Ombudsman parlamentə hesabat verdi
Martın 4-də Milli Məclisin
növbəti plenar iclası keçirildi. Gündəlikdəki
məsələlərin müzakirəsinə keçməzdən
əvvəl deputatlar cari məsələlərlə
bağlı fikirlərini bölüşdülər. Sonra
Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT
Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri
Bahar Muradova ATƏT PA-nın ötən həftə
keçirilmiş qış sessiyasında aparılmış
müzakirələr barədə məlumat verdi. Bildirdi ki,
sessiyada əsasən ATƏT regionunda təhlükəsizlik,
inteqrasiya və miqrasiya məsələləri müzakirə
olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri
bu müzakirələrdə fəal iştirak etdilər. Bu
kontekstdə ölkəmizin üzləşdiyi Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı fikirlər
bildirildi.
ATƏT PA-nın qış
sessiyası zamanı qurumun Daimi Komitəsində ölkəmizdə
ötən il keçirilən parlament seçkiləri ilə
də bağlı müzakirələr
aparılmışdır. Bahar Muradova qeyd etdi ki, seçkidən
sonra ATƏT PA-nın müşahidə missiyası ilə ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) missiyası arasında seçkilərin yekunları
ilə bağlı ziddiyyət yaranıb. ATƏT DTİHB rəyi
ATƏT PA-nın missiyasının rəyindən fərqlənib.
Bu məsələ ilə bağlı ATƏT PA-nın
müşahidə missiyasına rəhbərlik edən Volfqanq
Qrossruk seçkilərdən dərhal sonra ATƏT-in o
vaxtkı sədri Kanat Saudabayevə şikayət məktubu
yazıb. Məktubda açıq şəkildə göstərilib
ki, ATƏT DTİHB Azərbaycanda keçirilən seçkilərin
nəticələrinə birtərəfli və qərəzli
yanaşmış, dövlət və seçki orqanları
ilə əməkdaşlıq nümayiş etdirməmişdir.
Bahar Muradovanın sözlərinə
görə, Daimi Komitənin iclasında da müşahidə
missiyasının rəhbəri Volfqanq Qrossruk çox obyektiv
olaraq seçkinin normal, Azərbaycan qanunvericiliyi çərçivəsində
keçirildiyini bildirib. O, parlament seçkilərini ölkəmizdə
demokratiyanın inkişafında irəliyə doğru
addım kimi qiymətləndirib, seçki prosesinin
yaxşı təşkil edildiyini, hökumət
qurumlarının beynəlxalq təşkilatlarla, o cümlədən
ATƏT-lə sıx əməkdaşlıq etdiyini,
bütün müşahidəçilərə seçkini sərbəst
izləmək üçün hər cür şərait
yaradıldığını qeyd edib və
bütövlükdə seçki mühitini müsbət dəyərləndirib.
Bu məsələ ilə
bağlı çıxış edən Rusiya və
Qazaxıstanın nümayəndələri ölkəmizdə
keçirilən parlament seçkilərinin demokratik
keçirildiyini bildiriblər.
Milli Məclisin Sədri Oqtay
Əsədov da ATƏT DTİHB-in fəaliyyətinə tənqidi
münasibət bildirdi. Parlamentin rəhbəri Oqtay Əsədov
dedi: "Mən seçkilər ərəfəsində Azərbaycana
gələn institut rəhbərliyi ilə görüşdə
sual etdim ki, siz hazır reseptlə gəlmisiniz, yoxsa normal
müşahidə aparacaqsınız? Bildirdilər ki bizim
hazır reseptimiz olmur. Ancaq illərdir görürük ki, ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu Azərbaycana
həmişə hazır reseptlə gəlir. AŞ PA və
ATƏT Parlament Assambleyasının qərarı qalır bir tərəfdə,
10-12 saat danışıq keçirirlər, sonra öz fikirlərini
deyib gedirlər. Ona görə qurumun rəhbəri dəyişsə
də, mahiyyəti dəyişməyəcək".
