Sumqayıt hadisələri sovet rəhbərliyinin və erməni dairələrinin Azərbaycan xalqına qarşı təxribatı idi

 

Qarşılarına qoyduqları məkrli niyyətə yetmək üçün hər cür vəhşiliyə, insanlığa sığmayan qanlı cinayətlərə imza atan ermənilər hətta öz millətlərindən olanların belə, qanını tökməkdən çəkinməyiblər. 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verənlər də erməni məkrinin və terrorunun növbəti qanlı səhifəsi idi. Sumqayıt hadisələrini törətməklə bəhanə əldə edən ermənilər Azərbaycana qarşı növbəti ərazi iddialarını açıq müstəviyə keçirdilər. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan 200 mindən artıq azərbaycanlını doğma yurdlarından didərgin saldılar, Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı silahlı separatizmə başladılar.

Sumqayıtda baş verənlərdən 23 il ötür. İllər keçdikcə bu hadisənin görünməyən tərəfləri aydınlaşır, ermənilərin həyata keçirdikləri qanlı ssenarinin harada yazıldığı, kimlərin həmin hadisənin törənməsində maraqlı olduğu tam çılpaqlığı ilə üzə çıxır. Bu gün hər birimizin qarşısında duran vəzifələrdən biri məhz Sumqayıt hadisələrinin baş verməsinin əsl səbəbini, günahkarlarını dünyaya çatdırmaqdır. Bu istiqamətdə, xüsusən, tarixçilər tərəfindən dolğun araşdırmaların aparılmasına, arxivlərin öyrənilməsinə ciddi ehtiyac duyulur. Çünki indi bunu etməsək, kim bilir, gələcəkdə ermənilər Sumqayıt hadisələrindən öz xeyirlərinə daha hansı "şoular" düzəldəcəklər.

Milli Məclisin deputatı, professor Musa Qasımlı Sumqayıt hadisələri ilə bağlı arxiv materialları əsasında uzun müddətdən bəridir, çox ciddi araşdırmalar aparıb, ermənilərin 23 il əvvəl törətdikləri qanlı əməllərlə bağlı faktlar ortaya çıxarıb. Onunla müsahibəmiz bu mövzudadır.

 

- Musa müəllim, apardığınız araşdırmalar yəqin ki, Sumqayıt hadisələrinə qədər baş verən prosesləri də əhatə edir. Ona görə istərdik ilk olaraq Sumqayıt hadisələrinə aparan yola nəzər salaq...

- Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin ortalarında keçmiş SSRİ-nin respublikalarından biri olan Ermənistan digər müttəfiq respublikanın - Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək, respublikamızın coğrafi-siyasi, etnik-mədəni baxımdan tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsi ilə bağlı əsassız iddialar irəli sürdü. Bununla da, iki müttəfiq respublika arasında münaqişə yarandı.

1987-ci ilin noyabrında ermənilərin nümayəndələri Moskvaya gedərək mərkəzi orqanlar qarşısında əsassız tələblərini irəli sürdülər. Elə həmin aydan etibarən Ermənistanda öz tarixi torpaqlarında, ata yurdlarında yaşayan azərbaycanlı əhaliyə qarşı hücumlara start verildi. Bunun da nəticəsində yüzlərlə azərbaycanlı qaçqına çevrilərək Azərbaycana pənah gətirdi. Artıq 1988-ci ilin yanvar ayında Azərbaycanda Ermənistandan qovulan 4 mindən çox azərbaycanlı vardı.

1988-ci ilin fevralında Ermənistan nümayəndələri Moskvaya növbəti dəfə səfər edərək sovet ittifaqının rəhbər orqanları qarşısında öz tələblərini irəli sürdülər. Bunun ardınca 1988-ci il fevralın 11-də Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə hərəkətlər başladı. Həmin hərəkətlər Ermənistanda və Xankəndidə azərbaycanlılara qarşı zorakılıq, hücumlar, bir müddət sonra isə azərbaycanlıların qaçqın və məcburi köçkünə çevrilmələri ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan "Qarabağ" və "Krunk" təşkilatlarının fəalları - Z.Balayan və İ.Muradyan kimiləri, iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar. Təşkilatların fəalları Sov.İKP MK-nın məsul işçiləri olan V.A.Mixaylova və A.V.Krıçinə istinad edərək Dağlıq Qarabağ məsələsinə Moskvada müəyyən dairələrdə baxıldığını deyirdilər.

Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti yaratmamışdı. Bu, Ermənistanın bilavasitə kobud müdaxiləsinin, ermənilərin Azərbaycana qarşı növbəti ərazi iddialarının nəticəsi idi. Belə ki, artıq 80-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər yarımleqal şəraitdə odlu silah, partlayıcı maddələr istehsal edərək Dağlıq Qarabağa göndərirdilər. Sovet Ermənistanı rəhbərlərinin himayəsi altında Qarabağdakı qanunsuz silahlı birləşmələri silah və sursatla, rabitə vasitələri, o cümlədən nəqliyyatla təmin edirdilər. Eyni zamanda, Ermənistandakı azərbaycanlı kəndlərinə hücumlar edilir, Azərbaycanın sərhədboyu yaşayış məntəqələri atəşə tutulur, müdafiəsiz əhali qorxu altında saxlanılırdı. Bütün bunların dayandırılmaması, Moskvanın susqunluğu isə təbii ki, Azərbaycanda əhalinin həm mərkəzə, həm də respublika hakimiyyətinə olan qəzəbini artırır, həm də inamını sarsıdırdı.

Bununla yanaşı, Dağlıq Qarabağda münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər də təsir edirdi. Məsələn, SSRİ rəhbəri M.Qorbaçovun başlamış olduğu yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasəti həyata keçmirdi. Buna görə M.Qorbaçov yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa çalışırdı. SSRİ rəhbərinə təsir etmək imkanları olan erməni siyasətçiləri və ideoloqları isə bundan Dağlıq Qarabağdakı iddialarının həyata keçirilməsi üçün istifadə edirdilər.

Eyni zamanda, SSRİ-nin dağılmasında maraqlı olan bəzi Qərb dövlətləri də milli münasibətləri qızışdırırdılar. Onlar sovet ittifaqını demokratik və güclü bir dövlət kimi görməkdə maraqlı deyildilər. Ölkəni daha tez dağıtmağın yolu milli münasibətləri kəskinləşdirməkdən keçirdi.

Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin kökləri etnik amilin üstünlüyündə deyil, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarında idi. Uzun illər boyu antiazərbaycan, antitürk xətti Ermənistanda rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılmışdı. Həmin respublikada azərbaycanlıların sıxışdırılması, tarix və mədəniyyət abidələrinin dağıdılması davam etdirilmişdi. M.Qorbaçovun hakimiyyətə gəlməsindən sonra bu proseslər daha da güclənmişdi. 1988-ci il fevralın 18-də etdiyi çıxışında M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxılmasının vacibliyini söylədi. Bu, müttəfiq respublikaların İttifaqdan ayrılması cəhdlərinə mane olmaq və Sov.İKP MK Siyasi Bürosundan uzaqlaşdırdığı rəqiblərinə qarşı təzyiq vasitəsi idi. M.Qorbaçovun çıxışı erməniləri daha da ruhlandırdı. Onlar fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin iclasını keçirdilər. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. Vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. Bundan sonra vilayətdə azərbaycanlılara qarşı təzyiqlər daha da artmağa başladı. Ermənistanda isə azərbaycanlıların sıxışdırılması geniş miqyas aldı. Fevralın 21-də Qafandan qaçan 70 nəfər Azərbaycan KP MK-nın qəbul otağına gələrək Ermənistanda yaşamağın mümkün olmadığını bildirdilər. Amma onları qəbul edən məsul işçilər bu barədə Ermənistan rəhbərliyinə müraciət etməyi tövsiyə etdilər. Ermənistanda isə onları dinləyən yox idi!

Fevralın 21-də Sov.İKP MK "Dağlıq Qarabağda hadisələr haqqında" qərar qəbul etdi. Qərarda vilayətdə yaranmış vəziyyət siyasi cəhətdən ciddi qiymətləndirilirdi. Qeyd edilirdi ki, bu regionda milli-ərazi quruluşunun dəyişdirilməsi hərəkətləri və tələbləri Azərbaycan və Ermənistan zəhmətkeşlərinin maraqlarına ziddir, millətlərarası münasibətlərə ziyan vurur. Əgər məsuliyyətli qərarlar qəbul edilməsə, bu, çətin düzələn nəticələrə gətirə bilər. Qərarda Dağlıq Qarabağda baş verənlərin hamısının ekstremist əhval-ruhiyyəli şəxslərin məsuliyyətsiz çağırışlarına yerli partiya və sovet orqanlarının gözləmə mövqeyində dayanmasının nəticəsi olduğu göstərilirdi. Sov.İKP MK vəziyyəti normallaşdırmaq üçün bütün məsuliyyəti Azərbaycan və Ermənistan KP MK-nın və şəxsən birinci katiblərin üzərinə qoyurdu. Qərarda vilayətin sosial-iqtisadi inkişafına dair tədbirlər işləyib hazırlamaq da tapşırılırdı.

