"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nın
icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfrans keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
- Bu gün iqtisadi inkişaf naziri görülmüş işlər haqqında geniş məlumat verdi. Dörd rayonun icra hakimiyyətinin başçıları, iş adamları çıxış etdilər. Şübhə yox ki, əgər bütün icra hakimiyyəti başçılarına bu gün söz verilsəydi, onlar da görülmüş işlər haqqında danışardılar. Çünki doğrudan da ölkəmizin bütün bölgələrində sürətli inkişaf gedir. Vaxt məhdudluğundan belə imkan yoxdur. Ancaq Azərbaycanda görülən işlər haqqında mən, əlbəttə ki, təkcə bu məlumatlardan istifadə etmirəm. Mütəmadi qaydada bölgələrdə oluram. Hər halda, elə rayon yoxdur ki, oraya mənim səfərim olmasın və hər dəfə də görülmüş işlərlə tanış oluram, əlavə göstərişlər verilir. Sonrakı dəfə həmin rayona gələrkən yenə görülmüş işlərlə tanış oluram, verilmiş tapşırıqların necə yerinə yetirilməsi ilə maraqlanıram. Yəni daim bu proses getməlidir, gedir və dövlət nəzarəti yüksək səviyyədə təşkil olunur. Eyni zamanda, Azərbaycanda ictimai nəzarət də gücləndirilməlidir.
Ölkəmizin bütün bölgələrində inkişaf var. Haradasa işlər daha sürətlə, haradasa bir az ləng gedir. Amma bu, artıq dönməz prosesə çevrilibdir. Nəzərə alsaq ki, bizim proqramımız bütün rayonların inkişafını əhatə edir, bu gün hələ ki həllini gözləyən məsələlər, növbəti illərdə, əlbəttə ki, öz həllini tapacaqdır. Biz elə etməliyik ki, 2013-cü ilə qədər, ikinci Dövlət Proqramı başa çatanda qarşıda duran bütün vəzifələr icra edilsin. Əslində, əgər ikinci Dövlət Proqramı tam şəkildə icra olunarsa, ölkənin qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapmış olar.
Bu il isə ilin sonuna qədər proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilməlidir. İnvestisiya qoyuluşu davam etdiriləcəkdir. 2011-ci ildə sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək, məktəblər, tibb müəssisələri, olimpiya idman kompleksləri tikiləcəkdir. Yol tikintisinə diqqət göstəriləcəkdir. Demək olar ki, əsas magistral yollarımız, - artıq orada gedən tikinti işləri ya başa çatıb, ya başa çatmaq üzrədir, - Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən yollar yaxın zamanlarda tam şəkildə hazır olacaq və beləliklə, ölkəmizin inkişafı üçün çox vacib olan məsələ öz həllini tapacaqdır.
Bu gün Astara və Tovuz rayonlarının icra hakimiyyətinin başçıları kənd yollarının tikintisi haqqında məlumat verdilər. Bu yolların tikintisi xüsusi tapşırıq əsasında baş verir, Prezidentin Ehtiyat Fondundan vəsait verilib və orada bu yollar çəkilir. Bu yolların çox böyük əhəmiyyəti var, on minlərlə Azərbaycan vətəndaşının yaşadığı onlarca kəndi birləşdirir və bu proses daha da sürətlə getməlidir. Nəinki Tovuzda və Astarada, başqa rayonlarda da buna oxşar layihələr icra edilir. Bir müddət bundan əvvəl Qusar rayonunda bir neçə kəndi birləşdirən yol istismara verilmişdir. İndi o yolun davam etdirilməsi layihəsi icra olunur. Sabirabadda, xüsusilə seldən əziyyət çəkmiş kəndləri birləşdirən yollar çəkilir. Başqa rayonlarda da. Bu il və gələn il kənd yollarının tikintisi üçün dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Onun bir hissəsi yəqin ki, Prezidentin Ehtiyat Fondundan ayrılacaq, əsas hissəsi isə dövlət büdcəsində nəzərdə tutulmalıdır. Elə etməliyik ki, növbəti iki il ərzində Azərbaycanda əsas kənd yolları normal səviyyəyə cavab versin. Xüsusilə o yollar ki, bir neçə kəndi və böyük sayda əhalini birləşdirir. Deyə bilərəm ki, 2004-2010-cu illərdə ölkəmizdə 5 min 200 kilometr yollar çəkilibdir və bu proses, yenə də deyirəm, davam etdirilməlidir. Hələ görüləsi işlər çoxdur.
Əlbəttə ki, bölgələrin hərtərəfli inkişafını təmin etmək üçün digər infrastruktur layihələri də icra olunmalıdır və olunur. Son illərdə ölkəmizdə 10 elektrik stansiyası tikilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, böyük həcmdə ixrac da edirik. Azərbaycan bütün qonşu ölkələrə - Rusiyaya, İrana, Türkiyəyə, Gürcüstana elektrik enerjisi ixrac edir. Yəni belə imkanlar var və bu, onu göstərir ki, görülmüş işlər öz bəhrəsini verir. Azərbaycan neft-qaz və indi də elektrik enerjisinin ixracı ilə məşğuldur. Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi ilə məşğuluq. Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə xüsusi diqqət altındadır və artıq ilkin işlər başlanmışdır. Ümid edirəm ki, 2011-ci ildə həm su elektrik stansiyalarının tikintisi davam etdiriləcək, eyni zamanda, günəş batareyalarının quraşdırılması prosesi daha da sürətlə gedəcəkdir.
