"Son dərəcə
ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva öz
çıxışı ilə biz fransızları heyran
qoydu"
Bu fikir Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı fevralın 17-də Parisin möhtəşəm Gavo zalında keçirilmiş mərasimlə əlaqədar Fransanın nüfuzlu və geniş oxucu auditoriyası olan www.toutelaculture.com saytında verilmiş "Azərbaycanın kəşfi" sərlövhəli yazıda öz əksini tapmışdır.
Yazının əvvəlində qeyd olunur ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar Parisin möhtəşəm Gavo zalında keçirilən mərasimdə birinci xanım Mehriban Əliyeva iştirakçılara öz gözəl ölkəsinə sehirli mədəni səyahət bəxş etmişdir.
Bir ölkəni, onun mədəniyyətini kəşf etmək həmişə insanda yaxşı ovqat yaradır. Fevralın 17-də döşəmədən tavana qədər bəzədilmiş Gavo zalı əsl sarayı xatırladırdı. Son dərəcə ağıl və nəzakət nümayiş etdirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz çıxışı ilə biz fransızları heyran qoydu. O, qonaqlara Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 20 illiyi barədə iftixar hissi ilə geniş məlumat verdi. Mərasim iştirakçıları Azərbaycanı xəyalən də olsa kəşf etdilər.
Yazıda mərasimin bədii hissəsi barədə də ətraflı söhbət açılmışdır. Xalq artisti Teymur Göyçayevin dirijorluq məharətindən, onun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasının səsləndirilməsi ilə konsertin başlandığı bildirilən məqalədə Şirzad Fətəliyevin balabanda orkestri məharətlə müşayiət etməsinin bütün zalı vəcdə gətirdiyindən söhbət açılmışdır.
Musiqi proqramları ilə eyni vaxtda nümayiş etdirilən sənədli filmin Azərbaycanın ecazkar və əsrarəngiz təbiəti, qədim tarixi, zəngin mədəniyyəti və musiqisi, başıqarlı dağları ilə fransızlarda müəyyən təsəvvür oyatmasından bəhs edilən yazıda gənc solist Mirpaşa Şükürovun ifasında mahnının, gənc skripkaçı Elvin Qəniyevin ifasında Vivaldinin "Dörd fəsl"inin səslənməsi, Dinarə Əliyevanın əvvəlcə Azərbaycan musiqisini, sonra isə fransız bəstəkarı Fransis Puləngin "Məhəbbət yolları" əsərini ifa etməsi tamaşaçılarda xoş ovqat yaratmışdır. İfaçıların dəfələrlə səhnəyə dəvət edilmələri fransızların və qonaqların Azərbaycan musiqisinə valeh olmalarından xəbər verirdi. Konsert çevik və sürətli rəqslə başa çatmışdır.
Yazıda mərasimin göz oxşadığı, yaddaqalan sehirli bir gecə təsiri bağışladığı diqqətə çatdırılmışdır. Fransızlar bir maraqlı ölkə və onun mədəniyyəti ilə tanışlıqdan aldıqları xoş duyğularla evlərinə qayıtmışlar.
Məqalədə deyilir ki, mərasim yalnız bunlardan ibarət olmamışdır. Tədbir iştirakçılarını daha bir möcüzə - Azərbaycan mətbəxi ilə tanışlıq gözləyirdi. Aşpazların balıqlardan hazırladıqları dadlı yeməklər, tədbir iştirakçılarının indiyə qədər duymadıqları və iyi ətrafı bürümüş kabablar, bol tərəvəz məhsulları, ətri ilə insanı özünə cəlb edən meyvələr və digər nemətlər Azərbaycan mətbəxinin zənginliyindən, məhsul bolluğundan xəbər verməklə yanaşı, hamını əməlli-başlı heyrətə salmışdır.
Yazının sonunda qeyd olunmuşdur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu təşkil olunmuş belə maraqlı gecə ilə iftixar hissi keçirə bilər. Fransızlar və digər qonaqlar düşüncələrində tezliklə bu ecazkar ölkəyə səfər etmək, onun mədəniyyəti ilə yaxından tanışlıq fikri ilə sehirli gecəni - yaddaşlarda əbədi iz salan gecəni tərk etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2011.-5 mart.- S. 3.