Rəsmi Bakı BMT-də
islahatların tərəfdarıdır
Martın 2-də Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 19-cu ildönümü tamam olur. Yenicə müstəqillik qazanmış respublikamız 1992-ci il martın 2-də bu mötəbər beynəlxalq təşkilatın sıralarına daxil olmaqla, dövlət müstəqilliyinə siyasi-hüquqi təminatı gücləndirmək, eləcə də beynəlxalq səviyyədə maraq və mənafelərini müdafiə etmək üçün əlverişli tribuna qazanmışdır.
BMT-yə üzv olmaqla Azərbaycan, ilk növbədə, özünün beynəlxalq hüquq subyektliyini təsdiq etdirmişdir. Təşkilata üzvlükdən dərhal sonra respublikamız qurum çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltməyə, BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı bir daha təsbit olunmuşdur. Təşkilat respublikamızın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. BMT Baş Assambleyası Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsindən, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə - 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul etmişdir. Ümumilikdə 1992-1996-cı illərdə BMT Təhlükəsizlik Şurasının sədri və BMT baş katibi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyən bir sıra bəyanatlar yaymışlar. 1996-cı ildə BMT Baş Assambleyası qəbul etdiyi "BMT və ATƏT arasında əməkdaşlıq haqqında" qətnaməsində Azərbaycanın ərazi bütövlüyünü yenidən təsdiqləmişdir.
1994-cü ildə BMT Baş Assambleyasının sessiyasında ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Ümummilli lider ilk dəfə Azərbaycan Respublikasının Prezidenti kimi həmin tribunadan istifadə edərək Azərbaycanın haqq səsini dünyaya çatdırmış, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və onun ağır nəticələrini beynəlxalq aləmə bəyan etmişdir. Ulu öndər Heydər Əliyev 2000-ci ilin sentyabrında BMT-nin Minillik Zirvə Toplantısında iştirak etmiş, dərin məzmunlu çıxışında qloballaşma prosesinə toxunmuş, həmçinin Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə Azərbaycanın verdiyi töhfələri xüsusi vurğulamışdır.
Ulu öndərin xarici siyasət kursunu layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də BMT ilə əlaqələrin inkişafına mühüm önəm verir. Hələ 2003-cü ilin sentyabrında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirak etmiş, regional və beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərlə bağlı fikirlərini açıqlamışdır. Cənab İlham Əliyev beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər edilməsi məsələsini ön plana çıxarmışdır.
BMT-nin yaradılmasından 60 ildən çox keçməsinə baxmayaraq, müasir beynəlxalq təhlükəsizlik arxitekturasının dünyanın üzləşdiyi çoxtərəfli çağırış və hədələrə vaxtında və səmərəli yanaşması sualı hələ də açıq qalır. Bu, əsasən, təşkilatda çıxarılan qərarların həyata keçirilməsi mexanizmlərinin müasir tələblərə cavab verməməsi ilə şərtlənir. BMT-nin hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 15 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da təşkilatın çevik və dinamik fəaliyyətini əngəlləyir. Eyni zamanda, Təhlükəsizlik Şurasına üzv bütün dövlətlərin heç də hamısının veto hüququna malik olmaması bəzi hallarda "ikili standart" qərarların qəbuluna gətirib çıxarır.
BMT qərarlarının kifayət qədər səmərəli təsir gücünə malik olmadığını konket olaraq təşkilatın Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar qəbul etdiyi 4 qətnaməsinin kağız üzərində qalması bir daha təsdiqləyir. Həmin qətnamələrdə təşkilat respublikanın ərazi toxunulmazlığını bir daha önə çəkmiş, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Lakin buna rəğmən, işğalçı Ermənistana qarşı preventiv tədbirlərin həyata keçirilməməsi rəsmi Bakının haqlı narazılığına səbəb olur. Rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların aparılması ideyasını dəstəkləyir.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmişdir. Cənab İlham Əliyev demişdir ki, Ermənistan Respublikası münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətmiş, etnik təmizləmə siyasətini həyata keçirmiş və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışmışdır. Azərbaycan ərazilərinin işğalına görə bu dövlətin məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmiş, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini vermiş, torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. Əfsuslar olsun ki, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir. Bütün bunları diqqətə çəkən dövlətimizin başçısı bildirmişdir ki, münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir və bu da gözlənilməz nəticələrə gətirə bilər: "Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır".
Dövlət başçısı vurğulamışdır ki, münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur.
Bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması ciddi təəssüf doğurur. BMT Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.
S.ELMANOĞLU
Azərbaycan.- 2011.-2 mart.- S. 7.