Dünya palçıq
vulkanları atlası Bakıda nəşr olunacaqdır
Palçıq vulkanizmi problemi geologiya elminin çox vacib istiqamətidir. Palçıq vulkanlarının tədqiqi geologiyanın, geokimyanın və geofizikanın, xüsusilə, Yer təkinin dərinlik quruluşunun və faydalı qazıntı yataqlarının axtarışının bir sıra nəzəri və praktiki məsələlərinin aydınlaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Palçıq vulkanları Yerin dərinliklərində karbohidrogenlərin toplanmasının etibarlı göstəricisi olaraq 50 ildən artıqdır ki, AMEA Geologiya İnstitutunda hərtərəfli və mükəmməl tədqiq olunur.
Keçən əsrin 70-ci illərində SSRİ EA-nın geologiya, geofizika, geokimya və dağ elmləri bölməsinin qərarı ilə AMEA Geologiya İnstitutu "Palçıq vulkanizmi və faydalı qazıntı yataqlarının axtarışı" problemi üzrə baş təşkilat təyin olunmuşdu. Həmin illər nəinki Azərbaycanın, həmçinin keçmiş SSRİ-nin digər rayonlarının, xüsusilə, Rusiyanın, Ukraynanın, Gürcüstanın və Türkmənistanın palçıq vulkanları hərtərəfli tədqiq olundu və görülən işlərin nəticəsi əsasında 1980-ci ildə "Sovet İttifaqının palçıq vulkanizmi və onun neft-qazlılıqla əlaqəsi" kitabında öz əksini tapdı.
Sonrakı 20 ildə Azərbaycanın palçıq vulkanları Böyük Britaniyanın, Norveçin, ABŞ-ın qabaqcıl neft şirkətləri, Qərb universitetləri, Rusiya və Ukrayna alimləri ilə müştərək öyrənilmişdir. 2003-cü ildən başlayaraq bir neçə il ərzində Almaniyanın Geologiya Elmləri və Təbii Resurslar Nazirliyi, həmçinin Bremen Universitetinin mütəxəssisləri ilə "Qobustanda Daşgil palçıq vulkanında metan və radon axının dinamikasının monitorinqi əsasında analizi onların aktivliyinin real vaxt miqyasında" elmi iş yerinə yetirilmişdir.
2006-cı ildə Azərbaycan palçıq vulkanlarının Yer səthinə çıxardığı flüidlərin tədqiqi üzrə eyni işlər Siyena Universiteti və Romada yerləşən Geofizika və Vulkanologiya İnstitutunun alimləri ilə Yerin təkində baş verən geokimyəvi proseslərin dəyişməsini izləmək məqsədilə aparılmışdır. Bütün bu illər ərzində institutun alimləri palçıq vulkanizminin nəzəri məsələlərinin işlənib hazırlanması, onların tətbiqi üçün konfransların keçirilməsi, həmçinin müştərək elmi nəşrlər üzrə beynəlxalq əlaqələri genişləndirmişlər. Bu ilin yanvar ayında Geologiya İnstitutuna yenidən Almaniyanın Dəniz Tədqiqatları İnstitutunun alimləri onların Nil çayı (Misir) deltasının şərq hissəsinin palçıq vulkanlarının öyrənilməsi təcrübəsini Xəzərdə tətbiq etmək təklifi ilə gəlmişdilər.
Qeyd etmək lazımdır ki, bizim bu illər ərzində apardığımız işlər nəticəsində palçıq vulkanlarının məkan-zaman paylanmasının qanunauyğunluğu, onların dərinlik prosesləri ilə əlaqəsi, vulkanların Yer səthinə çıxardığı süxurların, flüidlərin (qazlar, sular) geokimyəvi xüsusiyyətləri, palçıq vulkanı fəaliyyətinin seysmiklik ilə əlaqəsi, palçıq vulkanlarının yaranması və təzahürü mexanizmi öyrənilmiş, 2003-cü ildə Azərbaycanın və həmsərhəd Xəzərin akvatoriyasının geodinamik təməldə 1:500000 miqyaslı yeni xəritəsi tərtib olunmuşdur.
Palçıq vulkanizmi üzrə toplanmış faktiki material nəinki Azərbaycanı, həmçinin bir sıra xarici ölkələri əhatə etməsi bizə "Dünyanın palçıq vulkanları Atlasının" tərtib olunmasına imkan vermişdir.
Məlumdur ki, 1971-ci ildə dünya geoloji ədəbiyyatında ilk dəfə "Azərbaycanın palçıq vulkanları Atlası" dərc edilmişdir. Bu, keçən əsrin 60-cı illərindən başlamış təbiət fenomeninin tədqiqinin yekunu idi. 1986-cı ildə "Kerç-Taman vilayətinin palçıq vulkanları" atlası tərtib olunmuşdu, 1994-cü ildə "Azərbaycanın palçıq vulkanları" (ingilis dilində) atlası BP (Böyük Britaniya) və Statoyl (Norveç) neft şirkətləri ilə müştərək işlərin nəticəsi kimi həyata keçirildi.
"Dünyanın palçıq vulkanları Atlası"nın tərtib edilməsi palçıq vulkanizmi problemi üzrə bütün elmi tədqiqatların nəticələrini analiz etməyə və yekunlaşdırmağa, bu unikal təbiət prosesinin genetik mahiyyətini aşkarlamağa, planetar miqyasda palçıq vulkanlarının əmələgəlmə şəraitini modelləşdirməyə və aydınlaşdırmağa imkan verəcəkdir.