Sonra gündəlikdəki məsələlərin
müzakirəsi başladı. İlk olaraq Azərbaycanda insan
hüquqlarının və azadlıqlarının təmin
edilməsi və müdafiəsinin vəziyyəti haqqında
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə müvəkkilinin (ombudsmanın) 2010-cu il üzrə
illik məruzəsi dinlənildi.
Məruzədə bildirilir
ki, ötən il əhalinin rifah halının yüksəlməsinə
istiqamətlənmiş əlverişli sosial-iqtisadi və
hüquqi siyasətin həyata keçirilməsi nəticəsində
insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi sahəsində əhəmiyyətli
irəliləyişlər əldə edilmişdir. Məhz
bunun nəticəsidir ki, yoxsulluğun səviyyəsi 9,1 faizə
qədər azalmışdır. BMT-nin insan inkişafına
dair son hesabatında 2005-ci illə müqayisədə 34 pillə
irəliləyən respublikamız 101-ci yerdən 67-ci yerə
qədər yüksəlmişdir. İnsan inkişafı
indeksinin orta illik tempinə görə ölkəmiz
keçmiş sovet məkanında son on il ərzində
aparıcı dövlət olmuşdur. Respublikamız "orta
insan inkişafı" qrupu ölkələrini tərk
etmiş və "yüksək insan inkişafı"
ölkələri kateqoriyasına daxil olmuşdur.
Məruzədə bildirilir
ki, müvəkkilin fəaliyyəti dövründə onun
ünvanına ümumilikdə 62720 müraciət daxil
olmuşdur. 2010-cu il ərzində daxil olan şikayətlərin
sayı 2009-cu illə müqayisədə 32,5 faiz
artmışdır. Belə ki, 2009-cu ildə müvəkkilin
ünvanına 8800 müraciət daxil olduğu halda, 2010-cu ildə
bu rəqəm 11660 təşkil etmişdir. Bunun əsas səbəbi
pozulmuş insan hüquqlarının bərpa edilməsi
istiqamətində həyata keçirilən fəaliyyətin
ilbəil təkmilləşməsi, nəticədə vətəndaşlar
tərəfindən Ombudsman İnstitutuna etimadın
artmasıdır.
Ötən il daxil olan
müraciətlərin 84,2 faizi şikayətlərdən, 15,7
faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən
ibarət olmuşdur. Müvəkkil Konstitusiya Qanununun tələblərinə
müvafiq olaraq şikayətlərin onun səlahiyyətlərinə
aid olmaması, ərizəçinin hüquqlarının
pozulduğu gündən bir ildən çox müddət
keçməsi, anonim olması, şikayətlə
bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim
edilmiş şikayətdə yeni məlumatlar, faktlar və
sübutlar olmaması səbəbindən 48,8 faizinin
baxılmasından imtina etmişdir. Şikayətlərin 51,2
faizi baxılmaq üçün icraata qəbul edilmiş,
onların da 52,6 faizi təmin olunmuşdur.
Məruzədə bildirilir
ki, ötən dövrdə həyata keçirilmiş fəaliyyət
bir daha göstərdi ki, insan hüquq və
azadlıqlarının təmin edilməsi, vətəndaşların
müraciətlərinə təxirə salınmadan
baxılması, şikayətlərin çevik
araşdırılması məqsədilə dövlət
orqanlarının, bələdiyyələrin, qeyri-hökumət
təşkilatlarının və kütləvi informasiya vasitələrinin
qarşılıqlı əməkdaşlığının
inkişaf etdirilməsinə və təkmilləşdirilməsinə
ciddi ehtiyac var.
Ombudsman Elmira Süleymanova vətəndaş
və siyasi, iqtisadi və sosial hüquqların müdafiəsi,
insan hüquqları sahəsində maarifləndirmə və
digər görülən işlər barədə ətraflı
məlumat verdi.
