Özünəqəsd, yoxsa ailə və cəmiyyət qarşısında günah?!

 

Əsrin bəlasına düçar olanların xilasına çalışmaq hər kəsin doğma vəzifəsinə çevrilməlidir

 

Neçə il əvvəl həkim dostlarımdan birinin həyəcanla, bəlkə də vahiməli notlarla dilə gətirdiyi əhvalatı unuda bilmirəm. Haradakı söhbət narkomaniyadan, əsrin bəlasının törətdiyi fəsadlardan düşür, istər-istəməz onun danqışdığı hadisəni xatırlayıram.

...Nadir müəllim (ad şərtidir - müəllif) ölkənin tanınmış, say-seçmə vəzifə sahiblərindəndir. Yaxşı qazandığı kimi, prestij həyatı da sevir, tez-tez xarici səfərlərə çıxır və dəblə geyinir, ailəsinin hər cür qayğısını çəkməyi də xoşlayır. Xanımı əsl ziyalıdır, universitetlərin birində dərs deyir. İki övlad böyüdüblər. Qızı ərdədir, iki körpəsi var. Oğlunun 28 yaşı olsa da, hələ evlənmək fikri yoxdur. Təbii ki, üç-dörd yerdə yaraşıqlı mənzili, bağı, villası olan varlı-hallı ailənin evə, nəsilə layiq gəlin tapmaqda heç bir problemi olmadığını xatırlatmağa ehtiyac yoxdur. Məsələnin kökü başqadır. Nadir müəllim ailəyə yaxın olan həkim dostundan bunu gizlədə bilməyib. Çünki aralarındakı əla münasibətlə yanaşı, o, həm də evin əziz-xələfinin müalicəsi ilə məşğuldur. Müalicə deyəndə ki...

Nadir müəllim balalarına ürəyinin yağını yedirtməyə hazır olan valideynlərdəndir. Onlara ali təhsil verib, ev, maşın alıb, gen-bol, rahat həyat bəxş edib. Amma nə vaxt, harada, hansı səhvi buraxdığının fərqində olmayıb. Qızı eynilə anası kimi səmimi, ürəyiaçıq, evcanlı olsa da, oğlu olduqca xudbin, qapalı adam təsiri bağışlayır. Təbii ki, atanın-ananın da, elə bacının özünün də oğlanın bu xasiyyətindən o qədər xoşları gəlmir. Fikirləşirlər ki, bəlkə ötüb keçər, yaşa dolduqca həyata ağlının gözü ilə baxar. Amma deyir, sən saydığını say...

Ailə həlli olduqca çətin bir problemlə, əsl dilemma ilə üzləşmişdi. Evin tək oğlu narkomanlığa qurşanmışdı. Kimin təsirinə düşmüşdü, ilk dəfə bu addımı harada, hansı şəraitdə atmışdı, heç cür müəyyənləşdirə bilmirdilər. Vəziyyət getdikcə mürəkkəbləşirdi. Onun istifadə etdiyi narkotik maddələrin qiyməti isə həddən çox yüksək idi. Çox vaxt əl altından xaricdən gətizdirirdilər. Nadir müəllim səylə çalışırdı ki, bu məsələdən onun iş yerində, qohum-əqrəba arasında xəbər tutmasınlar. Xərcdən qorxmurdu, xəcalətdən çəkinirdi. Oğlu isə özündə-sözündə deyildi. Tez-tez dava salır, ən yaxın adamlarını təhqir etməkdən belə çəkinmirdi. Bahalı avtomobillərin alınmasını tələb edir, bircə həftədən sonra yenisini istəyirdi. Xəstəliyi şiddətləndikcə ailənin imkanları da tükənir, hörmətsizlik baş alıb gedirdi. Artıq Nadir müəllimin iş yerində müavinlərindən tutmuş sıravi işçilərədək bu məsələdən xəbərdar idilər. Ata başını soxmağa, necə deyərlər, yer axtardığı bir məqamda bəlkə də inanmazsınız - dostum bu yerdə işlətməyə söz tapmırdı - oğluna Allahdan ucuz bir ölüm də arzulayırdı.

