Bayağılıqdan əl
çəkin!
Görəsən,
zövqümüzə, dilimizə, milli-mənəvi dəyərlərimizə
qarşı təcavüzlərə nə vaxt son
qoyulacaqdır?
Azərbaycan teatr tarixi kifayət qədər maraqlı və mükəmməl əsərlərlə zəngindir. Teatrsevərlər hər zaman onun qayğısına qalaraq inkişafına, pərvəriş tapmasına zəmin yaradıblar. İllərlə teatr səhnələrində gözəl və sanballı tamaşalar oynanılıb. Adamlar daim teatrlara gedərək həm aktyorların gözəl oyununa tamaşa edib, həm dincəlib, həm də mənəvi zövq alıblar. Tamaşalara biletin tapılmadığı günlər də olub. Müasir dövrümüzdə, demək olar ki, o gözəllik, o müqəddəslik tükənmək üzrədir. Bayağı tamaşalar, yersiz gülüş yaratmaq istəyi səhnələri başına alıb.
Mən son vaxtlar baxdığım bəzi tamaşalar haqqında öz fikirlərimi bildirmək istəyirəm. Əli Əmirli bizim istedadlı dramaturqlarımızdandır. Onun pyeslərini oxumuş və səhnə təcəssümünə də baxmışam. Dramaturqun "Mesenat" əsərinin tamaşası çox uğurlu alındı. Mətbuatda müsbət yazılar dərc edildi.
Dramaturqun ikinci tamaşası "Varlı qadın" pyesi oldu. İnsafla desək, tamaşa yaxşı idi, aktyorlar da ürəklə oynayırdılar. Burada irad doğuracaq başqa məqam var. İndiki tamaşalarda süni gülüş yaratmaq, bir növ, dəbə düşüb. Hansı tamaşaya baxırsan, (istər teatr səhnəsində olsun, istər televiziya ekranında) - aftafa, tualet, qadının alt paltarları, dillərində tez-tez işlətdikləri "az, eşşək, donuz" kimi ifadələrin dəfələrlə təkrarlandığının şahidi oluruq. Bizim çox gözəl və ədəbli ədəbi dilimiz var. Televiziya ekranlarından, səhnələrdən ancaq əcaib formada işlədilən dialektləri, ləhcələri eşitmək xoş təsir bağışlamır.
"Varlı qadın"da görkəmli sənətkarımız, hamının çox sevdiyi, sənətinə böyük hörmət bəslədiyimiz Səyavuş Aslan sonradan varlanan qadının əri rolunu oynayıb. Onun yaratdığı rollara söz ola bilməz. Ancaq o, bu tamaşada əlində arvadının məhz alt paltarlarını tutub nümayiş etdirməklə gülüş yaradıb. Belə səhnə nəyə xidmət edir? Tamaşaçı nəyi əxz etməlidir? Məgər qadının hamiləliyi, alt paltarları səhnədə gülüş yaratmaq vasitəsidir?
Səyavuş Aslan canlı korifeydir. Belə bir azman sənətkarın özünü səhnədə gülünc vəziyyətə salması düzgün deyil. Əksinə, cavan bir aktyor bu paltarları nümayiş etdirmiş olsaydı, S.Aslan təcrübəli sənətkar kimi özü iradını bildirməli idi.
Əli Əmirlinin "İtmiş ər" pyesinə isə respublikamızın baş sarayında baxmışam. Əli Əmirlinin elə pyesləri, tamaşaları var ki, baxdıqca doymaq olmur, yenə təkrar-təkrar seyr etmək istəyirsən. Bu arzu ilə də tamaşaya bilet alıb saraya getdim. Pyesin məzmunu aktual idi. Ancaq məni bir vətəndaş kimi narahat edən aktyorların gülüş yaratmaq naminə şit hərəkətlərə həddən artıq aludə olması idi. Yenə də həmin səhnə - azərbaycanlı xanım tamaşaçılar qarşısında alt paltarını bir-bir soyunmağa başlayır. Mən bir şeyi başa düşmək istəyirəm - alt paltarını göstərmək nə deməkdir? Müəllif, ya aktrisa bununla nə demək istəyir? Bu, aktyor "tapıntısıdır", yoxsa müəllifin yaradıcılıq üslubu? Bəlkə rejissorun "novatorluğu", "kəşfidir"?