Azərbaycan KP MK Bürosu fevralın 22-də həmin qərarı müzakirə edərək bəyəndi. Müvafiq qərar qəbul etdi. Həmin qərarda Sov.İKP MK qərarı mühüm əhəmiyyətli siyasi sənəd kimi qiymətləndirildi. Vəziyyəti normallaşdırmaq işi Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinə tapşırıldı. Vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri hazırlayıb Azərbaycan KP MK-ya təqdim etmək göstərişi verildi. Əhali arasında təbliğat işləri aparmaq tövsiyə edildi. Mətbuat, radio və televiziyanın imkanlarından istifadə edərək erməni və Azərbaycan xalqı arasında dostluğun təbliği vacib sayıldı.

Lakin Sov.İKP MK-nın və Azərbaycan KP MK Bürosunun qərarları yerinə yetirilməmiş ilk qan töküldü. Belə ki, fevralın 22-də Xankəndi - Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına qarşı etiraz edən dinc azərbaycanlılara atəş açdılar. Nəticədə Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin ilk qurbanları idi. SSRİ prokurorluğu təqsirli bilinən şəxsləri həbs etdi. Bəzi adamlar saxlanıldı. Beləliklə, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinin ilk konkret nəticəsi Əsgəranda iki azərbaycanlının öldürülməsi oldu. Münaqişənin ilk qurbanları da məhz azərbaycanlılar oldular.

1988-ci il fevralın 25-də işdə yol verdiyi nöqsanlara görə Boris Gevorkov Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edildi. Həmin vəzifəyə Vilayət Xalq Deputatları Soveti sədrinin birinci müavini, vilayət aqrar-sənaye kombinatının direktoru Nikolay Poqosyan gətirildi. Həmin gün Sov.İKP MK baş katibi Mixail Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət etdi. Bu müraciətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi tədbirləri barədə Sov.İKP MK qərar qəbul etdi. Azərbaycan KP MK Bürosu fevralın 26-da həmin qərarı bəyəndi, respublikada əhali arasında geniş iş aparmaq üçün tədbirləri müəyyənləşdirdi.

Bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə hərbi bazalar yaratmaq üçün Dağlıq Qarabağa hərbi birləşmələr, böyük miqdarda silah, sursat göndərməyə, azərbaycanlı əhaliyə qarşı terror hərəkətlərini həyata keçirməyə, onları öldürməyə, evlərini yandırmağa və sərhəd kəndləri atəşə tutmağa başladı. Ermənistan özünün təcavüzkarlığını ört-basdır etmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "erməni xalqı"nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geriliyi barədə mülahizələr irəli sürməyə başladı. Lakin bütün bunların heç bir əsası yox idi.

Bu zaman Ermənistandan azərbaycanlıların qovulması artıq kütləvi hal almışdı. Qaçqınlar Azərbaycanın müxtəlif rayonlarına, xüsusən, Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Azərbaycan SSR DTK sədri Ziya Yusifzadənin Sumqayıt hadisələrindən bir neçə gün sonra - martın 7-də Azərbaycan KP MK-ya yazdığı məxfi arayışdan aydın olur ki, artıq həmin vaxtadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər azərbaycanlı qaçqın (3030) ailə gəlmişdi. Onların içərisində 4 rus ailəsi də var idi. Ermənistandan qovularaq evsiz-eşiksiz qalan və yaşamaq üçün imkanları olmayan həmin insanlar dövlət orqanlarından hüquqlarının qorunmasını tələb edirdilər. Onlardan fərqli olaraq ermənilər Azərbaycanda yaşayır və işləyirdilər. Əsgəranda iki azərbaycanlının öldürülməsi də Qarabağda azərbaycanlı əhalini daha da hiddətləndirdi.

- Bəs, Sumqayıtda nə baş verdi?

- Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda iğtişaşlar törədildi. Əslində, Ermənistan rəhbərliyinə geniş antiazərbaycan kampaniyasına başlamaq və Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazandırmaq üçün vasitə kimi lazım olan Sumqayıt hadisəsi əvvəlcədən, müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı. İstintaq materiallarından aydın olur ki, hücum edənlər artıq qabaqcadan müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Öldürülən ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Onların siyahıları əvvəlcədən hazırlanmışdı. Hadisələrdə şəhərin qeyri-yerli əhalisindən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər.

İğtişaşlar nəticəsində 32 nəfər həlak oldu. Onların 24 nəfəri erməni, 5 nəfəri azərbaycanlı, qalanları isə digər xalqların nümayəndələri idi. Bununla belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı erməniləri mənzillərində gizlədərək ölümdən xilas etdi. Bədən xəsarəti alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi, 14 avtomaşın yandırıldı, 8 maşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı, Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

Hadisənin təşkilatçılarından biri ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qriqoryan idi. O, həmin iğtişaşlara qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmışdı. Azərbaycan SSR Ali Məhkəməsi sonralar, 1989-cu il 22 dekabr tarixli qərarı ilə Qriqoryanı 12 il həbs cəzasına məhkum etdi. Məhkəmə Qriqoryanın iğtişaş və qırğınların təşkilatçılarından biri olması barədə hökm çıxardı. Şahidlərin və hadisə qurbanlarının məhkəməyə verdikləri ifadələrindən Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin siyahısının olduğu və intiqam aktlarına çağırdığı aydın olurdu. Onun qurbanlarının hamısı ermənilər idi. Əsasən erməni millətindən olan şahidlər məhkəmə prosesində Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanıdılar.