- Bəli, bəli, inanmazsınız. Bu, həqiqətən belədir, - həkim dostum ağlamaq dərəcəsinə gəlir, - Nadir müəllim oğlunun müalicəsi üçün axırıncı qəpiyini xərcləməyə hazır olsa da, heç bir nəticə alınmırdı. Oğlan bir həkim kimi məni də eşitmir, daha bahalı psixotrop maddələr, prekursorlar tələb edirdi. Ata-ana böyük sarsıntı keçirir, əzabdan, xəcalət hissindən gündə min yol ölüb dirilirdilər. Günlərin birində isə Nadir müəllim hədsiz yorğunluq içində, əzab-əziyyətdən qovrula-qovrula, bəlkə də heç bir valideynin ağlından belə keçirmədiyi bir versiyanı çox çətinliklə də olsa dilinə gətirdi: "Doktor, Allahdan bircə diləyim var, nə olar, ürəyimin tacı oğlum axırıncı aldığım maşınla qəzaya uğrayardı, mən də onu hansısa hadisə qurbanı kimi haqq dünyaya yola salaydım, daha narkoman kimi yox... Qoy Tanrım məni bağışlasın, bəlkə də günah işlədirəm...

Həkim dostum sonralar nə baş verməsi ilə bağlı danışmadı, heç mən də soruşmadım. Amma söhbət açdığım əhvalatın bir görk olacağını düşündüyümdən bu yazıda qısaca bəhs etdim. Məsələnin mənəvi-psixoloji, sosial, yaxud hüquqi cəhətlərini araşdırmaq təbii ki, ilk növbədə, psixoloq və psixiatrların, sosioloq və hüquqşünasların, tibb işçilərinin və pedaqoqların doğma vəzifəsidir. Bəs, ailə başçılarının, valideynlərin Nadir müəllimin vəziyyətinə düşməməsi üçün hansı zəruri addımlar atılmalı, təxirəsalınmaz tədbirlər görülməlidir?

Narkomanlığın qlobal problem olduğunu nəzərə alan dünya dövlətləri hələ keçən əsrin əvvəllərindən bu xəstəliklə mübarizədə öz səylərini birləşdirmişlər. Azərbaycan Respublikası dövlət müstəqilliyini elan etdikdən sonra BMT-nin müvafiq konvensiyalarına qoşulmuş, üzərinə götürdüyü öhdəliklərə əməl edərək bu sahədə səmərəli tədbirlər həyata keçirmişdir. Ölkə başçısının fərmanı ilə respublikada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyyası yaradılmış, bu qurumun əsasnaməsi təsdiq edilmişdir. Əsasnaməyə uyğun olaraq bir sıra nazirlik, komitə və təşkilatların rəhbərləri komissiyanın tərkibinə daxil olmaqla bu sahədə onların qarşısında qoyulmuş vəzifələr də müəyyənləşdirilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizəni hüquqi cəhətdən tam təmin edən və beynəlxalq standartlara cavab verən zəruri normativ hüquqi sənədlər, işin planlı və səmərəli təşkilinə imkan verən proqramlar hazırlanmışdır.

Azərbaycan Prezidentinin 28 iyun 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə (2007-2012-ci illər) Proqram"da qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı 2010-cu ildə dövlət komissiyası müvafiq nazirlik, komitə və təşkilatlarla birlikdə bir sıra qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmişlər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyyası İşçi Qrupu rəhbərinin müavini Təvəkkül Həsənov son illər, eləcə də 2010-cu ildə ölkədə antinarkotik təbliğatın gücləndirilməsinə, eləcə də belə xəstəliyə düçar olmuş insanların müalicə olunaraq sağlam həyata qaytarılmasına, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində aparılan işgüzar əlaqələrin keyfiyyət baxımından yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini bildirir:

- Ümumbəşəri sosial bəlaya çevrilən narkotik maddələrin qanunsuz istifadə olunmasını və yayılmasını cəmiyyətimizin, xalqımızın bugünü və gələcəyi üçün təhlükə hesab edən ulu öndər Heydər Əliyev narkomanlığa qarşı mübarizə aparmağı dövlət orqanlarının əsas vəzifələrindən biri hesab edirdi. Ümummilli liderin müəyyənləşdirdiyi strategiya bu gün də uğurla reallaşdırılır. Qarşıda qoyulan vəzifənin yerinə yetirilməsini həmişə ön plana çəkən dövlət komissiyası cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərər vuran, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan bu amilin respublikamızda yayılmaması üçün ardıcıl iş aparır, öz iclaslarında problemə dair aktual məsələləri vaxtaşırı müzakirə edir, müvafiq qurumların hesabatlarını dinləyir və hər birinin qarşısında konkret vəzifələr qoymaqla aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində əməli kömək göstərir. Komissiyanın sədri, Baş nazirin müavini Əli Həsənovun iştirakı ilə keçirilən vaxtaşırı iclaslarda təxirəsalınmaz vəzifələr müəyyənləşdirilir.

