Dünya maliyyə böhranı Azərbaycanda məhz üçpilləli sistemin tətbiqinin, dövlətin sosial müdafiədə aktiv rolunun saxlanılmasının və real yığım elementinin tətbiqi məsələsində ehtiyatlı davranmanın nə dərəcədə doğru olduğunu da sübut etmiş oldu. Bu modelin uğurlu tətbiqi, eləcə də Azərbaycan Respublikası Prezidenti tərəfindən sığorta-pensiya sistemində maliyyə dayanıqlığının qorunmasını və islahatların davam etdirilməsinin diqqət mərkəzində saxlanılması dünyada davam edən maliyyə böhranı şəraitində belə ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısı olmuşdur.

Sığorta-pensiya sisteminin Azərbaycan modelinin digər mühüm bir cəhəti onun əhatəliliyidir. Yeni sığorta-pensiya sisteminə keçidin xarakterik xüsusiyyətlərindən biri əvvəlki sistemlə əhatə olunmuş insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyasıdır. Bununla yanaşı işləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi də yeni qaydalarla əhatə olunmuşdur. 2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir. Qeyd olunmalıdır ki, vaxtilə təcrübəsini öyrəndiyimiz bir çox ölkələrin müvafiq qurumları hazırda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunması sahəsində Azərbaycan təcrübəsinə ciddi maraq göstərir.

Xaricdə çalışan azərbaycanlıların gələcək sosial müdafiəsi yeni sistemin tətbiqində həllinə çalışılan məsələlərdən biridir. Azərbaycanda bu problemin həlli yolu ilk növbədə ölkəmizdə əcnəbilərin fərdi uçot sistemi ilə əhatə olunması, sonra isə ikitərəfli müqavilələrlə qarşılıqlı pensiya təminatı proseslərinə qoşulmaqdan keçir. Ölkəmizdə belə sistem artıq fəaliyyətə başlayıb.

Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri ümummilli lider Heydər Əliyevin sosial müdafiənin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir.

 

Bəxtiyar SADIQOV:

- Bazar iqtisadiyyatı şəraitində sosial müdafiə sisteminin hər bir vətəndaşın marağına uyğun qurulması baxımından sosial sığortanın təşkili, bu sistemin təkmilləşdirilməsi vacib amillərdən biridir. Bu barədə danışmaq üçün söz Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri İdris İSAYEVə verilir.

 

İdris İSAYEV:

- Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmuş və əldə olunan müsbət nəticələr əhalinin maddi rifah halında da öz əksini tapmışdır. Keçən dövr ərzində əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində bir çox əhəmiyyətli qərarlar qəbul edilmiş, dövlətin maliyyə imkanları əsasən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. Son beş ildə sosial müdafiə və sosial təminat xərcləri 4 dəfədən çox artmışdır.

Hazırda Azərbaycan Respublikasının sığorta-pensiya sistemi əhatə dairəsinə və maliyyə tutumuna görə ölkənin sosial müdafiə modelinin əsas komponenti kimi çıxış etməkdədir. Belə ki, bu sistem bütün əhalinin 35 faizini əhatə edir, pensiya və müavinət xərcləri isə sosial müdafiə və sosial təminat xərclərinin 70 faizindən çoxunu təşkil edir.

Sosial sığorta və pensiya sistemlərinin islahatına qədər bu sistemlər arasında qarşılıqlı əlaqə dolayı xarakter daşımışdır. Sosial sığorta əslində şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması olsa da, sosial sığorta ödəmələri ilə sosial sığorta ayırmalarının arasında birbaşa əlaqə olmamışdır.

Sosial sığortalanma ilə pensiya və müavinət ödənişlərinin əlaqələndirilməsi prinsipləri xalqımızın ümummilli lideri Heydər Əliyevin təsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ilə müəyyənləşdirilmiş və bu konsepsiyanın icrası nəticəsində vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə nail olunmuşdur.

