Hərbi qulluqçuların sosial
müdafiəsi Ali Baş Komandanın daim diqqət mərkəzindədir
Hərbçilərin sosial müdafiəsi dövlət rəhbərliyinin daim diqqət mərkəzində olan əsas məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları 2004-cü il iyulun 1-dən orta hesabla 1,5 dəfə artırılmışdır. Yeri gəlmişkən, 2004-cü ildə müdafiə xərclərinə ümumi daxili məhsulun 2,3 faizi ayrılsa da, sonrakı illərdə bu rəqəm mütəmadi olaraq ilbəil artırıldı, təkcə hərbi qulluqçulara deyil, həm də hərbi xidmətlə bağlı digər şəxslərə də bir sıra imtiyaz və güzəştlər tətbiq edildi. Belə ki, dövlət başçısının imzaladığı digər sərəncamlarla Azərbaycanın milli qəhrəmanlarının, o cümlədən 20 Yanvar şəhidlərinin ailələrinin sosial müdafiəsi gücləndirildi.
Prezidentin "Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında" 23 yanvar 2006-cı il tarixli sərəncamı hərbi peşə sahiblərinə dövlət qayğısının ən bariz təzahürlərindəndir. Bu sərəncamla Müdafiə Nazirliyi hərbi qulluqçularının rütbə maaşları 2006-cı il yanvar ayının 1-dən iki dəfə artırıldı. Eyni zamanda, hərbi qulluqçuların vəzifə maaşlarının, dövlət icbari şəxsi sığorta məbləğlərinin artırılmasına, onların güzəştli ipoteka kreditləri ilə təmin olunmasına dair təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıqlar verildi. Bundan bir il sonra ölkə başçısı hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinin verilməsi qaydaları haqqında fərman imzaladı. Bu fərmana görə, hərbçilərə verilən ipoteka kreditlərinin illik faizi 4 faizdən yuxarı olmamalıdır. Silahlı Qüvvələrdə üç ildən az olmayaraq xidmət edən hərbi qulluqçular üçün maksimal müddət isə 30 il müəyyənləşdirildi. Bu isə hərbi qulluqçuların yalnız özlərinin deyil, həm də onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərə rəvac verdi. Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2006-cı ilin iyul ayında respublikamızın hərbi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edildi. Bu əlavələr hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsini, müvəqqəti mənzil kirayəsi üçün ödənilən kompensasiyanın hərbi qulluqçular üçün hər ay konkret məbləğdə müəyyənləşdirilməsini, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin 50 faizinin müəyyən edilməsini nəzərdə tutur. Bundan başqa, müvafiq sənədlərdə xidməti mənzillərin tikintisinin dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilməsi də öz əksini tapıb. Son bir neçə il ərzində hərbi təhsil ocaqlarında təhsil alan kursantların pul təminatı yaxşılaşdırılmışdır. 2008-ci ildə isə hərbçilərə ərzaq əvəzinə ödənilən kompensasiyaların məbləği ölkə başçısının müvafiq sərəncamı ilə iki dəfə artırılmışdır.
Dövlətin ordu quruculuğu sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasət Azərbaycan Silahlı Qüvvələrini qısa zaman kəsiyində Cənubi Qafqazın yüksək döyüş hazırlığına malik, ən mobil və intizamlı silahlı qurumuna çevirmişdir. Dövlət büdcəsinin ordu quruculuğu ilə bağlı kifayət qədər ciddi statistikası müvafiq sahəyə ayrılan xərclərin ildən-ilə artırılması ilə müşayiət olunur. Təkcə onu demək kifayətdir ki, son 7 il ərzində bu xərclər 14 dəfəyədək artırılmışdır. 18 iyun 2010-cu il tarixdə Milli Məclisin növbədənkənar sessiyasında müdafiə və təhlükəsizlik xərclərinin daha 400 milyon manat artırılması isə cari ilin bütün hərbi xərclərinin 2 milyard 150 milyon dollaradək yüksəlməsi demək idi ki, bu da işğalçı Ermənistanın bütün dövlət büdcəsindən çoxdur.
2010-cu il sentyabrın 20-də ölkə başçısının imzaladığı növbəti sərəncama əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, o cümlədən digər güc strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların və dövlət qulluqçusu olmayan mülki işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz artırılmışdır.
