Vətənpərvər ziyalı
Müdrikcəsinə deyilmiş bir ifadə var: ömrünü xalqının mənəvi inkişafına və maariflənməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir. Belələrindən biri filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur. Teymur müəllim müasir cəmiyyətimizdə özünəməxsus yeri və dəst-xətti olan, elmimizə verdiyi əvəzsiz töhfələrlə yanaşı, həm də publisist və təşkilatçı kimi geniş fəaliyyət dairəsinə malik əsl vətənpərvər ziyalılarımızdandır. Elm sahəsindəki axtarış və tədqiqatları, xüsusən də, sovet imperiyası dövründə çoxlarının adını belə çəkməyə cəsarət etmədiyi, "millətçi" kimi qələmə verilən xalqımızın böyük oğlu Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr olunmuş fundamental tədqiqat əsərləri, sözün həqiqi mənasında, əsl alim və publisist cəsarətinin, vətəndaş təəssübkeşliyinin bariz nümunəsidir. Uzun illər ərzində professor Teymur Əhmədov həm də milli mətbuatımızın inkişafına layiqli töhfələr verib.
Teymur Əkbər oğlu Əhmədov 1930-cu il dekabr ayının 25-də Şəmkir şəhərində anadan olub. İlk təhsilini İrəvan şəhərindəki Əzizbəyov adına orta məktəbdə alıb. Çox mütaliə etməsi, elmə, biliyə can atması sayəsində orta məktəbi qızıl medalla bitirib və 1949-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Universitet illəri Teymur Əhmədovun dünyagörüşünün formalaşmasına, gələcək həyat yolunun müəyyənləşməsinə böyük təsir göstərib. Universiteti bitirdikdən sonra ona Bakıda qalıb işləmək təklif olunsa da, öz arzusu ilə İrəvanda Azərbaycan dilində nəşr edilən "Sovet Ermənistanı" qəzetində əmək fəaliyyətinə başlayıb. Elə o vaxtdan da coşqun publisistlik fəaliyyəti ilə həm elm, həm də jurnalistika sahələrində özünü tanıda bilib. Bütün ömrünü gərgin elmi araşdırmalara və tədqiqatlara həsr edən Teymur müəllim zəmanəmizin ən aktual mövzularını əhatə edən sanballı məqalələri ilə milli mətbuatımızda da silinməz iz qoyub.
Professor Teymur Əhmədovun elmi, publisistik və ədəbi-bədii yaradıcılığı çoxşaxəli və rəngarəngdir. Onun gərgin elmi və publisistik araşdırmalarının bəhrəsi olan əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elminin, ədəbi-ictimai fikrinin inkişafı və zənginləşməsində mühüm rol oynayıb. Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr olunmuş fundamental tədqiqat işləri, silsilə əsərlər toplusu isə Teymur Əhmədovun yaradıcılığının şah damarını təşkil edir. İmperiya dövründə ermənilərin Moskvadakı havadarlarının səyi ilə üzərinə "millətçi", "antibolşevik" damğası vurulan Nəriman Nərimanov kimi böyük şəxsiyyətin üzə çıxarılıb xalqımızın tarixində yenidən öz layiqli yerini tutmasında Teymur müəllimin xidmətləri əvəzsizdir. Bütün çətinliklərə, təpkilərə baxmayaraq Teymur Əhmədov heç nədən və heç kimdən çəkinməyərək sözünü axıra qədər, qətiyyətlə deyib. Akademik Püstəxanım Əzizbəyova danışırdı ki, ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən bir qədər sonra məni, akademik Cəmil Quliyevi və tarix elmləri doktoru Daniyel Quliyevi çağıraraq bildirdi ki, Bakıda Nəriman Nərimanova heykəl ucaltmaq istəyir. Lakin ermənilər Moskvanın əli ilə buna mane olmağa çalışırlar. Bilirəm ki, N.Nərimanova siyasi cəhətdən etibar göstərilməsi barədə V.Leninin imzası ilə tarixi bir sənəd var. Ulu öndərimiz bizi İttifaqın müxtəlif arxivlərinə göndərdi ki, o sənədi tapaq. Daha sonra iki dəfə bizi qəbul etdi. Üçüncü dəfə soruşdu ki, həmin tarixi sənədi tapa bilmisizmi? Dedik xeyr. Heydər Əliyev söylədi ki, sənədi özü tapıb. Məhz ondan sonra Bakının ən uca meydanlarının birində Nəriman Nərimanova heykəl ucaldıldı. Daha sonra Heydər Əliyev böyük uzaqgörənliklə Nəriman Nərimanovun büstünü düzəltdirərək onu V.Leninin anadan olduğu Ulyanovsk şəhərinə göndərdi ki, Lenini ziyarət edənlər N.Nərimanovu da ziyarət etsinlər.