Fərdi uçot prinsiplərinə əsaslanan və hər bir sığortaolunan üçün ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqəni təmin edən yeni sistemin əsas məzmununu vətəndaşlara pensiya təyinatının fərdi uçot məlumatlarına əsasən aparılması təşkil edir ki, bu da onların sosial müdafiə hüquqlarının ədalətli şəkildə və şəffaf təmin edilməsi deməkdir. Bu sistem işləyənlərə öz sosial sığorta və gələcək pensiya hüquqlarının müdafiəsi üçün cari məlumatlardan istifadə etmək imkanı verir.

Azərbaycanda sosial sığorta sisteminin fərdi uçot prinsipləri əsasında yenidən qurulması beynəlxalq təşkilatlarla əməkdaşlıq və onların maliyyə dəstəyi şəraitində həyata keçirilmişdir. Bu sırada Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dünya Bankı xüsusilə qeyd olunmalıdır ki, yeni sistemin qurulması onlarla birgə layihələr əsasında baş tutmuşdur. Həmin layihələr çərçivəsində dövlət sosial sığorta sistemində fərdi uçotun yaradılması, tətbiqi və idarə olunmasına dair metodoloji, texnoloji və hüquqi əsasların formalaşdırılması, bu sistemə keçidi təmin etmək məqsədilə Fondun kadr potensialının gücləndirilməsi, xüsusi təlim kurslarının keçirilməsi yerinə yetirilmişdir.

Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və xüsusi mühafizə olunan "Mərkəzi server"də cəmləşdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmiş, beynəlxalq standartlara cavab verən iş yerləri yaradılmış, müasir informasiyakommunikasiya texnologiyaları tətbiq edilmişdir. Hazıradək 1 milyon 800 mindən çox sığortaolunana sosial sığorta nömrəsi verilmiş, onlar üçün fərdi hesab açılmış və dövlət sosial sığorta şəhadətnaməsi təqdim edilmişdir. Ötən dövr ərzində işləyənlərə sosial sığorta ödəmələrinin verilməsi tamamilə yeni qaydalarla əhatə olunmuşdur.

Məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin olunması və uçotunun avtomatlaşdırılmasına keçid tədbirləri davam etdirilmişdir. İctimaiyyətin sosial sığorta sistemində fəal iştiraka cəlb edilməsi üçün təbliğat və maarifləndirmə işləri gücləndirilmiş, televiziya kanallarında sosial çarxlar nümayiş etdirilmiş, bukletlər nəşr olunmuş, Fondun daim yeniləşən internet səhifəsi vasitəsi ilə məcburi dövlət sosial sığorta haqlarının yığımına, işləyən əhalinin sosial sığortaya cəlb olunması məsələlərinə, fərdi uçotun təşkilinə, informasiya texnologiyalarının tətbiqinə dair məlumatlandırmaya xüsusi yer ayrılmışdır. Təbliğat işlərini gücləndirmək məqsədilə davamlı olaraq sosioloji və internet vasitəsilə interaktiv sorğular keçirilmişdir. Məcburi dövlət sosial sığortası, fərdi uçotun təşkili, pensiya məsələlərinə aid sualların "Call center" - "Mərkəzləşdirilmiş Çağrı Sistemi"i vasitəsilə operativ cavablandırılması işi qurulmuşdur.

Bütün bu tədbirlər əhalinin sosial sığorta sisteminə etimadını və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində maraqlarını artırmışdır. Digər tərəfdən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda inkişafını təmin edərək yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına şərait yaratmışdır. Nəticədə son beş ildə məcburi dövlət sosial sığortasında fərdi uçot sistemində sığortaolunanların sayı 1,2 dəfə, toplanmış məcburi dövlət sosial sığorta haqlarının məbləği isə 3,5 dəfə artmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların artımı isə 7 dəfə təşkil edir.

Hazırkı mərhələdə ölkənin sosial sığorta sisteminin gələcək inkişafının aktual tədqiqatlar əsasında proqnozlaşdırılmasının təşkili məqsədilə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi üzrə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı" layihəsi çərçivəsində Dünya Bankı ilə birgə tədbirlərin icrası davam etdirilir.

