Günahsız müqəssirlər
İş elə gətirib ki, mənim rəssamlıq fəaliyyətim də, sürgünə gedən yolum da Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ilə başlayıb. 1941-ci il iyunun 9-da biz beş nəfər rəssama Nizami Muzeyinin binasında müvəqqəti emalatxana vermişdilər. Nizami Gəncəvi mövzusunda verilmiş sifarişlər (məsələn, "Kolxozçular tarlada N.Gəncəvinin əsərlərini oxuyarkən" və s.) əsasında çəkdiyimiz tabloları Bədii Şuranın üzvlərinə təqdim edirdik. Növbədə 5-ci mən idim. Növbə mənə çatanda foyenin qapısında qardaşım Cığatayı gördüm. Yanında hərbi geyimli bir nəfər var idi. Cığatayın rəngi qaçmışdı. Ürəyimə damdı ki, bu, xeyirli gəliş deyil. Bu vaxt Bədii Şura məni içəri dəvət etdi, çəkdiyim tablonu kiçik qeydlərlə qəbul etdilər. Mənimsə fikrim Cığatayla hərbi geyimli adamın yanında qalmışdı. Rəssam kimi ilk uğurumun sevincini yaşaya bilmirdim.
Otaqdan çıxdım. Sən demə, məni axtarırlarmış. Evimizə gəlib qardaşım Cığatayın pasportunu almış və onu tutub mənim yerimi, harada olduğumu göstərməyə gətirmişdilər. Hərbi geyimli adam mənim pasportumu alıb özümü hərbi komissarlığa apardı. Orada mənə bildirdilər ki, guya dizertirəm. Tapşırdılar ki, sabah səhər saat 9-da burada ol!
Səhəri gün saat 10-da bizi Biləcəri toplanış məntəqəsinə apardılar. Burada 200-ə yaxın adam vardı. İki gün Biləcəridə saxladıqdan sonra bizi Nasosnuya apardılar. Məlum oldu ki, burada hərbi aerodrom tikirlər. Bizi burada işləmək üçün "işçi batalyonu" adı ilə gətirmişdilər. Əslində isə hamımız guya "xalq düşməninin" oğlu kimi bir növ katorqa cəzasına məhkum edilmişdik. İşimiz isə çox ağır idi, burada günün altında bizə verilən iri çay daşlarını çəkiclə sındırıb xırda-xırda doğrayırdıq. Mən bədəncə çox zəif idim. Çəkici güclə qaldırıb-salır, qara daşı parçalayırdım. İşin ağırlığından, günəşin yandırıcı şüalarından çox, iri-iri milçəklərdən əziyyət çəkirdik. Yaman çox idi milçəklər. Bizə aman vermirdilər...
Bizə
azacıq yemək və fasilə (istirahət) verirdilər. Hava qaralanda isə kazarmaya
yatmağa apardılar. Bu minvalla Nasosnuda "İşçi
batalyonunda" üç ay işlədik. Sentyabrın
axırlarında bizi Qara dəniz sahillərinə
apardılar. Burada isə tank əleyhinə müdafiə xətti
tikirdik. İki ay da orada işlədik. Bir məktəb
binasında qalırdıq. Yatmaq üçün bizə
içi samanla doldurulmuş brezent matras vermişdilər.
Noyabrın ortalarında bizi Bakı limanına gətirdilər. Sulu qar yağırdı. Yolüstü evimizə baş çəkmək istədim. Qoymadılar. Məni ağlamaq tutmuşdu...
"Türkmənistan" gəmisi ilə açıq göyərtədə yola düşdük. Mən soyuqdan qorunmaq üçün gəminin kənarlarından asılmış kiçik xilasetmə qayıqlarının birinin içinə girib birtəhər daldalana bildim. Səhərə yaxın Krasnovodska çatdıq. Bir bağda açıq havada qaldıq. Sonra bizi yük vaqonlarına doldurdular. Mən vaqondakı sobanın yanında özümə yer elədim. Ancaq sobada yanacaq yox idi. Hava şaxtalı, vaqon soyuq idi...
Yük vaqonunda Daşkəndə çatdıq. Bizi hamama apardılar, paltarlarımızı isə "dezinfeksiya" etdilər. Bu vaxta qədər heç birimizdə bit yox idi. Ancaq hamamdan çıxıb "dezinfeksiya edilmiş" paltarlarımızı geyəndən sonra bizi bit basdığını gördük. Daşkənddə natəmizlik idi.
