Bir jurnalistin yazdıqları

 

Yaxud həmişə var olanlar haqqında yeni kitab

 

Saysız-hesabsız publisist yazılar və bir sıra kitablar müəllifi olan peşəkar jurnalist Flora Xəlilzadə bu dəfə oxucularının görüşünə "Yazdıqlarım" kitabı ilə gəlib. Əslində "Yazdıqlarım" yeddi cilddən ibarət olacaq. Onun işıq üzü görən birinci cildinin adı isə "Ədəbiyyat-əbədiyyət"dir.

Bu cilddə müəllifin son illərdə ədəbiyyat, mətbuat, sözlə bağlı qələmə aldığı və çalışdığı "Azərbaycan" qəzetində dərc etdirdiyi yazılarından seçmələr toplanıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar kitabda "Ön söz" yerində verilmiş "Söz sözü çəkər" məqaləsində müəllifin dilini, üslubunu, mühakiməsini, zəhmətini yüksək dəyərləndirir: "Kitabın səhifələrindən ədəbiyyatımızın inkişafında, ədəbi tənqidimizin yüksəlişində, poeziyamızın zənginləşməsində xidmətləri olan insanların işıqlı sifətləri boylanır: Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Məmməd Araz, Xəlil Rza Ulutürk, Rəfiq Zəka Xəndan... Siyahı çox uzundur. Sadəcə, bu insanların yazdıqlarını oxuyub onlar haqqında düşünüb-daşınmaq, fikir yürütmək, söz demək, nəhayət, qələmə sarılmaq özü böyük zəhmətdir. Müəllif bu ağır və məsuliyyətli işin öhdəsindən məharətlə gəlib".

Kitabda 9 bölmə var. Hər bölmənin də adında "söz" kəlməsi işlədilib. Sözü özünün var-dövləti hesab edən müəllif deyir: "Tanrı bilir ki, söz mənim üçün dünyanın bütün var-dövlətindən yuxarıda dayanır. Söz mənim üçün bir xilqətdir, müqəddəs varlıqdır".

Kitab ulu öndər Heydər Əliyevin ədəbiyyata, sözə verdiyi qiyməti, göstərdiyi qayğını əks etdirən məqalələrlə başlanır. Çünki Flora Xəlilzadənin vurğuladığı kimi, Azərbaycan ədəbiyyatına diqqəti və qayğısı ilə seçilən ümummilli liderimiz Heydər Əliyev sözü öz ucalığında dəyərləndirən, ədəbi aləmə ədəbiyyatçılardan çox xidmət edən, klassik, eləcə də müasir yazıçı və şairlərin yaradıcılığını tənqidçilərdən də sərrast təhlilə çəkən, qiymətləndirən qeyri-adi düşüncə və fikir sahibi idi: "Heydər Əliyev Azərbaycan ədəbiyyatına həm qayğı göstərirdi, həm də başqa bir xeyirxahlıq missiyasını ləyaqətlə yerinə yetirirdi. Ədəbiyyat adamlarına şərait yaratmaqla bərabər onları dövrün, zamanın gərdişindən, quruluşun təzyiqlərindən və ittihamlardan məharətlə qoruyurdu. Bu faktı hamı etiraf edirdi ki, sovet dövründə yaşayıb-yaradan bir qrup qələm sahibinin xilaskarı məhz Heydər Əliyev olub. Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Anarın sovet dövründəki milli ruhda köklənmiş əsərləri, çıxış və məqalələri başlarına bəla gətirərdi. Çünki bu müəlliflər elə bir zamanda azadlıq, həqiqət axtarırdılar, milli düşüncəyə söykənən məsələlər qaldırırdılar ki, onları bu cəsarətlərinə görə ən azı Cavidin, Müşfiqin taleyi gözləyərdi".

"Ədəbiyyat-əbədiyyət" kitabındakı yazıların hər biri lazımi məlumat yükünü daşımaqla yanaşı, həm də müəllifin ürəyinin hərarəti ilə oxucuya ünvanlanmış yazılardır. Başqa sözlə desək, Flora Xəlilzadə nə vaxt və nə münasibətlə yazırsa-yazsın, orada qəhrəmanının (bu kitabda söz, ədəbiyyat adamlarının, şairlərin, yazıçıların və s.) yalnız yaradıcılığına toxunmaqla və tərcümeyi-halını söyləməklə kifayətlənmir. Onun şəxsiyyətini, istedadını, xasiyyətini, mənəvi dünyasını oxucusuna çatdırmaq istəyir. Əgər haqqında yazdığı insan dünyasını dəyişibsə, F.Xəlilzadə onun haqqında oxuyur, öyrənir, xatirələri dinləyir. Bir çox qəhrəmanları isə bu gün də yaşayır, yaradır və nə yaxşı ki, Flora özü onları yaxından tanıyır və bizə tanıdır.

