Tarixi saxtalaşdıranlara əsaslandırılmış elmi cavab

 

Akademik Ramiz Mehdiyevin "Gorus - 2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən

 

Akademik Ramiz Mehdiyevin Azərbaycan xalqının tarixini saxtalaşdıranlara qarşı yazdığı "Gorus-2010: absurd teatrı mövsümü" adlı əsəri sanballı və dəyərlidir. Xalqımızın soykökünün, qədim və müasir tarixinin, 5 min illik şərəfli keçmişimizin hərtərəfli və geniş tədqiq edilib öyrənilməsi, ümumiləşdirilməsi, bir sıra tarixi mənbələrin, o cümlədən dünyanın məşhur alimlərinin Qafqaz və Azərbaycan tarixinə dair əsərlərinin sistemləşdirilməsi baxımından bu kitab böyük əhəmiyyət kəsb edir və ciddi maraq doğurur. Qədim tarixə, qüdrətli dövlətçilik ənənələrinə, zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqı özünün təqribən beş min illik möhtəşəm tarixi ilə fəxr edir. Yaxın və Orta Şərq ölkələri tarixində, türkdilli xalqların dövlətçiliyi və antik sivilizasiyanın mədəni-siyasi tarixində ilk dövlətçilik qurumlarına və müstəqil dövlət yaratmaq qabiliyyətinə və bacarığına malik olan Azərbaycan xalqı hazırkı müstəqillik şəraitində milli dövlət quruculuğunun inkişafı və təkmilləşdirilməsi istiqamətində dərin və köklü islahatlar keçirərək böyük əhəmiyyətə malik fundamental nailiyyətlər, daxili və xarici siyasətdə uğurlar qazana bilmişdir. İnkişaf etmiş dünya dövlətlərinin qabaqcıl təcrübəsindən faydalanaraq hüquqi, dünyəvi, demokratik dövlət qurmuş, dövlətimizin yeritdiyi ardıcıl, qətiyyətli və düzgün siyasət sayəsində respublikamızın beynəlxalq əlaqələri xeyli genişlənmiş dünya birliyinin möhkəm və daimi üzvlərindən birinə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: "Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq".

 

Müstəqil Azərbaycan Respublikasının daha da möhkəmlənməsi və güclənməsi, siyasi-iqtisadi inkişafına görə regionda və beynəlxalq müstəvidə lider dövlətə çevrilməsi artıq dünyanın bir çox dövlətləri tərəfindən qəbul və təsdiq edilir. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev proqram əhəmiyyətli nitqində göstərmişdir ki, ölkəmizdə aparılan dərin islahatlar nəticəsində əhalinin sosial-iqtisadi müdafiəsi xeyli yaxşılaşmış, mədəni sahədə yeni-yeni nailiyyətlər əldə edilmiş, müdafiə sənayemiz müasir standartlara uyğun qurulmuş, son illərdə 900 mindən artıq iş yeri açılmışdır. Prezident İlham Əliyev demişdir: "Bütövlükdə deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur".

Ölkəmizin sürətli inkişafı bədnam qonşularımızı razı salmır. Zəhərli ideoloji vasitələrinin bütün kanallarını işə salan erməni millətçi təbliğatçıları dünyanın müxtəlif ölkələrində özlərinin antiazərbaycan siyasətindən əl çəkmir və yeni-yeni uydurma tezislərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Hətta iş o yerə çatmışdır ki, qonşu xalqlar arasında düşmənçilik toxumu səpən erməni təbliğatçılarına "istiqamət" verən Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan özü də uydurma "tezislər" irəli sürməyə, dolaşıq fikirləri ilə tarixi saxtalaşdırmağa, yalançı məlumatları ilə tarixi faktları və hadisələri təhrif etməyə girişmişdir. Tariximizin ayrı-ayrı dövr və mərhələlərini, xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi inkişaf yolunu, dövlətçilik ənənələrinin zəngin təcrübəsini və qüdrətli dövlətlər yaratmaq bacarığını elmi faktlarla, qədim və orta əsr müəlliflərinin mənbə və qaynaqları ilə əsaslandırması və sübuta yetirməsi, tarixi saxtalaşdırmaq istəyənlərə elmi cavablar verməsi bu gün daha çox əhəmiyyət kəsb edir. Bu baxımdan tariximizin müxtəlif dövrlərini təhlil edən, düşmən təbliğatına konkret elmi sübutlarla cavab verən, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövzusu" adlı əsəri çox böyük əhəmiyyətə malikdir. Bu əsər, eyni zamanda, xalqımızın tarixi inkişaf prosesində qazandığı uğurlu nailiyyətləri, Azərbaycan xalqının yerli aborigen xalq olmasını göstərməklə yanaşı, ermənilərin başqa-başqa yerlərdən köçəri tayfalar kimi gəlməsini tarixi-elmi mənbələrlə sübut etmək və Qafqaz xalqlarının iqtisadi və siyasi tarixini öyrənmək baxımından da olduqca təqdirəlayiqdir.