Eləcə də dövlət proqramına uyğun olaraq könüllü sığortalanma, sosial sığortalanmada yığım komponentinin tətbiqinə keçidin təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçirilməkdədir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, normativ hüquqi bazanın yaradılması və yeni sistemi çalışdıracaq kadr potensialının gücləndirilməsi məqsədilə Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində "Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna dəstək" adlı tvinninq layihəsi hazırlanaraq müvafiq qaydada təqdim olunmuşdur. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu ilə Amerika Birləşmiş Ştatlarının Ticarət və İnkişaf Agentliyi arasında "Pensiya islahatları layihəsi üzrə texniki yardım üçün nəzərdə tutulan Qrant haqqında Saziş" çərçivəsində müvafiq tədbirlər görülməkdədir.

Yeni iqtisadi münasibətlər sistemində sosial sığortanın təşkilində əldə olunmuş uğurlar bu sahədə həyata keçirilən tədbirlərin uzunmüddətli real proqnozlara əsaslandığını və hədəflərin düzgün seçildiyini bir daha təsdiqləyir.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycan Respublikasının sığorta-pensiya sistemi üzrə milli qanunvericiliyi beynəlxalq hüququn ümumi prinsip və normalarına uyğun formalaşmışdır. Eyni zamanda son illərdə bu sahənin fəaliyyətini tənzimləyən yeni-yeni qanunlar, qərarlar qəbul olunmuşdur. Bu mövzuda çıxış etmək üçün söz Dövlət Sosial Müdafiə Fondunun Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin müdiri Aynur ATAYEVAya verilir.

 

Aynur ATAYEVA:

- Azərbaycanda sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında müasir beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi sosial müdafiə siyasətinin strateji istiqamətini təşkil edir.

Vətəndaş, iqtisadi, sosial hüquqların əksini tapdığı beynəlxalq hüquqi aktlarda bir qayda olaraq cəmiyyətin üzvü kimi hər kəsin sosial təminat hüququ, hər kəsin özünün və ailəsinin sağlamlığını və rifahını təmin edən layiqli həyat səviyyəsi hüququ, sosial təminat hüququnun yaranması üçün əsas olan sosial risklərin siyahısı təsbit olunmaqla yanaşı, baş verdiyi hallarda bu ödənişlərin məcburi sığortalanma vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə də istinad edilir. Sığorta-pensiya üzrə Azərbaycan Respublikasının qanunvericiliyinin formalaşdırılması bu sahədə mövcud olan beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilmişdir.

Müstəqil Azərbaycanda pensiya sahəsində ilk qanunlardan biri 29 aprel 1992-ci ildə qəbul edilən "Hərbi qulluqçuların pensiya təminatı haqqında" qanun olmuşdur. Sonra 23 sentyabr 1992-ci ildə əhalinin pensiya təminatı sisteminin hüquqi əsaslarını nəzərdə tutan əsas normativ-hüquqi akt - "Vətəndaşların pensiya təminatı haqqında" qanun qəbul edilmiş və 1 yanvar 1993-cü ildən qüvvəyə minmişdir. Qanun əhaliyə iki növ (əmək və sosial) pensiyaların ödənişini nəzərdə tuturdu. Əmək pensiyaları 62 yaşına çatmış və azı 25 il iş stajı olan kişilərə və 57 yaşına çatmış və azı 20 il iş stajı olan qadınlara, sosial pensiyalar isə qanunun müvafiq müddəalarında nəzərdə tutulan tələblərə uyğun olaraq, məhdud əməkqabiliyyətli və işləməyən vətəndaşlara təyin edilirdi.

1997-ci ildə "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə ölkəmizdə sosial sığorta sahəsində münasibətlərin nizamlanmasının əsası qoyulmuş, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən olunmuşdur.

Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı 2001-2005-ci illəri əhatə edən "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın reallaşdırılması ilə qoyulmuşdur.

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 616 nömrəli fərmanı ilə ölkəmizdə məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun əsası qoyulmuş, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondunun funksiyalarında mühüm dəyişiklik edilərək, ona fərdi uçotu həyata keçirmək səlahiyyəti verilmişdir. "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 908 nömrəli fərmanı ilə isə pensiyaların təyini və maliyyələşdirilməsi funksiyalarının məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən orqan tərəfindən icra olunmasını təmin etmək məqsədilə vahid sığorta-pensiya qurumunun yaradılması müəyyənləşdirilmişdir. Bununla da İslahat Konsepsiyasında nəzərdə tutulan yeni sığorta-pensiya orqanının fəaliyyəti təşkil olunmuşdur.