Dilimizi teatr səhnəsində, televiziya ekranlarında da korlayıblar.. Həyata yenicə gələn körpə də, yeniyetmə də televiziya ilə "qidalanır". Səhnəni də, ekranı da kobud və latayır ifadələr bürüyüb. Heyvan adları dildən düşmür. Xüsusilə də "eşşək" sözü "sevimli" müraciət formasına çevrilib. Televiziya ekranına bu söz niyə çıxmalıdır? Allahın bu məzlum heyvanı təsərrüfatda çox faydalıdır, ancaq aktyorun dilindən eşidilən ad söyüş mənasını verir.
Ekranlarda ləhcə ilə danışmaq, film səsləndirmək, bir növ, xəstəlik halını alıb. Hətta aktyorlar da eybəcər bir ləhcədə danışırlar. Onlar nəinki dilimizi korlayırlar, eyni zamanda, ləhcəmizin şirinliyinə zəhər qatırlar. Aktyor Valeh Kərimov nəinki filmlərdə, hətta reklamlarda ləhcə ilə danışır. "Olur" sözünü "oleyer" deməsi və s. ifadələri adamın sinirinə təsir edir. Mən hələ eşitməmişəm ki, xalq belə bir cümlə işlətsin: (Rasim qağa kino gətirib göstərəndə) "Qabağı ağlamalıdır, dalı hırıldamalı". Bu nə danışıqdır, bu nə dildir, bu nə ləhcədir? Eyib deyilmi? Dilimizi niyə bu günə qoyuruq? Kim və ya hansı təşkilat ixtiyar verib ki, aktyorlar musiqi kimi həzin olan, su şırıltısı kimi çoşqun olan dilimizi belə bayağılaşdırsınlar? Buna bir nəzarət edən olacaqmı? Balacaların tərbiyəsi, nitq götürmə qabiliyyəti, danışıq tərzi bilavasitə televiziya ilə əlaqədardır. Bəs biz onlara hansı dili öyrədirik? Azərbaycan televiziyası da, səhnəsi də kifayət qədər bayağı verilişlərlə, səhnəciklərlə doludur. Burada aparıcılıq edənlər də, teatr şəbehləri çıxaranlar da bilmirsən hansı məzhəbə qulluq edirlər? Hansı dildə, hansı ləhcədə danışırlar? Savadlı danışıq yoxa çıxıb, sanki biryolluq buxarlanıb! "Xəzər" televiziyasının yayımladığı "Ay Zaur" verilişinin aparıcısı Zaurun cümləsinin nə xəbəri var, nə mübtədası, tamaşaçıya nəyi "öyrətmək", aşılamaq istəyir, bilinmir.
Radioda "Poliqon" verilişi gedirdi. Zaur bəy müzakirəyə belə bir sual qoymuşdu: Kişilər qadınlardan nə istəyirlər? Və onun dalınca yenidən sual verirdi: Kişilərin qadınların harasından xoşu gəlir? Biabırçılıqdır! Azərbaycan efirindən səslənən sual, deyiliş tərzi heç bir etik normalara uyğun gəlmir. Efirə qoşulan qadınlar sualdan diksinərək bir an dayanır, aparıcı da verilişi yumşaltmaq üçün gülür və əlavə edir: "Mən sualı sizin başa düşdüyünüz kimi vermirəm, başqa şey anlamayın". Bəs nə anlayaq, ay Zaur? Hər şeyin bir qaydası var. Bayağılıqdan əl çəkin! İnsanların zövqünü bu dərəcədə korlamayın! İnsanları bu dərəcədə hüceyrə-hüceyrə çürütmək olmaz! Bu verilişlərlə, bu zövqlə biz hara gedirik? Nəyə nail olacağıq? Uşaqların televiziyada baxması üçün kifayət qədər bir maarifləndirici veriliş yoxdur. Düyməni basırsan, kanallar bir-birini yamsılayır. Kişilərimizin yaxasına önlük taxılır, əllərinə də çömçə verilir. Rəhim "Rəhimsizin" verlişində "Tap, dostum, tap" deyir, gözün, qulağın bir anlıq qavradığı, tezliklə yaddan çıxan adlar tapılır. Xocalı soyqırımı nə vaxt olub, əldən gedən rayonların bir-ikisini sadala - bu kimi sualları isə Rəhimlinin dostları tapa bilmir. Mənəviyyatımız korlanır, yaddaşımızı, elə bil, qəsdən pozurlar, tarixi faciələri unutdururlar. Tap, dostum, tap görək hansı müğənninin sponsoru kimdir, hansı müğənninin uşağı nə vaxt olacaq? Kim kimin ərini əlindən alıb? Gorun çatlasın, Nəsibə xanım: "Nə işimə kim-kimlə cükküldəşir, kim-kimlə dingildəşir..."