- Sumqayıt hadisəsinə SSRİ rəhbərliyi necə reaksiya verdi?

- Sumqayıt hadisəsi Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral tarixli iclasında müzakirə edildi. İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını diqqətə çatdırıb. Həmin vərəqələrdə ermənilərdən mitinq etməyi dayandırmaq, silaha sarılmaq və türklərə qarşı hücuma keçmək çağırışları edilirdi. Yerevanda ordu qərargahına atəş açılmış, güllə qərargah rəisinin otağının pəncərəsinə dəymişdi. M.Qorbaçov onları ekstremist adlandıraraq bildirdi ki, mitinqlərdə bütün çıxışlarda əsas mövzu Qarabağ və onun Ermənistana birləşdirilməsidir. Daha sonra o, Ermənistandan olan yazıçılar Silva Kaputikyan və Zori Balayan ilə etdiyi söhbəti xatırladıb. M.Qorbaçova görə, hadisələrin iki səbəbi var idi: bir tərəfdən Qarabağda çoxlu diqqətsizliklər olmuşdu, ikincisi isə ermənilərdə daim olan hissiyyat başlanğıc rolu oynamışdı. M.Qorbaçov Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibinin 14 il ərzində bir dəfə də olsun, Yerevana getmədiyini, Ermənistana aparan yolların baxımsız olduğunu, mədəni əlaqələrin kəsildiyini, bütün bunların düşünülərək edildiyini deyib.

İclasda qaçqınlar məsələsinə də toxunulub. M.Qorbaçov Ermənistandan azərbaycanlıların qaçması faktının olduğunu təsdiq edərək 55 nəfərin qovulduğunu deyib. Georgi Razumovski isə 200 nəfər azərbaycanlının Ermənistandan getdiyini, Azərbaycanda isə qorxan 200 nəfər erməninin məktəbdə yerləşdirildiyini bildirdi. Daha 500 nəfərin də toplandığını qeyd edib.

İclasda iştirak edən Sov. İKP MK-nın təşkilat-partiya şöbəsi müdirinin müavini E.Razumov çıxış edərək azərbaycanlıların Ermənistandan çıxıb gedərkən qaçdıqlarını deyil, guya qonaq getdiklərini dediklərini, ona görə də hesabı Azərbaycan üzrə aparmağın lazım olduğunu bildirib. Əlavə edib ki, azərbaycanlı Ermənistandan Azərbaycana gəlir və birbaşa deyir ki, mən artıq Ermənistana qayıtmıram.

İclasda M.Qorbaçov Dağlıq Qarabağ Muxtar Vilayətində yeni rəhbərin təyin edilməsi məsələsinə də toxunub və Ermənistandan ona zəng edib "Sizdən ötrü bütün Ermənistanı ayağa qaldırmışıq, bəs siz niyə gözləyirsiniz" deyildiyini Siyasi Büro üzvlərinin diqqətinə çatdırıb.

SSRİ-nin DTK sədri Viktor Çebrikov kolxozlardan adamların Stepanakertə axışdığını, M.Qorbaçov Stepanakertdə ocaqların qalandığını, kababların bişirildiyini, 500, 1000 nəfərin meydanda qaldığını bildirib. SSRİ daxili işlər naziri Aleksandr Vlasov mitinqlərdə iştirak edənlərin sayının 1000 nəfərdən çox olduğunu diqqətə çatdırıb. M.Qorbaçov isə vurğulayıb ki, Ermənistanda deyirlər, elə etmək lazımdır, mitinq ocağı sönməsin. Daha sonra o, etiraf edərək deyib ki, burada onsuz da Ermənistandan gələn təlimat və əlaqə ilə hərəkət edildiyi açıq-aydın görünür. MK-nın baş katibi daha sonra ilk ölümün Azərbaycanda olduğunu, bunun şayiələr yaratdığını, azərbaycanlıların qisasdan qorxaraq Ermənistandan qaçmağa başladıqlarını, onlara yaşamağa imkan verilmədiyini söylədiklərini siyasi büro üzvlərinin diqqətinə çatdırıb.