Aparılan təhlillər göstərmişdir ki, erməni silahlı qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizdən çox hissəsinin işğal edilməsi və İran İslam Respublikası ilə 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması ölkədə narkotik cinayətkarlığın artmasının və narkoişbazlar üçün əlverişli şərait yaradılmasının başlıca səbəblərindəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin nəzarətsiz ərazilərdən keçirilərək MDB ölkələrinə və Avropaya daşınmasında ölkəmizin işğal altındakı ərazisindən tranzit kimi istifadə olunur. Bu barədə dəfələrlə beynəlxalq tədbirlərdə məsələ qaldırılsa da, təəssüf ki, hələ də real nəticə yoxdur.

Antinarkotik təbliğatın təsirini artırmaq məqsədilə ötən il Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər müvafiq qurumlar, hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə respublikamızın bir sıra şəhər və rayonlarında "Gənclər ağ ölümə yox deyir", "Narkomaniya əsrin bəlasıdır" və digər mövzularda "dəyirmi masa"lar, elmi-praktik konfranslar, yığıncaqlar keçirilmişdir. İl ərzində "Yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsinə dair" Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə göstərişinin icrası ilə bağlı şəhər-rayon polis orqanları tərəfindən bir sıra təşkilati və əməli işlər görülmüşdür.

Son illər dövlət başçısının bilavasitə təşəbbüsü və qayğısı ilə respublikamızda bədən tərbiyəsi və idman hərəkatı yüksək səviyyədə inkişaf etmiş, regionlarda beynəlxalq tələblərə cavab verən Olimpiya idman kompleksləri istifadəyə verilmişdir. Bunun nəticəsində gənclər asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanmışlar. İndi başlıca vəzifə uşaqların sağlam mühitdə böyüdülməsi və zərərli vərdişlərdən uzaqlaşdırılması olmalıdır. Yeniyetmə və gənclərin sağlamlığının qorunması və zərərli vərdişlərə meyil etmələrinin qarşısını almaq məqsədilə Bakı şəhər Gənclər və İdman İdarəsində, paytaxtın Sabunçu, Nizami, Suraxanı, Xətai, Binəqədi, Qaradağ və Nəsimi rayonlarında, Azərbaycan Müəllimləri İnstitutunda və Xarici Dillər Universitetində keçirilmiş tədbirlərdə məktəb direktorlarının, psixoloqların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Narkomanlıq bəşəri bəladır" mövzusunda müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmişdir. Narkotik vasitələrin, xüsusilə, onun ağır növlərinin ölkəmizə qonşu dövlətlərdən gətirilməsinin qarşısının alınması məqsədilə sərhədyanı yaşayış məntəqələrində narkomanlıqla bağlı yaranmış real vəziyyəti nəzərə alaraq antinarkotik təbliğatın genişləndirilməsi üçün Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Sərhəd Xidməti ilə birgə bir sıra tədbirlər keçirilmiş, şagird və tələbələrə narkomanlığın zərəri barədə geniş məlumat verilmişdir. Bu görüşlərdə tibb işçilərinin, polis orqanları əməkdaşlarının, müəllimlərin, din xadimlərinin imkanlarından istifadəyə üstünlük verilmişdir. Xatırladaq ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə BMT-nin Qlobal Fondunun maliyyə və YUNİSEF-in texniki dəstəyi ilə ümumtəhsil məktəblərində həftədə bir saat olmaqla "Həyati bacarıqlara əsaslanan təhsil" adlı kurs tədris olunur.

Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin və Milli Elmlər Akademiyasının əməkdaşlarının, habelə yerli bələdiyyələrin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə ötən ilin aprel-dekabr aylarında "Xaş-Xaş-2010" şərti adı altında kompleks əməliyyat profilaktik tədbirlər həyata keçirilmiş, nəticədə 331 tondan artıq yabanı halda bitən narkoxassəli bitkilər müəyyən edilərək məhv edilmişdir.