Bütün ölkədə qazlaşdırma prosesi gedir. Vəzifə qoyulubdur ki, bu il və gələn ilin sonuna qədər qazlaşdırma ilə bağlı bütün məsələlər öz həllini tapsın və ölkə əhalisinin 90-95 faizi təbii qazla təmin edilsin. Nəzərə alsaq ki, Azərbaycanda qazın qiyməti, elektrik enerjisinin qiyməti dövlət tərəfindən tənzimlənir, - qazın qiyməti qonşu ölkələrlə müqayisədə bir neçə dəfə aşağıdır və sabit olaraq qalacaqdır, - qazlaşdırma prosesi, eyni zamanda, böyük sosial məna daşıyır. Qeyd etməliyəm ki, qazlaşdırmaya qoyulan vəsait qazın istehlakından əldə olunan vəsaitə bərabər deyil, yəni qazlaşdırma prosesi biznes, ya da kommersiya xarakteri daşımır. Bu, sırf sosialyönümlü təşəbbüsdür. Biz bunu etməliyik. Çünki hər bir bölgəmiz, hər bir kəndimiz qaz almalıdır. Nəzərə alsaq ki, Azərbaycan bu gün qazı dünya bazarlarına ixrac edir, əlbəttə ki, ölkə daxilində maksimum dərəcədə təbii qazla təminat təşkil olunmalıdır.
İçməli su və kanalizasiya layihələri bu gün gündəliyimizdə duran məsələlərdən biridir. Çox vacib məsələdir. Nəzərə alsaq ki, qazlaşdırma sahəsində və elektrik enerjisi ilə təchizat sahəsində böyük uğurlar əldə olunub, mən ümid edirəm ki, bu sahədə də bu il biz ciddi dönüşü görəcəyik. Hazırda beynəlxalq maliyyə qurumları ilə aparılmış danışıqlar öz nəticələrini verməkdədir. Bəzi bölgələrdə içməli su, kanalizasiya layihələrinin icrası başlanmışdır, bəzi bölgələrdə hələ hazırlıq işləri gedir. Mən bütün rayonlarda olarkən birinci növbədə maraqlanıram ki, içməli su, kanalizasiya layihəsi necədir, başlanıbdır, yoxsa yox. Harada ki, ləngimələr var, oraya xüsusi diqqət göstərilməlidir və ən uzağı 2012-ci ilin sonuna qədər hər bir rayon mərkəzində bu layihələr başa çatmalıdır. Yaxşı olar ki, daha da tez başa çatsın. Çünki yenə də deyirəm, maliyyə məsələlərinin əksər hissəsi öz həllini tapıbdır. Sadəcə olaraq, gərək yerlərdə işlər bir az daha da çevik şəkildə təşkil olunsun.
Meliorasiya ilə bağlı məsələlər öz həllini tapır. Xüsusilə nəzərə alsaq ki, biz taxılçılığın inkişafı üçün yeni əkin sahələrini müəyyən etməliyik, suvarma məsələlərinin vacibliyi daha da artır. Son illər ərzində bu sahədə müəyyən işlər görülmüşdür. Hazırda tikilməkdə olan Şəmkirçay su anbarı başa çatandan sonra on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, kənd təsərrüfatının inkişafı üçün əlavə imkanlar yaradılacaqdır. Digər layihələr də icra edilir və biz elə etməliyik ki, əkin sahələrinin ərazilərini genişləndirək.
Bununla bərabər, kənd təsərrüfatının intensiv şəkildə inkişafı, həmişə olduğu kimi, bizim üçün çox vacib məsələdir. Ancaq biz gərək reallıqlara da diqqətlə yanaşaq. İntensiv metodları nə qədər tətbiq etsək belə, yenə də yeni əkin sahələrinin dövriyyəyə çıxarılması məsələləri öz aktuallığını itirməyəcəkdir. Bir müddət bundan əvvəl mənim tərəfimdən verilmiş göstərişlər indi icra edilir. Biz taxılçılıq üzrə böyük fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Hazırda müvafiq dövlət qurumları yeni sahələri müəyyən edirlər. Mən hesab edirəm ki, biz bu məsələyə, əlbəttə, kompleks şəkildə yanaşmalıyıq. Təkcə o yerləri müəyyən etməklə kifayətlənməməliyik. Bütün infrastruktur yaradılmalıdır. İlk növbədə suvarma, digər infrastruktur layihələri, texnika, gübrələr, toxumlar və sair. Saatlı Rayon İcra Hakimiyyətinin başçısı məlumat verdi ki, rayonda 9 min hektar yeni sahələr müəyyən edilibdir. Çox yaxşı göstəricidir. Mən hesab edirəm ki, bütövlükdə ən azı 100 min, bəlkə də 200 min yeni torpaq sahəsini əkin üçün dövriyyəyə çıxarmalıyıq.
Beləliklə, ərzaq təhlükəsizliyimizin əsas sahəsi olan taxılçılığı inkişaf etdirəcəyik və özümüzü təmin etmək üçün bunun çox böyük rolu olacaqdır. Bildiyiniz kimi, kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür. Texnikalar alınır, lizinqə verilir, aqroservislər yaradılır, subsidiyalar verilir, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir və sair. Növbəti illərdə, xüsusilə bu il bu məsələlərə daha da böyük diqqət göstərilməlidir. Maldarlığın inkişafı üçün tədbirlər görülür. Cins mal-qara gətirilir. Bu yaxınlarda yenə də əlavə vəsait ayrıldı ki, xaricdən cins mal-qara alınsın və kənd təsərrüfatı hərtərəfli inkişaf etsin.