Bu tarixi əsərin başlanğıcından aydın olur ki, 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşa təşkil edilib. Bu dəfə tamaşa qədim Azərbaycan torpağı olan Gorus şəhərində göstərilib. Tamaşanın baş qəhrəmanı hansısa sıravi artist deyil, Ermənistan prezidenti Serj Sarkisyan özüdür. Bu həmin Serj Sarkisyandır ki, əli Azərbaycan xalqının qanına batıb, XX əsrin ən ağır faciəsi - Xocalı soyqırımına bais olub, neçə-neçə günahsız insanların ölümünə fitva verib, Dağlıq Qarabağda hərbi əməliyyatlara və insan qırğınlarına başçılıq edib.

Tarix sübut edir ki, antik dövrdən başlayaraq çağdaş zamanımızadək əsrlər boyu Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni daşnakları və erməni millətçiləri hiyləgər və fitnəkar siyasət yeridərək monoetnik və "türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmış, "dənizdən-dənizə" böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmiş, Azərbaycan torpaqlarına və sərvətlərinə sahib olmaq üçün dəridən-qabıqdan çıxaraq özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə görünməmiş cinayət və vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə etmişlər.

"Gorus-2010: absurd teatrı mövsümü" əsərini oxuyarkən aydın olur ki, Azərbaycan və türk xalqlarına qarşı uzun illər ərzində soyqırımı və deportasiya siyasəti yeridən, zaman-zaman və mərhələ-mərhələ onu gerçəkləşdirən erməni millətçilərinin iç üzünün, məkrli və avantürist siyasətinin mahiyyətinin açılması, obyektiv faktlarla onların ifşa edilməsi və beləliklə, tarixi həqiqətlərin bərpa edilməsi indi olduqca vacibdir. Məhz bu baxımdan xalqımızın tarixinin həqiqət dili ilə yazılmasına, hadisələrin və tarixi faktların obyektiv işıqlandırılmasına, onun dünya ictimaiyyətinə düzgün çatdırılmasına çox böyük ehtiyac vardır. Doğrudur, bu istiqamətdə respublika tarixçiləri tərəfindən çox iş görülmüş və əhəmiyyətli elmi-tədqiqat əsərləri yazılmışdır. Bununla belə, bu iş davam etdirilməli və erməni millətçilərinin dezinformasiyalarının qarşısı vaxtında alınmalı, onların xain əməlləri və iblis xislətləri haqqında faktlar dünyaya çatdırılmalıdır.

Erməni millətçiləri tarix boyu ən qəddar və qanlı mübarizə formalarından istifadə edərək sərsəm "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmiş, yüzlərlə yaşayış məntəqəsini və minlərlə azərbaycanlını məhv etmişlər.

Xüsusilə XIX-XX əsrlərdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə məruz qalmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" imzaladığı fərmanda deyildiyi kimi, mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Akademik Ramiz Mehdiyevin zəngin sənədlərə malik olan bu sanballı əsərində tariximizin hər hansı mərhələsinə böhtan atanlara tutarlı cavablar verilir, əsaslandırılmış arqumentlər gətirilir. Kitabda deyilir: "Serj Sarkisyan çıxışında hiddətlənmişdir ki, Stepan Şaumyanı Azərbaycanda "bandit" adlandırırlar". Tarixi həqiqət belədir ki, erməni cəlladları başqa vaxtlarda olduğu kimi, 1918-ci ilin mart-aprelində Bakı şəhərində və Azərbaycanın digər bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, evlərə və tarixi abidələrə od vurmuş, insanları diri-diri yandırmış, hamilə qadınların qarnını nizəyə keçirmiş, xəstələrə, qocalara, hec kimə aman verməmişlər. Erməni cinayətkarları bu vəhşilikləri Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Lənkəranda və başqa yerlərdə xüsusi qəddarlıqlar həyata keçirmişlər.

