Uğurlar da var, həllini gözləyən problemlər də...

 

Goranboylular Prezident İlham Əliyevin bu yerlərə səfərinin xoş təəssüratı ilə yaşayırlar. Dövlət başçısı 688 məcburi köçkün ailəsi üçün tikilən və birinci mərhələdə 165 ailənin məskunlaşdığı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmiş, Xocalı şəhər 1 saylı orta məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Prezident bu yerlərdə görülən işləri yüksək qiymətləndirmiş, hər sahədə vəziyyətin daha da yaxşılaşdırılması üçün tövsiyə və tapşırıqlarını vermişdir.

Ötən ilin yekunlarının müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş rayon toplantısında bu barədə geniş söhbət getdi. Rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev il ərzində görülən işlər barədə hesabat verdi, Nazirlər Kabinetində keçirilən iclasın yekunları və həmin toplantıda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr baxımından rayonda görülən işləri ətraflı təhlil etdi. N.Quliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası çərçivəsində görülən işlərdən, sistemli surətdə həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən də danışdı.

Sonra ayrı-ayrı idarə və müəssisə nümayəndələrinin məlumatları dinlənildi. Rayon maliyyə şöbəsinin rəisi İltifat Sadıqov, Safıkürd kəndinin icra nümayəndəsi İbrahim Həsənov, Ağamalı kənd bələdiyyəsinin sədri Sahib Ədilbəyli, polis şöbəsinin rəisi Məhəmməd Məmmədov, "Qalib qrup" MMC-nin icraçı direktoru Fuad Vəliyev, Ağsaqqallar Şurasının sədri Məzahir Zeynalov və başqaları çıxış edərək görülən işlərdən, rayonun uğurlarından söz açdılar. Qeyd olundu ki, Goranboy hər sahədə inkişaf edir. 2010-cu ildə rayon üzrə 184,5 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 6,8 milyon manat çoxdur. Rayonda bir sıra yeni emal müəssisələri, habelə tikinti, ticarət və xidmət obyektləri açılıb. Elə bunun sayəsində son illərdə təqribən 14 min yeni iş yeri açılıb.

Bununla yanaşı, hesabat dövründə rayonda abadlıq və quruculuq məsələlərinə xüsusi diqqət yetirilib. Təkcə şəhər mərkəzindəki 9 küçəyə asfalt döşənib, Qızılhacılı və Şahməmmədli istiqamətində müasir üslubda giriş qapıları inşa edilib, yaraşıqlı dairələr salınıb, Safıkürd səmtində şəlalə kompleksi yaradılıb, səkilər, istinad divarları sahmana salınıb, küçələrdə müasir işıqlandırma sistemi quraşdırılıb, şəhərin mərkəzində kanalizasiya xətti çəkilib, fəvvarələr istifadəyə verilib. Hazırda YAP rayon təşkilatının binasında, avtovağzalda, şahmat məktəbində tikinti işləri aparılır. Rayonun ayrı-ayrı qəsəbə və kəndlərində də xeyli abadlıq-quruculuq işləri görülüb.

Dəliməmmədli şəhərində Dövlət Bayrağı ucaldılıb, Qarqucaq-Hacallı səmtində, habelə Tatarlı kəndində körpülər bərpa edilib, Qızılhacılı, Xanqərvənd, Rəhimli, Veyisli yaşayış məntəqələrində işıqlandırma sistemləri təzələnib. İl ərzində Goran dördyolu ərazisində İstisu müalicə mərkəzi, Faxralı kəndində isə şadlıq sarayı istifadəyə verilib. Ümumiyyətlə, ötən il rayon üzrə ayrı-ayrı mənbələr hesabına 80 milyon manatlıq tikinti-quraşdırma işləri aparılıb.

İşıq, qaz və su problemlərinin həlli üçün də sistemli surətdə tədbirlər görülüb. İtkilərin qarşısının alınması üçün bir sıra yerlərdə ötürücü xətlər SİB kabellə əvəz olunub və SMART tipli sayğaclar quraşdırılıb. Rayonun bir sıra yerlərində, o cümlədən Dəliməmmədli şəhərində 1000 metrdən artıq qaz xətti təzələnib. Veyisli kəndi yaxınlığında məcburi köçkünlərin yaşadıqları qəsəbə isə tamamilə qazlaşdırılıb. Aşağı Ağcakənd qəsəbəsi, habelə Meşəli, Börü və Şəfəq kəndlərində də evlərin qazlaşdırılması üçün daxili paylayıcı xətlər çəkilib.

Goranboyda sosial obyektlərin inşasına xüsusi diqqət yetirilir. Son illər 23 məktəb binası tikilib və bərpa olunub, Hazırəhmədli kəndində uşaq bağçası açılıb. Hazırda şəhər 3 saylı və Tatarlı kənd orta məktəbləri üçün yeni binalar inşa olunur.