2006-cı ilin 1 yanvarından 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minmişdir. Beləliklə, islahatın mahiyyətini təşkil edən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilmişdr. Hazırda sığorta-pensiya sistemi 3 qanun ("Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlar), dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun ("Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanununa əsasən 2007-ci il yanvarın 1-dən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin və dövlət qulluqçularının əmək pensiyaları ilə təminatına keçilmişdir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli 904-IIIQD nömrəli Qanununa əsasən 1 yanvar 2010-cu ildən sığortaolunanların 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində yeni sadələşdirilmiş qaydanın tətbiqi minimum məbləğdə pensiya təyinatının aradan qaldırılmasına və sosial ədalətin bərpa edilməsinə gətirib çıxarmışdır.

Yeni sığorta-pensiya sisteminin qanunvericilik bazasının inkişaf etdirilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdirilir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında sığorta-pensiya sistemi üzrə qanunvericilik beynəlxalq hüququn ümumqəbul edilmiş prinsip və normalarına tam uyğun olaraq formalaşdırılmışdır. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu bu prinsip və normalara uyğun olaraq məcburi dövlət sosial sığortası sahəsində münasibətləri tənzimləyir, bu sistemin subyektlərinin hüquqi vəziyyətini, onların hüquq və vəzifələrinin yaranma əsasları və qaydasını, məsuliyyətini, həmçinin məcburi dövlət sosial sığortasının dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunları isə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq vətəndaşların sosial müdafiə hüquqlarının ədalətli şəkildə təmin edilməsinə yönəldilərək, pensiya təminatının sığortaolunan üzrə ödənilən sosial sığorta haqları ilə onun pensiya təminatı arasında birbaşa əlaqənin yaradılmasına xidmət edən fərdi uçot sisteminin məlumatları əsasında həyata keçirilməsini müəyyənləşdirir.

Perspektivdə sığorta-pensiya sisteminin qanunvericilik bazasının təkmilləşdirilməsinin beynəlxalq təcrübəyə əsaslanmaqla davam etdirilməsi nəzərdə tutulur.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanın yeni sığorta-pensiya sistemi bazar iqtisadiyyatı şəraitində pensiyaçıların sosial müdafiəsini təmin edir. Dövlət Sosial Müdafiə Fondunun Əmək pensiyaları şöbəsinin müdiri Elşən MƏMMƏDƏLİYEV bizə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verəcəkdir.

 

Elşən MƏMMƏDƏLİYEV:

- Beynəlxalq təcrübədə özünü doğrultmuş sığorta-pensiya prinsiplərinə əsaslanan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi əvvəllər qüvvədə olmuş qanunvericiliyin yaratdığı bir sıra sosial ədalətsizlikləri aradan qaldırmışdır. Əvvəlki "Vətəndaşların pensiya təminatı haqqında" qanuna əsasən işləyən pensiyaçılara pensiyaların yalnız 50 faizi ödənilirdisə, yeni qanunvericiliyə əsasən bu məhdudiyyət aradan qaldırılmış, işləyənlərə yaşa görə əmək pensiyalarının tam məbləğdə ödənilməsinə keçilmişdir. Əvvəlki qanunvericiliyə əsasən pensiyalar 3 ay müddətində müraciət edildikdə hüququn yarandığı tarixdən təyin edilirdisə, hazırda əmək pensiyaları pensiya üçün müraciət tarixindən asılı olmayaraq heç bir məhdudiyyət qoyulmadan hüququn yarandığı tarixdən təyin olunur.

Xüsusilə qeyd olunmalıdır ki, əvvəlki qanunvericiliyə əsasən pensiya təyin edilərkən nəzərə alınan orta aylıq əməkhaqlarına məhdudiyyət tətbiq edilməklə hesablanırdı və bu da yüksək sosial sığorta göstəricilərinə malik şəxslər arasında sosial ədalətsizliyə gətirib çıxarırdı. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlavəyə əsasən həmin məhdudiyyət ləğv olunmuş və bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyaları, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanmışdır.

