Gədəbəy qızıl-gümüş məskənidir

 

Dağlar diyarının məhsulları dünya bazarlarına çıxır

 

Bu yerlər yaxın vaxtlaracan əsasən kartofu və mal-qarası ilə tanınırdı. İki il bundan əvvəl Prezident İlham Əliyev Gədəbəyə səfəri zamanı qızıl-gümüş mədəninin açılışına xeyir-dua verdi. Gədəbəy qızılı indi "Ayrum" brendi ilə dünya bazarına çıxır. Hesabat ili ərzində təqribən 100 milyon manatlıq məhsul istehsal olunub. Gədəbəyin yeraltı və yerüstü sərvətləri bax, beləcə xalqın istifadəsinə verilib.

Ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələr müzakirə olunarkən bu barədə geniş söhbət getdi. İcra hakimiyyətinin başçısı Kamran Rzazadə hesabat məruzəsində ölkənin sosial-iqtisadi qüdrətinin yüksəlişində, eləcə də hər bir regionun, o cümlədən dağlar diyarı Gədəbəyin sürətli inkişafında ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğı və diqqətini xüsusi vurğuladı.

Rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədov, Novosaratovka bələdiyyəsinin sədri Fəridə Əliyeva, gənclər və idman idarəsinin rəisi Rauf Səfərov, Zamanlı kənd məktəbinin direktoru Baxış Nağıyev, ağsaqqallar şurasının sədri Kərəm Məmmədov və başqaları çıxış etdilər. İstər məruzəçi və istərsə də çıxış edənlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasının tələbləri baxımından il ərzində rayonda görülən işləri ətraflı təhlil etdilər, uğurlarla yanaşı, mövcud nöqsanları göstərdilər və qarşıda duran vəzifələrdən danışdılar.

Yekdilliklə qeyd edildi ki, rayonda iqtisadiyyatın yüksəlişinə, əhalinin güzəranının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. İl ərzində 209 min ton kartof istehsal edilib ki, bu da adambaşına 2,2 ton məhsul deməkdir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, dəmyə şəraitində 17 min sentner taxıl yığılıb. Hesabat dövründə mal-qaranın da sayı artıb, məhsuldarlığı xeyli yüksəlib.

Gədəbəylilər ərzaq proqramının icrası üçün səylə çalışırlar. Bir sıra məhsullar rayon əhalisini kifayət qədər təmin etməklə yanaşı, bazarlara da çıxarılır. Toplantıda belə bir fakt vurğulandı ki, 2010-cu ildə kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 738 ton kartof, 146 ton yerkökü, 245 ton kələm, 28,3 ton pendir, 11 ton bal, xeyli armud, alma və çuğundur göndərilib.

Gədəbəy dağlıq rayondur. Bir sıra yerlərdə ağac yetişdirmək heç də asan deyildir. Buna baxmayaraq "Ekologiya ili"ndə 40 mindən çox müxtəlif növ ağac əkilib, onların mühafizəsi üçün tədbirlər görülüb.

Rayonda kiçik və orta biznesin, sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Yeni müəssisələr, iş yerləri açılır. Məhz buna görə də rayon büdcəsinə yerli gəlirlərdən daxilolmalar getdikcə artır. Maliyyə idarəsinin rəisi Namiq Məmmədov dedi ki, 2005-ci illə müqayisədə ötən il rayon büdcəsində yerli gəlirlərin miqdarı xeyli artıb.

Hesabat dövründə rayon üzrə abadlıq və quruculuq sahəsində geniş tədbirlər həyata keçirilib. Şəhərin küçə və səkilərində 376 min manatlıq təmir və abadlıq işləri görülüb. Yaz aylarındakı təbii fəlakətin fəsadları da daxili imkanlar hesabına aradan qaldırılıb. Bunlardan əlavə, 6 kommunal yaşayış binasının dam örtüyü dəyişdirilib, Nərimankənd, Ağamalı, Moruqlu, Çalburun, Arıxdam, Plankənd, Əlisultanlı, Arıqdam icra nümayəndəliklərinin inzibati binaları əsaslı təmir edilib. Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilən Aşıq musiqi məktəbində isə tikinti işləri davam edir.

Bir sıra sosial problemlər, o cümlədən əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi də diqqət mərkəzindədir. Hesabat yığıncağından bir neçə gün əvvəl rayonun sərhəd bölgəsində yerləşən Novosaratovka və Düz Rəsullu kəndlərində orta təzyiqli qaz xətti istifadəyə verilib. Böyük Qaramurad, Ataxal və Qaraməmmədli kəndlərinin qazlaşdırılması da yaxın vaxtlarda başa çatacaq. Artıq həmin kəndlərdə evlərə 1000-ə yaxın qaz sayğacı quraşdırılıb.

