"Bələdiyyələrin
işində korrupsiya ilə mübarizə inzibati nəzarət
qaydasında gücləndirilir" mövzusunda növbəti
seminar-müşavirə keçirilmişdir
Martın 1-də Xırdalan şəhərində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi "Bələdiyyələrin işində korrupsiya ilə mübarizə inzibati nəzarət qaydasında gücləndirilir" mövzusunda növbəti seminar-müşavirə keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"nın və Azərbaycan Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" fərmanının icrası ilə bağlı həyata keçirilmiş tədbirlərdən danışılmış, qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Seminar-müşavirənin işində Prezident Administrasiyasının Bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, milli assosiasiyaların, rayon icra hakimiyyətinin, yerli əmlakın dövlət reyestri xidməti, torpaq və xəritəçəkmə, vergi və maliyyə qurumlarının əməkdaşları, Bakı, Sumqayıt və Xırdalan şəhər, Abşeron, Xızı, Qobustan rayon bələdiyyə sədrləri və üzvləri iştirak etmişlər.
Seminar-müşavirədə Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bildirmişdir ki, respublikamızın hərtərəfli inkişafı və qazanılan nailiyyətlərdə cəmiyyətin bütün sahələrində demokratik normaların, şəffaflığın təmin olunması və qanunçuluğa riayət edilməsinin müstəsna rolu vardır. Respublikamızda hüquqi dövlətin möhkəmlənməsi və vətəndaş cəmiyyəti quruculuğunun inkişafını inamla davam etdirən Prezident İlham Əliyevin son illər dövlət və yerli özünüidarəetmə sistemində şəffaflıq prinsipinin qorunması, dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi, maliyyə intizamının gücləndirilməsi, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə tədbirlərini genişləndirməsi də məhz bu reallıqla şərtlənir.
Qeyd olunmuşdur ki, Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən bir orqan kimi bələdiyyələrin yol verdiyi nöqsanların, qanunsuzluqların aradan qaldırılması istiqamətində gördüyü tədbirləri daim gücləndirir. Bu tədbirlərin nəticəsidir ki, Mərkəzin araşdırmaları nəticəsində bir çox bələdiyyə orqanlarında baş verən qanunsuzluqların aradan qaldırılmasına nail olunmuş, qanun pozuntusuna yol verən bələdiyyə rəhbərləri qanun qarşısında cavab vermişlər.
Bildirilmişdir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlərin icrası zamanı 2010-cu ildə Ədliyyə Nazirliyinə bələdiyyə aktlarının daxil olması xeyli artmışdır. Bu, bələdiyyələrin xeyli hissəsinin öz səlahiyyətlərinin icrasına məsuliyyətlə yanaşmasının bariz göstəricisidir.
Bələdiyyələrin həyata keçirdikləri işlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində nöqsanlar, qanunsuzluqlar aşkar edilmiş, bununla bağlı hüquqi tədbirlər həyata keçirilmişdir.
Vurğulanmışdır ki, əsas qanun pozuntularının bələdiyyə sədrlərinin qərar qəbul etmək prosedurlarını pozmaları, mülkiyyət və əmlakdan istifadə, maliyyə məsələlərinin həllində yol verilən nöqsan və qanunsuzluqlardan ibarət olduğunu nəzərə alaraq bələdiyyələr fəaliyyətlərində məhz bu nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirməlidirlər. Bu yönümlü qanunsuzluqlar sırf korrupsiya xarakterlidir.
M.Səlimzadə bələdiyyələrə qəbul etdikləri qərarları inzibati nəzarəti həyata keçirən orqana vaxtında təqdim etmələrini, iclasları mütəmadi olaraq keçirmələrini, qərar qəbul etmək qayda və prosedurlara əməl etmələrini, fəaliyyətləri barəsində əhaliyə hesabat vermələrini tövsiyə etmişdir.
Yekunda o, bələdiyyələrin fəaliyyətində korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyini, hazırda 6 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntularının aşkar olunduğunu bildirmiş, araşdırmaların bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmış, bələdiyyə sədrlərini qanunçuluğa riayət etməyə çağırmışdır.
Seminar-müşavirədə çıxış edənlər narahatlıq doğuran məsələlərə toxunmuş, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərməsini yüksək qiymətləndirmişlər. Qeyd olunmuşdur ki, fəaliyyət zamanı qanun pozuntularına yol verilməməli, əhalinin üzləşdiyi sosial problemlərin həlli üçün bütün imkanlardan istifadə olunmalıdır. Belə tədbirin keçirilməsi həm maarifləndirmə, həm də hüquqi baxımdan əhəmiyyətlidir və ümumi işin daha keyfiyyətlə həyata keçirilməsinə təkan verir.
Tədbirdə
bələdiyyə sədrlərinin çıxışlarında
toxunduqları məsələlər
cavablandırılmışdı.
Azərbaycan.- 2011.-2 mart.- S. 6.