1918-ci ilin mart-aprelində Şaumyanın göstərişi ilə erməni qanicənləri yüzlərlə azərbaycanlı kəndini yandırdı, 50 mindən çox dinc müsəlmanın ölümünə qərar verdi. On minlərlə azərbaycanlı əhalisi doğma yurdundan didərgin düşdü.

Tarixi faktlardan aydın olur ki, qatı cinayətkar Şaumyanın əməllərini onun varisləri Dağlıq Qarabağda davam etdirdilər. Nəticədə on minlərlə azərbaycanlı qanına qəltan edildi, dədə-baba yurdlarından qovuldu, tarixi abidələri dağıdıldı, Xocalı faciəsi törədildi.

Kitabda faktlarla göstərilir ki, hər il 27 minə qədər adam Ermənistanı tərk edir. 1991-ci ildən bəri 1,5 milyon nəfər ölkəni tərk etmişdir, demoqrafik vəziyyət həyəcanlıdır, ermənilərin sayı 40 faiz azalmışdır. Hətta ölkənin ali rütbəli məmurları da ölkədən gedirlər. "...Belə getsə, tezliklə prezident özü də qaçacaqdır".

Bəzi arxiv sənədlərini və faktları elmi dövriyyəyə cəlb etməklə bildiririk ki, 1918-ci il mayın 29-da yeni yaranmış Azərbaycan Milli Şurası tərəfindən İrəvan şəhəri Ermənistana paytaxt kimi "bağışlandı", 1920-ci ilin sonunda Zəngəzurun qərb hissəsi, sizin çıxış etdiyiniz Gorus şəhəri də daxil olmaqla, təqribən 4504,4 kv.km ərazimiz Ermənistana "bağışlandı", 1921-ci ildə Zəngəzurun yuxarı hissəsi, Şərur-Dərələyz qəzası, Göyçə dairəsi, üst-üstə 11 min kvadratmetr ərazimiz, 1926-cı ildə Naxçıvanın 658,4 kvadratkilometr torpaq sahəsi, 1929-cu ildə Zaqafqaziya MİK-in səhv qərarı ilə 657 kvadratkilometr ərazimiz Ermənistana verildi.

Yenə Zaqafqaziya MİK-in bədnam qərarı ilə 1929-cu ildə Loru-Pəmbək ərazisi, təqribən 4844 hektar torpaq sahəsi Ermənistana "bağışlandı". Ümumiyyətlə, XX əsrin 20-90-cı illərində 40.681 kvadratmetr ərazimiz Ermənistan tərəfindən işğal olunmuşdur. Halbuki Batum müqaviləsinin şərtlərinə görə, Ermənistan ərazisi 10 min kvadratmetrə qədər nəzərdə tutulmuşdu.

Ancaq S.Sarkisyan bu faktları bilməmiş deyil! Kitabda oxuyuruq: "Əvvəllər Azərbaycana məxsus olmuş İrəvan xanlığının ərazisində yüzlərlə toponimin sovet dövründə vaxtilə həmin torpaqlarda yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədilə adları dəyişdirilərək onlara erməni adları qoyulmuşdur".

Böyük maraqla oxunan kitabın diqqəti cəlb edən yerlərindən biri də Qafqaz Albaniyası məsələsi və xüsusilə ermənilərin başqa yerlərdən köcüb gəlmələri məsələsinin tarixi qaynaqlarla əsaslandırılmasıdır. Hörmətli akademikimiz tarixi məsələlərin dərin bilicisi kimi həmin məsələlərə o qədər aydınlıq gətirir və onları mənbələrlə əsaslandırır ki, bununla S.Sarkisyanın bütün uydurma "ideyalarını" alt-üst edir. Kitabın 55-ci səhifəsində düzgün olaraq belə bir obyektiv fakt gətirilir ki, haylar Van gölü ətrafına Balkanlardan köçüb gəlmişdilər. Herodot yazırdı ki, ermənilərin əcdadları Finikiya torpaqlarından köçürülmüşlər.

