Xocalı soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məktub ünvanlanmışdır

 

Fevralın 22-də Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibinə məktub ünvanlanmış və bu sənəd BMT-də rəsmi şəkildə yayılmışdır.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı tərəfindən həyata keçirilmiş Xocalı soyqırımı və onun nəticələri barədə məlumat verilmişdir.

Fevralın 25-də Azərbaycan və türk diasporlarının təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Katibliyi və Ermənistanın BMT yanında daimi nümayəndəliyi qarşısında etiraz nümayişi keçirilmişdir. Etiraz aksiyası zamanı Xocalıda həlak olan həmvətənlərimizin fotoşəkilləri, həmçinin "Ermənistana ar olsun!", "İşğalçı Ermənistan, işğaldan əl çək!", "Ermənistan terrorçudur!" və digər sözlər yazılmış plakatlar nümayiş etdirilmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən şüarlar səsləndirilmişdir.

Fevralın 25-də İslam Konfransı Təşkilatı (İKT) Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar BMT-yə üzv dövlətlər arasında press-reliz yaymışdır. Press-relizdə İslam Konfransı Təşkilatı Baş katibinin Xocalı soyqırımını pisləməsi barədə məlumat verilir, eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsinə və İKT-nin, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in müvafiq qətnamələri əsasında danışıqların davam etdirilməsinə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və ədalətli həllinə yönəlmiş səylərinin dəstəklənməsinə dair İKT-nin tutduğu mövqe qeyd edilir.

Fevralın 26-da Azərbaycan və Türkiyə diasporlarının təşkilatçılığı ilə Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Aqşin Mehdiyev, Azərbaycan-Amerika Şurasının sədri Cavid Hüseynov, Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri və digərləri çıxış etmişlər. Onlar Xocalı soyqırımının hüquqi və siyasi aspektləri barədə danışmış, həmçinin bu faciənin səbəbləri və nəticələri barədə dünya ictimaiyyətinin məlumatlandırılmasına yönəlmiş fəaliyyətlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Görüşdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin əməkdaşları, Azərbaycan və Türkiyə diasporlarının üzvləri, Dağ Yəhudi Cəmiyyətinin rəhbərliyi və üzvləri iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-1 mart.- S. 7.