Bakı Dövlət Universitetində
ekologiya və torpaqşünaslıq fakültəsinin
açılışı olmuşdur
Bakı Dövlət Universitetində (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin, "Ekoloji kimya və ətraf mühitin mühafizəsi", həmçinin ekoloji monitorinq üzrə laboratoriyaların açılışı olmuşdur.
AzərTAc xəbər verir ki, tanınmış alimlərin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin inkişafına böyük önəm verdiyini bildirmişdir.
2010-cu ilin "Ekologiya ili" elan edildiyini xatırladan rektor dövlətimizin başçısının bu sahəyə daim diqqət göstərdiyini vurğulamışdır.
Rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün səmərəli tədbirlərin həyata keçirildiyini qeyd edən rektor yeni açılan fakültənin və laboratoriyaların əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, ekologiya və torpaqşünaslıq fakültəsi müvafiq kafedraların bazasında yaradılmışdır. A.Məhərrəmov gələcəkdə digər ixtisasların da açılmasının nəzərdə tutulduğunu bildirmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov Azərbaycanın dinamik inkişaf etdiyini vurğulamışlar.
Ekologiya və ətraf mühitin qorunması məsələlərinin aktuallığından bəhs edən natiqlər BDU-da yeni açılan fakültə və laboratoriyaların təhsilin inkişafında, elmi tədqiqatların aparılmasında səmərəli rol oynayacaqlarını qeyd etmiş, müəllim və tələbələrə uğurlar arzulamışlar.
Sonra tədbir iştirakçıları müasir avadanlıqla təchiz edilmiş fakültə və laboratoriyalarla tanış olmuşlar.
Tədbirdə
Hüseynqulu Bağırova, akademik Qərib Məmmədova
BDU-nun "Universitetin dostu" mükafatı təqdim
edilmişdir.
Azərbaycan.- 2011.- 4 mart.- S. 3.