İclasda həmçinin M.Qorbaçov Sumqayıtda 14 nəfərin öldürüldüyü, Viktor Çebrikov isə 110 nəfərin yaralı olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat verib. M.Qorbaçov Sumqayıt hadisəsini ermənilərə cavab kimi qiymətləndirib. A.Vlasovun məlumatına görə, Sumqayıtda 14 nəfər, o cümlədən 3 qadın öldürülmüşdür. Onlardan 3-ü azərbaycanlı, 6-sı erməni idi. 71 nəfər isə bədən xəsarəti almışdı. Onların 48 nəfəri erməni idi. 47 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır.

Sov.İKP MK Siyasi Bürosunun iclasında baş verən hadisədə Azərbaycan rəhbərliyi təqsirləndirildi. Həm Ermənistanda, həm də Azərbaycanda rəhbərliyin dəyişdirilməsi üçün fikirləşmək barədə razılaşdırıldı. MK katibi A.Yakovlev Sumqayıta ordu yeritməyin, hakimiyyətin gücünü göstərməyin lazım olduğunu söylədi. Hətta Alma-Atadakı kimi Sumqayıtda da qeyri-yerli əhalidən fəhlə dəstələri yaradıb mitinqləri dağıtmaq təklifi edildi. Lakin bunun Sumqayıtda edilməsinin mümkünsüzlüyü qeyd olundu. Çünki Alma-Atada şərait fərqli idi. Şəhərdə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul olundu.

Sumqayıt hadisəsi, sonralar mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun sədrliyi ilə MK bürosunun iclasında geniş müzakirə edildi. Müzakirə nəticəsində iki qərar qəbul edildi: Birincisi, "Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında", ikincisi isə "1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında". Büro iclasında şəhərdə vəziyyəti normallaşdırmaq və milli münasibətləri sabitləşdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi.

Qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxilələri dayanmır, azərbaycanlıların qovulması davam edirdi. Bakının vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, respublikamıza qarşı kobud müdaxilələrini dayandırmaq mümkün olmurdu. Azərbaycan SSR DTK-nın 1988-ci il martın 7-nə olan məlumatına görə, millətçi əhval-ruhiyyəli şəxslər DQMV-nin bir sıra rayonlarına gələrək Dağlıq Qarabağ regionunun Azərbaycan SSR-in tərkibindən çıxarılmasından ötrü yüksək dairələrə müraciət etmək və Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndə göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular.

- Bəs erməni kilsə xadimləri həmin hadisələrdə necə mövqe tuturdular?

- Dinlər həmişə sülhə çağırmalıdırlar. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının formalaşmasında, milli münasibətlərin qızışdırılmasında erməni din xadimləri xüsusi rol oynamışlar. Belə fakt maraqlıdır ki, 1988-ci il martın 8-10-da Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş) S.S.Davityan Eçmiadzinə gedərək bütün ermənilərin katolikosu I Vazgenin qəbulunda olmuşdu. Sonra ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyanla görüşmüşdü. Matevosyan Bakı və Sumqayıtdakı vəziyyətlə maraqlanmış və suallar vermiş, Bakı ermənilərinin Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutmasının səbəbləri ilə maraqlanmışdı. Cavabdan sonra bildirmişdi ki, Bakı erməniləri böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. Davityan cavabında demişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyan belə söyləmişdilər: "Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri nəzərdə tutulur - M.Q.) qurban vermək olar".

Vəziyyət gərginləşdiyi bir zamanda Ermənistan hakimiyyəti Yerevanda yerli məscidi bağladı. Bu, azərbaycanlıların hiddətinə səbəb oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə məscidin açılması ilə bağlı olaraq I Vazgenə müraciət etdi. Lakin həmin müraciət yerinə yetirilmədi. Məsələni həll etmək üçün SSRİ Nazirlər Soveti yanında dini işlər üzrə səlahiyyətli nümayəndənin Ermənistana təsir göstərməsindən ötrü müraciət etmək məsləhət bilindi. Lakin həmin müraciətlər də bir nəticə vermədi.

- O zaman Sumqayıt hadisəsi ilə bağlı istintaq işi necə aparılırdı?

- Bu məsələnin hüquqi tərəflərini araşdırmamışam. O, hüquqşünasların işidir. Ancaq mərkəz, xüsusən, Sov. İKP MK katibi A.Yakovlev və M.Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova daim istintaq orqanalarına təzyiqlər ediblər.

