Aztəminatlı ailələr
üçün "Özünədəstək"
- ünvanlı sosial yardım layihəsinin tətbiqinə başlanılmışdır
Aztəminatlı ailələri
yoxsulluq vəziyyətindən
çıxarmaq üçün
"Özünədəstək" - ünvanlı sosial yardım layihəsinə start verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AzərTAc-a
bildirmişlər ki, Azərbaycan Prezidentinin sərhədyanı bölgələrin
əhalisinə göstərdiyi
diqqət və qayğıya uyğun olaraq, layihənin ilkin mərhələdə
Tovuz rayonunun Ermənistanla sərhəddə
yerləşən Vahidli
kəndində sınaqdan
keçirilməsi qərara
alınmışdır.
Martın
2-də nazirliyin yoxsulluq
problemləri və ünvanlı yardım siyasəti şöbəsinin
müdiri Natiq Qasımov və Tovuz Rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin məsul şəxsləri həmin
kəndin əhalisi ilə görüşmüş,
yeni layihənin mahiyyət və məqsədləri barədə
məlumat vermişlər. Qeyd olunmuşdur
ki, Vahidli kəndində ünvanlı
yardım təyin olunan 52 ailədən
15-nin "Özünədəstək"
layihəsinə cəlb
edilməsi qərara alınmışdır. Layihəyə cəlb olunacaq ailələrin ünvanlı
yardım almaq hüququnun olması, tərkibində uşaqlar
və həmçinin
əmək qabiliyyətli
üzvünün olması,
mal-qara saxlamaq üçün tövləsinin,
yaxud əkib-becərmək
üçün torpaq
sahəsinin mövcudluğu
və s. vacib şərtlərdəndir.
Eyni zamanda, onlar veriləcək vəsaitlə ailə təsərrüfatlarında hansı
işlərin görüləcəyi
ilə bağlı ailə planı təqdim etməlidirlər.
Bildirilmişdir ki, belə ailələrin seçilməsində
şəffaflığın və ədalətliliyin təminatı üçün
həmin ailələr
kənd icra və bələdiyyənin
nümayəndələrindən, yerli ağsaqqallardan, seçiləcək fəaliyyət
növü üzrə
mütəxəssislərdən ibarət şura tərəfindən müəyyən ediləcək və əhalinin sosial müdafiəsi mərkəzi,
QHT-lər, KİV-lər,
həmkarlar ittifaqı
və digər təşkilatların nümayəndələri
bu qurumun işində müşahidəçi
qismində iştirak edə biləcəklər.
Layihədə ünvanlı yardım
təyin olunan ailəyə alınacaq mal və ya
materialların qiymətindən
asılı olaraq, ona həmin ünvanlı yardımın
bir illik, yaxud altı aylıq ümumi məbləğinin əvvəlcədən
birdəfəlik formada
ödənilməsi nəzərdə
tutulur. Həmin vəsaitlə ailəyə
mal və materialların alınması
şuranın iştirakı
ilə həyata keçiriləcəkdir. Cari
ildə Masallı, İsmayıllı və Quba rayonlarında da bu istiqamətdə
pilot işləri aparılacaq və gələn ildən layihə ölkənin bütün rayonlarını
əhatə edəcəkdir.
Azərbaycan.- 2011.- 4 mart.- S. 3.