2010-cu il iyunun 23-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi barədə" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, xidməti mənzilə və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçular üçün xidməti yaşayış evlərinin tikilməsinə 5 milyon manat əlavə vəsait ayrılmışdır. Hazırda Azərbaycan Prezidentinin göstərişi ilə müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Hərbi qulluqçular üçün ümumilikdə 627 mənzilli yaşayış binaları yaxın vaxtlarda təhvil veriləcəkdir.
Bu gün Silahlı Qüvvələrimizdə intensiv quruculuq işləri uğurla həyata keçirilir. Gəncə şəhərindəki hərbi şəhərcikdə 690 və 300 yerlik müasir tələblərə cavab verən 3 mərtəbəli əsgər yataqxanaları şəxsi heyətin istifadəsinə verilməsi üçün tam hazırlanmışdır. 300 yerlik 3 mərtəbəli əsgər yataqxanası binasında müasir tipli mebel inventarları quraşdırılmışdır. 3 mərtəbəli 690 yerlik əsgər yataqxanası binasında isə mebellərin quraşdırılması işləri aparılır.
Şəxsi heyətin yüksək keyfiyyətli qidalanmasının təmin olunması məqsədi ilə bir sıra hərbi hissələrdə müasir tələblərə cavab verən əsgər yeməkxanaları tikilmişdir. Yeməkxanalarda yüksək keyfiyyətli qida hazırlanması üçün müasir avadanlıqlar quraşdırılmışdır. Həmçinin yeməkxana binasının zirzəmisində quraşdırılan çörəkbişirmə sexi şəxsi heyətin və yaxınlıqda yerləşən digər hərbi hissələrin çörək təminatını tam ödəmək qabiliyyətindədir. Zirzəminin qalan hissəsində ərzaq və əşya anbarları hazırlanmışdır.
Gəncədəki digər hərbi şəhərcikdə qarnizon hospitalının bəzi bölmələrinin yerləşdirilməsi üçün yoluxucu xəstəliklər, müalicə korpusu, qərargah, mətbəx-yeməkxana, camaşırxana, transformator yarımstansiyası binaları əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Həmin ərazidə artezian quyusu qazılmışdır ki, bu da bina və qurğuları fasiləsiz su ilə təmin edəcəkdir. Hal-hazırda həmin bina və qurğular mebel avadanlıqları ilə təchiz olunur və Novruz bayramı ərəfəsində hospitalın şəxsi heyətinin həmin binalarda yerləşdirilməsi planlaşdırılır.
Gəncə
qarnizonunda xidmət edən zabit və gizir heyətinin məişət
şəraitinin yaxşılaşdırılması məqsədi
ilə Gəncə və Şəmkir şəhərlərinin
hər birində 1 ədəd 50 mənzilli yaşayış
binaları tikilir və bu ilin sonunadək həmin binalar zabit və
gizir heyətinin ailələrinin istifadəsinə veriləcəkdir.
Bu binalar avtonom istilik,
isti su və su ilə təchiz olunur. Hər bir mənzilin sahəsi
100 kvadratmetrdən az deyil. İşlərin davamı olaraq, bu
il ərzində Gəncə və Şəmkir şəhərlərinin
hər birində 1 ədəd yeni 5 mərtəbəli 50 mənzilli
yaşayış binasının tikintisinə
başlanması planlaşdırılır.
Qusar rayonu ərazisindəki
hərbi şəhərcikdə də 690 yerlik iki və 300
yerlik bir əsgər yataqxanası tikilərək istifadəyə
verilməsi üçün hazırlıq işləri
aparılır. Hərbi şəhərciyin binalarının
istilik və isti su ilə təmin olunması üçün
qazanxana, camaşırxana və hamam kompleks binası tikilərək
istifadəyə verilmişdir. Qazanxana vasitəsilə bina və
qurğular fasiləsiz isti su və istiliklə təmin olunur.
Camaşırxana binasında Türkiyə istehsalı olan iki
100 kq-lıq və bir 80 kq-lıq yuma-sıxma, qurutma
maşınları quraşdırılmışdır. Şəxsi
heyətin təmizliyinin təmin olunması üçün
isə hamam istifadəyə verilmişdir.
