Azərbaycanın əfsanələr, folklor və sənətkarlıq paytaxtları elan olunmuşdur

 

Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, 2011-ci ildə Şabran şəhəri "Azərbaycanın əfsanələr paytaxtı", Lənkəran "Azərbaycanın folklor paytaxtı", İsmayıllı isə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilmişdir.

Bu münasibətlə martın 3-də Muzey Mərkəzində tədbir keçirilmişdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək son illər ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycanın qədim və zəngin mətbəxinin də YUNESKO-nun siyahısına salınması qarşıya qoyulmuş məqsədlərdəndir.

Nazir YUNESKO ilə əlaqələrin daha da genişləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulamışdır.

Bildirmişdir ki, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində islahatlara başlanılmışdır. Bu məqsədlə sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılmışdır. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "2011-2020-ci illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur.

Vurğulanmışdır ki, hazırda nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası, abidələrin dövlət reyestri, inventar pasportlaşdırılması, "Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması" və digər proqramlar, layihələr üzərində iş aparılır.

Əbülfəs Qarayev demişdir ki, nazirlik tərəfindən təsdiq edilmiş proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilmiş, cari il üçün Şabran, Lənkəran və İsmayıllı müxtəlif sahələr üzrə paytaxt şəhərlər seçilmişdir.

Proqrama uyğun olaraq il ərzində Şabran, Lənkəran və İsmayıllı şəhərlərində təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, "dəyirmi masa"ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

Nazirliyin əməkdaşı Vüqar Məmmədov "2010-2014-cü illər xalq yaradıcılığı paytaxtları" proqramının icrası, Şabran, Lənkəran və İsmayıllı rayonları icra hakimiyyətlərinin nümayəndələri isə il ərzində keçiriləcək tədbirlərlə bağlı iştirakçılara məlumat vermişlər.

Tədbirdə ötən il paytaxt seçilmiş rayonların mədəniyyət və turizm idarələrinin nümayəndələri mükafatlandırılmış, eyni zamanda, cari ildə paytaxt elan edilmiş şəhərlərin müvafiq qurumlarının rəhbərlərinə xatirə kubokları və fəxri diplomlar təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 4 mart.- S. 3.