Ali Məhkəmənin növbəti
plenumu olmuşdur
Martın 4-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti plenumu keçirilmişdir. Ali Məhkəmənin sədri Ramiz Rzayev plenum iclasını açaraq bildirmişdir ki, mənəvi dəyərlərə böyük zərbə vuran, qloballaşan dünyada bəşəriyyətin ümumi bəlasına çevrilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində ölkəmizdə dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, bu məqsədlə bir sıra təşkilati-hüquqi və əməli tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, bu ağrılı bəla ilə mübarizə ümumdövlət vəzifəsi hesab edilmişdir.
Prezident İlham Əliyevin 2005-ci il 28 iyun tarixli fərmanı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər hüquqi aktlar təsdiq edilmişdir. Bu məqsədlə 2007-2012-ci illər üçün yeni proqram təsdiq olunmuşdur.
Plenumda "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" məsələ respublika hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə geniş müzakirə edilmiş, təhlillər aparılmışdır.
Müəyyən edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərə baxılma keyfiyyəti əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, bu bəlaya qarşı mübarizə sahəsində müəyyən çatışmazlıqlar vardır. Bəzi birinci instansiya məhkəmələri tərəfindən cinayət işlərinə baxılarkən müəyyən xarakterli nöqsanlara yol verilmişdir.
Plenum narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün və eyni cür tətbiq olunmasını, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul etmişdir.
Plenumda konkret cinayət işlərinə və mülki işlərə də baxılmışdır. Plenum müzakirə olunan məsələ və baxılmış işlər barədə müvafiq qərarlar qəbul etmişdir.
Plenumun işində Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2011.-5 mart.- S. 3.