Xocalı soyqırımının
19-cu ildönümü ilə
əlaqədar Avstraliyada
silsilə tədbirlər
keçirilmişdir
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Avstraliyada silsilə tədbirlər keçirilmişdir. Fevralın 25-də Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti (AATDC) və Türk Quruluşları Federasiyasının təşəbbüsü ilə Avstraliyanın Gelibolu məscidində cümə namazından əvvəl Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, faciə qurbanlarının ruhuna dualar oxunmuşdur. Mərasimdə 3000-dən çox insan iştirak etmişdir.
AATDC-dən AzərTAc-a bildirmişlər ki, elə həmən gün Türk Dayanışma Dərnəyinin binasındakı "Türk Evi"ndə Azərbaycan, Türk, Uyğur, Türkmən və digər türk toplumlarının, yerli ictimaiyyət nümayəndələrinin, eləcə də Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anma tədbiri keçirilmişdir.
AATDC-nin və "Azərbaycanın səsi" radiosunun təşəbbüsü ilə təşkil olunmuş tədbirdə Heydər Əliyev Fondunun hazırladığı audio-video materiallar, kitablar və broşürlər paylanmışdır.
Dostluq cəmiyyətinin sədri İmaməddin Qasımov iştirakçılara Xocalı soyqırımı barədə məlumat vermiş, Türkiyə-Azərbaycan birliyinin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərindən danışmışdır.
O, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə sabiq sovet ordusunun 366-cı motoatıcı alayının
köməyi ilə erməni silahlılarının
Xocalı şəhərində
törətdiyi vəhşiliklərin
əvvəlcədən hazırlanmış
etnik təmizləmə
planının tərkib
hissəsi olduğunu bildirmişdir.
2000 FM radiosunun efirində
yayımlanan "Azərbaycanın səsi" radio
proqramının rəhbəri Gülzar Qasımova
çıxışında demişdir ki, son üç həftə
ərzində dinləyicilərə Xocalı faciəsi ilə
bağlı məlumat verilmişdir. Xocalı
soyqırımı zamanı 63-ü uşaq və 106-sı
qadın olmaqla 613 nəfərin vəhşicəsinə,
xüsusi qəddarlıqla qətlə yetirildiyi dinləyicilərin
diqqətinə çatdırılmışdır.
Türk Dayanışma
Dərnəyinin rəhbəri Bəşir Karasu, Türk
Quruluşları Federasiyasının sədri Dursun Candəmir
və başqaları çıxış edərək ermənilərin
Azərbaycan türklərinə qarşı törətdiyi vəhşilikləri
lənətləmişlər.
Anma mərasimində
Xocalı soyqırımına aid fotosərgi nümayiş
etdirilmişdir.
Xocalı faciəsi
qurbanlarının xatirəsi fevralın 26-da iqtidarda olan
Leyboristlər Partiyası nümayəndələrinin
Avstraliyanın NSW (Yeni Cənubi Uels) ştatında parlament
seçkiləri öncəsi türkdilli xalqların
yığcam yaşadığı Sidney şəhərinin
Auburn bölgəsindəki görüşündə də
yad edilmişdir. Auburn dairəsindən NSVV ştatı
parlamentinin üzvü və yerli hakimiyyətlər naziri
xanım Barbara Peri, Parramatta dairəsindən federal parlamentin
üzvü xanım Culi Ovens, Avstraliya parlamentinin Nümayəndələr
Palatasının üzvü Con Möfi, Türkiyənin
Avstraliyadakı baş konsulu Gülseren Çelik və yerli
ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə
Xocalı faciəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü
barədə məlumat verilmiş, qonaqlara erməni təcavüzü
və terrorundan bəhs edən DVD təqdim edilmişdir.
"Turkish News
Weekly" dərgisinin (www.turkishnewsweekly.com) fevralın 23-də
nəşr olunan sayında AATDC-nin təşəbbüsü
ilə Xocalı faciəsinə həsr olunmuş məqalə
dərc olunmuşdur.
Azərbaycan.- 2011.-1 mart.- S.
7.