Bakıda "Azərbaycan
mediasında redaksiya azadlığı, etika və şəffaflıq"
mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə
başlamışdır
Martın 2-də Bakıda "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, konfransı Beynəlxalq Jurnalistlər Federasiyası, Demokratik Jurnalistlər Liqası, Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ), Beynəlxalq Avrasiya Mətbuat Fondu, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsindən ibarət "Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası" təşkil etmişdir. "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi çərçivəsində keçirilən konfransa Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi maliyyə dəstəyi vermişdir.
Tədbiri açan JuHİ-nin sədri, "Etik jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsinin əlaqələndiricisi Müşfiq Ələsgərli ölkəmizdə medianın mövcud durumu, bu sahədəki problemlər, eləcə də yeni çağırışların və beynəlxalq təcrübənin öyrənilməsi baxımından tədbirin əhəmiyyətini qeyd etmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev azad sözün, KİV-nin sərbəst fəaliyyətinin hüquqi-demokratik cəmiyyətin vacib amillərindən olduğunu vurğulayaraq ölkəmizdə azad mətbuatın və plüralist fikrin formalaşması üçün dövlət, cəmiyyət, o cümlədən jurnalistlər tərəfindən ciddi səylərin göstərildiyini demişdir. Bu səylərin üst-üstə düşdüyü məqamlarda görülən işlərin təsiri və uğurları daha böyük, nəzərəçarpan olmuşdur.
Bildirilmişdir ki, bu gün Azərbaycanda plüralist medianın formalaşması cəmiyyət və dövlət tərəfindən qəbul edilən, təsdiqlənən əsas prinsip və fəaliyyət istiqamətidir. Bu istiqamətdə ardıcıl addımlar atılır, media ilə dövlət orqanları arasında əməkdaşlıq dərinləşdirilir, KİV-nin fəaliyyətinin daha da genişləndirilməsi sahəsində müxtəlif tədbirlər görülür. Bütün bunlar cəmiyyətimizin mənafeyinə cavab verir.
Azərbaycanda mətbuatın inkişaf yoluna nəzər salan Ə.Mehdiyev bildirmişdir ki, 1998-ci ildə senzuranın, daha sonra mətbuat və informasiya nazirliyinin ləğv edilməsi ilə dövlətin medianın fəaliyyətinə müdaxilə imkanları aradan qaldırılmışdır. Ancaq dövlət media ilə əlaqələrini kəsməmişdir. Qarşılıqlı əməkdaşlıq, mətbuatın inkişafı üçün zəruri şəraitin yaradılması sahəsində dövlətin üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan qəbul edilən qanunvericilik aktları, o cümlədən KİV-nin fəaliyyətini tənzimləyən qanun mühüm rol oynamışdır. Bu qanunun qəbul edilməsi ilə Azərbaycanda azad mətbuatın formalaşması istiqamətində mühüm addımlar atılmışdır.
Hazırda Azərbaycanda 4 min 300-dən artıq mətbuat orqanının, o cümlədən 50-dən artıq informasiya agentliyinin qeydiyyata alındığını diqqətə çatdıran natiq cəmiyyətimizin üzləşdiyi məsələlərin işıqlandırılması, ictimaiyyətin informasiya ehtiyacının ödənilməsi, dövlət qurumlarının fəaliyyətinə yaxından dəstək verilməsi baxımından KİV-in əhəmiyyətini diqqətə çatdırmışdır.
Dövlətin mətbuatın inkişafına daim diqqət yetirdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi KİV-nin maddi-texniki bazasının gücləndirilməsi, peşəkar kadrların hazırlanması, mətbuatın inkişafına dəstək verilməsi məqsədilə 2008-ci ildə konsepsiyanın qəbul edilməsini, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDDF) yaradılmasını mühüm addım kimi qiymətləndirmişdir.
Mətbuat orqanlarının işinin yaxşılaşdırılması və cəmiyyətin mənafeyinə uyğun tənzimlənməsi, peşəkarlığının artırılması üçün dövlət orqanlarının bütün jurnalist təşkilatları, mətbuat orqanları və beynəlxalq təşkilatlarla həmişə əməkdaşlıq etdiyini bildirən Ə.Mehdiyev bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmış, bu baxımdan belə tədbirin zəruriliyini vurğulamışdır.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle,
KİVİDDF-in icraçı direktoru Vüqar Səfərli, ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin Karpenter, Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov mətbuatımızın mövcud durumu və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşmüşlər.
Sonra "Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan" layihəsi barədə təqdimat olmuşdur.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmiş, Ə.Amaşov "Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar" və APA informasiya agentliyinin baş redaktoru Vüsalə Mahirqızı "Şəffaflıq kontekstində hakimiyyət-media münasibətləri" mövzuları üzrə çıxış etmişlər.
Tədbirdə digər məsələlərlə bağlı çıxışlar da dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Konfrans öz işini martın 3-də davam etdirəcəkdir.
Azərbaycan.- 2011.-3 mart.- S. 2.