Tənqid və özünütənqid şəraitində keçən toplantıda ayrı-ayrı idarə və müəssisələrin fəaliyyəti də ətraflı təhlil edildi. Uğurlar qeyd olunmaqla yanaşı, nöqsanlardan danışıldı, onların aradan qaldırılması yolları göstərildi. Qeyd edildi ki, son vaxtlar rayonda abadlıq və quruculuq məsələlərinə xüsusi diqqət yetirildiyi halda, aidiyyəti təşkilatların, ilk növbədə, baş memar Qabil Həsənovun biganəliyi üzündən bəzi yerlərdə qanunsuz tikililər, yöndəmsiz obyektlər peyda olur. Məlum olduğu kimi, 2010-cu il "Ekologiya ili" elan edilmişdi. Bununla əlaqədar rayonda xeyli işlər görülüb, 35 mindən çox ağac və gül kolu əkilib. Lakin bu mühüm işə bilavasitə cavabdeh olan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin fəaliyyəti hiss edilmir. Buna görə də müəssisənin rəisi S.Nəzərovun fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi toplantıda ciddi tənqid olundu.

Rayonda 55 icra nümayəndəliyi və 51 bələdiyyə fəaliyyət göstərir. Heç şübhəsiz ki, bu, böyük qüvvədir. Lakin bu qüvvədən heç də hər yerdə səmərəli istifadə edilmir. Bəzi icra nümayəndələri mövcud problemlərin vaxtında həll edilməsi üçün təşəbbüs göstərmirlər. Goranlı, Səmədabad, Yuxarı Ağcakənd, Qaraçinar, Yolğullar, Veyisli və Qarqucaq kənd icra nümayəndələrinin işdən azad edilmələrinin, Dəliməmmədli şəhər, Xanqərvənd, Əzizbəyov, Qazançı, Əlirzalı, Nərimanlı, Bağçakürd və Yenikənd icra nümayəndələrinə töhmət verilməsinin səbəbi də bu oldu.

Toplantıda bələdiyyələrin də fəaliyyəti ciddi tənqid edildi. Hələ 2008-ci ildə RİH-in təşəbbüsü ilə bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya şurası yaradılmış, əsasnamə təsdiq edilmiş, şuranın tərkibi müəyyən olunmuşdur. Təəssüf ki, ötən müddət ərzində həmin şura demək olar heç bir fəaliyyət göstərməyib, verilən sərəncam kağız üzərində qalıb.

Toplantıda bir məsələ xüsusi vurğulandı. Bələdiyyə torpaqlarından istifadə sahəsində ciddi nöqsanlar mövcuddur. Bələdiyyələr yalnız torpaq satmaqla və vergi yığmaqla öz işlərini bitmiş hesab edirlər. Rəsmi statistikaya görə, mövcud 1206 hektar torpaq ehtiyat fondundan son 4 ildə cəmi 113 hektarı icarəyə verilib. Əslində isə vəziyyət başqa cürdür. Ehtiyat torpaqları kimlər tərəfindənsə əkilir. Əksər bələdiyyələrdə isə perspektiv inkişaf fondu üçün heç bir hektar da torpaq qalmayıb.

Toplantı iştirakçıları əmək intizamının möhkəmləndirilməsi, rüşvətxorluğa, korrupsiyaya qarşı daha sərt mübarizə aparılmasının vacibliyi barədə Prezident İlham Əliyevin yeritdiyi xətti ürəkdən bəyəndiklərini bildirdilər. Bu işdə məqsəd inkişafımıza mane olan, ölkənin daxili və xarici imicinə xələl gətirən, sahibkarların, iş adamlarının fəaliyyətinə maneçilik törədən halların qarşısını almaqdır. Dövlət başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında keçirilən iclasın tələblərinə uyğun olaraq, rayonda maarifləndirmə işləri aparılır, vətəndaşların müraciətləri vaxtında təhlil edilir, onları doğuran səbəblər araşdırılır, aradan qaldırılması istiqamətində konkret iş aparılır.

Toplantıda bir sıra arzu və təkliflər səsləndi və yekdilliklə cari ilin fəaliyyət proqramı müəyyən edildi. Qeyd olundu ki, aqrar sahənin, sənayenin inkişafı, abadlıq və quruculuq işlərinin genişləndirilməsi ilə yanaşı, konkret olaraq bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, Faxralı və Quşçular kəndlərinə xidmət edən su anbarı əsaslı təmir edilməli, Kürəkçaydan gələn 9 kilometr uzunluğundakı su kəməri və təmizləyici quyu bərpa olunmalıdır. Goranboy suyu qıt olan rayonlardandır. Ona görə də tutumu 3,4 milyon kubmetr olan Safıkürd su anbarının lildən təmizlənməsi, 10 min hektarda suvarma şəbəkəsinin yenidən bərpası, müxtəlif yerlərdə ən azı 70 subartezian quyusunun qazılması, Gürzallar kəndinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün Buzluq kəndindən 17 kilometr su xəttinin çəkilməsi də vacibdir. Bundan əlavə, qəzalı vəziyyətdə olan 15 məktəb, 7 uşaq bağçası, 10 səhiyyə obyekti üçün müvafiq binaların inşasına, heyvandarlıq məhsullarının emalı və meyvə-tərəvəzin konservləşdirilməsi üçün müasir müəssisələrin yaradılmasına ciddi ehtiyac var.

Toplantının sonunda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Niyaz Əliyev çıxış edərək bəzi məsələlərə aydınlıq gətirdi, qarşıda duran konkret vəzifələrdən danışdı.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 3 mart.- S. 5.