Ermənistan KP MK Sov.İKP MK-ya müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar həbs edilmiş şəxslərin məhkəməsinin Azərbaycandan alınaraq SSRİ Ali Məhkəməsinin icraatına verilməsini xahiş etdi. Sov.İKP MK katibliyi 1988-ci il iyunun 11-də həmin müraciət barədə mülahizələrini bildirmək üçün SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilova, SSRİ baş prokuroru A.Y.Suxarevə və SSRİ ədliyyə naziri B.V.Kravçevə məktub göndərdi. Həmin şəxslər iyunun 17-də məsələ barədə mülahizələrini yazdılar. Cavab məktubunda hadisə ilə bağlı 84 nəfərin həbs edildiyi, onlardan 82 nəfərinin azərbaycanlı olduğu yazılırdı. Amma nəyə görəsə, məktub müəllifləri digər iki nəfərin hansı millətə mənsub olduğunu qeyd etmirdilər. Həmin şəxslərdən biri artıq qeyd edildiyi kimi, hadisələrin təşkilatçısı və başlıca icraçısı, 1959-cu ildə anadan olmuş, 1979, 1981 və 1982-ci illərdə bütövlükdə 9 il 2 ay 13 gün həbsdə yatmış Eduard Robertoviç Qriqoryan idi. Məktubda həmin işlərin istintaqının SSRİ prokurorluğu tərəfindən aparıldığı qeyd edilirdi. Bütün istintaq işləri qanunun tələblərinə uyğun aparılmış, üç iş başa çatdırılmış və Azərbaycan SSR Ali Məhkəməsinin icraatına verilmişdi. 26 nəfər barədə 12 iş məhkəməyə göndəriləcəkdi. Amma Terebilov, Suxarev və Kravçevin fikrincə, Azərbaycanda və Ermənistanda geniş ictimai əks-səda doğurmuş işləri RSFSR-in vilayət məhkəmələrinə, xüsusən, Volqoqrad, Voronej və Kuybışev vilayətləri məhkəmələrinin icraatına vermək olardı. Onlar həmin işlərin SSRİ Ali Məhkəməsinin icraatına verilməsinə ehtiyac duymadılar.

Bununla kifayətlənməyən MK katibi Y.Liqaçovun göstərişinə əsasən, digər şəxslərin də rəyləri soruşuldu. Y.Liqaçov 1988-ci il iyunun 17-də A.İ.Lukyanovdan fikirlərini bildirməsini xahiş etdi. İyunun 18-də həmin sorğuya cavab verən A.Lukyanov "təklif tamamilə qanunauyğundur" kimi cavab yazdı. Eyni zamanda, bildirdi ki, məsələ MK-nın şöbələrində əvvəlcədən işlənilmiş və məqsədəuyğun sayılmışdır. Onlarla razılaşmaq olar.

- Sumqayıt hadisələrinin ibrət dərsləri hansılardır?

- Sumqayıt hadisəsi Azərbaycan xalqına qarşı mərkəzin və erməni dairələrinin törətdiyi bir təxribat idi. Azərbaycana qarşı təzyiq üçün edilmişdi. Təəssüf ki, həmin qarışıqlıqda bəzi azərbaycanlılar da düşünülməmiş şəkildə iştirak etdilər. Sumqayıt hadisəsi xalqımızın üstünə atılmış bir ləkədir. Ondan alınan ibrət dərsləri çoxdur. Ərazilərimizin işğal altında qaldığı, qaçqın və məcburi köçkünlərimizin olduğu bir şəraitdə xalqımız dövlətimizin ətrafında sıx birləşməli, kifayət qədər ayıq olmalı, ölkəmizdə təbii sabitliyi qorumalı, səylərini quruculuğa yönəltməli, dövlətimizin daha da güclü olmasına çalışmalı, yeganə problemimiz olan Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə var qüvvəsini sərf etməlidir.

- Bəs, Moskva və Azərbaycan Sumqayıt hadisələrindən sonra daha hansı addımları atdılar?

- Ermənistanın Azərbaycana qarşı müdaxiləsi və iki respublika arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi. Müşavirədə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun və Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyanın məlumatları dinlənildi. M.Qorbaçov çıxış etdi və bəzi mürəkkəbliklərə baxmayaraq, respublikalarda vəziyyətin normal məcraya düşdüyünü bildirdi. Sumqayıt hadisələri ilə bağlı istintaq işi isə davam etdirilirdi. Sov.İKP MK Siyasi Bürosunun qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində yığılıb qalmış problemləri dərindən və hərtərəfli öyrənmək tapşırılmışdı.

Azərbaycan KP qarşısında duran vəzifələr isə 1988-ci il martın 13-də Azərbaycan KP MK bürosunun iclasında müzakirə edildi. Geniş bir qərar qəbul olundu. Qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafından ötrü layihəni hazırlamaq üçün Vilayət Partiya Komitəsinə iki həftə vaxt verildi. Vilayətdə vəziyyəti normallaşdırmaq üçün təşkilati-siyasi tədbirlər planı təsdiq edildi. Eyni zamanda, Sumqayıtda vəziyyəti normallaşdırmaq üçün tədbirlər müəyyənləşdirildi.