Ermənilərin bu yerlərə köcüb gəlmələri barədə çoxlu mənbələr və faktlar vardır. Onlardan bəzilərini bir daha yada salaq: Herodot 2500 il bundan əvvəl bu ərazilərdə qədim türklərin yaşamasından xəbər verir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qədim erməni tayfaları təqribən eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllində Fərat çayının yuxarı vadisində təşəkkül tapmışdılar. Bunu həm Azərbaycan, həm də Ermənistan ərazisindəki türk mənşəli əksər etnonimlərin eyniliyi bir daha təsdiq edir.

Strabon yazır: "...Ermənilərin ölkəsi qabaq zamanlarda kiçik idi, onlar qonşuları gürcülər, albanlar, atropatenalılar və başqa xalqlarla müharibəyə başlayaraq onlardan əyalətlər qopardılar..." Akademik V.L.Veliçko yazır: "...Ermənilər Qafqazda köklü əhali deyillər, kütləvi surtədə buraya XIX əsrin birinci yarısında Türkiyəni tərk edən qaçqınlar kimi gəlmişlər". İ.Şopen yazırdı: "Ermənilər gəlmədirlər..."

Akademik Ramiz Mehdiyev problemin bilicisi kimi 2000-ci ilin martında 20 yanvar faciəsinin 10-cu ildönümünə həsr edilmiş əsərində yazmışdır: "...Fundamental elmi tədqiqatlarla sübuta yetirilmişdir ki, müasir Ermənistan ərazisi tarixən Azərbaycana mənsub olmuşdur. Doğrudur, burada kiçik qruplarla, dağınıq halda ermənilər də yaşayırdılar, lakin onlar gəlmə etnos idi və bu bölgəyə müasir İranın, İraqın, Suriyanın və Türkiyənin ərazilərindən köçmüşdülər". Həmin elmi məqalədə Ramiz Mehdiyev daha sonra yazır: "...Protoerməni tayfalarının vətəni Balkan yarımadası olmuşdur. Bu barədə erməni tədqiqatçıları özləri də yazmışlar. Məsələn, nüfuzlu erməni alimləri hesab edirlər ki, "protoerməni tayfaları hələ e.ə II minilliyin birinci yarısında Balkan yarımadasında yaşamışlar". Kiçik Asiyaya onlar e.ə. təqribən XIII əsrin ortalarında köçüb gəlmişlər. ...E.ə. I minilliyin ortalarında Ermənistan yaylası ərazisinə gəlib çıxmışlar..." Konkret elmi faktlardır. VI əsr ərəb tarixçisi Ubeyd ibn Şəriyyə əl-Cürhumi yazmışdır ki, Azərbaycan çoxdan türk torpağıdır və türklər lap qədimdən burada məskunlaşmışdır. Ərəb tarixçisi Ət-Təbəri (X əsr) yazırdı ki, VII əsrdə türklər bu ərazilərdə hökmran olmuşlar. V əsr erməni tarixçisi Moisey Xorenasi ermənilər barədə açıq yazır ki, "biz (yəni "hay"lar)" kiçik, azsaylı, zəif və çox hallarda özgələrinin hakimiyyəti altında yaşayan xalqıq".

