Azərbaycan sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub

 

Bu fikir II Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirilmişdir

 

Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması, sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması yeni nailiyyətlərlə müşahidə olunur. Bu mərhələnin xüsusiyyəti özəl sektorun, sahibkarlığın ölkənin iqtisadi həyatında əsas hərəkətverici qüvvəyə çevrilməsindən ibarətdir. Ötən ilin yekunları bir daha təsdiqləyir ki, ölkə rəhbərliyi tərəfindən aparılan sosial-iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycan xalqının rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb. Bu müddətdə dövlət proqramlarının və regional layihələrin uğurla icra edilməsi və əldə olunan müsbət nəticələr deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevrilmişdir. Ölkəmiz ümumi daxili məhsulun artım tempinə görə dünyada liderliyini qoruyub saxlaya bilib, yoxsulluğun səviyyəsi kəskin aşağı düşüb, dövlət büdcəsi gəlirləri artıb. Uğurla həyata keçirilən sosial infrastruktur layihələri nəticəsində bölgələrin siması dəyişib, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, iş yerlərinin açılması naminə sistemli tədbirlər görülüb.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəklərini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Bu fakt bir daha göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur.

Regional inkişafa xidmət edən kompleks tədbirlər də inamla həyata keçirilir. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bugünə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda bildirmişdi: "2009-2013-cü illəri əhatə edən proqram da uğurla icra edilir. Artıq iki ildir ki, proqram icra edilir. Deyə bilərəm ki, qarşıda duran bütün məsələlər, bütün vəzifələr öz həllini tapır. 2009-2010-cu illər dünya tarixində maliyyə və iqtisadi böhran illəri kimi qalacaqdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının bu illərdə artması xüsusi məna daşıyır. Son iki il ərzində Azərbaycan iqtisadiyyatı 15 faiz artmışdır. Bu artım, deyə bilərəm ki, o cümlədən qəbul edilmiş regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası nəticəsində mümkün olmuşdur. Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun".

Proqrama əsasən, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Dövlət başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin qazla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Dövlət başçısı İlham Əliyev praqmatik siyasətçi kimi sahibkarlar ordusunun milli inkişaf prosesindəki müstəsna rolunu daim yüksək qiymətləndirmiş, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişdir. Ölkədə azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən Prezident İlham Əliyev ötən 8 ildə özəl sektorun inkişafına xüsusi diqqət yetirmişdir. Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi diqqət mərkəzində olmuşdur. Məlumat üçün bildirək ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2010-cu illərdə təxminən 700 milyon manat həcmində güzəştli kreditlər verilmişdir. Kreditlərin 80 faizi regionlara verilir. Bu il isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora 125 milyon manat güzəştli kreditlər veriləcəkdir.

Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi iş adamları tərəfindən də razılıqla qarşılanır. Sahibkarlığın inkişafına dövlət tərəfindən daim diqqət və qayğının artırılması bu kateqoriyadan olan vətəndaşların daha geniş fəaliyyət göstərmələrinə imkan yaratmışdır. Bütün bölgələrdə ixrac qabiliyyətli yeni emal müəssisələrinin tikilib istifadəyə verilməsi azad sahibkarlığın inkişafına yaradılan şəraitin bariz nümunəsidir. Prezident İlham Əliyev bildirmişdi: "Ölkəmizin inkişafı üçün özəl sektorun möhkəmlənməsi xüsusi əhəmiyyət daşıyır. Bu, sadəcə olaraq, sözlər, şüarlar deyildir. Biz gündəlik fəaliyyətdə özəl sektorun, sahibkarlğın inkişafı üçün əlimizdən gələni edirik. Mən sahibkarlarla həm Bakıda, həm bölgələrdə mütəmadi qaydada görüşürəm. Dövlət tərəfindən sahibkarlığın inkişafına güclü dəstək vardır. Bütün dövlət qurumları - həm mərkəzi dövlət orqanları, həm yerli icra orqanları bu sahədə sahibkarlara kömək göstərməlidirlər. Sahibkarların normal biznes mühitində fəaliyyəti ölkəmizin gələcək inkişafını təmin edəcəkdir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bu gün iqtisadiyyatımızın böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir".

Ötən il sosial məsələlərin həlli də diqqət mərkəzində olmuş, bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon çox vəsait ayrılması sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, həmin insanların sosial tələbatının ödənilməsi, bir növ, cəmiyyətin mənəvi göstəricisinə çevrilir.

Azərbaycanda dəqiq hədəflərə hesablanan iqtisadi islahatlar kursunun uğurla davam etdirilməsi yeni perspektivlərə yol açmışdır. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında ciddi vəzifələrdən biri kimi dayanır. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-4 mart.- S. 4.