Bütün səylərə baxmayaraq, Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilələrini dayandırmadı. Bu zaman Ermənistandakı təşkilatlar martın 26-da Yerevanda böyük mitinq keçirməyə hazırlaşırdılar. Yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında müzakirə edildi. İclasdan əvvəl "Qarabağ" adlandırılan komitənin iclası haqqında teleqram bütün Siyasi Büro üzvlərinə paylanmışdı. İclası açan M.Qorbaçov vəziyyətin kəskinləşməsini Azərbaycan hakimiyyətinin fəaliyyəti, guya ermənilərin sıxışdırılması ilə əlaqələndirdi. Tarixi gerçəkliyi əks etdirməyən belə yanaşma M.Qorbaçovun Azərbaycan xalqına düşmən münasibətinin göstəricisi idi.

M.Qorbaçov K.Dəmirçyanın "rezini uzatmaqla məşğul olduğunu", Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini, ermənilərin Moskvadan Yerevana komissiya çağırıb Qarabağ probleminin həllini istədiklərini qeyd etdi. M.Qorbaçov məsələnin belə həllinin yolverilməz olduğunu, onun ağır nəticələr verəcəyini bildirdi. Əlavə etdi ki, biz iki respublika ilə bacara bilməsək, bilmirəm, nə olacaqdır. Ona görə yox ki, biz onlara qarşı sərt mövqedəyik. Ona görə ki, bu, zəncirvarı reaksiya doğura, bütün bunlar sadəcə toqquşma ilə deyil, kütləvi qırğınlarla qurtara bilər. M.Qorbaçov birincisi, ilk qəbul edilən qərarı təsdiq etdi, ikincisi, zaman udmağın, ictimai rəyə müraciət etməyin lazımlığını, belə şəraitdə bu və ya digər xalqı ittiham etməyin doğru olmadığını bildirdi, Dəmirçyanın hərəkətlərini qızışdırıcılıq kimi qiymətləndirdi.

M.Qorbaçov xalq ilə işləməyi, "Qarabağ" komitəsinin üzvlərini xalqdan ayırmağı təklif edərək dedi: "Onları qəhrəman etmək olmaz. Onlar işə çıxırlar, amma işləmirlər. Mitinqlərə az adam çıxarırlar. Görünür, qorxurlar". Növbəti addım kimi M.Qorbaçov komitəçilərin, xüsusən, başçılarının fəaliyyətinin inzibati orqanlar tərəfindən sənədləşdirilməsində görürdü. Əgər həmin fəaliyyət qızışdırıcı xarakter alardısa, məsələ üzərində işləməyin, lazım gələrsə, onları həbs etməyin lazımlığını bildirdi. M.Qorbaçov həmçinin Ermənistan KP MK-nın ikinci katibi Koçetkovun mülahizələrini nəzərə almağı müdafiə naziri D.Yazova tapşırdı. Koçetkovun fikrincə, guya Azərbaycanda yerləşən ordu hissələrində azərbaycanlılar ermənilərə bir daha dərs vermək üçün hazırlaşırdılar.

İclasda A.Qromıko da təklif edilən tədbirləri bəyəndi. İnzibati xarakterli tədbirlərin görülməsini vacib saydı. Birmənalı olaraq dedi: "Hamı bilməlidir ki, hakimiyyət hakimiyyətdir." M.Qorbaçov əlavə etdi: "Hakimiyyət və güc."

Nikolay Rıjkov da təklif edilən tədbirləri bəyəndi. O, müdafiədən hücuma keçməyi təklif etdi. Məsələnin siyasi həllinə tərəfdar çıxaraq bildirdi ki, ölkədə belə bəlalı nöqtələr çoxdur, zəncirvari reaksiya başlayacaq və onun nəticələrini təsəvvür etmək çətindir. N.Rıjkov bütün müttəfiq respublikaların ali sovet rəyasət heyətlərinin baş verənlərə münasibətlərini bildirməsini təklif etdi. O, hadisələrin mətbuat, radio və televiziyada geniş işıqlandırılmasını, lakin bunu incə etməyi təklif etdi. N.Rıjkov bir neçə adamın həbsini minlərlə adamın qırılmasından daha yaxşı variant adlandıraraq bu zaman salınacaq haray-həşirə fikir verməməyi tövsiyə edərək dedi: "Sonra bizdən soruşacaqlar: vəziyyətin bu həddə gəlib çatmasına niyə imkan verdiniz".

