Ermənilər nə qədər cəhd etsələr də, qanlı əməllərini gizlədə bilməyəcəklər

 

Azərbaycan Xalq Cümhuriyyəti yaranan ərəfədə ölkəmizin ərazisi 114 min kvadratkilometr idi. 1920-ci ilin əvvəllərindən başlayaraq 1988-ci ilədək Kremlin "xeyir-duası" ilə Azərbaycan əraziləri hissə-hissə Ermənistana verildi. Sovet hakimiyyətinin süqutuna yaxın Azərbaycanın ərazisi artıq 86,6 min kvadratkilometr təşkil edirdi.

Bu az imiş kimi, ermənilər indi də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayaraq "sübut etməyə" çalışırlar ki, guya Dağlıq Qarabağ Ermənistanın ərazisi olmuşdur. Erməni "tarixçilərinin" uydurduğu "Ermənistanın şərq diyarı", "qədim Ermənistan" kimi dövlətçilik xülyaları erməni siyasətçiləri tərəfindən təbliğ edilir. "Ermənistanın ayrılmaz hissəsi" kimi mənfur yalanlardan siyasi vasitə kimi geniş istifadə olunur. Bununla da işğala haqq qazandırmaq məqsədi güdülür.

XIX əsrdən etibarən ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsi ilə müşayiət olunan siyasi proses Rusiyadan kənarda erməni dövləti yaratmaq naminə təşkil edilmiş zəminlə çox bağlıdır. Böyük dövlətlərin iqtisadi və siyasi maraqlarından doğan bu proseslər XX əsrin əvvəllərindən etibarən aparılan etnik təmizləmə və ekspansiya siyasəti ilə davam etdirilmişdir. Ermənipərəst bolşeviklər partiyası rəhbərlərinin və erməni ünsürlərin gizli məramı ilə 1923-cü ildə DQMV də bu məqsədlə yaradılmışdır.

Cənubi Qafqazda ilk erməni dövləti yaradıldığı dövrdən etnik təmizləmə siyasətinin genişləndirilməsinə başlandı. Ermənilərin xeyrinə olaraq yerli əhalinin - azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılaraq süni surətdə sayının azaldılması və ermənilərin artırılması "əməliyyatı" həyata keçirildi. Hər hansı hadisə üstündə azərbaycanlılar kütləvi şəkildə cinayət məsuliyyətinə cəlb edilir, cəzalandırılırdı. Bunlar yenə də əsassız ərazi iddialarına və etnik təmizləmə siyasətinə xidmət edirdi: münaqişə yaratmaq, vahimə törətmək, yerli əhalini qorxuya salaraq yurdundan didərgin salmaq, torpaqlarını mənimsəmək. Bu barədə Veliçko yazır: "Haqqında danışılan siyasətbazlar (ermənilər - Q.H.) bölgənin müsəlman əhalisini xəbərdar edirlər və müsəlmanların şərəfinə toxunurlar ki, onların torpaqlarından gələcəkdə istifadə etsinlər".

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları sovetlər dövründə də davam etdirilir, bu istiqamətdə planlı şəkildə iş aparılırdı. Hətta faşizmə qarşı dünya ölkələrinin mübarizə apardığı bir dövrdə erməni quldurları azərbaycanlılara qarşı ədavəti dayandırmamışdılar. Xalqımızın müharibənin dəhşətli ağrı-acıları içərisində boğulduğu bir zamanda - 1945-ci ildə onlar yenə də Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürmüşdülər. Etirazla qarşılandıqlarına baxmayaraq, bu siyasətdən əl çəkməmiş, sonralar da Azərbaycana qarşı ərazi iddialarını davam etdirmişdilər.

1969-cu ildə ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra ermənilərin bu fəaliyyətinin qarşısını almaq üçün həm siyasi, həm də iqtisadi tədbirlər həyata keçirdi. Bu da ermənilərin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb olmuşdu. Ulu öndər erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq tədbirləri həyata keçirərək onlara bəhanə tapmağa imkan vermədi.

Heydər Əliyev Moskvada hakimiyyətdən istefa verəndən sonra indi Ermənistan adlandırılan tarixi torpaqlarından türk-müsəlman əhali deportasiya edildi. Yüz minlərlə adam evsiz-eşiksiz qaldı, neçə-neçə insan öldürüldü.

1988-ci ilin əvvəllərindən DQMV-də və Ermənistanda tətillər, nümayişlər keçirilməyə başlandı. Bu işdə Ermənistanda "Qarabağ", Xankəndidə isə "Krunk" adlı erməni təşkilatları fəal rol oynayırdılar. Həmin il avqustun axırı və sentyabrın əvvəllərində Kərkicahan və Xocalı üzərinə ermənilərin hücumu başlandı. Sentyabrın 18-də isə Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlı şəhərdən zorakılıqla çıxarıldı.