Erməni tarixçisi K.Patkanyan etiraf etmişdir ki, "Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdır..." Həm də erməni tarixçilərinin özləri dəfələrlə yazmışlar ki, ermənilərin Qafqaz torpaqlarında hec bir ərazisi olmamış, uzaq-uzaq diyarlardan indiki ərazilərə köçüb gəlmişlər. 1951-ci ildə nəşr edilmiş "Erməni xalqının tarixi" kitabında yazılıb: "Qədim erməni tayfaları Zaqafqaziyada deyil, məhz yuxarı Fərat vadisində məskunlaşmışlar". Tanınmış rus alimi İ.M.Dyakonov yazır: "...Qədim ermənilər təqribən e.ə birinci minillikdə Fərat çayının yuxarı vadisində meydana gəlmişlər". Başqa bir yerdə İ.M.Dyakonov yazır ki, e.ə XII-IV əsrlər arasında Balkanlardan gəlmiş friqler (firq tayfasının bir qolu ermənidir) Kiçik Asiyanın Şərqində, Fərat çayının yuxarı axınının hövzəsində məskunlaşmışlar. Erməni tarixçisi H.Pastermacanyan yazmışdır: "...E.ə VII-VI əsrlərdə meydana gələn hind-Avropa xalqı olan ermənilərin gəlişindən qabaq, indi Ermənistan adlanan ərazidə Urartu mənşəli Koldis və ya Xaldes xalqı yaşayırdı. Onların ölkəsi Urartu adlanırdı. Ermənistandan şimalda iki ölkə yerləşirdi: İberiya və Albaniya (Azərbaycan)". Digər tarixçilər belə hesab edirlər ki, ermənilərin əsl vətəni Balkan yarımadasında Tasaliya deyilən kiçik bir ərazi olmuşdur. Məşhur ABŞ tarixçiləri Castin Makkarti və Karolin Makkarti özlərinin "Turki i armyane" (B., 1996) adlı kitabında yazırlar ki, Ermənistan Respublikasının indiki ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu səbəbdən də Ermənistan ərazisindəki coğrafi adların böyük əksəriyyəti azərbaycanlılara aiddir.

Azərbaycan MEA-nın müxbir üzvü İqrar Əliyev tədqiqatlarında yazır ki, ermənilər öz istəklərinə uyğun gəlməyənləri əksinə göstərməkdə və bu barədə bütün dünyaya car çəkməkdə mahirdirlər. Ədalət naminə etiraf etmək lazımdır ki, onlar bu iyrənc təbliğat işini böyük ustalıqla görür, dinləyicilərini və oxucularını "palıd ağacında alma yetişir" fikrinə inandıra bilirlər. Azərbaycan MEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov yazır: "Tarixdə heç zaman üç dəniz arasındakı geniş əraziləri əhatə edən "böyük Ermənistan" adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmaları elmə sırıyarkən erməni saxtakarları coğrafi termini siyasiləşdirmişlər..."

Beləliklə, tarixi qaynaqlarla, mənbələrlə, antik və müasir müəlliflərin tədqiqatları və arqumentləri ilə tutuşdurulduqda akademik Ramiz Mehdiyevin sözləri ilə desək, "Sarkisyanın "gedişi" yumşaq desək, erməni tarixçilərinin yazdıqları ilə uyğun gəlmir". Həm də köcürüldükləri yerlərdə Sarkisyanın babaları özlərini hec də yaxşı aparmırdılar. İş o yerə çatmışdı ki, ermənilərin köçürülmə əməliyyatlarına rəhbərlik edən A.Qriboyedov sonralar peşmançılıqla yazmışdı: "...Ermənilər ilk dəfə buraxıldıqları torpaqlara həmişə sahib çıxırlar, çünki acgöz və tamahkardırlar". Qriboyedov mərkəzə belə bir məlumat da ötürmüşdü ki, gəlmə ermənilər yerli müsəlman əhali ilə yaxşı dolanmır, ermənilərin bu hərəkəti isə gələcək münaqişələrdən xəbər verirdi.

Akademik Ramiz Mehdiyevin kitabında obyektiv olaraq belə bir tarixi fakt da öz əksini tapıb: 1828-ci il martın 21-də imperator I Nikolay öz fərmanı ilə qondarma erməni vilayəti yaratdı (səh. 64). Bununla da qədim Azərbaycan torpaqları hesabına başabəla "dövlət" qurdu. "Erməni vilayəti"nin tərkibinə İrəvan xanlığının, Naxçıvan xanlığının və Ordubad dairəsinin əraziləri daxil edilmişdi.

Təqribən 26.966,4 kv.km ərazini əhatə edən "Erməni vilayəti"nin erməni sakinləri özlərini yaxşı aparmadıqları üçün çar höküməti "öz səhvini" düzəltdi və 1840-cı ildə "Erməni vilayəti"ni ləğv etdi. Ancaq az sonra 1849-cu ildə İrəvan quberniyası təşkil edildi, onun tərkibinə Zəngibasar, Kərnibasar, Qırxbulaq mahalları daxil edildi.

