Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında xoş münasibətlər mövcuddur

 

Martın 1-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatı (DST) Avropa regional direktoru xanım Suzanna Yakab ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonağı səmimi salamlayan Elçin Əfəndiyev dünyanın 53 ölkəsini özündə birləşdirən Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan hökuməti arasında xoş münasibətlərin mövcud olduğunu vurğulamışdır. O xatırlatmışdır ki, DST Assambleyasının 60-cı sessiyasında ana və uşaq sağlamlığının qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva xüsusi mükafata layiq görülmüşdür. Cenevrədəki Millətlər Sarayında mükafatın təqdimolunma mərasimində 193 ölkənin səhiyyə rəsmiləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Həmin gün Mehriban xanım Əliyeva Millətlər Sarayında "Azərbaycan otağı"nın açılışında da iştirak etmişdir.

Daha sonra Azərbaycanın səhiyyə nazirinin DST Avropa Regional Bürosunun Daimi Komitəsinin üzvü olduğunu vurğulayan Baş nazirin müavini bütün bu faktların tərəflər arasında əlaqələrin yüksək səviyyədə olduğunu sübut etdiyini nəzərə çatdırmışdır.

Görüşə görə minnətdarlığını bildirən xanım Suzanna Yakab Bakıya gəlişinin əsas məqsədi barədə ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, səhiyyə sahəsində hökumətin səmərəli addımlarının böyük nəticələrini nəzərə alan DST Avropa Regional Bürosunun rəhbərliyi 2009-cu ildə Kopenhagendə keçirilmiş Dünya Səhiyyə Təşkilatının 59-cu sessiyasında Regional Komitənin 61-ci sessiyasının 2011-ci ilin sentyabrında Bakı şəhərində keçirilməsini qərara almışdır. Həmin tədbirin keçirilməsi üçün DST-nin Avropa Regional direktoru Suzanna Yakabın rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.

Sonda qonaq bütün dünyadan 400 nəfərədək nümayəndənin qatılacağı sessiyanın işinə hazırlıq mərhələsində yaxından iştirak etdiyinə və göstərdiyi köməyə görə Azərbaycan hökumətinə dərin təşəkkürünü bildirmişdir.

Görüşdə Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir.

 

 

Azərbaycan.- 2011.-2 mart.- S. 6.