Hesab edirəm ki, taxılçılıqla bərabər, biz üzümçülüyün inkişafına da xüsusi diqqət göstərməliyik. Sirr deyil ki, vaxtilə Azərbaycanda ulu öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdi. O, 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə üzüm istehsalı 300 min ton idi. Amma onun dövründə görülmüş işlər nəticəsində bu rəqəm 2 milyon tona qalxmışdı. Bu, həm Azərbaycan Respublikasının inkişafına xidmət edirdi, ilk növbədə isə insanların rifah halının yaxşılaşdırılmasına çox müsbət təsir göstərmişdi.
Kənddə yaşayan insanlar üzümçülüyün inkişafı sayəsində özlərinin həyat səviyyəsini böyük dərəcədə yüksəldə bilmişdilər.
Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. Əlbəttə ki, bunun da səbəbləri vardır. O səbəbləri biz bilirik. 1980-ci illərin sonlarında Sovet İttifaqının rəhbərləri antialkoqol kampaniyasına başlamışdılar və nədənsə, bu kampaniyanın ən böyük ziyanı və zərbəsi Azərbaycana dəymişdi. Azərbaycanda bütün üzüm bağlarını məhv etdilər, insanları pis vəziyyətə qoydular, insanlar gəlir mənbələrindən məhrum oldular. Azərbaycanda böyük səylər nəticəsində, böyük zəhmət hesabına yaradılmış üzümçülük, demək olar ki, tamamilə məhv edildi. Biz yaxşı bilirik ki, burada da Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik tətbiq olundu. Üzüm istehsalı təkcə Azərbaycanda inkişaf etmirdi. Digər respublikalarda üzümçülüyün inkişafına o qədər də böyük ziyan vurulmadı. Ukrayna, Gürcüstan, Ermənistan, Moldova - bu respublikalarda da üzümçülük inkişaf edirdi. Yəni oralarda bu, Azərbaycandan daha da əvvəl ənənəvi xarakter daşıyırdı. Ancaq o respublikalarda üzüm bağları məhv edilmədi. Azərbaycana qarşı qərəzli və mənfi münasibət isə ona gətirib çıxardı ki, burada üzümçülüyün kökü kəsildi.
Bu münasibəti biz ondan sonra, 1988-ci ildə də gördük. Sovet İttifaqının rəhbəri və rəhbərliyi erməni millətçilərinin başladığı oyunlara qoşulmuşdur və Dağlıq Qarabağ münaqişəsinin başlanmasında faktik olaraq Sovet İttifaqının rəhbərlərinin fəaliyyəti həlledici rol oynamışdır. Azərbaycana və azərbaycanlılara qarşı tarix boyu ədalətsizliklər olmuşdur, bizə qarşı qərəzli münasibət olmuşdur. Biz həmişə ikili standartlarla üzləşirik, bu gün də üzləşirik. Vaxtilə bu siyasət Sovet İttifaqı rəhbərliyindən, - xüsusilə 1980-ci illərin sonlarında biz bunu görürdük, - gəlirdi, indi isə biz bunu başqa yerlərdən görürük. Bu, bir şeyi göstərir ki, biz daha da güclü olmalıyıq, öz siyasətimizi inamla aparmalıyıq, Azərbaycan xalqının gözəl gələcəyini təmin etməliyik, öz gücümüzə güvənməliyik, arxalanmalıyıq və ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə etməliyik. Azərbaycanın bugünkü reallıqları onu göstərir ki, bu işdə biz böyük və tarixi nailiyyətlərə çata bilmişik. Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Azərbaycan müstəqil dövlət kimi öz müstəqil siyasətini aparır. Bizim müstəqil siyasət aparmağımızdan kiminsə xoşu gəlmir, bu, kimisə qıcıqlandırır və istər-istəməz, müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri də olur. Yəni biz bilməliyik ki, bunun səbəbi nədir. Səbəbi də məhz ondadır ki, biz müstəqil siyasət aparırıq və Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.
Bu, tarixi bir məqamdır. Biz bunu yadda saxlamalıyıq.
Ancaq sözüm ondadır ki, ola bilər, biz üzümçülüyün inkişafı üçün xüsusi bir proqram da qəbul edək. Maliyyə resurslarını da cəlb edək, xüsusi proqram çərçivəsində üzümçülüyün inkişafı üçün lazım olan bütün tədbirləri görək. Çünki hamı yaxşı bilir ki, üzümçülüyün inkişafı uzun bir prosesdir. Bəzi hallarda bir ilə, iki ilə, hətta üç ilə verilən kreditlər hesabına üzümçülüyün inkişafını irəliyə apara bilmərik. Yəqin ki, burada uzunmüddətli kreditlər haqqında fikirləşməliyik. Bəlkə əlavə bir vəsait də ayrılsın, yaxud üzümçülüyün inkişafı üçün xüsusi bir fond da yaradıla bilər ki, orada uzunmüddətli, misal üçün, 10 ilə veriləcək kreditlər təşkil olunsun, sahələr müəyyən edilsin. Yenə də böyük fermer təsərrüfatlarının yaradılması, inkişafı üçün səylər göstərilsin. Hər halda, İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı bütün hazırlıq işlərini aparsın və yaxın zamanlarda məruzə etsin.
