Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunmuşdur

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov fevralın 28-dən martın 2-dək siyasi məsləhətləşmələr keçirmək məqsədi ilə Macarıstanda səfərdə olmuşdur.

Səfərin birinci günü X.Xələfov Macarıstan parlamenti sədrinin müavini Lejak Şandor, Xarici İşlər Nazirliyinin dövlət katibi Jolt Nemet, dövlət katibinin müavini və siyasi direktor Peter Staray, Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının Macarıstan tərəfindən həmsədri Roza Nad, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşi və qrupun üzvləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə Azərbaycan və Macarıstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr, iki ölkənin enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının fəaliyyətinin intensivləşdirilməsi məsələləri müzakirə edilmişdir.

Martın 2-də X.Xələfov Macarıstanın İctimai Televiziyası olan nüfuzlu Duna TV telekanalının səhər proqramında canlı yayımda səfərin nəticələri, Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, ölkəmizin enerji siyasəti haqqında müsahibə vermişdir.

 

 

Pərvanə QARAYEVA

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2011.-3 mart.- S. 3.