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrimizi yaşadıb. Bu baxımdan ümummilli lider görkəmli dövlət xadimi Nəriman Nərimanovu xalqımıza və dünya ictimaiyyətinə tanıtmağa nail oldu. Professor Teymur Əhmədov isə onun həyat və yaradıcılığını bütün incəlikləri ilə geniş spektrdə xalqın sərvətinə çevirdi. N.Nərimanov kimi görkəmli şəxsiyyətin elmi, ictimai-ədəbi fikirdə yenidən canlanmasına yardımçı oldu. Onun qələmindən çıxan "Nəriman Nərimanovun dramaturgiyası", "Nəriman Nərimanov", "Nəriman Nərimanovun yaradıcılıq yolu" və digər monoqrafiyalar istər elmi, ədəbi, istərsə də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb.
Professor Teymur Əhmədovun elmi-publisistik fəaliyyətində yaxın tariximizin taleyüklü məsələlərinin və indiyədək dərindən öyrənilməyən səhifələrinin açılması, köklü şəkildə tədqiqi, elmi ictimaiyyətə və geniş oxucu kütləsinə çatdırılması, eləcə də tarixiliklə müasirliyin vəhdəti aparıcı xətdir. Dəfələrlə həyat və yaradıcılığına müraciət etdiyi Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun kimi korifeylərin dəst-xətti, düşüncə tərzi çoxsahəli fəaliyyətində özünü büruzə verir. Teymur müəllimin tədqiqat əsərlərində Azərbaycan yazıçıları və şairləri ilə yanaşı, Cənubi Azərbaycanda yazıb-yaradan soydaşlarımızın həyat və yaradıcılıqları da geniş yer tutur. Fədakar alim və publisistin çoxsaylı əsərlərində, elmi və jurnalist məqalələrində xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinin, ermənilərin iki əsrdən bəri xalqımıza qarşı yürütdüyü işğalçılıq, terrorçuluq və soyqırımı siyasətinin mahiyyəti ətraflı şərh və təhlil olunur. Dağlıq Qarabağla bağlı bütün siyasi prosesləri dərindən bilən T.Əhmədov ermənilərin və onlara havadarlıq edənlərin törətdikləri cinayətləri indiyədək yazılmayan və ya gizlədilən konkret faktlar əsasında ifşasına nail olmaqla vətənpərvər ziyalılıq missiyasını şərəflə yerinə yetirir.
Fədakar alim həm də milli ruhlu elmi kadrların hazırlanmasında, monoqrafik tədqiqatların elmi redaktəsində məhsuldar əməyi ilə seçilir, milli mətbuatımızın inkişafına öz layiqli töhfələrini verir. O həm də yaxşı təşkilatçı, tanınmış redaktor və peşəkar yazardır. Vaxtilə "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Yeni fikir", "Hikmət" kimi qəzetlərin baş redaktoru, "Elturan" jurnalının məsul redaktoru olmuş Teymur Əhmədov hazırda "Respublika" qəzetinin və "Füyuzat" jurnalının baş redaktoru kimi fəaliyyətini davam etdirir.
