Şəki Regional Ədliyyə Şöbəsində
seminar-müşavirə keçirilmişdir
Şəki Regional Ədliyyə Şöbəsində "Bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması və qarşısının alınması" mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirədə regionda fəaliyyət göstərən bələdiyyələrin sədrləri, Maliyyə və Vergilər nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yerli və ərazi qurumlarının, yerli icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkə qanunvericiliyinin bələdiyyələrin fəaliyyətinin şəffaflığının təmin olunmasına yönəlmiş tələblər, bələdiyyələrdə korrupsiya hüquqpozmalarına şərait yaradan hallar və onların aradan qaldırılması yolları barədə geniş məruzə dinlənilib. Ölkə Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı sərt mübarizənin aparılmasına dair tapşırıqları, bu tapşırıqların yerinə yetirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması tədbirləri barədə iştirakçılara geniş məlumat verilib. Qeyd edilib ki, korrupsiya və digər neqativ halların qarşısının alınmasının ən etibarlı vasitələrindən biri kimi şəffaflığın təmin olunmasına bələdiyyələr kifayət qədər diqqət yetirmir, qanunvericilik aktlarının müvafiq tələblərinə tam əməl olunmur və bu da sui-istifadə, süründürməçilik və korrupsiya hallarına şərait yaradır.
Seminar-müşavirədə iştirakçıların sualları ətraflı cavablandırılıb.
T.NƏZƏRLİ
Azərbaycan.- 2011.- 2 mart.- S. 10.