Bir ildən artıqdır ki, Geologiya İnstitutunda bu atlasın tərtib olunmasına başlanmış, xarici ölkələrdəki palçıq vulkanları üzrə məlumat bazası hazırlanmışdır ki, bu da bizim palçıq vulkanizmi sahəsində biliklərimizin zənginləşməsinə imkan vermişdir. Əgər əvvəllər biz 26 ölkədə 850-900 palçıq vulkanı olduğunu hesab edirdiksə, hazırda xarici ölkələrin alimlərinin bu problemə geniş marağı sayəsində palçıq vulkanizminin 36 ölkədə olduğunu və onların ümumi sayının 1200-ə çatdığını bilirik.
Atlas AMEA-nın Geologiya
İnstitutunda tərtib olunur. Bununla yanaşı, bu işdə
- onun ayrı-ayrı hissələrinin yerinə yetirilməsində
bir sıra ölkələrin (Rusiya, Ukrayna, İtaliya və
s.) mütəxəssisləri, palçıq
vulkanlarının tədqiqi ilə məşğul olan
vulkanoloqların, xüsusilə, akademik Y.F.Şnyukov (Ukrayna),
professor M.R.İvanov (MDU, Moskva), Dr. D.Martinelli, Dr. Jüzeppe
Etiope (İtaliya) və başqalarının iştirakı nəzərdə
tutulmuşdur.
Xarici ölkələrin
müxtəlif geofiziki təşkilatları tərəfindən
elmi-tədqiqat gəmilərində və sualtı
aparatlarında son 10 ildə apardıqları dəniz tədqiqatları
İspaniya-Portuqaliya və Mərakeşin Kadis körfəzi
sahillərində, Qərbi və Şərqi Aralıq dənizində,
Qara dənizin dərinsulu sahillərində, Meksika körfəzində
Aralıq dənizinə (Nil) və Atlantik okeanına (Orinoko,
Niger, Oranc) tökülən çayların dərin su
konuslarında palçıq vulkanlarının geniş
yayıldığını təsdiq etdi. Bütün bu
faktik məlumatlar, həmçinin kontinentlərdə
geniş intişar etmiş palçıq vulkanizminin qlobal
geoloji hadisə olduğunu düşünməyə əsas
verir.
Bu tədqiqatlar bir daha təsdiq
etdi ki, palçıq vulkanları Yer qabığında
qalın (30 kilometr) çökmə süxurların
mövcud olduğu regionlarda, məsələn: Cənubi Xəzər
çökəkliyinin neft-qaz rayonlarında
yayıldığını təsdiq etdi.
Şərh olunanlarla
yanaşı, yerinə yetirilən tədqiqatlar göstərir
ki, palçıq vulkanlarının yeni aşkar edilmiş ərazilərinin
geoloji quruluşu və yaranma şəraiti
yuxarıdakılardan fərqlidir. Deyilənlərə
Panamanın və Kosta-Rikanın şimal və cənub kənarlarında,
Meksika körfəzi rayonu, Qara dənizin dərin sulu zonası
aiddir.
Toplanmış yeni faktik
materiallar palçıq vulkanlarının təmərküzləşdiyi
başlıca rayonları birmənalı aşkarlamağa
imkan verir. Bunlar İtaliya, Rumıniya, Ukrayna, Gürcüstan,
Türkmənistan, İran, Pakistan, Malayziya, Yeni Zelandiya,
Yaponiya, Tayvan, Trinidad, Venesuela və Kolumbiyadır. Alp-Himalay və
Sakit okean mütəhərrik qurşaqlarında kontinental plitələrin
pliosendən başlamış indiyədək davam edən
toqquşması şəraitində, dağ kütlələrinin
qalxması, həmsərhəd çökəkliklərdə
çox qalın kompleks geoloji törəmələrin
yığıldığı məkanda toplanıblar.
Atlasın tərtib edilməsi
fəaliyyətdə olan, sönmüş və
gömülmüş palçıq vulkanlarının dəqiq
sayını aşkarlamağa, onların ümumi və fərqli
xüsusiyyətlərini, flüidlərin geokimyəvi xassələrini,
vulkan fəaliyyəti məhsullarını, təzahür
şəraitini müəyyənləşdirməyə, dərinlik
çökmə süxur törəmələrin neft-qaz
perspektivliyini qiymətləndirməyə və geologiya elminin
bir sıra nəzəri-praktiki problemlərini öyrənməyə
imkan yaradacaqdır.
Bununla yanaşı, atlasda bəzi
məsələlərin tətbiqi mahiyyəti (vulkan
palçığının təbabətdə, tikinti
işlərində tətbiqi), palçıq vulkanizminin
seysmikliklə əlaqəsi, vulkanlar ekoturizm obyektləri kimi,
vulkanlar və ekologiya və s.
aydınlaşdırılır.
Qeyd olunmalıdır ki,
"Dünyanın palçıq vulkanları Atlası"
Azərbaycan, ingilis və rus dillərində nəşr ediləcək,
rəngli qrafik və fotomateriallarla müşayiət
olunacaqdır. Ümid etmək olar ki, yalnız Azərbaycanın
deyil, xarici ölkələrin də geoloji ictimaiyyəti
dünyanın palçıq vulkanlarına həsr edilmiş
unikal, eyni zamanda, fundamental əsəri hədiyyə
alacaqları gün bir o qədər də uzaq deyildir.
Akif ƏLİZADƏ,
Azərbaycan MEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun direktoru
Adil ƏLİYEV,
Palçıq vulkanizmi şöbəsinin rəhbəri
geologiya-mineralogiya elmləri doktoru,
professor
Azərbaycan.- 2011.-2 mart.- S. 9.