T.Əhmədovun 25 ildən artıq bir dövrü əhatə edən redaktorluq fəaliyyətində "Vətən səsi" və "Respublika" qəzetləri, eləcə də "Füyuzat" jurnalı önəmli yer tutur. Teymur müəllimin baş redaktorluğu ilə 1990-cı il aprel ayının 18-də nəşrə başlayan "Vətən səsi" qəzeti məhz zamanın tələblərinə, cəmiyyətimizin təxirəsalınmaz ehtiyaclarına adekvat cavab verən və milli oyanışımızın təkanverici qüvvəsi kimi mətbuat tariximizə daxil olmuşdur. Onun rəhbərliyi ilə o dövrün vətənpərvər ziyalılarının çalışdığı qəzet, sözün həqiqi mənasında, siyasi kəskinliyi və vətənpərvərlik ruhu ilə seçilirdi. Qəzet Azərbaycanın milli inkişaf mübarizəsinə qarşı çevrilmiş qəsdlərinə, onların icraçısı olan ermənilərə, daxilindəki bədxah qüvvələrə barışmaz mövqe nümayiş etdirir, öz əməli fəaliyyətində milli-demokratik mətbuatın mütərəqqi ənənələrinə, həmyaşıdlarının cəsarətinə arxalanırdı. T.Əhmədov yalnız redaktor kimi təşkilatçılıq işləri ilə kifayətlənmir. Özü bir çox kəskin və cəsarətli məqalələrin müəllifi idi. Həmin dövrdə "Vətən səsi" qəzetinin 70 mindən artıq bir tirajla çap edilməsi təsdiqləyir ki, o, çox böyük oxucu auditoriyasının rəğbətini qazana və haqqın, ədalətin tribunasına çevrilə bilmişdi. Həmin dövrdə ulu öndər Heydər Əliyevin Ali Sovetin tarixi sessiyasında o vaxtkı respublika rəhbərliyini kəskin tənqid edən çıxışının məhz "Vətən səsi" qəzetində dərc olunması baş redaktor Teymur Əhmədovun əsl vətəndaş təəssübkeşliyinin, cəsarətinin və rəhbərlik etdiyi mətbu orqanın, sözün həqiqi mənasında, haqqın və ədalətin carçısına çevirə bilməsinin parlaq təzahürü idi. Baxmayaraq ki, buna görə baş redaktor T.Əhmədov təqiblərə məruz qalmış, hətta tutduğu vəzifədən uzaqlaşdırılmışdı. Lakin Teymur müəllim elə bir şəxsiyyətdir ki, daim haqqın tərəfdarı olub, öz prinsiplərinə sadiq qalıb və bu mübarizəsini həmişə davam etdirib.
Bu keyfiyyətlər Prezident Administrasiyası İşlər İdarəsinin həmtəsisçisi olduğu "Respublika" qəzetinə rəhbərlik etdiyi dövrdə özünü daha qabarıq şəkildə büruzə verir. 15 ildir ki, "Respublika" qəzetinin baş redaktoru vəzifəsində çalışan Teymur müəllim bu mətbu orqanı Azərbaycanın sayılıb-seçilən, nüfuzlu nəşrlərindən birinə çevirməyə nail olub.
