Ocağınızda od, evinizdə nur olsun

 

Boz ay qədər dumanlı, çiskinli libasa bürünərək bizi üşütmək istəsə , ömrü qısadır. Çünki bu dəyişkən havalar bir-birinə bağlanaraq bizi Novruza - güllü yaza sarı aparmaqdadır. İllərdir ki, xalqımız Novruzu böyük məhəbbətlə gözləyir, səbirsizliklə qarşılayır yüksək ovqatla qeyd edir. Novruzun insanların ürəyində sevgisi o qədər dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə hamı əməl etməyi müqəddəs borc bilir. Novruza qədərki çərşənbələr xüsusi hazırlıqla, adla, şadyanalıqla keçirilir.

Ötən yazımızda İlaxır çərşənbələrinin birindən - Su çərşənbəsindən söz açmışdıq. Artıq birinci çərşənbədən bir həftə keçib. Bu ilin İlaxır çərşənbəsinin ikincisi mart ayının 1-nə düşür. Elə arasında ona "Od çərşənbəsi" desələr , Boz ayın müqəddəs günlərindən sayılan bu mübarək axşamın hələ qədimlərdən müxtəlif adları var idi: "Üsgü gecəsi", "Üsgü çərşənbə", "İkinci çərşənbə", "Addı çərşənbə", "Xəbərçi", "Muştuluqçu", "Müjdə verən" sairə.

Hələ qədimdən xalqımızın Günəşə, Oda böyük inamı olub. Bu səbəbdən odu qoruyub saxlamaq adət imiş. Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, oda, atəşə inamın nəticəsidir ki, insanlar həmişə bir etiqada əməl ediblər: Oda, Günəşə inam gətirmək lazımdır.

Etiqada görə, Od çərşənbəsinin səhəri insanlar sübh tezdən durar, Günəşin doğmasını səbirsizliklə gözləyərdilər. Tədqiqatçılar yazırlar ki, qədim dövrlərdə hətta Günəşi salamlamaq üçün xüsusi nəğmələr oxuyar, tonqalları yandırıb ətrafında dövrə vurar, sonra da o tonqaldan hərə bir məşəl götürüb öz ocaqlarını alışdırmaq üçün evlərinə tələsərdi. Günəşin şəninə qoşulan nəğmələrdə dərin bir inam əks olunardı.

Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı deyir: "Çərşənbələrdə Novruz axşamında tonqal qalanması, bayram süfrəsi düzəldilməsi xalqımızın qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərində lopa-üsgü fırlayıb göyə atmaq əski mifik dünyagörüşü ilə bağlı bir məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun, alovun köməyi ilə yad - yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis - şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı". Deməli, hələ əski zamanda od-Günəşin rəmzi kimi düşünülüb. Çillədən - qışdan çıxmaq üçün od yandırılması, tonqal qalanması, əslində Günəşin - yazın çağırılmasını əks etdirir.

Elə əski zamanlardan oda bəslənən inamın nəticəsidir ki, folklorumuzda odla bağlı müxtəlif janrlı nümunələr var. Bu mövzuda yüzlərlə atalar sözü yaranıb. "Od qalar - köz olar, qız qalar - söz olar", "Odsuz ocaq olmaz", "Oda pənah aparanın ocağı sönməz", "Od düşdüyü yeri yandırar", "Od yanan yerdən tüstü çıxar", "Od külə gizlənər", "Odla oynamaq olmaz", "Od ilə pambığın dostluğu?", "Od almağa gəlməmişik", "Od ocaqda yandırar", "Od ocaqda yanar", "Od olsa özünü yandırar", "Odla oynayan odsuz qalar", "Od imanadır", "Odu söndürüb kül ilə oynamazlar", "Od üçün oduna gedənin baltası iti olar", "Odu çək, külünə bax", "Ocaq sönməyən yerdə məskən salarlar", "Odu, çırağı yandıran xeyir aparar", "Od eləyib oda düşmüşük" s.

İnanclarda da odla bağlı maraqlı fikirlər mövcuddur. İllərin sınağından çıxıb bu gün əhəmiyyətini itirməyən bu inanclar həqiqətən çox düşündürücüdür. Məsələn, "Ocaq dağıdanın ocağı dağılar", "Ocaq söndürənin günahı çoxdur", "Ocaqda kül titrəyəndə od xeyrə oynayır" - deyərlər. "Od hisli olarsa, uzaqdan qonaq gələcək", "Ocaq yananda səs çıxırsa, kimsə sözünü danışır". Bəzən bu inanclar xalq təbabətində öz əksini tapıb. Yaraya ocaq külü bağlayarlar ki, tez sağalsın. Lap qədim zamanlarda yeni doğulmuş körpəni külün üstünə qoyardılar ki, heç vaxt xəstəlik tapmasın. Bayram ocağının tüstüsü kimin üzünə dəysə, sevgilisi göyçək olar. Günəş doğulanda dünyaya gələn körpələr sevimli olur. Xalq təbabətinə görə lap qədimlərdə yaranı odla dağlayardılar ki, tez sağalsın.

Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən üzübəri ona and içiblər. Andlar, alqışlar, qarğışlar bir istəyə bürünüb. İnandırmaq üçün "Od haqqı" deyiblər. Alqışlarda "Ocağın odlu, qazanın qaynar olsun" söyləyiblər. Qarğışların ahəngindən isə vahimə tökülüb: "Ocağın qazan görməsin", "İçinə od düşsün". Tərifin isə ahəngi başqa aləmdir. İki kəlmə ilə təqdim edilənin cəld, qoçaq, nəzakətli, xoş simalı olması aydınlaşır: "Od parçasıdır".

Həqiqətən Günəş həyatın varlığın yaradıcısıdır. Bu səbəbdən əski etiqadlarda odun ilk simvolu Günəşin sayılması inandırıcıdır. Elə bu etiqaddan törənən müdrik fikirlərdə böyük həqiqətlər var: "Gün düşən yerdə xəstəlik olmaz", "Gün güzəranlıq gətirər", "Günəşə and olsun", "Günəş səni kəssin". Günəşlə bağlı tapmacalar da maraqlıdır:

 

Burdan vurdum baltanı,

Ordan çıxdı qaltanı.

Anam bir oğlan doğub

Yerin, göyün sultanı

 (Günəş).

 

Odla bağlı oxunan nəğmələrin gözəlliyi diqqət çəkir. Hətta elə xalq mahnılarımız var ki, sanki onun mayası da elə Od çərşənbəsindən tutulub. Bəzi folklorşünaslar söyləyirlər ki, Novruz bayramında qızlar saçlarından üç tel ayırıb oxuyarmışlar:

 

Samovara od salmışam,

İstəkana qənd salmışam.

Yarım gedib tək qalmışam,

Yar bizə qonaq gələcək,

Bilmirəm, vaxt gələcək.

 

Deyilənə görə, İlaxır çərşənbələrinin hər birinin qəribə qüdrəti var. Bu çərşənbələri eyni həvəslə, məhəbbətlə qarşılasaq da, süfrələrində , mərasimlərində müəyyən fərqlər var. Xüsusilə Od çərşənbəsində qızların yanağı alışıb yanar, lap çəmən çiçəklərinə oxşayarlar. Oğlanların isə sinələrində odlu ürək çırpınar. Bu dəyişmələrin mənası isə Novruz bayramı ərəfəsində evdən-evə qırmızı örtüklü xonçalarda gedən sovqatlarda açıqlanar. Mütləq bu müqəddəs axşamlarda gözaltısı olan oğlanlardan qız evinə "şirinlik" göndərilər.

Od çərşənbəsində açılan süfrə fərqli olmalıdır. Burada quru meyvələr, müxtəlif şirniyyatlar, su, süd mütləq qoyulmalıdır. Əlbəttə, bütün çərşənbələrdə süfrənin şahı plovdur. Səməni ancaq Axır çərşənbədə Novruzda süfrəyə qoyulmalıdır. Adətən Səməninin buğdası Su çərşənbəsində isladılmalıdır. Od çərşənbəsində insanlar bir-birinə qonaq gedər, Çərşənbən mübarək deyər, ağrın-acın odda yansın söyləyərlər. Həyətlərdə tonqal çatılar.

Əlbəttə, əsrlərin dizini qatlayıb günümüzə qədər çətin şərəfli bir yol keçərək gələn Novruz bayramını layiqincə qarşılamaq qeyd etmək üçün onunla bağlı olan Çərşənbə axşamlarını da eyni dərəcədə yüksək ovqatla keçirməliyik. Novruzun möcüzəsidir ki, özündən öncə Çərşənbələri təşrif buyuraraq bizi bu milli bayramımıza hər həftə hazırlaşmağa, onu şən, yüksək ovqatla qarşılamağa məcbur edir. Bu, həm milli yaddaşımızdır. Bu yaşam o qədər qüdrətli əbədidir ki, hətta sovet dönəmində ən sərt rejimin belə gücü çatmadı ki, onu qəlbimizdən qoparıb silsin. Beləliklə, həyatımıza Su gəldi, həyətlərimizdə Od qalandı. İndi isə üzü Küləyə sarı gedirik. Çərşənbə axşamlarınız mübarək olsun, əziz oxucularımız! Ocağınızda od, evinizdə nur əskik olmasın. Hər zülmət gecəniz Günəşin şəfəqləri ilə açılsın!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-1 mart.- S. 8.