"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Türkiyə Koordinatorluğu bəyanat yaymışdır

 

"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Türkiyə Koordinatorluğu "Xocalı soyqırımı" ilə bağlı bəyanat yaymışdır.

AzərTAc xəbər verir ki, bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçularının bəşəriyyətin ən ağır cinayəti sayılan, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımını törətdiyi qeyd edilir.

Bildirilir ki, XX əsrdə bir çox insani faciə və etnik təmizləmə olmuşdur. Erməni lobbisi 100 il əvvəl olan qondarma soyqırımı siyasətini bütün dünya mətbuatında işıqlandırmağa çalışır. Xocalı soyqırımının bütün faktlarla həqiqət olduğu sübut olunsa da, dünya mətbuatı bu mövzunu kifayət qədər işıqlandırmamışdır. Xocalı faciəsi ilə bağlı tarixi sənədlər, faktlar, fotoşəkillər, filmlər olmasına baxmayaraq, Xocalı soyqırımının tanınmaması çox kədərlidir. Bizim məqsədimiz 100 il deyil, 19 il əvvəl reallaşan bu insanlıq faciəsini bütün dünyaya çatdırmaqdır.

Xocalı şəhərində işgəncələr tətbiq edərək, sözün əsl mənasında, soyqırımı reallaşdırılmışdır. Ancaq beynəlxalq təşkilatlar və dünya mətbuatı bu qətliamı yalnız insanlıq faciəsi kimi qiymətləndirməklə kifayətlənmişlər.

Sənəddə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində bu il faciə ilə bağlı ABŞ, Avropa İttifaqı ölkələri, Rusiya, Türkiyə və digər ölkələrdə müxtəlif tədbirlər keçirildiyi vurğulanır.

Hazırda Türkiyədə vacib və mühüm bir məsələ hər cür faktları və sənədi olan bu vəhşiliyi Türkiyə parlamentində soyqırımı kimi qəbuluna nail olmaqdır. Bunun erməni lobbisinin insanları çaşdırmağa çalışdıqları "qondarma soyqırımı" təbliğatına güclü bir zərbə və Türkiyənin də mənafeyinə uyğun olacağı qeyd olunur.

Bəyanatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində söylədiyi "Xalqımıza qarşı edilənləri unutmamaq, ədalət tələb etmək həm tarix, həm gələcək nəsillər qarşısında müqəddəs bir vəzifədir" sözləri yer almışdır.

 

 

Azərbaycan.- 2011.-1 mart.- S. 7.