İclasda M.Qorbaçov K.Dəmirçyanın və K.Bağırovun vəzifədə qalıb-qalmaması məsələsinə toxunaraq dedi: "Biz onları niyə saxlamalıyıq"? Bu zaman Razumovski K.Bağırovun respublikada tennisçi kimi tanındığını, rayonlarda bunu bildiklərindən tennis kortları yaratdıqlarını dedi. M.Qorbaçov isə həm K.Bağırovu, həm də K.Dəmirçyanı "siyasi meyit" adlandıraraq əlavə etdi ki, onların indi işdən çıxması qəhrəman olmaları deməkdir. Y.Liqaçov respublikalarda vəzifələrə Əbdürrəhman Vəzirovun və Suren Arutunyanın gətirilməsini təklif etdi. M.Qorbaçov Ə.Vəzirovu yeni adam kimi səciyyələndirdi, S.Arutunyanın isə bu mərhələdə hamını qane edəcəyini bildirdi. M.Qorbaçov Y.Liqaçova müraciətlə hadisələrin pis nəticəsini fikirləşməsini, reaksiyanın necə olmasını, bunun xalq üçün intihar olduğunu deyərək təklif etdi: "Yeri gəlmişkən, bunu da səsləndirmək lazımdır. Qoy, türklərin üzərinə getsinlər. O zaman baş katib mütləq çıxış etməli olacaqdır". Baş katib bununla, erməniləri Türkiyə üzərinə hücuma keçməyə təhrik edirdi. Y.Liqaçov isə Türkiyənin Dağlıq Qarabağda və Ermənistandakı hadisələri qəti şəkildə pislədiyini dedi.

Bir müddət sonra Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Litva, Moldova, Latviya, Qırğızıstan, Tacikistan, Türkmənistan və Estoniya SSR ali soveti rəyasət heyətləri Azərbaycana və Ermənistana münaqişəni dayandırmaq barədə müraciət etdilər. Martın 23-də SSRİ Ali Soveti Rəyasət Heyəti Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətə dair müttəfiq respublikaların müraciəti ilə bağlı tədbirlər haqqında qərar qəbul etdi. Qərarda mürəkkəb milli-ərazi məsələlərinin dövlət hakimiyyət orqanlarına təzyiq yolu ilə həlli cəhdləri pislənilirdi. Lakin həmin müraciətin nəticəsı olmadı. Ermənistandan azərbaycanlıların qovulması dayandırılmadı.

Azərbaycan hakimiyyəti Ermənistanın müdaxiləsinin qarşısını ala, respublikanın hüquqlarını qoruya və böhrandan çıxara bilmədi. Yaranmış ağır vəziyyət Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. 1988-ci il mayın 21-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov vəzifəsindən azad edildi. Mərkəz tərəfindən həmin vəzifəyə uzun illər boyu Azərbaycandan kənarda yaşamış, milli ruha yad və yabançı olan Əbdürrəhman Vəzirov gətirildi. Ermənistanda isə Karen Dəmirçyanın əvəzinə Suren Arutunyan hakimiyyətə gətirildi. Hakimiyyət dəyişkənliyi nəinki vəziyyəti düzəltdi, əksinə, xeyli ağırlaşdırdı. Böhran daha da dərinləşdi. İdarəçilik qabiliyyəti olmayan Əbdürrəhman Vəzirov problemi həll etməyi bacarmadığından diqqəti ondan yayındırmağa və səbəblərini əvvəlki rəhbərlərdə axtarmağa başladı. Bu isə Azərbaycanın daxilində gərginliyi daha da artırdı. Xalq ilə hakimiyyət arasında uçurum, hakimiyyət daxilində ziddiyyətlər daha da dərinləşdi.

Hakimiyyət dəyişikliyi Ermənistandan azərbaycanlıların qovulmalarını dayandırmadı. Azərbaycan SSR DTK sədri Ziya Yuzifzadənin 1988-ci il mayın 28-də Azərbaycan KP MK-ya yazdığı məxfi məlumatından aydın olur ki, qovulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; "Ermənistandan rədd olun" şüarı; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət göstərilməməsi və təhqir olunmaları; Ermənistanın partiya və sovet orqanlarının azərbaycanlıların şikayətlərinə baxmaması.

İyunun 15-də Ermənistan SSR Ali Sovetinin iclasında DQMV Sovetinin müraciətinə baxaraq DQMV-nin Ermənistanın tərkibinə girməsinə razılıq verdi. Həmçinin DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək üçün Bakı və Moskvaya müraciət qəbul edildi. Cavab olaraq Azərbaycan SSR Ali Soveti və onun rəyasət heyətinin qəbul etdiyi qərarlarda SSRİ Konstitusiyasının 78-ci və Azərbaycan Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və qeyri-mümkün olduğunu bildirdi.

Müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin mümkünlüyünü müzakirə etmək üçün ciddi bir əsas olmadığını və SSRİ Konstitusiyasının müddəalarını, Azərbaycan SSR və Ermənistan SSR-in qüvvədə olan əsas qanunlarını nəzərə alaraq məsələnin artıq bağlandığını hesab etmək olardı. Lakin belə olmadı. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilələrini daha da genişləndirdi.

 

 

Müsahibəni hazırladı: Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2011.-2 mart.- S. 7, 8.