Çelyabinskdə stansiyaların birində dayanmışdıq. Yerə düşdüm. Dəmiryolu qövsvari idi. Bizi aparan eşalonun əvvəli ilə axırı görünmürdü. Gördüm ki, bizi aparan qatarla yanaşı dayanan üstü açıq yük qatarının içi daşkömürlə doludur. Vaqona dırmaşıb oradan xeyli daşkömür boşaldaraq öz vaqonumuza gətirdim. Vaqondakı yoldaşlarım sevincək onları içəri daşımağa kömək etdilər. Yola düşən kimi vaqonumuzun sobasına doldurduğumuz daşkömürü yandırdıq. Beləliklə, mənim gətirdiyim daşkömür bizi soyuqdan xilas etdi.
Bir ay on beş gün yol getdikdən sonra dekabrın 31-də (1941) Barnaul şəhərinə çatdıq. Əynimiz nazik, hava isə 35 dərəcə şaxta idi. Yeni ili qeyd etdik. Bir məktəb binasında qalırdıq. Yerimiz elə darısqal idi ki, hamı bir-birinə söykənib yatırdı. Hətta bir dəfə gecə bayıra çıxdım, qayıdanda öz yerimi tapa bilmədim. Tutulmuşdu.
Bizi toxuculuq kombinatına fəhlə göndərdilər. İşin ağırlığından və alçaldıcılığından yaxa qurtarmaq üçün 1942-ci ilin fevralında könüllü olaraq cəbhəyə getməyə ərizə verdim.
Komissiyada iki nəfər var
idi. Biri məndən soruşdu ki, həbsdə, yaxud xaricdə
olan qohumun varmı? Yoxdur, dedim. Həmin adam üstümə
qışqırıb gəliz rus söyüşləri ilə
söydükdən sonra dedi ki, istəyirsən cəbhəyə
gedib faşistlərə tərəf keçəsən?! Bunu
görməyəcəksən!
Məni qəzəb və
söyüşlə bayıra qovdu. Bərk
sarsılmışdım. Ağlıma gəlməzdi ki, mənim
şəxsi işimdən, ata-anamın repressiya qurbanı
olmalarından xəbərləri olsun. Sən demə,
haqqımda hər şeyi bilirlərmiş.
Bu əhvalat - komissiya
üzvünün qəzəblə məni söyüb, təhqir
edərək bayıra qovması başımın
üstündə sanki qəfil çıxan güclü
ildırım kimi şaqqıldamışdı. Bərk
sarsılmışdım. Qaçmaq istədim. Mümkün
olmadı...
Bizi Robsovsk şəhərinə
(Altay ölkəsi) tank zavodu tikməyə gətirdilər.
Külünglə özül qazırdıq. Torpaq şaxtadan
elə donurdu ki, zorla kiçik qəlpələr qopara
bilirdim. Külüngə gücüm çatmırdı.
İki il yarım burada işlədik. Əvvəllər sexlərdə
gecələyirdik. Sonralar "zemlyanka"larda (yeraltı
"ev"lərdə) qalmağa başladıq. Burada soba
bacasının altında özümə yer tutdum ki,
üşüməyim. Ancaq "zemlyanka"da nə soba
tikildi, nə də onun bacası örtüldü. Orada
qaldığımız müddətdə bacadan gələn
soyuğa və yağan qara dözməli oldum.
Düzü, bu zəif,
arıq vücudumla sağ qalacağıma ümidim yox idi. Bədəncə
məndən qat-qat qüvvətli neçə-neçə
adam xəstələnib öldü. Ancaq qəribədir ki,
sürgündə mən heç xəstələnmədim.
Hər "zemlyanka"da
250-yə yaxın adam yerləşdirilmişdi. Burada
quraşdırılmış üçmərtəbəli
yatacaqların hər mərtəbəsində iki nəfər
yatırdı. İçi samanla doldurulmuş brezent
yatacaqlarda paltarlı-paltarlı yatırdıq.
Orada bizə cüzi maaş
və çörək talonu verirdilər. Adamları dörd
kateqoriyaya - komandir heyəti, mühəndislər,
staxanovçular və qara camaata bölmüşdülər.
Yeməyin keyfiyyəti də bu bölgüyə uyğun idi.