Bununla bərabər, biz ölkəmizdə toxumçuluğun inkişafına da böyük diqqət göstərməliyik. Hazırda bu istiqamətdə işlər başlanıbdır. Mən bu yaxınlarda böyük toxumçuluq zavodunun fəaliyyəti ilə tanış olmuşdum və bu sahədə böyük perspektivlər var. Həm gəlirli sahədir, həm də bizim üçün lazım olan sahədir. O vaxt mənə verilən məlumata görə, hazırda biz özümüzü toxumla təxminən 30 faiz təmin edə bilərik. Elə etməliyik ki, özümüzü toxumla 100 faiz səviyyəsində təmin edək. Bu məqsədlə ya mövcud olan zavodların fəaliyyəti genişləndirilməlidir, ya da ki, yeni zavodlar tikilməlidir, yaxud da hər iki iş bərabər, paralel şəkildə aparılmalıdır. Hər halda, bu, kənd təsərrüfatının inkişafı üçün çox vacib sahədir. Bu il və gələn illərdə buna xüsusi diqqət göstərilməlidir.
Sahibkarlığın inkişafı üçün yaradılmış fondun xətti ilə son vaxtlar soyuducu anbarların tikintisinə müəyyən vəsait ayrılmışdır və biz bu təşəbbüsün gözəl nəticələrini dərhal görürük. Bütün bölgələrdə soyuducu anbarlar tikilibdir. Yəqin ki, növbəti illərdə yeni anbarlar da tikilməlidir. Ancaq hazırda biz bu gözəl təşəbbüsün nəticələrini görürük. Yığılan məhsullar orada saxlanılır, xarab olmur. Bundan həm fermerlər bəhrələnirlər, həm də ölkə vətəndaşları. Çünki bu, istehlak qiymətlərinin normal səviyyədə saxlanılmasına imkan yaradır. Növbəti illərdə bu sahəyə yenə də diqqət göstərilməlidir. Ancaq hesab edirəm ki, Azərbaycanda qısa müddətdə, 1-2 il ərzində heç vaxt bu səviyyədə müasir soyuducu kombinatlar, soyuducu anbarlar tikilməmişdir. Taxıl anbarları da tikilibdir. Yəqin ki, hazırda tikilmiş taxıl anbarları artıq bizim tələbatımızı, demək olar, ödəyir. Əgər əlavə ehtiyac olarsa, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əlavə kreditlər də verilə bilər.
Mən artıq qeyd etdim ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 125 milyon manat vəsait veriləcəkdir. Əlbəttə ki, bu vəsait işləyəcək, yeni iş yerlərinin yaradılmasına kömək göstərəcək və biz yenə də yerli istehsalın stimullaşdırılmasına öz dəstəyimizi verəcəyik.
Bütövlükdə
son illər ərzində - 2004-cü ildən başlayaraq,
ölkəmizdə 900 mindən artıq yeni iş yeri
açılmışdır və deyə bilərəm ki,
yoxsulluğun səviyyəsinin kəskin şəkildə
aşağı düşməsində bu proqramın
böyük rolu olmuşdur. 2010-cu ilin yekunlarına görə,
Azərbaycanda yoxsulluğun səviyyəsi 9,1 faiz təşkil
edir. Əgər əvvəlki illərdəki 49-44 faizlə
müqayisə etsək, bu, böyük nailiyyətdir. Ancaq 9,1
faiz də çoxdur. Baxmayaraq ki, hətta inkişaf etmiş
ölkələrdə yoxsulluğun səviyyəsi bundan da
artıq olur. Ancaq onu da qeyd etməliyik ki, burada biz statistika ilə
gərək ədalətli rəftar edək, orada meyarlar əlbəttə
ki, daha da yüksəkdir. Orada yoxsul hesab olunan, burada yoxsul hesab edilmir, bu da var. Ona
görə bir halda ki, biz ölkəmizi müasirləşdiririk
və strateji xəttimiz güclü dövlət
yaratmaqdır, biz əlbəttə ki, gərək
bütün meyarları bilək. İnkişaf etmiş
ölkələrin meyarlarını bilirik. Hədəfimiz
ondan ibarətdir ki, biz də inkişaf etmiş ölkəyə
çevrilək. Mən hesab edirəm ki, burada ilk növbədə,
Avropa İttifaqına üzv olan ölkələrin təcrübəsi
daha da dərindən öyrənilməlidir. Avropa
İttifaqına üzv olan ölkələrlə ikitərəfli
münasibətlərimiz çox yaxşıdır, səmərəlidir.
Bu münasibətlər qarşılıqlı maraqlar üzərində
qurulub, qarşılıqlı hörmət əsasındadır.
Məncə, Avropa İttifaqının təcrübəsi
dünyada ən qabaqcıl təcrübədir və orada istər
iqtisadi sahədə, istər sosial müdafiə sahəsində,
siyasi islahatlar sahəsində, mövcud olan meyarlar əlbəttə
ki, ən yaxşı səviyyədədir. Biz o təcrübəni
öyrənirik və öyrənməliyik ki, Azərbaycanda
da bütün meyarlar inkişaf etmiş ölkələrdəki
səviyyədə olsun.
Mən hesab edirəm ki, biz
Azərbaycanda gübrə zavodunun tikintisinə
başlamalıyıq. Artıq bunun vaxtı çatıb, bəlkə
də, bunu çoxdan etməli idik. Ancaq müəyyən
araşdırmalar aparılırdı, müəyyən
variantlar təhlil edilirdi. Hesab edirəm ki, bu il Azərbaycanda
bizə lazım olan və bizim tələbatımıza hesablanmış
müasir gübrə zavodu tikilməlidir. Bu məsələ
ilə bağlı müvafiq göstərişlər
verilibdir və hesab edirəm ki, bu zavodun böyük əhəmiyyəti
olacaq, o cümlədən kənd təsərrüfatının
inkişafı üçün.
