Naxçıvanda quruculuq və abadlıq işləri təhsil sahəsini də əhatə edir
Naxçıvan Muxtar Respublikasındakı inkişaf və tikinti-quruculuq işləri Naxçıvan Dövlət Universitetində də təzahürünü tapmışdır. Bir-birinin ardınca yeni tədris korpusları tikilib istifadəyə verilmiş, məktəbin maddi-texniki bazası gücləndirilmiş, təhsildə və tədrisdə yeniliklərin mənimsənilməsində uğurlar əldə edilmişdir. Zəngin elektron kitabxana, konservatoriya, beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin modern üslubda tikilmiş binası ötən illərin töhfəsidir.
Bu günlərdə isə universitetdə tələbə yataqxanası, qonaq evi və tələbə sosial xidmət mərkəzi tikilib istifadəyə verilmişdir. Yeni obyektlərin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkəmizdə ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamından, elmin, təhsilin inkişafı istiqamətində aparılan çoxsaylı islahatlardan, muxtar respublikada yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasından, elmi potensialın formalaşmasından bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin ölkənin ali məktəbləri sırasında ilk beşliyə daxil olmasını, beynəlxalq nüfuzunun artmasını xüsusi vurğulamışdır.
Tələbələr adından çıxış edən NDU-nun beynəlxalq münasibətlər fakültəsinin tələbəsi, banqladeşli Khairuz Zaman, memarlıq ixtisası üzrə təhsil alan nigeriyalı Anthony Mokvunye, magistraturada təhsil alan Cənubi Koreya Respublikası vətəndaşı Younq Myongga təhsildə yaradılan yüksək şərait üçün minnətdarlıqlarını bildirmişlər.
Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxışında qeyd etmişdir ki, muxtar respublikada elmin, təhsilin inkişafına dövlət qayğısı, aparılan islahatlar, müasir tədris korpuslarının inşası, təhsil ocaqlarının ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması ümummilli lider Heydər Əliyev ideyalarına dönməz sədaqət, onun siyasi kursunun ardıcıl davamı, müasir inkişafın ən gözəl modeli sayıla bilər.
Qeyd edək ki, beşmərtəbəli tələbə yataqxanasında əsaslı təmir və yenidənqurma işləri aparılmış, 1977-ci ildə istifadəyə verilmiş bina tamamilə yenidən qurulmuş, əlavə olaraq ona bitişik ikinci korpus tikilmişdir. 456 yerlik yataqxana 204 qız, 253 oğlan üçün nəzərdə tutulmuşdur. Binanın zirzəmi qatında memarlıq və mühəndislik fakültəsinin tələbələri üçün laboratoriyalar, memarlıq və rəssamlıq emalatxanası, tennis və şahmat otaqları yaradılmışdır. Burada qazanxana, hamam, camaşırxana, dərzi otağı və qəzet köşkü də yerləşir. Birinci mərtəbədə komendant otağı, tələbə şurası, yataqxana ozünüidarəetmə otağı, tibb məntəqəsi, iaşə otağı, istirahət guşələri, mühasibatlıq mövcuddur. Buradakı 2 elektron lövhə otağı tələbələrin müasir informasiya kommunikasıiya texnologiyalarından istifadə etməsi üçün nəzərdə tutulmuşdur. Müasir standartlara cavab verən, 2, 3, 4 nəfərlik otaqlarda yaşayış üçün minimum şərait yaradılmış, yataqxananın mətbəx və hamamı ən müasir məişət avadanlıqları ilə təchiz olunmuşdur.
Ən müasir hotellər səviyyəsində tikilmiş qonaq evində isə Naxçıvan Dövlət Universitetinə xaricdən mütəxəssislərin cəlb olunması və yaşayıb çalışmaları üçün şərait yaradılmışdır. Mötəbər qonaqlar üçün nəzərdə tutulmuş ikinəfərlik lüks otaqda, ikinəfərlik 7 normal otaqda yüksək məişət şəraiti yaradılmışdır.
İstifadəyə verilən üçmərtəbəli tələbə sosial xidmət mərkəzi isə ölkədə analoqu olmayan, dünya ali təhsil sistemi üçün örnək ola biləcək bir mərkəzdir. Gündən-günə abadlaşan və böyüyən, 110 hektarlıq ərazini əhatə edən universitet şəhərciyində çoxsaylı kollektivin, tələbələrin sosial tələbatlarının, gündəlik məişət qayğılarının ödənilməsi üçün bu mərkəz əvəzolunmazdır. Binanın birinci mərtəbəsində qazanxana, kafeteriya, bərbərxana, poçt, əczaxana, foto, ikinci mərtəbədə dəftərxana məhsullarının, ali məktəb tələbələri üçün nəzərdə tutulmuş vahid formaların satışı üçün mağaza, satış sərgi salonu, qadın gözəllik salonu fəaliyyət göstərəcək. Üçüncü mərtəbədə isə müdiriyyət və mühasibatlıq üçün inzibati otaqlar, kompüter zalı, yerli ərzaq məhsullarının satışı üçün mağaza və anbar yerləşir.
Müasir memarlıq üslubunda tikilmiş, rəngarəng ornamentlərlə bəzədilmiş yeni obyektlər bir daha təsdiq edir ki, Naxçıvan Muxtar Respublikasında quruculuq-abadlıq işləri təhsil sahəsini də geniş əhatə edir. Bu obyeklər həm də füsunkar gözəlliyi və qeyri-adı arxitekturası ilə göz oxşayır.
Mehriban SULTAN
Azərbaycan.- 2011.-3 mart.- S. 5.