Məsələn, qara camaata yuxarı kateqoriyadan olan adamlara
bişirilən yeməklərin kartof qabıqlarından yemək
adına hazırlanmış, Allah bilir, nə yağında
bişirilmiş bir şey, yaxud kaşa adına nəsə məhlul
verirdilər. Staxanovçulara isə yeməkdə quru meyvə
kompotu da qoyurdular.
Robsovskda axşamüstü
işdən qayıdanda bir nəfərin əlində tor zənbildə
şəkər çuğunduru apardığını
görüb, onları haradan aldığını
soruşdum. Həmin adam məni başa saldı ki, filan tərəfdə
şəhərin kənarındakı kiçik arxı
keçəndən sonra dəmiryolu xətti istiqamətində
xeyli gedim, açıq havada, tarlada
yığıldığını görərsən.
Yoldaşlarıma vəziyyəti danışdım.
Qaranlıq qarışanda mənimlə iki nəfər bir
sanka (xizək), iki də boş kisə götürüb yola
düşdük. Havada 4-5 dərəcə şaxta var idi. Bir
qədər sonra bərk külək qalxdı. Sonra tufana
çevrildi. Külək yerdə donmuş qarı göyə
sovururdu. Ancaq bizim arxamızdan əsirdi... İki-üç
kilometr gedəndən sonra açıq sahədə topa-topa
çoxlu şəkər çuğunduru
qalaqlandığını gördük. Onu da deyim ki, şəkər
çuğundurunu torpaqdan çıxarandan sonra bir müddət
şaxtalı havada saxlayırlar. Çünki onları don
vurduqda şirinliyi artır. Yalnız bundan sonra şəkər
çuğundurunu emala verirlər.
Xülasə, kisələri
doldurub xizəyə qoyduq. Hava qaralmışdı. Ətrafda
heç bir nişanə gözə dəymirdi. Güclü
külək (tufan) yerdə donmuş qarı sovurub sifətimizə
çırpırdı. Ona görə istiqaməti itirib
küləyin səmtinə getməyə başladıq. Xeyli
yol getsək də, heç yana çıxa bilmirdik. Birdən
mənim yadıma düşdü ki, biz küləyin əksinə
getməliyik. Axı, bura gələndə külək
arxamızdan əsirdi.
Bir tərəfdən tufan,
digər tərəfdən də azıb xeyli boşuna yol qət
etməyimiz bizi yaman yormuşdu. Xizəyə
gücümüz çatmırdı. Kisənin birini yerə
atdıq. Səhərə yaxın kiçik arxı və dəmiryolunu
tapıb çox sevindik. Qaldığımız yerə
çatanda yoldaşlarımızın bizə görə
narahat olduqlarını gördük. Lap taqətdən
düşmüşdük. Özümüzü yatağa
güclə saldıq. Ayılanda gördük ki,
yoldaşlarımız şəkər çuğundurunu
dilimləyib bişiriblər. Yedik. Çox ləzzətli və
qidalı, tutumlu idi. Ondan sonra yoldaşlar növbə ilə
gedib həmin şəkər çuğundurundan gətirirdilər.
Tarladan daşınıb aparılanadək o şəkər
çuğunduru elə bil bizim qolumuzdan tutdu.
Müharibə sona
yaxınlaşdıqca vəziyyətimiz düzəlməyə
başlayırdı. 1944-cü ildə mən artıq fiziki əməkdən
azad olub rəssam işləyirdim. İşim siyasi
şüarları yazmaq, divar qəzetinə tərtibat verməkdən
ibarət idi. Bir dəfə dükana getmək
üçün çıxmışdım. Siyasi
şöbə rəisi Boris Vasilyeviç Vasilyev məni
görüb iş vaxtı küçəyə
çıxdığıma görə üstümə
qışqırıb qovdu. O, Moskvadan gəlmişdi. Ancaq
divar qəzetinin tərtibatını görüb bəyəndi.
Məni yanına çağırdı və o zaman
böyük listlərdə (vərəqlərdə) dörd
səhifədən ibarət çıxarılan "Krokodil
nastroyki" adlı satirik divar jurnalının tərtibatını
mənə tapşırdı. Bu jurnal üçün
özü mövzular verir, mən də onları işləyirdim.
Mənə emalatxana da vermişdilər. Yavaş-yavaş insan
kimi yaşamağa başlamışdım.