Müzakirələr
zamanı deputat Zahid Oruc bildirdi ki, məruzə ötən il
ölkəmizdə insan hüquqlarının qorunması sahəsində
görülən işləri dolğun əks etdirir. Məruzə
əvvəlki dövrlərlə müqayisədə daha ətraflı
hazırlanıb. Zahid Orucun fikrincə, Milli Məclis bu sənədi
sadəcə, qiymətləndirməməli, həmçinin
hökumət qurumları ilə birgə müzakirə etməlidir.
Məruzədə çox dəyərli
təkliflərin olduğunu deyən deputat Fazil Mustafa isə
bildirdi ki, Milli Məclis bunları nəzərə
almalıdır. O həmçinin Milli Məclislə Ombudsman
Aparatının əməkdaşlığının
sıxlaşdırılması məsələsinə
toxunaraq parlamentin iclaslarında bu institutun nümayəndəsinin
də iştirak etməsini vacib saydı.
Deputat Mübariz Qurbanlı
ombudsmanın ötənilki fəaliyyətinin kifayət qədər
səmərəli olduğunu dedi. Azərbaycanda insan
hüquqlarının və azadlıqlarının yüksək
səviyyədə qorunduğunu qeyd edən Mübariz
Qurbanlının sözlərinə görə, ombudsmanın
məruzəsi də bu sahədə görülən işlərin
təqdirəlayiq olduğunu göstərir.
Deputat Elmira Axundova da ölkəmizdə
insan hüquqlarının qorunması sahəsində xeyli
iş görüldüyünü qeyd etdi.
Deputat Aydın Mirzəzadənin
sözlərinə görə, ombudsmanın məruzəsi
kifayət qədər əhatəli və informativdir. Məruzədən
görünür ki, artıq Ombudsman İnstitutu ölkəmizdə
kifayət qədər nüfuzlu təşkilata çevrilib.
Sənəddə bütün sahələr üzrə insan
hüquqlarının qorunması ilə bağlı
görülən işlər öz əksini tapıb. Bu ondan
xəbər verir ki, heç bir məsələ diqqətdən
kənarda qalmayıb. Aydın Mirzəzadə müvəkkilin
məruzəsinə Ombudsman Aparatının regional mərkəzlərinin
fəaliyyəti barədə məlumatların
salınmasını da məqsədəuyğun hesab etdi.
Qısa fasilədən sonra
deputatlar Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
illik məruzəsi ətrafında müzakirələri davam
etdirdilər.
Deputat Jalə Əliyeva Azərbaycanda
insan hüquq və azadlıqlarının qorunması sahəsində
görülən məqsədyönlü tədbirlərdən
bəhs etdi. İnsan hüquqları üzrə müvəkkilin
illik məruzəsində bu sahədə əldə olunan
uğurlu nəticələrin geniş əks olunduğunu
bildirdi.
"Hər bir inkişaf
etmiş ölkədə insan hüquq və
azadlıqlarının səviyyəsi sosial iqtisadi inkişaf,
hüquqi dövlət quruculuğu sahəsində
görülən işlərin səviyyəsi ilə
ölçülür" - deyən deputat Musa Quliyev Azərbaycanda
bu istiqamətdə çox yüksək nəticələrin
əldə olunduğunu bildirdi. O, insan hüquqları üzrə
müvəkkilin məruzəsində ünvanlı sosial
yardımın təkmilləşdirilməsi ilə
bağlı məsələnin əks olunduğunu yüksək
dəyərləndirdi.
Deputat Siyavuş Novruzov
ombudsmanın illik məruzəsində bütün sahələrin
əhatə edildiyini və ötən müddət ərzində
səmərəli fəaliyyət göstərdiyini bildirdi.
Deputat Aqil Abbasov insan hüquqları üzrə müvəkkilin
fəaliyyətini qənaətbəxş saydı və
deputat həmkarlarını illik məruzəni nəzərə
almağa dəvət etdi.
Deputatlar müzakirələrin
sonunda insan hüquqları üzrə müvəkkilin illik məruzəsini
nəzərə aldılar.