Mən Teymur Əhmədovu yaxından tanıyan bir şəxs kimi elmi fəaliyyəti ilə yanaşı, onun peşəkar jurnalistliyini, yüksək təşkilatçılıq bacarığını və redaktorluq fəaliyyətini çox yüksək dəyərləndirirəm. O, çox zəhmətkeş, istəyinə doğru inad və qətiyyətlə gedən və qısa vaxtda ona nail olan, özünə və digərlərinə qarşı tələbkar bir şəxsdir. Qəzetin simasını onun baş redaktoru müəyyənləşdirir. Bu baxımdan "Respublika" qəzetinin müstəqil Azərbaycan dövlətinin ən nüfuzlu, oxunan qəzetlərindən biri kimi tanınması, 15 illik nəşri dövründə qazandığı bütün nailiyyətlər, ilk növbədə, Teymur Əhmədovun adı ilə bağlıdır. Öz ətrafına peşəkar jurnalistləri toplamağa nail olmuş Teymur müəllim bu mətbu orqanın yaşadığımız müasir dövrün ən aktual çağırışlarına cavab verməsi üçün əlindən gələni edir, eyni zamanda, öz gözəl publisist qələmi ilə bu gün də jurnalistlərə nümunə göstərir. "Respublika" qəzeti ölkəmizin aparıcı mətbuat orqanlarından biri olaraq Azərbaycanda və dünyada baş verən ictimai-siyasi, iqtisadi, mədəni və digər prosesləri işıqlandırır. Dövlətimizin uğurlu daxili və xarici siyasəti, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi möhtəşəm işlər, milli neft strategiyasının mahiyyəti, onun reallaşdırılması üçün gedən proseslər, bu müdrik siyasi kursun Prezident İlham Əliyev tərəfindən yeni inkişaf mərhələsində uğurla davam etdirilməsi qəzetin aparıcı mövzularıdır.
Professor Teymur Əhmədovun milli mətbuatımızın tarixi ənənələrinin yaşadılmasında əvəzsiz xidmətləri var. XX əsrin əvvəllərində ictimai-siyasi, ideoloji, ədəbi-estetik fikir tariximizdə bütöv bir mərhələ təşkil edən "Füyuzat" jurnalının 100 illik fasilədən sonra məhz Teymur Əhmədovun redaktorluğu ilə yenidən nəşrə başlaması mühüm hadisə kimi dəyərləndirilməlidir. T.Əhmədovun təşəbbüsü ilə Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri hazırda redaksiya ilə sıx əməkdaşlıq edir, jurnal tarixi ənənələrimizin davam etdirilməsi, daha da zənginləşdirilməsi missiyasının öhdəsindən uğurla gəlir.
Teymur Əhmədovun təşəbbüsü və tərtibçiliyi ilə dörd cildlik "Heydər Əliyev və mətbuat" (redaktoru akademik Ramiz Mehdiyev, tərtib edənləri Əli Abbasov və Teymur Əhmədov), üç cildlik "Heydər Əliyev və mədəniyyət", dövlət başçısı İlham Əliyevin bir illik prezidentlik fəaliyyətinə həsr olunmuş sanballı əsərlər, regional inkişaf dövlət proqramı ilə bağlı kitablar və oxucu kütləsi üçün zəruri olan digər nəşrlər işıq üzü görüb. Onun təşəbbüsü və bilavasitə istirakı ilə çap edilən "Kim kimdir" və "Azərbaycan yazıçıları" ensiklopedik məlumat kitabları isə həm elmi-ədəbi ictimaiyyət, həm də geniş oxucular üçün son dərəcə faydalı mənbələrdir.
Teymur Əhmədovun çoxillik səmərəli fəaliyyəti, milli mətbuatımızın inkişafındakı əvəzsiz xidmətləri dövlətimiz və bir sıra beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib. Milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına, Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi adına mükafatına, iki dəfə Ukrayna Azərbaycanlıları Konqresinin diplomuna, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının 1-ci dərəcəli diplomuna, "Ustad" ali jurnalistika mükafatına, "Azerbaydjan i zakonnost" beynəlxalq ictimai-siyasi və hüquqi qəzetinin "2010-cu ilin adamı" diplomuna layiq görülüb.
Professor Teymur Əhmədov fundamental araşdırmaları, tədqiqatları, saysız-hesabsız elmi-publisistik məqalələri ilə Azərbaycan ədəbiyyatının və ictimai fikrinin daha da zənginləşməsinə xidmət edir. Bu yaxınlarda 80 yaşı tamam olmuş vətənpərvər ziyalı, cəfakeş alim və tanınmış redaktor Teymur Əhmədova cansağlığı, fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Budaq BUDAQOV,
Akademik
Azərbaycan.- 2011.-2 mart.- S. 9.