Bizim koloniyada komsomol katibi
qız idi. O mənə kommunist partiyası sıralarına
daxil olmağı məsləhət gördü. Kerovin
familyalı partkom var idi. Partiyaya daxil olmağım
üçün ondan mənə zəmanət verməsini
xahiş etdim. O məni kabinetinə apardı. Qapını
örtəndən sonra üzünü mənə tutub:
"Sən də fırıldaqçı (maşennik) olmaq
istəyirsən?" - deyə soruşdu. Kerovin sözünə
davam edib dedi ki, görürsən, partiya rəhbərləri
özlərinə neçə mülklər tikiblər.
Gör sən necə yaşayırsan, onlar necə
yaşayırlar. Bunların hamısı
fırıldaqçılardır.
Bununla da həmin fikrimdən
daşındım. Kommunist partiyasına daxil olmadım.
"Zemlyanka"dan
çıxıb xüsusi evlərdə yaşamağa icazə
verdilər. Ancaq belə bir mənzili özümüz tapmalı
idik. Tapdığım evin sahibi qoca bir arvad öz gəlini və
qız nəvəsi ilə birgə bir otaqda
yaşayırdı. Bu təkotaqlı mənzilin ortasında
tikilən sobanın bir tərəfində onlar, kiçik,
darısqal tərəfində isə mən yatırdım. O,
ev kirayəsi əvəzinə mənzili qızdırmaq
üçün odun tədarük etməyimi istədi.
Razılaşdım.
Gecələr gizlincə
gedib meşədən, yaxud hansısa idarənin həytəindən
odun gətirirdim. Çünki buna icazə verilmirdi. Havalar isə
şaxtalı idi.
Qaldığım evin zirzəmisi
də var idi. Ərzaq ehtiyatı orada saxlanılırdı.
Gördüm ki, özümə aldığım kartof nə
qədər bişirib yesəm də, heç azalmır. Sən
demə, ev sahibi, qoca arvad gizlincə öz kartoflarından mənim
kartofumun üstünə əlavə edir, onu tükənməyə
qoymurmuş... Onlarla mənim aramda olduqca xoş münasibət
yaranmışdı.
Müharibə
qurtarmışdı. Ancaq heç yana çıxa bilməzdik.
Məni başa saldılar ki, əgər Azərbaycan Rəssamlar
İttifaqı məktub yazıb sənə ehtiyacları
olduğunu bildirsə, evə buraxıla bilərəm. Rəssamlar
İttifaqının ozamankı sədri Mürsəl Nəcəfova
bu barədə məktub yazdım. Ancaq inşaat üzrə
Zilberman familiyalı sahə rəisimiz var idi. O mənə
dedi ki, xüsusi şöbə ilə danış. Xüsusi
şöbədə bir qadın var idi. Hamı ondan qorxurdu.
Bir dəfə o, məndən öz portretini çəkməyimi
istədi. Çəkdim. Rəisimizin qızının da
portretini çəkmişdim. Onlar mənə sürgündən
azad olmaqda kömək etdilər. 1946-cı il mart
ayının 5-də sürgündən evə
qayıtmağım üçün mənə rəsmi
arayış verildi. Ancaq iki gün yola çıxa bilmədim.
Sürgün
yoldaşlarım məni yola salmağa, vağzaldan
ötürməyə gəlmişdilər. Kirayə
qaldığım evin balaca qızına, nəvə Liliyaya
arada dərslərinə hazırlaşmaqda kömək
edirdim. Onunla dostlaşmışdıq. O mənim Bakıya gedəcəyimi
bilən kimi qapıya doğru qaçıb "ni
puşşu!" (buraxmaram!) - deyə yolumu kəsdi.
Qızcığaz öz qərarında elə israrlı idi
ki, hətta əsəb və həyəcandan qıc olmaq dərəcəsinə
gəlirdi. Bu minvalla mən həmin gün də, ertəsi
gün də evə yola düşə bilmədim. Ona görə
yoldaşlarımdan xahiş etdim ki, məni ötürmək
üçün bir də bura gəlməsinlər.
Liliyanı isə aldadıb inandırdım ki, daha heç
yerə getməyəcəyəm. Beləliklə, axır ki,
icazə aldığımın üçüncü
günü Vətənə yola düşə bildim.
Evimizə gəlməyim
haqda Daşkənddən teleqram vurdum. Doqquz gün yol gələndən
sonra Bakıya çatdım. Gəlməyimdən evdəkilər
xəbərsiz idilər. Çünki teleqramım onlara
çatmayıbmış...
Oqtay Sadıqzadə,
Xalq rəssamı
Azərbaycan.- 2011.-5 mart.- S. 6.