Televiziya vasitəsilə ərə getmək, evlənmək adamda ikrah hissi yaradır. Nə vaxtdan Azərbaycan qadınları hərrac yolu ilə "ərə" getməyə başlayıblar?
Marat Haqverdiyevin "Qısqanc ürəklər" tamaşasına getmişdik. 8-9-cu sinifdə oxuyan nəvələrimi də aparmışdım. Söz yox, böyüklərlə bərabər, uşaqlar və yeniyetmə yaşında olanlar da var idi. Tamaşa "müasir" mövzuda idi. İdeyası, qayəsi başa düşülməyən, həyatda rast gəldiyimiz iyrənc hadisələri bir daha tamaşaçılara "yedirdirdilər". Biz tamaşaçılar bayağılıqdan bezib (evdə oturub televizorda göstərilən bəzi üzdəniraq, biabırçı verilişlərdən qaçıb sakitləşmək üçün) teatra - böyük məbədə gəlirik ki, burada dincələk, tamaşalardan zövq alaq. Aldığımız təəssürat heç olmasa 5-10 gün bizi tərk etməsin, o xoş təəssüratla yaşayaq (necə ki, sovet dövründə çox tamaşalarda o zövqü ala bilirdik). Ancaq əvəzində nə gördük? "Köhnə hamam, köhnə tas", "çevir tatı, vur tatı".
Burada da mənasız "qısqanclıq", girəvə düşən kimi xanımına xəyanət (sadiqliyini şüar edə-edə), küçə qızlarının sırtıqlığı və s. nümayiş etdirilir. Bundan tamaşaçı nə zövq alsın? Onsuz da addımbaşı xəyanətlərlə rastlaşırıq, onsuz da yarıçılpaq qızlar gözümüzü qabar edib, onsuz da qızların qoca, pullu kişilərə, qoca kişilərin nəvəsi, qızı yaşında olan yeni-yeni məşuqlarına rast gəlirik. Biz gördüyümüz bu hadisələrin stresindən çıxmaq üçün, az da olsa, belə hadisələri unutmaq üçün hara isə çıxıb getmək istəyirik. Budurmu bizi sakitləşdirən, təsəlli verən, streslərdən, depressiyalardan çıxaran tamaşalar? Belə tamaşalar qanayan yaranın üstünə duz səpmək kimi bir şeydir!
Ər "qısqanc" ürəyinin sözü ilə arvadını işdən çıxarıb evdə otuzdurur. Bunun üstündən bir az keçmiş küçə qızlarının təcavüzünə "məruz qalır". Onları qovub biabır etməkdənsə hər ikisini qucaqlayıb ağuşuna alır.
Axı bizim qızlarımız belə deyildi! Axı bizim kişilərimiz də belə deyildi! Komediya teatrının aktrisaları yarıçılpaq halda "ova" çıxıblar (rolda). Oturacaqda oturan yad kişini, "qısqanc" əri görəndə onun üstünə cumurlar. "Yazıq kişi" (sonradan "qoçaqlaşan", cavanlaşan) əllərilə özünü qoruyur. Yəni, bizim qızlar bu qədər abır-həyalarını itirib, günün günorta vaxtı tanımadıqları kişiyə hücum edirlər?
Tamaşaya baxan gəlin qayınatasından, qız atasından, yaşlı qadın tanış kişilərdən utanaraq, sözün əsl mənasında, başlarını gizlətməyə yer axtarırdılar.
İlham Əhmədov
zəhmətkeş aktyor olub. Oynadığı rollarla yaddaşlara
həkk olub. İndi professordur, İncəsənət
Universitetində dərs deyir. Üzümü teatrın
tanınmış aktyoru, hörmətli professor İlham Namiq
Kamala tutub deyirəm: gərək tamaşanın o yerində
özünüzü elə açıq-aydın
"qorumayaydınız"! Hər halda, salonda
yaşlılar və uşaqlar var idi.
Bu tamaşada
da dilimiz korlanıb. Yüngüləxlaqlı qızların
danışdıqları dil bayağı, vulqar, yarı rusca,
yarı azərbaycanca olan naməlum bir dildir. Elə bil bu danışığı bir
çoxları özlərinə meyar seçiblər. Belə yazsaq, belə danışdırsaq (personajı),
belə danışsaq, hamı bizə "obrazovonski" deyəcək.
Deyirlər, uman yerdən küsərlər.