Milli Məclis Sədrinin
müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin
sədri Valeh Ələsgərov "Cənub Qaz Dəhlizi
haqqında Birgə Bəyannamənin təsdiq edilməsi barədə"
qanun layihəsini təqdim etdi. Komitə sədri bildirdi ki,
birgə bəyannamə 2011-ci il yanvarın 13-də Bakı
şəhərində imzalanmışdır. Sənəddə
Cənub Dəhlizinin mümkün qədər tez bir zamanda
yaradılması nəzərdə tutulub. Qeyd edildi ki, Azərbaycanda
və ondan kənarda olan təbii qazın nəqlinə nail
olmaqla bu strateji dəhliz Avropa İttifaqının mövcud
qaz dəhlizlərini tamamlayır. Xəzər regionundan Avropa
bazarına kimi olan bu marşrutun yaradılması Azərbaycan
Respublikasının və Avropa İttifaqının qaz
daşınması marşrutlarının şaxələndirilməsi
və birbaşa enerji və nəqliyyat əlaqələrinin
yaradılması üzrə birgə strateji məqsədinə
uyğun gəlir. Deputatlar qanun layihəsinə müsbət
münasibət bildirdilər.
"TRASEKA multimodal
daşımalarının inkişafı haqqında"
sazişin təsdiq edilməsi barədə layihəni
parlamentin İqtisadi siyasət komitəsinin sədr müavini
Çingiz Əsədullayev təqdim etdi. Bu qanun layihəsi də
səs çoxluğu ilə qəbul edildi.
Parlamentin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədr müavini Sevinc Fətəliyeva "Azərbaycan
Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin
Birgə Bəyannaməsinin təsdiq edilməsi
haqqında", "Azərbaycan Respublikası hökuməti
və Küveyt Dövləti hökuməti arasında
diplomatik və xidməti xüsusi pasportlara malik olan şəxslər
üçün viza tələbinin ləğv edilməsi
haqqında" qanun layihələri barədə məlumat
verdi. Qanun layihələrinə deputatlar müsbət
münasibət bildirdilər.
Milli Məclis Sədrinin
birinci müavini, Təhlükəsizlik və müdafiə
komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan
Respublikası hökuməti və Latviya Respublikası
hökuməti arasında fövqəladə halların
qarşısının alınması və aradan
qaldırılması sahəsində əməkdaşlıq
haqqında" sazişin təsdiq edilməsi barədə
qanun layihəsini təqdim edərək bildirdi ki, bu sənəd
ölkəmizin milli və dövlət maraqlarına
uyğundur. Deputatlar qanun layihəsinə səs verdilər.
Parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli "Əməliyyat-axtarış fəaliyyəti
haqqında" qanuna, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə,
"Yol hərəkəti haqqında" qanunlara edilən əlavə
və dəyişikliklər barədə məlumat verdi. Qanun
layihələri ayrı-ayrılıqda səsə qoyuldu və
qəbul edildi.
"Gömrük tarifi
haqqında", "Yeyinti məhsulları haqqında",
"Notariat haqqında" və "Dərman vasitələri
haqqında" Azərbaycan Respublikasının qanunlarına əlavə
və dəyişikliklər barədə qanun layihəsini
deputat Çingiz Əsədullayev təqdim etdi. Bu qanun layihəsi
də səs çoxluğu ilə qəbul edildi.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli "Əlilliyin və
uşaqların sağlamlıq imkanları məhdudluğunun
qarşısının alınması, əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların
reabilitasiyası və sosial müdafiəsi haqqında"
qanuna əlavə edilməsi barədə sənədi təqdim
etdi: Burada "Mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan şəxs
qismində uçota durmuş müharibə əlili vəfat
etdiyi halda güzəştli mənzil uçotu onun ailə
üzvləri üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada saxlanılır" kimi əlavə nəzərdə
tutulur.
Deputatlar qanuna edilən əlavəni
təqdir etdilər və ona müsbət münasibət
bildirdilər.
Azərbaycan.- 2011.- 5 mart.- S. 2.