Günahsız müqəssirlər
Oqtay Sadıqzadənin
sürgün xatirələri
Xalq rəssamı Oqtay Sadıqzadə ilə məni tanış edən onun anası - alovlu tribun şair, mübariz ruhlu, çağırış hayqırtılı şeirlər müəllifi və XX əsrin repressiya qurbanlarından olan Umgülsüm xanım Sadıqzadə, daha doğrusu, bu vətənpərvər şairənin yaradıcılığı olubdur. Cümhuriyyət dövrü ədəbiyyatımızı tədqiq edərkən diqqətimi cəlb edən ədəbi şəxsiyyətlərdən biri də Umgülsüm oldu. Onun xeyli şerini o dövrün mətbuatından götürüb təhlil edərək oxuculara təqdim etdim. Həmin dövr ədəbiyyatına həsr olunan monoqrafiyamda da Umgülsümün yaradıcılığı və şeirləri özgün yer tutur...
...Umgülsüm xanımın əsərlərinin küll halında buraxılması üçün Qumral xanım Sadıqzadəyə müraciət etdim, o da qardaşı Oqtayla danışacağını dedi... Bir gün Oqtay Sadıqzadə mənə zəng edib anasının əsərlərini çapa hazırlamağımı xahiş etdi. Hazır olan kitaba O.Sadıqzadə yüksək bədii tərtibat verdi.
Umgülsüm xanımın "Əsərləri" 2010-cu ildə çapdan çıxdı. Bu əməkdaşlıq prosesində valideynləri məşhur yazıçı və tənqidçi Seyid Hüseyn və Umgülsüm xanım kimi, Oqtay Sadıqzadənin də sovet imperiyasının repressiyasına məruz qaldığını öyrəndim. Oqtay müəllimin "günahı" Seyid Hüseynlə Umgülsümün övladı olması idi. Əslində isə imperiyaya ucuz işçi qüvvəsi lazım idi. 1940-cı illərdə isə 30-cu illərdə repressiya olunanların övladları iş qabiliyyəti yaşlarına çatmışdılar. Ona görə fürsəti fövtə vermədən həmin əmək ehtiyatlarından "xalq düşməninin övladı" damğası ilə istənilən səviyyədə və vəziyyətdə istifadə edilməsi məqsədilə ölkədə ikinci həbs və sürgün dalğası tüğyan etməyə başladı. Həmin dalğa gənc rəssam Oqtay Sadıqzadəni də ağuşuna alıb zülm və məhrumiyyətlərlə dolu işgəncəli, alçaldıcı və ən adi insani hüquqlardan belə məhrum bir sürgünə atdı.
O.Sadıqzadə öz zəif vücudu, ancaq sarsılmaz iradəsi ilə üzücü katorqa həyatının bütün məhrumiyyətlərinə dözə bildi. Bu işdə ona taleyi və rəssamlıq sənəti, həmçinin hər kəsi özünə məftun edən nurlu daxili aləmi, şəxsi keyfiyyətləri də yar oldu.
Hazırda ömrünün doqquzuncu onilliyini də yola salan bu nurani, müdrik insanın - xalq rəssamı Oqtay Sadıqzadənin ömür yolunun indiyədək kölgədə qalan repressiya, sürgün səhifəsinə də işıq tutmaq, bugünkü və gələcək nəsillərin yaddaşına tarixin daha bir ibrətamiz səhifəsini çatdırmaq məqsədilə ondan sürğün xatirələrini qələmə almağıma izin verməsini xahiş etdim. Razılaşdı. O danışdı, mən isə qələmə aldım. Oqtay Sadıqzadənin sürgün xatirələrini oxuculara təqdim edirik.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru, professor
Azərbaycan.- 2011.- 4 mart.- S. 6.