Biz Azərbaycan vətəndaşları, Azərbaycan
tamaşaçıları həm Səyavuş Aslandan, həm
İlham Namiq Kamaldan, həm də Afaq Bəşirqızıdan
umduğumuza görə küsürük, inciyirik! Onlar gərək rejissorun işinə müdaxilə
etsinlər. Onda belə səhnələr, mənasız
gülüş yaratmaq jesti də olmaz!
"Tamaşa" icad edənlərdə
kütləvi bir hal yaranıb: mütləq hansı bir səhnəcikdəsə
kişilər qadın paltarı geyinməlidir, qadınlar eybəcər
formada hamilə görünməlidir, sinəsi və arxa hissəsi
adamda ikrah doğuracaq tərzdə dik olmalıdır.
Personajı o cür "geyindirənlər",
"yaradanlar" başa düşməlidirlər ki, hər
şeyin bir həddi olur, hər ailədə həmin
adamların anaları, bacıları, həyat
yoldaşları var. Azərbaycan qadınını bu dərəcədə
eybəcərləşdirmək olmaz! Axı bizim
analarımızın əksəriyyəti mehriban, balasına
can yandıran, ərinə sadiq, cəmiyyətdə nəzakətli
olublar. Azərbaycan qadınını belə
cılızlaşdırmaq hansı əxlaqa uyğun gəlir?
Adam o cür səhnə üçün
"düzəldilmiş" "qadınlara" baxanda xəcalət
çəkir, iyrənir.
Televiziya ekranlarından
güclü reklamları verilən bir dəstə
"istedadlı" aktyorun hazırladığı
"Zarafatsız: Həlləm-qəlləm"
tamaşasına Aktyor evində baxmalı oldum. Nəvələrimi
də aparmaq istədim, onlar məndən usta tərpəndilər:
"Nənə, mənasız şeydir, biz getmirik. Biz özümüzə söz vermişik ki, ancaq Gənc
Tamaşaçılar, bir də Dram Teatrına gedəcəyik".
"Tamaşa"nın sonuna çox az
adam qalmışdı. Axıracan oturdum. Üç saatlıq tamaşada (hələ gecikməklə)
üç əttökən "səhnəcik" göstərildi.
Əgər səhnəciklər bir saat getdisə,
onun sponsorlarının reklamı iki saat çəkdi. Biz bilmədik ora sponsorların reklamını
eşitməyə getmişdik, yoxsa tamaşaya baxmağa.
Aparıcı-müğənni Ayaz da iki dəqiqədən
bir tamaşaçıdan "çəpik
çalmağı" tələb edirdi. Nəyə və niyə əl çalmalı idik?
Nə isə... "Tamaşa"
başladı. Gözümüz
alışmağa başladığı personajlar - arvad qiyafəsində
bir "hind qızı" əlində səhəng (?),
oğlanın əlində gitara səhnəyə qədəm
qoydular. Baxışdılar, bir-birinə
vuruldular və sonra başladılar oxuyub-oynamağa. Rəqs edib, oxuyub qurtardıqdan sonra "qız"
tələsdiyini deyib getmək istəyir. Oğlan
soruşur: hara? Qız nə cavab versə
yaxşıdır? "Bilirsən, atam
tualetdə idi, məni su dalınca göndərib. İndi tualetdə oturub məni gözləyir.
Heç bu apardığım su da onun yuyunmağına
çatmır", - deyib səhəngi götürür.
Bu, tamaşa deyil, iyrənclikdir!
Şitlik davam
edir. "Qəhrəmanların"
yeni bir ürəkbulandırıcı novatorluğu: əyninə
dar ətək-kofta geyinmiş aktyor (altından əzaları
bilinən) "Əminə Yusifqızı" səhnəyə
çıxır. Aparıcı (parodiyada) elan edir: İndi də
səhnəyə çıxır elimizi qara günə
qoyan, adamları ağlar günə qoyan (və bu kimi sözlər)
Əminə Yusifqızı. Ay səhnəmizin
"korifeyi", sənə kim ixtiyar verib
ki, belə ləyaqətsiz sözlərlə Əminə
xanım kimi aktrisanı ələ salasan? O nə vaxtdan
adamları ağlar günə qoyub? Azərbaycan
tamaşaçılarını ağlar günə sizin kimi
üzdəniraq aktyorlar və ssenaristlər qoyur!