Flora Xəlilzadə dilimizin keşiyində dayanan bir jurnalistdir. İlk növbədə, şəxsi nümunəsi ilə, dili ilə, üslubu ilə... Bununla yanaşı, vaxtaşırı dilin korlanmasına qarşı, sözün əsl mənasında, üsyan qaldırır, sözün saflığı uğrunda sözlə mübarizə aparır: "Ən ağır və dözülməzi odur ki, indi dilimizi korlayanların əksəriyyəti ali təhsilli insanlar, çox halda jurnalistlər, müxbirlər və bəzi sənət adamlarıdır". Məhz ona görə də Flora xanım bir daha yazır: "Dil mədəniyyətdir. Ehtiyatsız deyilən bir söz, düzgün olmayan tələffüz sahibini gülüş obyektinə çevirər. Vəzifə sahibi kreslosunun müvəqqəti ağası ola bilər, dilin yox. Çünki dildə qəbul edilmiş normalara hamı əməl etməlidir". Flora Xəlilzadə dilə münasibəti Vətən sevgisi sayır. Onun bu mövzuya həsr etdiyi silsilə yazılar problem xarakteri daşıyır və onlarda jurnalistin əsl vətəndaş mövqeyi özünü aydın göstərir.

Bu narahatlıq müəllifin "Peşəkar bəstəkarlarımız söz seçimində nədən meyarları itiriblər?" məqaləsində də aydın hiss olunur. O, çox sevdiyimiz bir sıra bəstəkarların təsadüfi şairlərin torlarından qurtula bilmədiklərindən təəssüflənir. Mahnıların zəif mətnini eşitdikcə təəccüblənir. Başqa bir məqaləsində müəllif deyir: "Söz, dil millətin ürəyidir, beynidir, vuran nəbzidir. Vay o gündən ki, söz naşı adamın əlində qova çevrilə. Mənəvi dünyamızın açarı saydığımız sözün əsl faciəsi də bax, o gündən başladı... Kal meyvələr bollaşdıqca, bazar daha da genişləndi. Yaza bilən də, bilməyən də kitab müəllifinə çevrildi".

Bəlkə kitabın kitabını bağlayan da məhz elə bu "kitab"lardır. "Kitabın kitabının bağlanması" ifadəsini cümlələrinin birində Flora xanım işlədib. Amma yaxşı kitabın kitabı bağlanmaz heç zaman. Biz də inanmırıq ki, yaxşı kitabı əlinə götürən, vərəqləyən, oxuyan olmayacaq.

Bir sıra yazılarında isə F.Xəlilzadənin təkcə sözü-söhbəti ilə deyil, tədqiqatçılığı ilə də rastlaşırıq. Məsələn, "Klassiklərimizi oxuyarkən" rubrikası altında yazdığı "Vidadi kədəri - Vətən sevgisi" məqaləsində F.Xəlilzadə şairin misralarına "yamaq" vurulduğunu kəşf edir. Həmin məqalədən bir neçə cümləni təzədən oxuyaq: "Kitabda verilmiş lüğətdə "Sevan" sözünün qarşısında yazılıb - Göyçə gölünün ikinci adı. Mütəxəssislərdən öyrəndik ki, Dədə Qorqud dastanında, eləcə də şifahi xalq ədəbiyyatımızın müxtəlif növlərində adıçəkilən Çöyçə gölü öz qədim ismini Azərbaycana məxsus yerlər işğal edilərək Ermənistan Sovet Respublikası yarandıqdan sonra itirib. Heç ola bilməzdi ki, XVII-XVIII əsrlərdə Göyçə gölü ola-ola Vidadinin müxəmməsinə belə bir qondarma ad düşsün. Bu hansı barmağınsa XX əsrdə Livana həmqafiə kimi Sevanı sırımasıdır. Əslində Vidadinin dövründə heç bir yazılı mənbədə, arxiv materiallarında "Sevan" sözünə rast gəlinmir. Adamın yadına daş üstünə xaç işarələyib çınqıllıqlara atan, torpağa basdıran, evlərin divarlarına hörən "yan"ların bəd əməlləri düşür".

Beləcə, Flora xanımın hər məqaləsi dəyərlidir, onların hər biri haqqında söz açmaq olar. Həm sözə-sənətə, həm söz sahiblərinə həsr olunmuş yazıların hamısında diqqətçəkən məqamlar var. Belə qənaətə gəlirsən ki, müəllif yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın hamısına eyni gözlə baxır, hamısı haqqında məhəbbətlə yazır. Eyni zamanda, onların hər biri müəllif üçün tək və təkrarolunmazdır. Və bununla yanaşı hamısı bir-birinə bağlıdır, müəllifin qəlbində eyni hisslərlə birləşiblər. Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş "Ruhun şad olsun, böyük ustad!" essesində Flora xanım yazır: "Yaxşı ki, dünyada sizlər olubsunuz. Sözünüz yaşayırsa, özünüz də bizimlə varsınız. Varsınız!"

Flora Xəlilzadənin həmişə var olanlara həsr etdiyi bu kitab da həmişə var olacaq və fikrimizcə, ondan bu günün oxucusu ilə bərabər, sabahkı nəsl də bəhrələnəcək.

 

 

Flora SADIQLI

 

Azərbaycan.- 2011.-3 mart.- S. 6.