1989-cu il yanvar ayının 12-də Qarabağda vəziyyəti qaydaya salmaq üçün Xüsusi İdarəetmə Komitəsi yaradıldı. Lakin ermənipərəst A.Volskinin sədrlik etdiyi bu qurum vəziyyəti sabitləşdirmək əvəzinə daha da gərginləşdirdi. Həmin müddət ərzində silahlı ermənilər Azərbaycan ərazisinə hücumlar edir, qanlı faciələr törədirdilər. Bütün baş verənlərə isə hakimiyyət göz yumur, ermənilərə himayədarlıq edirdi.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, etnik təmizləmənin yeni mərhələsi 1989-cu ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında Ermənistan hökumətinin qəbul etdiyi qərarla başlandı. Vəziyyəti gərginləşdirmək üçün ermənilərlə azərbaycanlılar arasında ədavət qızışdırıldı, azərbaycanlılara qarşı qətllər törədildi. Dağlıq Qarabağ bölgəsində "meşələrin qırılması" əməliyyatı təşkil edildi. Buna etiraz əlaməti olaraq Azərbaycan xalqı ayağa qalxdı. Ermənilərin əlində oyuncağa çevrilmiş SSRİ rəhbəri M.Qorbaçov Azərbaycan xalqını sarsıtmaq, mübarizə əzmini qırmaq üçün 1990-cı ildə Bakıya qoşun yeritdi və 20 Yanvar qırğınını törətdi. Bu, Xocalı faciəsinə gedən yolun başlanğıcı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının davamı idi. Planlı şəkildə davam etdirilən, getdikcə geniş vüsət alan münaqişə müharibəyə çevrildi.

Erməni silahlı birləşmələri Dağlıq Qarabağ ərazisini tam nəzarət altına aldıqdan sonra təcavüzkar əməllərini ardıcıl surətdə genişləndirərək onun hüdudlarından kənarda Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını və Qazax rayonunun bir hissəsini işğal etdilər. Hərbi əməliyyatlar zamanı dinc əhali kütləvi surətdə qırıldı, işğal olunmuş ərazilərdə etnik təmizləmə aparıldı və dağıntılar törədildi.

Azərbaycana qarşı təcavüz zamanı 20 mindən çox adam öldürüldü, 50 minədək insan yaralandı və ya şikəst oldu, 4 min nəfər əsir düşdü, yaxud girov götürüldü, 1 milyonadək azərbaycanlı ev-eşiyini itirdi, yüzlərlə məktəb və tibb müəssisəsi yandırıldı, talan edildi və maddi sərvətlər işğal olunmuş ərazilərdən Ermənistana daşındı.

Ermənilər Qarabağ bölgəsində Azərbaycanın əsrlərlə qoruyub saxladığı tarixi abidələrin çoxunu, Azərbaycan türklərinin izini, o cümlədən məşhur Xocalı kurqanlarını və qəbiristanlığını texnika vasitəsilə darmadağın etdilər.

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrildi. Müsəlman abidələrinin izi-tozu qalmadı, Alban-xristian abidələri isə tamamilə saxtalaşdırıldı. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları məhv edildi. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdıldı. Yelisey məbədində saxlanmış Alban hökmdarı III Vaçaqanın qəbri və sovməsindəki yazı tamamilə silindi.

Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik edərək təhqir etdilər. Şuşa muzeylərini dağıtdılar. Bütün dünyada nadir muzeylərdən biri olan Ağdam Çörək Muzeyini tamamilə yox etdilər.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: "Azərbaycan müstəqillik əldə etdikdən sonra erməni separatçılarının Dağlıq Qarabağda başladıqları təcavüzkar siyasət yüzlərlə kənd və qəsəbənin dağılması, on minlərlə günahsız insanın qanının axıdılması, yüz minlərlə insanın öz evindən, elindən didərgin salınması ilə nəticələnmişdir. Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur".

Cənab İlham Əliyev hələ respublikanın Baş naziri olan zaman "Assoşieyted Press" agentliyinə verdiyi müsahibəsində "Siz Dağlıq Qarabağın müstəqillik statusuna malik olmasını fərz edə bilərsiniz?" sualına cavabında demişdir: "Əlbəttə ki, yox və yenə də yox! Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan öz sərhədləri daxilində tanınmışdır... Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, üstəlik, daha bir erməni dövlətinin mövcud olması mümkün deyildir".

Sonralar da Prezident İlham Əliyev bu məsələyə dəfələrlə qayıdıb və çıxışlarının birində deyib: "...Azərbaycan heç vaxt Dağlıq Qarabağın itirilməsinə razılıq verməyəcək, nəyin bahasına olursa-olsun, doğma torpaqlarını azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin əvvəllərində köçürülmüşlər. Bir dəfə Azərbaycan, türk torpağında erməni dövləti yaradılıb, burada ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt imkan vermərik".

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayətdir. Ona görə də bu cinayəti törədənlər təkcə Azərbaycanın yox, dünya ictimaiyyəti qarşısında gec-tez cavab verməli olacaqlar. Artıq dünya ictimaiyyəti erməni separatçılarını, onların iç üzünü getdikcə daha yaxından tanıyır, kimin haqlı, kimin haqsız olduğunu görür. Cidanı çuvalda gizlətmək olmadığı kimi, ermənilər də nə qədər cidd-cəhd göstərsələr də, öz qanlı əməllərini gizlədə bilməyəcəklər. Çünki dünya artıq o dünya deyil!

 

 

Qasım HACIYEV,

AMEA-nın A.Bakıxanov

adına Tarix İnstitutunun

şöbə müdiri, tarix elmləri doktoru

 

Azərbaycan.- 2011.-4 mart.- S. 6.