Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının
ölkəmizdəki səfiri
Mətyu Brayzə ilə görüşmüşdür
Martın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mətyu Brayzə ilə görüşmüşdür.
Əvvəlcə xatirə şəkli çəkdirilmişdir.
Mehriban xanım Əliyeva ABŞ səfirini fondda görməkdən şad olduğunu bildirmişdir. Azərbaycanın birinci xanımı Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu demiş, səfirə ölkələrimizin qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində uğurlar diləmişdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonağa məlumat verən Mehriban xanım Əliyeva fondun müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək etdiyini diqqətə çatdırmışdır. Mətyu Brayzə fondun fəaliyyətini yüksək qiymətləndirdiyini, onun xətti ilə həyata keçirilən layihələrin vacibliyini vurğulamışdır.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-5 mart.- S. 3.