Göstərilənlərlə yanaşı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq olunduğu tarixədək pensiya təyinatı aparılmış bütün pensiyaçıların hər biri üçün onların mövcud pensiya-müavinət məbləğlərinin qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılmaqla, bu sahədə yeni sənədləşdirmənin tətbiqi başa çatdırılmışdır. Beləliklə, əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatı yeni normalara uyğunlaşdırılmış və bütün artımlar onların da pensiya məbləğlərinə tətbiq olunmuşdur.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında sərəncamlarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci ilin yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci ilin yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu ilin sentyabrın 1-dən 85 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunmuşdur. Eləcə də Azərbaycan Respublikası Prezidentinin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinin hər il indeksləşdirilməsi həyata keçirilmişdir. Yeni sistemə keçid nəticəsində qeyd etdiyimiz artımların avtomatlaşdırılmış şəkildə vaxtında həyata keçirilməsi təmin edilmişdir. Daha bir vacib məqam isə aparılan islahatlar nəticəsində vətəndaşların pensiyalarının ödənişi plastik kartlarla reallaşdırılmasıdır.

Ötən dövr ərzində həyata keçirilən islahat tədbirlərinə uyğun olaraq pensiya qanunvericiliyinə bir sıra əlavə və dəyişikliklər edilmişdir ki, bunlardan da ən mühümü keçmiş sistemin tətbiqi dövründə qazanılmış əmək pensiyası hüququ üzrə pensiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Həmin dəyişiklik pensiya təyinatında yanlış hesablama qaydasını aradan qaldırmış, bununla sistemdə böyük bir şəffaflıq təmin olunmuşdur.

Belə ki, pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən olunması metodikası ilə bağlı idi. Həmin qayda 2004-2005-ci illərin (və ya bundan əvvəlki istənilən ardıcıl 60 ayın) əməkhaqqı arayışına istinadən hesablamaların aparılmasına əsaslanırdı və göstərilən tarixdən zaman keçdikcə vətəndaşlar bu sahədə daha çox problemlərlə üzləşirdi. Bununla yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin bəzən digər aşağı əmək stajlı şəxslərin əməkhaqqı göstəricilərindən az olması səbəbindən yaranan fərqli pensiya hesablanması halları pensiyaçılar arasında haqlı narazılığa səbəb olurdu.

Qanunvericiliyə edilən əlavə və dəyişikliklərə əsasən, 1 yanvar 2006-cı ilədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları əmək stajına uyğun olaraq pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır ki, bu sadələşdirilmiş qaydanın tətbiqi ölkədə pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarmışdır.

 

Bəxtiyar SADIQOV:

- Düşünürəm ki, biz bu gün burada çox faydalı müzakirələr apardıq, ölkədə həyata keçirilən mütərəqqi sığorta-pensiya islahatlarının ayrı-ayrı komponentləri, xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı qazandıq. Bir daha təsdiqləndi ki, Azərbaycanda sosial məsələlərin xüsusi aktuallıq kəsb etməsi ölkənin son 15 ildə üstünlük verdiyi milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. Bu ilk növbədə respublikada insan amilinə, insan hüquqları sisteminə yüksək həssaslıq nümunəsi kimi diqqəti çəkir. Ölkədə yaşayan hər bir vətəndaşın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır. Sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi isə mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Azərbaycan təcrübəsi deməyə əsas verir ki, bazar iqtisadiyyatı prinsiplərinin sürətlə bərqərar olması dövlətin sosial funksiyalarının həyata keçirilməsinə qətiyyən mane olmur.

Azərbaycan Respublikasının sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bu siyasət elmi əsaslara söykəndiyindən, bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşlarımızın maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sığorta-pensiya sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür.

Bugünkü müzakirələrin sonunda hamı bir daha əmin oldu ki, dövlətimizin iqtisadi imkanlarının artım dinamikasına uyğun olaraq ölkənin sığorta-pensiya sistemi daha da müasirləşəcək, hər bir vətəndaş yüksək pensiya almaqla özünün rahat və firavan yaşayışını təmin edəcəkdir.

 

 

Azərbaycan.- 2011.-1 mart.- S. 4, 5.