Azərbaycan Diplomatik Akademiyasının 5 illik yubileyi
qeyd olunmuşdur
AzərTAc xəbər verir
ki, martın 4-də Azərbaycan Diplomatik Akademiyasının 5
illik yubileyi qeyd edilmişdir.
Mərasimdə
akademiyanın rektoru Hafiz Paşayev gənc diplomatların
xarici siyasətimizin inkişafında fəal iştirak etdiyini
vurğulayaraq təhsil ocağının beşillik fəaliyyəti
barədə ətraflı məlumat vermişdir. H.Paşayev
bildirmişdir ki, yarandığı gündən akademiyada
xarici siyasət proqramları həyata keçirilir. Bu
proqramlara 412 dövlət və qeyri-dövlət
strukturlarının nümayəndələri
qoşulmuşlar. Bütün proqramlarda dünyanın ən
aparıcı "beyin mərkəzləri"nin nümayəndələri,
professorlar, alimlər iştirak edirlər. Keçən
dövr ərzində beynəlxalq münasibətlər və
diplomatiya üzrə magistratura proqramı, eləcə də
yay və qış məktəbləri təşkil
olunmuşdur. Cari ildən isə bakalavr pilləsi üzrə
qəbul başlayacaqdır. Beş il ərzində akademiyada
yerli tələbələrlə yanaşı, ABŞ-dan,
Avropadan olan tələbələr təhsil alırlar. Mərasimdə
akademiyanın 5 illik fəaliyyətini əks etdirən sənədli
film göstərilmişdir.
Bundan əlavə, mərasimdə
bu yaxınlarda dünyasını dəyişmiş, Azərbaycanın
Avstriyada səfiri olmuş, diplomat Fuad İsmayılovun xatirəsi
də anılmışdır. Mərhuma həsr edilmiş
film nümayiş etdirilmişdir.
Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarov Fuad İsmayılovun
ATƏT və digər beynəlxalq təşkilatlarla
gördüyü işləri yüksək qiymətləndirmişdir.
Digər
çıxış edənlər də diplomatla
bağlı xatirələrini bölüşmüşlər.
Azərbaycan.- 2011.-5 mart.- S. 3.