Səhiyyə Nazirliyi problemin həlli ilə bağlı bir sıra tədbirlər həyata keçirmişdir. Narkomanların müalicəsində psixoloji və psixoterapevtik yardım proqramlarının tətbiqi, dərman preparatlarının təyin olunması, xəstələrin sağlam həyata qaytarılması üçün müasir tələbata cavab verən yeni qeydiyyat sisteminin yaradılması sahəsində bir sıra işlər görülmüşdür. Respublika Narkoloji Dispanserinin verdiyi məlumata əsasən, 2010-cu ildə xəstələrin ümumi sayı 25489 nəfər olmuşdur. Onların 1954 nəfəri dispanser qeydiyyatına alınmışdır. Respublikamızda son illər ərzində HİV-yə yoluxmuş insanların sayı artaraq 2729 nəfərə çatmışdır. Onların arasında 1689 nəfəri məhz infeksion narkotik istifadə nəticəsində HİV-yə yoluxmuşdur.

Ötən il ərzində ümumi hərbi xidmətə çağırılanların və əsgəri xidmət keçənlərin müayinə olunmasına xüsusi diqqət yetirilmişdir. Silahlı qüvvələrin hərbi hissə, birləşmə və xüsusi təyinatlı təhsil müəssisələrində şəxsi heyət arasında antinarkomaniya ilə bağlı profilaktik işin təşkili məqsədilə vaxtaşırı görüşlər keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır. Hərbi hospitallarda və tibb məntəqələrində narkotik və psixotrop preparatların alınması, saxlanılması və istifadə olunması işinə nəzarət gücləndirilmişdir. Ədliyyə Nazirliyi qanunvericilik bazalarının təkmilləşdirilməsi və möhkəmləndirilməsi ilə bağlı apardığı işlərlə yanaşı, Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz dövriyyəsini və istifadəsini daim diqqət mərkəzində saxlayır. Tibb Baş İdarəsinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində ötən il ərzində 2439 narkoloji xəstə məcburi müalicəyə cəlb edilmişdir. Gənclər və İdman, Daxili İşlər nazirliklərinin əməkdaşları ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurla reallaşdırılması məqsədilə yeniyetmə və gənclərin, o cümlədən qadınların sağlam həyat tərzinin bərqərar olması, cinayətkarlığın narkomanlıqla bağlı növlərinin profilaktikası sahəsində bir sıra tədbirlər görmüşlər. Narkomanlığın yayılmasının və qaçaqmalçılığının qarşısının alınması məqsədilə Baş Prokurorluqda təşkil olunan "Narkomanlığın yaratdığı fəsadlar və onların aradan qaldırılması yolları" adlı elmi-profilaktik konfransda hüquq-mühafizə orqanları qarşısında məsuliyyətli vəzifələr qoymuşdur.

Narkomanlığın yayılması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın rolu danılmazdır. Bu məqsədlə müvafiq qurumların əməkdaşları bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etmiş, qabaqcıl iş təcrübəsini öyrənərək gündəlik fəaliyyətlərində tətbiq etmişlər.

Bəşəriyyət üçün ciddi təhlükəyə çevrilən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması və bu növ ictimai təhlükəli cinayətlər əleyhinə aparılan profilaktik, müalicə və bərpa, eləcə də antinarkotik tədbirlərin daha da gücləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyyası müvafiq təşkilatlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlamaq, ölkə başçısının bu sahədə qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsini təmin etmək niyyətindədir.

Sonda bir daha xatırlatmağı zəruri hesab edirik ki, narkomaniyaya qarşı mübarizə hər kəsin vətəndaşlıq vəzifəsinə çevrilməlidir. Yazının əvvəlində bəhs etdiyimiz əhvalatın "qəhrəmanının" taleyini yaşamamaq naminə əlimizdən gələni etməliyik - yaşımızdan, tutduğumuz vəzifədən, mövqeyimizdən asılı olmayaraq. Sabahımızın daha nurlu, gələcəyimizin daha xoşbəxt, genefondumuzun daha sağlam olması bunu bizdən tələb edir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2011.-3 mart.- S. 7.