Mən artıq giriş
sözümdə qeyd etdim ki, Azərbaycanda istehsal edilən məhsullar
yüksək keyfiyyətə malik olmalıdır. Kənd təsərrüfatı
sahəsində emal müəssisələri yaradılır.
Onların böyük əksəriyyəti, hazırda
yaradılan müəssisələr dünya səviyyəsinə
cavab verir. Elə etməliyik ki, ən qabaqcıl texnologiyalar tətbiq
olunsun ki, sonra xarici bazarlara çıxmaq üçün
problemlər yaranmasın. Hazırda bizim üçün əsas
bazarlar qonşu ölkələrin bazarlarıdır. Bu
bazarlar böyükdür və bizim üçün çox
məqbuldur, əlverişlidir - həm məsafə
baxımından, həm o bazarlara daxil olmaq üçün
bizim qarşımızda heç bir problem yoxdur. Biz
bütün qonşularla yaxşı, işgüzar münasibətlər
qurmuşuq və bu, əlbəttə ki, biznes sahəsində
də öz müsbət təsirini göstərir. Ancaq elə
etməliyik ki, bizim istehsal etdiyimiz məhsullar dünyanın
istənilən nöqtəsində satıla bilsin. Xüsusilə
nəzərə alsaq ki, Azərbaycanda kənd təsərrüfatı
məhsullarının keyfiyyəti çox yüksəkdir və
başqa ölkələrlə müqayisədə onlar təbiidir.
İndi buna dünyada "orqanik", yəni bizim dilimizdə
desək, təbii deyirlər. Yəni gübrəsiz, kimyəvi
maddələrdən təmiz olan və dadlı məhsullardır.
Xaricdən gələnlər Bakıda bizim tərəvəzi,
meyvələri yeyərkən başa düşürlər
ki, əsl meyvə-tərəvəz necə olmalıdır. Yəni
bu, bizim böyük üstünlüyümüzdür və
ekoloji cəhətdən təmiz məhsullarla dünya
bazarlarına çıxa bilərik. Sadəcə, emal müəssisələri,
paketləmə - bu gün Şahin Mustafayev bu barədə
dedi, - və müasir yanaşma olmalıdır. Bu, bizim
böyük sərvətimizdir və bu sərvətdən səmərəli
şəkildə istifadə etməliyik.
Xarici bazarlara çıxmaq
üçün əlbəttə, dövlət də öz
dəstəyini verməlidir və verir. Mən xarici səfərlərə
gedərkən bir çox hallarda özümlə iş
adamlarından ibarət böyük qrup da aparıram. Orada
biznes forumlar da keçiririk ki, bizim üçün tərəfdaş
olan ölkələrdə Azərbaycan biznesini təbliğ
edək, onlar üçün şərait yaradaq. Onlar da bu
ölkələrdə, başqa ölkələrdə
aparılan tenderlərdə iştirak etməlidirlər və
indi iştirak edirlər. Bəzi ölkələrdə bizim
şirkətlərimiz işləyir. Mənim həmkarlarım,
digər ölkələrin dövlət
başçıları onların fəaliyyəti haqqında
mənə məlumat verirlər. Çox şadam ki, bizim
şirkətlərin fəaliyyəti müsbətdir və o
ölkələrdə ictimai rəy də bunu müsbət
qarşılayır. Biz gərək bütün səylərimizi
ona yönəldək ki, dövlət tərəfindən dəstək
daha da güclü olsun ki, firmalarımız xarici bazarlara daha
da sürətlə çıxsın.
Xarici ölkələrdə
Azərbaycan Evlərinin, Azərbaycan Ticarət Evlərinin
yaradılması məsələləri də müzakirə
olunur. Mən hesab edirəm ki, inkişaf etmiş ölkələrin
əsas şəhərlərində Azərbaycan Evləri
yaradılmalıdır. Bunu etmək üçün indi
xüsusi plan hazırlanır. Hesab edirəm ki, bu işlərdə
Azərbaycan Dövlət Neft Fondunun vəsaiti də öz
rolunu oynamalıdır. Xüsusilə nəzərə alsaq
ki, Neft Fondunun vəsaitinin xərclənməsinin şaxələndirilməsi
üçün müəyyən təkliflər vardır.
Bu vəsaitin bir hissəsi daşınmaz əmlaka da qoyula bilər
ki, orada həm gəlir daha da çox olacaq, həm də ki,
biz bütün aktivlərimizi bir maliyyə alətində
saxlaya bilmərik. Yəni vəsait Neft Fondundan gələ bilər
və inkişaf etmiş ölkələrin aparıcı
şəhərlərində mərkəzi yerlərdə Azərbaycan
Ticarət, Mədəniyyət evlərinin yaradılması
prosesi başlanmalıdır. Mən hesab edirəm ki, artıq
bu il biz işə başlamalıyıq. Müəyyən
yerlər seçilsin, bu, həm ticarət nöqteyi-nəzərdən
səmərəli təşəbbüs olacaqdır, Azərbaycan
öz imkanlarını daha da açıq şəkildə
nümayiş etdirəcəkdir. Eyni zamanda, xarici ölkə vətəndaşlarına
Azərbaycan haqqında dolğun və dəqiq məlumat
çatdırılacaq və bu, həm də bizim təbliğat
mexanizmlərimizdən biri olacaqdır. Bununla bərabər,
Dövlət Neft Fondunun vəsaitinin bir hissəsini bu işlərə
yönəltməklə biz, eyni zamanda, fondun vəsaitini
daşınmaz əmlaka da qoymuş olacağıq. Yəni bu
təşəbbüsü reallaşdırmaqla biz bir neçə
məqsədi təmin edəcəyik.
