Azərbaycan ilə Tatarıstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılmasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

 Martın 2-də Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov arasında görüş olmuşdur. Tərəflər fövqəladə halların qabaqlanması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmişlər.

Tatarıstan Prezidenti Rustam Minnixanov demişdir: "Tatarıstan texnogen respublikadır. Biz Fövqəladə Hallar Nazirliyinin bütün xidmətlərinin, səhiyyə və yol polisinin fəaliyyətinin əlaqələndirilməsi üçün Qlonass qlobal naviqasiya sistemindən istifadə edirik. Bu, Azərbaycan üçün də maraqlı ola bilər".

R.Minnixanov qeyd etmişdir ki, Tatarıstanda sənayenin xeyli inkişaf etməsinə baxmayaraq, kənd təsərrüfatına ciddi ziyan vurulmuşdur.

Tatarıstan Prezidenti demişdir: "Keçən il bizə çox şey öyrətdi. Havaların çox isti keçməsi kənd təsərrüfatına ziyan vurmuş, taxıl məhsulu az olmuşdur. Bununla əlaqədar FHN-in işinin əhəmiyyəti daha da artmışdır".

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanın və Rusiya Federasiyasının fövqəladə hallar nazirlikləri arasında əməkdaşlığın vacib olduğunu vurğulamışdır. O, iqlim dəyişmələrini mühüm problem adlandırmışdır.

Nazir qeyd etmişdir ki, güclü daşqınlar Azərbaycana da çox ziyan vurmuşdur. Ona görə də indi FHN-in səmərəli işləməsi çox vacibdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 mart.- S. 2.