Beləliklə, "böyük Ermənistan" yaratmaq yolunda ermənilərin əlinə tarixi bir fürsət düşdü və onun yaradılması istiqamətində erməni təbliğatı genişlənməyə və tarixin saxtalaşdırılmasına yönəlmiş proqramlar hazırlamağa başlandı. Bununla da Azərbaycanın zaman-zaman məruz qaldığı təcavüzdə düşmən də məlum olur, ona havadarlıq edən qara qüvvələr də!

Antik müəlliflər, orta əsr müəllifləri və hətta erməni tarixçiləri də yazmışlar ki, Qarabağ torpağı qədim Azərbaycanın - Albaniya dövlətinin ərazisi olmuşdur. Tanınmış alim T.Svyataxovski yazırdı ki, ermənilərin Qarabağ haqqındakı tələbləri qeyri-qanunidir və əsassızdır. Bu yer tarixən Azərbaycan torpağıdır. Ermənilər bu yerlərə sonralar köcüb gəlmişlər. O ki qaldı 1921-ci il iyulun 4-də və 5-də Qafqaz bürosunun qərarları məsələsi, bu, müstəqil bir mövzudur. Həmin problemə ümummilli lider Heydər Əliyev aydınlıq gətirmişdir: "...Tarixi bilənlər yaxşı bilirlər ki, N.Nərimanov və başqaları o vaxt nə qədər kəskin mübarizə aparmışlar..." Tarixçilər yaxşı bilirlər ki, Nərimanovun qətiyyətli və kəskin mübarizəsinin nəticəsində, nəhayət, belə bir qərar (5 iyul) qəbul edilmişdir.

Tarixi faktlardan o da məlumdur ki, N.Nərimanovun "yüksək" vəzifəyə irəli çəkilməsi ilə əlaqədar Bakıdan gedən kimi erməni ideoloqu olan L.Mirzəyan kommunist cildinə girərək özünün yaramaz və hiyləgər niyyəti ilə Dağlıq Qarabağ planını S.M.Kirovun köməyi ilə həyata keçirə bildi, Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Hörmətli akademikimizin sözləri ilə desək, "Dağlıq Qarabağ Muxtar Vilayəti süni qurum idi". Erməni işğalçıları tərəfindən zəbt edilən Qarabağ torpaqlarında yeni bir dövlət yaratmaq istəyən Ermənistan rəsmiləri bilməmiş olmazlar ki, hər hansı bir ərazidə 2 eyniadlı dövlət yaratmaq yolverilməzdir və beynəlxalq müstəvidə qanunaziddir. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir, o, Azərbaycanın beynəlxaq səviyyədə tanınmış hissəsidir və "Azərbaycan dövləti hec vaxt imkan verməz ki, Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın".

Hörmətli akademik kitabda düzgün olaraq bildirir: "Ermənistanda ümid edirlər ki, tarixi primitiv şəkildə saxtalaşdırıb beynəlxalq təşkilatlara Dağlıq Qarabağın guya qədim erməni torpağı olduğunu sübut etməklə onu özlərinə birləşdirməyə nail olacaqlar. S.Sarkisyan və tarixi saxtalaşdıran erməni "intellektualları" çoxdan bilməli idilər ki, tarixi prosses irəliyə doğru hərəkət edir, geriyə yox".

Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan hökumətinin qarşısında iki mühüm vəzifə durur: birincisi, ərazilərimizin işğaldan azad olunması, məcburi köçgünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaq və ikincisi, azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bəli, bu gün qabaqlayıcı təbliğat maşınına, güclü və monolit hücüm taktikasına, əks-təbliğat mexanizminə malik sağlam düşüncə strategiyasına əsaslanmaqla tarixi həqiqətləri dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək və erməni rəsmilərinin böhtançı "ideyalarını" əsaslandırılmış elmi arqumentlərlə darmadağın etmək istiqamətində akademik Ramiz Mehdiyevin kitabı hər birimizin əlində kəsərli silahdır. Biz bu silahın potensial gücü ilə erməni saxtakarlarının yalanlarının və böhtanlarının mahiyyətini bir daha dünya ictimaiyyətinə çatdırmaq sahəsində çox iş görə bilərik. Düşünürük ki, həmin faktları və arqumentləri bildikdən sonra bütün dünya anlayacaq ki, ermənilər kimdir, haradan gəlib, qədim Azərbaycan torpaqlarında necə məskunlaşıblar, qonşularına qarşı necə xain əməllər törətmiş, azərbaycanlılara qarşı hansı soyqırımlar həyata keçirmiş, ərazilərimizi necə olub ki, işğal etmişlər. Hansı şəraitdə monoetnik Ermənistan dövləti yarada biliblər, necə olur ki, yalançı və böhtançı tezislərlə çıxış etməyi Ermənistan rəhbərliyi özünə rəva bilir və əslində dünya ictimaiyyətinə dezinformasiyalar ötürürlər. Akademik Ramiz Mehdiyevin dövlətə və dövlətçilik prinsiplərinə sadiq qalaraq elmi və zəngin dünyagörüşünün qiymətli məhsulu olan bu dəyərli tarixi kitabını oxuyandan sonra inanırıq ki, hər kəs tarixi həqiqətləri biləcək və erməni millətçilərinin şovinist ruhlu böhtanlarını lənətləyəcək.

Kitabda aparılan analitik təhlillərdən aydın olur ki, Qafqazda yaranmış geosiyasi vəziyyəti və bugünkü reallığı tarixi həqiqətlərə uyğun, doğru-düzgün aydınlaşdıraraq tərəqqipərvər bəşər övladlarına, dünya dövlətlərinin prezidentlərinə, parlament və hökumət rəhbərlərinə bildirmək istəyirik ki, yüz il bundan əvvəl olduğu kimi, bu gün də erməni millətçilərinin yeritdiyi məkrli və hiyləgər daşnaq siyasəti qonşu dövlətlər üçün olduqca təhlükəlidir. "Dənizdən-dənizə böyük Ermənistan dövləti" yaratmaq istəyən erməni şovinistlərinin nə tarixi həqiqətlərə, nə də bugünkü siyasi reallıqlara uyğun gəlməyən sərsəm xəyalları Azərbaycan da daxil olmaqla, Rusiya, Türkiyə, Gürcüstan dövlətlərinə qarşı ərazi iddiaları, Qafqazda və bütün dünyada sülh və sabitlik üçün real təhlükə törədən çox böyük münaqişə ocağının yaranmasına gətirib çıxara bilər. Buna görə də təhlükənin qarşısının alınması və müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün dünya dövlətlərinə və beynəlxalq təşkilatlara vaxtında məlumat vermək və ciddi siyasi nəticələr çıxarmaq lazımdır. Kitabda Azərbaycanın qədim və müasir dövrlərinin dünya birliyi tərəfindən tanınmış, xəritələrin verilməsi kitabın elmi dəyərini bir daha artırır.

Dünyanın tarixçi alimləri və beynəlxalq ictimaiyyət bilməlidir ki, Qafqaza qonaq kimi gələn ermənilər yerli azərbaycanlı əhalini sıxışdırıb dədə-baba yurdlarından qovdu və iri dövlətlərin dəstəyi ilə Cənubi Qafqazda özlərinə yeni bir dövlət yaratdılar. Ancaq hec paytaxtı da yox idi. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti İrəvan şəhərini Ermənistana "bağışladı". Bununla da paytaxtsız bir dövlətin yeni siyasi mərkəzi yaradıldı. Prezident İlham Əliyev demişdir: "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik, çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbyacan torpaqlarıdır".

 

Akademik Ramiz Mehdiyev kitabın sonunda haqlı olaraq yazır ki, S.Sarkisyan Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yalnış məsləhətlər vermişdir. Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər. İnanırıq ki, zəka, ağıl və müdriklik qalib gələcək, haqq-ədalət qələbə çalacaq.

 

 

Abuzər XƏLƏFOV,

BDU-nun "Kitabxanaşünaslıq" kafedrasının müdiri,

əməkdar elm xadimi, BMT yanında Beynəlxalq

İnformasiyalaşdırma Akademiyasının akademiki,

tarix elmləri doktoru, professor

 

Nuru MƏMMƏDOV,

BDU-nun "Azərbaycan tarixi"

kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-  1 mart.- S.  6.