Azərbaycanın və Rusiyanın ədliyyə orqanları arasında əməkdaşlıq hər iki ölkənin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun həyata keçirilir

 

Bakıda səfərdə olan Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndə heyəti Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşmüşdür.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Mədət Quliyev qonaqlara respublikamızda son illərdə həyata keçirilən hüquqi, demokratik islahatlar, penitensiar sistemdə, habelə cəzaların icrasının təşkili ilə bağlı görülən işlər, əldə olunmuş müsbət nəticələr və həllini gözləyən problemlər barədə ətraflı məlumat vermişdir. Son dövrlər məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlərdən danışmışdır.

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin beynəlxalq hüquq və əməkdaşlıq departamentinin rəis müavini Yuri Kiriçenko ölkəsinin ədliyyə sistemində, o cümlədən Cəzaların İcrası Federal Xidmətində aparılan islahatlar çərçivəsində beynəlxalq əlaqələrin genişləndiyini, Azərbaycanın Ədliyyə Nazirliyi ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini bildirmişdir. O demişdir ki, məhkumların mübadiləsi Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdar çıxdıqları beynəlxalq konvensiyalara uyğun həyata keçirilir.

Görüşdən sonra rusiyalı qonaqlar Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına baş çəkmiş, müəssisənin fəaliyyəti, təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə yaxından tanış olmuşlar.

 

 

Azərbaycan.- 2011.- 4 mart.- S. 3.