Parisdə bu ilin aprelində Bakıda keçiriləcək
Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq üzrə
İşçi Qrupunun
yekun iclası olmuşdur
Xəbər verdiyimiz
kimi, Azərbaycan hökumətinin təşəbbüsü
ilə bu il aprelin 7-dən 9-dək Bakıda miqyasının
genişliyinə, iştirakçıların tərkibinə,
tərəfdaş qismində cəlb olunan beynəlxalq
qurumların sayına və formatına görə ilk
dünya səviyyəli mədəniyyət tədbiri -
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
keçiriləcəkdir.
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidmətindən Bakı Forumunun sənədlərinin
müzakirəsi, iştirakçıların tərkibinin dəqiqləşdirilməsi,
proqramın və sessiyaların mövzularının
hazırlanması və digər məsələlər barədə
müzakirələrin aparılması məqsədi ilə
YUNESKO, Avropa Şurası (AŞ), BMT-nin Sivilizasiyalar Alyansı,
AŞ-nin Şimal-Cənub Mərkəzinin ümumi
razılığı ilə fevralın 27-28-də Parisdə
Forumun İşçi Qrupunun yekun iclası olmuşdur.
YUNESKO-nun qərargahında
keçirilmiş iclasda Azərbaycan tərəfdən mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun koordinatoru, nazirliyin beynəlxalq əlaqələr
şöbəsinin sektor müdiri Vasif Eyvazzadə, Azərbaycan
Respublikasının YUNESKO yanında daimi nümayəndəsi
Eleonora Hüseynova, Azərbaycanın Avropa Şurası
yanında daimi nümayəndəsi Arif Məmmədov, ölkəmizin
Fransadakı səfirliyinin müşaviri Zaur Əhmədov və
digər əməkdaşları iştirak etmişlər.
İclasın
iştirakçıları arasında, həmçinin
nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli
nümayəndələri, o cümlədən YUNESKO-nun sektor
müdiri Katerina Stenu, Avropa Şurasının mədəniyyət,
mədəni və təbii irs üzrə direktoru Robert Palmer,
BMT-nin Sivilizasiyalar Alyansının müşaviri Jan-Kristov
Bas, AŞ-nin Şimal-Cənub Mərkəzinin direktoru Denis
Huber və ekspert Robin Vilson və digər rəsmi şəxslər
də olmuşlar.
İclas zamanı Bakı Forumunun proqramının təfərrüatlı tərtibatı, moderator, məruzəçi və panelistlərin müəyyən edilməsi, hər bir beynəlxalq təşkilatın, eləcə də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək Azərbaycan tərəfinin məsul olduğu sessiyaların düzgün şəkildə təşkili, yeni layihə və təşəbbüslərin təqdimatı üçün bağlanışdan əvvəl mərasimin təşkili və s. məsələlər əsas müzakirə mövzuları olmuşdur. Görüşdə, həmçinin Bakı Forumunun veb saytı iştirakçılara təqdim edilmişdir.
İşçi Qrupunun yekun iclasında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirakçılara Azərbaycan tərəfindən forumun təşkili üçün görülən işlər, ölkəmizin mədəniyyətlərarası dialoqun inkişafı üçün göstərdiyi səylər, həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat vermişdir.
İclasda yuxarıda adları çəkilən beynəlxalq təşkilatların nümayəndələri forumun təşkili istiqamətində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirdiklərini və Bakıda keçiriləcək ilk dünya səviyyəli mədəniyyət tədbirinin uğurlu alınması üçün lazımi dəstəyi göstərəcəklərini bildirmişlər.
Aparılmış müzakirələr nəticəsində proqramın layihəsi müəyyən düzəlişlərlə tərtib olunmuş və panelistlər coğrafi və dini baxımdan balanslaşdırılmış qaydada müəyyən edilmişlər.
Bakı Forumunda 20-dən çox ölkənin nazirlərinin iştirak edəcəkləri nəzərə alınaraq hər bir sessiyada 3-4 nazirin çıxış etməsi üçün şəraitin yaradılması qərara alınmışdır. Həmçinin bütün çıxışlar üçün 3 dəqiqə vaxt məhdudiyyətinin qoyulması təklif olunmuşdur. Eyni zamanda, hər bir sessiyanın sədri, panelistləri və məruzəçiləri müəyyən edilmiş, hər bir sessiya üzrə müzakirə mövzularını əks etdirən bir səhifə həcmində arayışın hazırlanması razılaşdırılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.-4 mart.- S.3.