Kənd təsərrüfatına
yararlı torpaqlardan təyinatı üzrə istifadə
olunmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti
orqanları, bələdiyyələr bu torpaqlardan səmərəli
istifadəni təmin etməlidir. Bu sahədə qanun
pozuntularına yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar.
Kənd təsərrüfatı istehsalını
stimullaşdırmaq üçün subsidiyalar verilir və bu
prosedur sadələşdirilməlidir. Buna böyük ehtiyac
var. Ərzaq təhlükəsizliyini təmin etməliyik və
inhisarçılığa qarşı daha da ciddi mübarizə
aparılmalıdır. Hazırda bu mübarizə lazımi səviyyədə
deyil. Ərzaq təhlükəsizliyi ilə bağlı biz elə
etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə
istehsal olunmayan ərzaq məhsullarının inkişafı
üçün və yeni müəssisələrin
yaradılması üçün əlavə tədbirlər
görülsün. Mənə verilən bəzi rəqəmlər
onu göstərir ki, bəzi məhsullarla
özümüzü təmin edirik, amma bəzi hallarda daha
çox idxaldan asılıyıq. Misal üçün, Azərbaycanda
93 faiz ət istehsal olunur, demək olar ki, burada vəziyyət
yaxşıdır. Quş əti istehsalı artıbdır,
hazırda özümüzü 80 faiz səviyyəsində təmin
edirik. Süd və süd məhsullarının 85 faizi Azərbaycanda
istehsal olunur. Amma bitki yağına, kərə yağına gəldikdə,
daha çox idxaldan asılıyıq. Şəkərlə
özümüzü 150 faiz təmin edirik, ixrac da edirik. Ona
görə o sahələrdə ki, biz idxaldan asılı
deyilik, orada qiymətin süni artımına qətiyyən
yol vermək olmaz.
Ona görə mən
giriş sözümdə qeyd etdim ki, neftin bahalaşması,
istər-istəməz, bütün idxal olunan ərzaq
mallarının bahalaşmasına gətirib
çıxaracaqdır. Yəni bununla mübarizə aparmaq
çətindir. Amma Azərbaycan daxilində istehsal olunan kənd
təsərrüfatı, ərzaq məhsullarının
süni şəkildə bahalaşması yolverilməzdir.
Bunu edənlər məsuliyyətə cəlb
olunmalıdır və İqtisadi İnkişaf Nazirliyi, digər
qurumlar istehlak mallarının qiymətlərinə ciddi nəzarət
etməlidir. Həm inzibati tədbirlər görməliyik,
eyni zamanda, inhisarçılıqla mübarizə, bax, ən
gözəl addım olacaqdır. Bu sahədə işlər
daha da sürətlə getməlidir. Bostan məhsulları,
meyvə-tərəvəzlə biz özümüzü, əlbəttə
ki, 100 faiz, ondan da artıq təmin edirik.
Ölkəmizdə biznes
mühitinin yaxşılaşdırılması
üçün əlavə tədbirlər görülməlidir.
Hazırda bütövlükdə vəziyyət müsbətdir.
Ancaq çatışmayan cəhətlər var. Azərbaycanda
biznes mühiti inkişaf etmiş ölkələrin səviyyəsində
olmalıdır. Daha heç nə icad etmək lazım deyil,
orada necədirsə, burada da elə olmalıdır. Biz
onların təcrübəsini bilirik və burada da eyni təcrübəni
tətbiq etməliyik. Biznes mühitinin
yaxşılaşdırılması üçün
bütün dövlət qurumları daha da fəal işləməlidir,
bütün nöqsanlar aradan qaldırılmalıdır. Bu
nöqsanlar və çatışmayan cəhətlər bizə
bəllidir. Sadəcə olaraq, bütün bu işlər
düzgün qurulmalıdır.
Ölkəmizdə biznesin
inkişafı, yeni müəssisələrin
yaradılması prosesi sürətlə gedir və əlbəttə
ki, yeni müəssisələrdə peşəkar kadrlar
işləməlidir. Bu barədə bu gün Sumqayıt
Texnoparkının nümayəndəsi öz
çıxışında qeyd etdi. Tamamilə düzgün
fikirdir. Azərbaycanda peşəkar kadrların hazırlanması
prosesi daha da sürətlə getməlidir. Bu barədə
müvafiq göstərişlər verilib, Təhsil Nazirliyi bu
işlə məşğuldur. Texniki peşə məktəblərinin
tikintisi və onların müasir səviyyəyə
çatdırılması prosesi daha da sürətlə getməlidir.
Bununla bərabər, müxtəlif qurumlar tərəfindən
kurslar da təşkil olunmalıdır. Bizə həm texniki
mütəxəssislər lazımdır, həm də menecerlər
lazımdır. İndi xarici şirkətlərdə hər
şeyi idarəçilik təmin edir. Bu gün bir adam bir sahədə
işləyir, ondan sonra başqa sahədə işləyir. Əgər
o, yaxşı menecerdirsə, hər bir yerdə işləyə
bilər. Bizdə keçmişdə və bu günə qədər
bu prinsip hələ ki, o qədər də geniş vüsət
almayıbdır. Bizdə hesab olunur ki, əgər sən
neftçisənsə, gərək elə ömür boyu
neftlə məşğul olasan. Əgər sən energetiksənsə,
gərək energetikada işləyəsən. Sən əgər
qaz hasilatında işləyirsənsə, orada məşğul
olmalısan. Belə yanaşma bəlkə də nə vaxtsa
özünü doğruldurdu, amma bu gün yox.