Son illər rayonda bir neçə məktəb binası və xəstəxana tikilərək müasir avadanlıqla təchiz olunub. Bununla yanaşı, toplantıda qeyd olundu ki, təhsil və səhiyyə sahəsində bir sıra ixtisaslar üzrə mütəxəssislərə ehtiyac duyulur.

İstər məruzədə və istərsə də çıxışlarda əsas diqqət dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçən iclasın tələblərinin icrasına yönəldildi. Müzakirə zamanı RİH başçısı aparatının şöbələrinə, dövlət qurumlarının rəhbərlərinə, bələdiyyə sədrlərinə ciddi tapşırıqlar verildi, sahibkarlığın inkişafına əngəl törədən hallara, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və s. sahələrdə mövcud olan rüşvətxorluq və korrupsiyaya birdəfəlik son qoyulmasının, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması zamanı daha çox həssaslıq göstərilməsinin vacibliyi qeyd olundu. Prezidentin belə bir tapşırığı xüsusi vurğulandı ki, "Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur. Göstərişlər verilib, sərəncamlar imzalanıb. Bunun üçün hamımız bir hədəfə vurmalıyıq".

Qeyd edildi ki, bəzi təşkilatların təqsiri üzündən yol verilən nöqsanların nəticəsində yerlərdə narazılıq yaranır, respublikanın müxtəlif təşkilatlarına məktublar yazılır. Bu sahədə Söyüdlü kənd icra nümayəndəliyinin və Söyüdlü bələdiyyəsinin fəaliyyəti ciddi tənqid olundu. Kənddə ərizə-şikayətlərə baxılması işi yaxşı təşkil edilmədiyi üçün vətəndaşlar mərkəzi təşkilatlara müraciət etməli olurlar. Təkcə ötən il Söyüdlüdən yuxarı təşkilatlara 125 ərizə və şikayət yazılmışdır. Buna bənzər hallar rayonun Xarxar, Slavyanka, Dəyirmandağ, İnəkboğan, Kiçik Qaramurad və Arıqdam kənd icra nümayəndəliklərində də mövcuddur. Toplantıda tələb olundu ki, işlərin nizama salınması üçün təcili tədbirlər görülməlidir. Xidmət obyektlərində, eləcə də təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələrində, meşə mühafizəsi və bərpası müəssisəsində əmək intizamının möhkəmləndirilməsinin vacibliyinə xüsusi fikir verilməlidir.

Rayonda sistemli surətdə küçələrdə, yollarda və körpülərdə təmir-bərpa işləri aparıldığına baxmayaraq, Fındıqlı çayı üzərində qəza vəziyyətinə düşmüş körpünün vəziyyəti ciddi narahatlıq doğurur. Körpü strateji əhəmiyyətə malikdir. Ermənistanla sərhəddə yerləşən kəndlərin əhalisi, həmçinin "N" saylı hissə həmin körpüdən istifadə edir. Sel-su artdıqca, həftələrlə əlaqə kəsilir. Dəfələrlə əlaqədar dövlət orqanlarına yazılı və şifahi məlumatlar verilməsinə baxmayaraq, bir nəticə hasil olmurdu. Amma qərb bölgəsinə səfəri zamanı bu barədə məlumat alan Prezident onun bərpası barədə göstəriş verdi.

Şikayətləri yaradan cəhətlərdən biri də budur ki, rayonda elektrik təsərrüfatı 50 ildir istismar olunur, dirəklər və naqillər köhnəlib. Ona görə də elektrik xətləri tez-tez sıradan çıxır, dayaqlar yıxılır. Toplantıda bu mühüm məsələnin nizama salınması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılması qərara alındı.

Tənqid və özünütənqid şəraitində keçən yığıncaqda yerlərdəki digər qüsurların da aradan qaldırılması üçün tədbirlərin görülməsinin vacibliyi qeyd olundu. Onu da bildirək ki, rayon toplantısından əvvəl yerlərdə icra nümayəndələrinin hesabatları dinlənilmiş, həmin iclaslarda elektrik enerjisi, qaz çəkilişi, yolların təmiri, körpülərin salınması, mədəniyyət və maarif ocaqlarının təmiri, torpaq islahatları zamanı yol verilmiş nöqsanların aradan qaldırılması, rabitə obyektlərinin inşası haqqında bir sıra təkliflər irəli sürülmüşdür. Müzakirə zamanı bütün bu iradlar və təkliflər əsasında cari ilin fəaliyyət proqramı hazırlandı.

Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədov çıxış edərək qarşıda duran vəzifələrdən danışdı.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.-2 mart.- S. 11.