Bakıda fransız məktəbinin tikintisi ilə bağlı niyyət bəyannaməsi imzalanmışdır

 

Martın 1-də Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız məktəbinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanmışdır.

Heydər Əliyev Fondunda imzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva fransız məktəbinin Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə müsbət təsir göstərəcəyindən ümidvar olduğunu demişdir. Azərbaycanın birinci xanımı Azərbaycan-Fransa münasibətlərini yüksək qiymətləndirmiş, bu məktəbin açılışını ölkələrimiz arasında bütün sahələrdə uğurla inkişaf edən əməkdaşlıqda növbəti addım kimi səciyyələndirərək dedi:

- Mən çox şadam ki, bu layihədə dövlət qurumları ilə yanaşı Heydər Əliyev Fondu da iştirak edir. Ümidvaram ki, yaxın gələcəkdə fransız məktəbi ölkəmizdə fəaliyyətə başlayacaq və bu da Azərbaycanın təhsilinə öz müsbət təsirini göstərəcəkdir. Siz bilirsiniz ki, bu gün Azərbaycanda təhsilə olan diqqət, Azərbaycan üçün təhsilin inkişafı prioritet sahədir. Əlbəttə belə bir məktəbin ölkəmizdə fəaliyyəti bu prosesə güclü təkan verəcəkdir. Mən bu layihədə iştirak edən bütün insanlara minnətdarlığımı bildirirəm. Bilirəm ki, bu günə qədər böyük iş aparılıb. Ümidvaram ki, gələcəkdə də biz çox səmərəli əməkdaşlıq quracağıq.

Hər bir dövlətin sərvətinin onun insan amili olduğunu vurğulayan Mehriban xanım Əliyeva Azərbaycanın gələcəyinin bu gün təhsil alan uşaqlardan, gənclərdən asılı olduğunu bildirmişdir. Ona görə də təhsil ölkəmizdə prioritet sahədir və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, bu əlamətdar hadisənin Azərbaycan-Fransa münasibətləri üçün çox əhəmiyyətli olduğunu demişdir.

Azərbaycanda təhsilə olan dövlət qayğısından danışan təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun təhsilin inkişafı sahəsində gördüyü işləri, həyata keçirdiyi layihələri xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, müxtəlif sahələrdə böyük uğurlara imza atan Heydər Əliyev Fondu ən geniş layihələrini təhsil sahəsində reallaşdırır. İndiyədək fondun təşəbbüsü ilə 300-dən çox müasir tipli təhsil müəssisəsi tikilərək istifadəyə verilmişdir.

Ölkəmizin iqtisadi uğurları və əlverişli investisiya mühiti barədə danışan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev xarici investorların Azərbaycana marağının getdikcə artdığını vurğulamışdır. O demişdir ki, belə bir tədris müəssisəsi ölkəmizə çalışmaq üçün gələn fransızdilli vətəndaşların övladları üçün gözəl töhfədir.

Sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, Fransanın Azərbaycandakı səfiri Qabriel Keller, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov Bakıda fransız məktəbinin tikintisinə dair niyyət bəyannaməsini imzalamışlar.

Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının fransız dilində təhsil almasına imkan verən məktəbin yaradılması hər iki ölkənin maraqlarına cavab verir. Fransanın milli tədris proqramına uyğun təhsil verəcək fransız məktəbinin yaradılması iki ölkə arasında təhsil, mədəniyyət və dilçilik sahəsində əməkdaşlığın mühüm amilinə çevriləcəkdir.

Bəyannaməyə əsasən, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq, 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız modelinə uyğun olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə müvafiq olaraq fransız dilində aparılacaqdır. Məktəbin Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verən attestatı Fransa dövləti tərəfindən tanınacaqdır. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar. Yeni təhsil ocağının yaradılması gələcəkdə yüksək səviyyəli peşəkar mütəxəssislərin yetişməsinə imkan verməklə yanaşı, iki ölkə arasında iqtisadi əməkdaşlıq imkanlarını daha da genişləndirəcəkdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gələcəkdə də belə səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu demişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-2 mart.- S. 5.