Dünya təcrübəsi
onu göstərir ki, aparıcı transmilli şirkətlərdə
bu gün bir adam hansısa neft şirkətinin
başındadırsa, sabah telekommunikasiya şirkətinin
başındadır, ondan sonra böyük bir qida məhsulu
istehsalı şirkətinin başındadır. Bax, bizdə
də belə olmalıdır. Ona görə biz peşəkar
menecerlərin hazırlanması işinə çox
böyük diqqət göstərməliyik. Menecerlərə
olan tələbatımız getdikcə daha da artacaqdır.
Çünki ölkə iqtisadiyyatı o qədər sürətlə
inkişaf edir ki, o qədər yeni müəssisələr,
müasir istehsallar yaradılır ki, mən bilirəm, bəzi
hallarda yeni müəssisələrə xaricdən menecerlər
gətirilir. Mən buna etiraz etmirəm, bu, təbiidir. Azərbaycan
dünya birliyinin bir parçasıdır. Burada işləmək
üçün gələnlər, əlbəttə ki, ancaq
qonaqpərvərlik görürlər və görəcəklər.
Amma elə etməliyik ki, öz kadrlarımızı da
sürətlə hazırlayaq.
Ölkəmiz
üçün, o cümlədən sahibkarlığın
inkişafı üçün vacib olan məsələlərdən
biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa
qarşı mübarizəni gücləndirməkdir. Bu barədə
mən öz sözümü ilin əvvəlində Nazirlər
Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər
verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin
bütün yerlərində bu məsələ ilə
bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri
görürük və elə etməliyik ki, bu nəticələr
daha da gözəgörünən, daha da təsirli olsun. Bu
proses birillik, ya ikiillik proses deyil və bu, kampaniya deyil, bizim
şüurlu seçimimizdir. Əgər biz doğrudan da Azərbaycanı
müasir ölkə kimi görmək istəyiriksə və
bütün sahələrdə inkişafı görmək
istəyiriksə, xoşagəlməz hallara qarşı
mütləq ciddi mübarizə aparmalıyıq. Korrupsiya və
rüşvətxorluq böyük bəladır, böyük
yaradır və bizim üçün böyük ləkədir.
Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq
təmin edilsin. Burada, əlbəttə ki, həm inzibati tədbirlər
görülür və görüləcəkdir. Cəza tədbirləri
görülür və görüləcəkdir. Eyni zamanda,
biz struktur islahatlarını elə aparmalıyıq ki,
korrupsiya, rüşvətxorluq tamamilə aradan
götürülsün. Son müddət ərzində mənim
tərəfimdən imzalanmış sərəncamlar bu məqsədi
güdür. Yəni biz struktur islahatlarından, institusional
metodlardan korrupsiyaya, rüşvətxorluğa qarşı
mübarizəni gücləndirmək üçün istifadə
etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur
islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail
ola bilməyəcəyik. Ona görə bütün dövlət
qurumları, bütün dövlət şirkətləri,
yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir
ki, hər bir məmur öz işində elə işləməlidir
ki, həmişə üzüağ olsun, alnıaçıq
olsun.
Mən yenə də demək
istəyirəm ki, biz bu xoşagəlməz hallara
qarşı ciddi mübarizənin birinci nəticələrini
artıq görürük və ümid edirəm ki, yaxın
zamanlarda daha da böyük nəticələri görəcəyik.
Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət
etmək istəyirəm. Bir dəfə artıq müraciət
etmişəm və bu müraciətin çox yaxşı nəticəsi
olmuşdur. Mənə, Prezident Administrasiyasına
bütün bölgələrdən məktublar gəlir - həm
təşəkkür məktubları, həm də şikayət
məktubları. Bu canlı bağlantı həmişə
olub və olacaqdır. Biz hamımız
çalışmalıyıq ki, Azərbaycan müasir
dövlətə çevrilsin, ölkəmizə
yaraşmayan, ölkəmizi geriyə aparan, onun
inkişafını əngəlləyən xoşagəlməz
hallar Azərbaycanda olmasın. Bizim gözəl imkanlarımız,
gözəl perspektivlərimiz var - güclü dövlət,
güclü iqtisadiyyat, güclü sosial siyasət,
infrastruktur layihələri. Azərbaycanın iqtisadi
inkişafı bu günə qədər dünyada heç
bir başqa ölkədə təkrarlanmayıbdır.
Qısa müddət ərzində, 7 ildə iqtisadiyyat 2,8 dəfə
artmışdır. Yoxsulluğun səviyyəsi 4,5 dəfə
azalmış, 900 min iş yeri açılmışdır.