Növbəti
səhnə, onların ad qoyduqları "Həlləm-qəlləm",
doğrudan da, elə əsl həlləm-qəlləmlikdir,
tamaşaçını dolamaqdır, ələ salmaqdır. Eybəcər formada səhnəyə
çıxan (alt paltarı görünürdü və ya qəsdən
göstərirdi) "hamilə" arvad, onu döyən kişi, "ağrısı" tutan
qadının üzərinə həkim çağırmaqla
özlərinin bir daha səriştəsizliklərini
tamaşaçıya göstərən "yaradıcı
heyət"... Hamilə qadını yoxlayan həkim
"uşağın" cinsini yoxlayır. Hər yoxladıqca uşaq ananın bətnindən
"hoppanır". Həkim hər
hoppanışda uşağın qız..., oğlan...
olduğunu deyir. Üçüncü dəfə
hoppandıqda cinsi müəyyən "olunmur". Həkim
guya mat qalır, pauza ilə dillənərək, gözlərini
bərəldib qaşlarını yuxarı dartır.
Yenə də bayağı, bütün şou əhli tərəfindən meyar edilmiş "qadın hamiləliyi", qadının fəryad edə-edə uşaqdan azad olması və s. Eybəcərlik görün nə həddə çatıbdır ki, süni gülüş yaratmaq eşqinə düşən "müəllif" sələflərindən qabağa gedərək uşağın ana bətnində olarkən belə həkimin dili və gözü ilə təyin edir ki, uşaq "mavidir" ("qoluboy"dur). Bu nə deməkdir? Bu "mavilik" haradan peyda oldu, yer tapdı cəmiyyətimizdə, Azərbaycan ailəsində? Azərbaycanlı gəncin başına az yeridin bu "rəngli" rəzilliyi! Bundan nə qazanırsınız?.. Ucuz şöhrət? Yoxsa "dahilik", ya tez "tanınmaq" xəstəliyi?
Növbəti səhnəcik: yenə televiziya verilişlərinin birini parodiya edirlər. Aparıcının (Nanənin) qonağı dağdan enmiş çobandır, 11 arvadı var, hər ay birilə qalır. Danışığa fikir verin: "11 baş arvaddan hərəsindən 9 baş uşaq almışam. İndi neçə baş nəvə-nəticəm var". Bu nədir? Bu nə danışıqdır? Dilimiz niyə bu dərəcədə zibillənib? "Baş" heyvana aid sözdür. On baş inək, 20 baş qoyun və s. Nə vaxtdan canlıların ən alisi olan arvad-uşaq, ailə sürüyə bənzəyib? Əlində telefon ikinci qonaq gəlir. Bir az ordan-burdan boş-boş çərənləyir. Bu zaman telefonu zəng çalır. Lovğa-lovğa aparıcıya göstərir: "Bax gör burada nə yazılıb? - "E" hərfi. Bu bilirsən nə deməkdir? - Eşşəyim. Yəni, arvadım". Rəzalətdir!
Bütün "tamaşa" boyu "hırıldayıb" gülən cavanlara, yeniyetmələrə yazığım gəldi. Belə ruhda böyüyənlərdən nə gözləmək olar? Onlarda ailəyə, ata-anaya, ən nəhayət, Vətənə məhəbbətinə, mübarizliyinə necə zamin durasan?
Aparıcı-müğənni Ayaz savadlı oğlana oxşayır, cümlələri dürüst və düzgündür. Görünür ki, öz üzərində məsuliyyətlə çalışır. Ancaq cümləsinin əvvəli də, axırı da sponsorları tərif və reklam etməkdən ibarət oldu. Bəyəm biz cibimizdən pul verib bilet almışıq ki (özü də baha qiymətə), gedib sponsorların reklamını dinləyək?
Nəhayət tamaşa "uğurla" başa çatdı. Salonda adamlar seyrəlmişdi. Ayaz özü məcbur olub mikrofonla hay-küy salaraq "müəllifi" səhnəyə dəvət etdi. Müəllif ağır-ağır səhnəyə gəlir və elan edir ki (üzdəniraq), tamaşanın yaradıcısı - atası da, anası da mənəm (Allah göstərməsin ki, sənin yaradıcılığın bu yöndə getsin, ay müəllif! Sən gənclərin evini birdəfəlik yıxıb uçuruma sürükləyirsən.)
Dövlət tərəfindən mədəniyyət müəssisələrinə böyük diqqət və qayğı göstərilir. Binalar əsaslı təmir olunur, yeniləri tikilir. Azərbaycan mədəniyyəti yeni inkişaf dövrünə qədəm qoyub. Bizim də çox şanlı tarixi olan teatr ənənəmiz var. Yaşadaq, yenisini əlavə edək! Ən azından, heç olmasa, klassikamızı qoruyaq. Dili və zövqü korlamaq yenilik yox, bax, bu ənənəyə xəyanətdir!
Salatın ƏHMƏDLİ,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan.- 2011.- 4 mart.- S. 7.