Qusar qarnizonunda xidmət edən
zabit və gizir heyətinin məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə 1 ədəd
75 mənzilli yaşayış binası tikilib zabit və gizir
heyəti ailələrinin istifadəsinə verilməsi
üçün tam hazırlanmışdır. Həmin
binanın avtonom istilik, isti su və su ilə təchiz
olunması üçün qazanxana, transformator
yarımstansiyası, binanın su təminatı
üçün 250 kubmetrlik 2 su anbarı (nasosxana qurğusu
ilə) inşa olunmuşdur.
Kürdəmirdəki hərbi
şəhərcikdə də quruculuq işləri uğurla həyata
keçirilir. Bu ərazidə müasir tələblərə
cavab verən 2 ədəd 3 mərtəbəli əsgər
yataqxanası, 3 mərtəbəli qərargah, 2 mərtəbəli
tibb məntəqəsi tikilərək hərbi hissənin
şəxsi heyətinin istifadəsinə verilməsi
üçün hazırlanmışdır.
Burada şəxsi heyətin
yüksək keyfiyyətli qidalanmasının təmin
olunması məqsədi ilə müasir tələblərə
cavab verən 1300 yerlik yeməkxana binası tikilmişdir. Binada
yüksək keyfiyyətli qida hazırlanması
üçün müasir tipli Avropa istehsalı olan
avadanlıqlar quraşdırılmışdır. Həmçinin
yeməkxana binasının zirzəmisində çörəkbişirmə
sexi fəaliyyət göstərir.
Göytəpə qəsəbəsindəki
hərbi hissələrin ərazisində də quruculuq işləri
davam etdirilir. Burada 1 ədəd 3 mərtəbəli müasir
tələblərə cavab verən əsgər yataqxanası
istifadəyə verilmiş, 1 ədəd 3 mərtəbəli
əsgər yataqxanasında isə son tamamlama işləri
aparılır və əlavə olaraq 1 ədəd 3 mərtəbəli
əsgər yataqxanası binasında tikinti işləri yerinə
yetirilir. Həmçinin 2500 yerlik əsgər yeməkxanası
inşa olunur.
Göytəpə qarnizonunda
xidmət edən zabit və gizir heyətinin məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
1 ədəd 50 mənzilli yeni yaşayış binası
tikilib, zabit və gizir heyətinin ailələrinin istifadəsinə
verilməsi üçün hazırlanmışdır.
Bakı şəhərində
Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində də
son illər ərzində böyük quruculuq işləri
aparılmış və hal-hazırda bu iş sürətlə
davam etdirilir. Belə ki, hospitalın ərazisində 8 mərtəbəli
300 çarpayılıq cərrahiyyə korpusu inşa olunaraq
istismara verilmişdir. Həmin binada Avropada istehsal olunan
yüksək keyfiyyətli tibb avadanlıqları
quraşdırılıb. Burada 4 mərtəbəli inzibati
bina, 2 mərtəbəli klub-yeməkxana, 3 mərtəbəli
cərrahiyyə şöbəsinin binası əsaslı təmir
olunaraq istismara verilmişdir. Hal-hazırda 8 mərtəbəli
müalicə korpusu binası inşa olunub, mühəndis-kommunikasiya
xətlərinin quraşdırılması işləri
aparılır. Ərazidaxili mühəndis - kommunikasiya xətləri
yenidən qurulur və ərazinin tam
abadlaşdırılması işləri yerinə yetirilmək
üzrədir.
Heydər Əliyev adına Ali Hərbi Məktəbin ərazisində isə müdavimlər üçün 1 ədəd 5 mərtəbəli yataq korpusunun əsaslı təmiri başa çatdırılmış və istifadəyə təhvil verilmişdir. Hal-hazırda 1 ədəd 4 mərtəbəli və 1 ədəd 5 mərtəbəli tədris korpusu binalarının əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Yuxarıda qeyd olunanlar görülən ümumi işlərin yalnız bir hissəsidir. Bu gün Silahlı Qüvvələrimizin bütün sahələrində əsaslı quruculuq tədbirləri həyata keçirilir. Azərbaycan dövlətinin bu muhum və vacib sahəyə göstərdiyi diqqət və qayğı müvafiq istiqamətdə daha böyük uğurların əldə olunacağına əsaslı zəmin yaradır.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Azərbaycan.- 2011.-2 mart.- S.10.