Hər yerdə quruculuq, abadlıq, tikinti işləri gedir, Azərbaycan
vətəndaşları sabitlik, təhlükəsizlik şəraitində
yaşayırlar. Ən yaxşı kriminogen vəziyyət
bizdədir. Azərbaycanda, 9 milyon əhalisi olan ölkədə
gündə 30-35 cinayət baş verir. Bu, başqa ölkələrlə
müqayisədə bir neçə dəfə azdır. Yəni
təhlükəsizlik, sabitlik, rifahın
yaxşılaşması var. Bununla bərabər, bizim cəmiyyətimizi
içəridən sarsıdan xoşagəlməz hallar,
rüşvətxorluq, əsassız tələblər var, bəzi
hallarda insanları incidirlər, insanlara qarşı reketlik
edirlər, əsassız tələblər irəli
sürürlər. Axı, olmaz belə! Biz
çalışırıq ki, insanlar yaxşı
yaşasınlar. Biz Azərbaycanda 500 mindən artıq insana
dövlət tərəfindən sosial yardım edirik. Yüz
mindən artıq ailə hər ay dövlətdən 106 manat
pul alır. Kimin imkanı yoxdursa, bu pulu ona veririk, o,
yaşamalıdır. Hamı yaşamalıdır,
yaxşı yaşamalıdır. Düzdür bu, insandan
asılıdır. Azərbaycanda bütün imkanlar var. Kimin
bacarığı var, biliyi var, imkanı var, daha da
yaxşı yaşayır. Bu, hər yerdə belədir.
Artıq bu məsələlərlə bağlı çox
ciddi işlər gedir və gedəcəkdir. Hamı bunu bilməli
və özü üçün nəticə
çıxarmalıdır.
Bu il Azərbaycanda "Turizm
ili" elan olunmuşdur. Təkcə Bakıda 5 beşulduzlu
mehmanxana açılacaqdır. Bu yaxınlarda mən Naftalan
şəhərində iki gözəl müasir
mehmanxananın açılışında iştirak
etmişdim. İki gün bundan əvvəl Qusar rayonunda
Şahdağ Qış-Yay Turizm Mərkəzinin tikintisi ilə
Ölkəmizdə sənayeləşmə
siyasəti aparılır və sənaye istehsalının
inkişafı üçün əlavə tədbirlər
görülməlidir. Ənənəvi olaraq, Azərbaycanın
bir neçə sənaye mərkəzi olmuşdur. Hazırda
o mərkəzlərdə yeni sənaye müəssisələri
yaradılır və biz Azərbaycanda bir neçə şəhəri
məhz güclü sənaye mərkəzlərinə
çevirməliyik. İlk növbədə, mən
Sumqayıtı nəzərdə tuturam. Sumqayıt vaxtilə
neft kimyası sənayesi mərkəzi kimi
yaradılmışdır. İndi neft kimyası sənayesi
canlanır və orada işlər düzəlir, islahatlar
aparılır. Bununla bərabər, Sumqayıt müasir sənaye
şəhərinə çevrilir. Sumqayıt texnologiya
parkı, digər müəssisələr tikilir. Ona görə
Sumqayıt yeni, müasir sənaye şəhəri kimi
formalaşır. Orada böyük torpaq sahələri var.
Vaxtilə tikilmiş və indi işləməyən zavodlar
var, peşəkar işçi qüvvəsi, dəmir yolu var,
Bakıya yaxındır. Yəni Sumqayıt ölkəmizin sənaye
mərkəzlərindən biri kimi inkişaf etməlidir.
Eyni zamanda, Gəncə şəhəri
də sənaye mərkəzi kimi inkişaf etməlidir.
Bakı şəhərinin Qaradağ rayonunda da müasir sənaye
mərkəzi yaradılmalıdır. Şübhəsiz digər
şəhərlərdə də sənaye istehsalı
yaradılmalıdır və yaradılır. Amma məncə,
əsas bu üç mərkəz yaradılmalıdır və
biz bu məsələyə planlı və kompleks şəkildə
yanaşmalıyıq.
Bu il "Turizm ili" elan
edilib, amma o demək deyil ki, "Ekologiya ili" başa
çatıbdır. "Ekologiya ili" hər il
olmalıdır. Keçən il böyük işlər
görülüb - ağaclar əkilib, neftlə çirklənmiş
gölməçələr təmizlənib, içməli
su layihələri icra edilmişdir. Baxmayaraq ki, bu il "Turizm
ili"dir, ancaq "Ekologiya ili" bu il də davam etdirilməli
və bütün yerli icra orqanları keçən il işlədikləri
kimi, bu il də işləməlidirlər. Nəzərə
alsaq ki, Azərbaycan ictimaiyyəti də bu məsələyə
çox böyük həvəslə
yanaşmışdır, bu iş davam etdiriləcəkdir.
Bir sözlə, görüləsi
işlər çoxdur, proqramlar icra edilir. Ən əsası
ondan ibarətdir ki, biz öz işimizi proqramlar əsasında
qururuq. Hər bir sahə üçün, hər bir bölgə
üçün, hər bir rayon üçün konkret
proqramlar var və icra olunur. Biz vaxtaşırı belə
geniş tərkibdə görüşürük, yaxud da ki,
mən bölgələrdə olarkən
görüşürük, məsələləri müzakirə
edirik. Bu, daimi və canlı prosesdir və bizə imkan verir
ki, məsələləri həll edək, problemləri
araşdıraq, aydınlaşdıraq, təhlil edək,
onların həlli yollarını müəyyən edək,
maliyyə resurslarını, texniki imkanları, peşəkar
kadrları cəlb edək və məqsədə çatmaq
üçün bütün lazımi addımları ataq.
Mən şübhə etmirəm ki, bu gözəl meyillər növbəti illərdə Azərbaycanda daha da güclənəcək, ölkəmiz güclənəcək, möhkəmlənəcək, Azərbaycan xalqı isə ildən-ilə daha da yaxşı yaşayacaqdır. Sağ olun.
AzərTAc
Azərbaycan.- 2011.-2 mart.- S. 4, 5.