Azərbaycan qadını müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir

 

Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

İstər xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyata öz möhürünü vurmuş mütəffəkirlərin ədəbi fəaliyyətində Azərbaycan qadını həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf olunub. Lazım gəldikdə Azərbaycan qadını düşmənə qarşı cəbhədə də böyük mətanətlə vuraşaraq rəşadətlər göstərib, yağıya qan uddurub, haqqında qəhrəmanlıq salnaməsi yaradıb. Buna görədir ki, tariximizin hər səhifəsi qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərilib, dünyaya həyat bəxş edən ana adı uca tutulub. Bu, Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrilib.

Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən dahi rəhbər qeyd edirdi: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Ümummilli liderin xalqın istək və iradəsinə uyğun olaraq müstəqil Azərbaycana rəhbərlik etməsindən sonra digər sahələrlə yanaşı, qadın problemlərinin həlli istiqamətində də keyfiyyət etibarı ilə tamam yeni bir mərhələ başlandı. Zərif cinsin nümayəndələrinin üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərilməyə başlandı, ölkədə formalaşan demokratik mühit yeni qadın birliklərinin, cəmiyyətlərinin yaranmasına təkan verdi, qadın hərəkatlarına bir ruh yüksəkliyi gətirdi. Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürdü.

Eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırıldı. Ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının ali hüquqi zəminini yaratdı. Azərbaycanın sosial, siyasi və mənəvi inkişafında rolu artan qadınlar dövlət strukturlarında, parlamentdə, siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmağa başladılar. Ölkədə uğurla həyata keçirilən gender bərabərliyi siyasətinin hüquqi bazasının formalaşmasının davamı olaraq Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" sərəncamı, daha sonra "Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında", "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanları qadınların ictimai-siyasi həyatda iştirak və imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının əsaslarının yaradılmasında mühüm rol oynadı.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planının (2000-2005-ci illər) təsdiq edilməsi zərif cinsin təmsilçilərinə yüksək dövlət qayğısının daha bir təzahürü oldu. Bu sənəddə ölkədə qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, eləcə də müvafiq dövlət prolqramlarının hazırlanması nəzərdə tutlmuşdu. Milli Fəaliyyət Planı Azərbaycanın 1995-ci ildə qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiya və Pekin Fəaliyyət Platforması əsasında respublikada mövcud vəziyyət və prioritetləri nəzərə almaqla tərtib olunmuşdu. O, problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə və digər təşkilatların, o cümlədən üçüncü sektorun iştirakı ilə hazırlanmış dövlət sənədi idi. Bu, bir daha qadınlara, onların üzləşdiyi problemlərin çözümünə, ailədə və cəmiyyətdə mövqelərinin daha da möhkəmlənməsinə dövlət tərəfindən göstərilən qayğının, aparılan məqsədyönlü siyasətin real təcəssümü idi.

Yeni yüzillikdə də sürətlə qloballaşan müasir dünyaya inteqrasiya olunan demokratik Azərbaycan dövlətində qadın siyasəti yenə prioritet istiqamətlər sırasındadır. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev qadınların cəmiyyətin həyatında daha fəal iştirakına yönələn siyasəti uğurla aparmaqda, buna xidmət edən hüquqi bazanı zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirməkdədir. Bu kontekstdə cənab Prezidentin təşəbbüsü ilə 2006-cı ildə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qəbul edilən qanunu, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılması və digər halları qeyd etmək mümkündür.

Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur: "Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir".

Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, respublikamızın dinamik inkişafının təmin edilməsinə özünəməxsus töhfələr verməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində ümummilli liderin adını daşıyan, xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun da fəaliyyəti misilsizdir. Fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilən, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan, təkcə statusuna görə yox, real əməli ilə də ölkəmizin birinci xanımı olduğunu sübuta yetirən Mehriban Əliyeva müasir Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə layiqincə təcəssüm etdirir.

Çoxşaxəli fəaliyyətində daim mərhəmət, xeyirxahlıq, humanizm kimi ümumbəşəri prinsiplərə sadiq qalan Mehriban xanım Əliyevanın şəxsiyyətində nəciblik, qayğıkeşlik, insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü real əməllərdə aydın göstərir. Heydər Əliyev Fondunun prezidentinin milli-mənəvi dəyərlərin qorunması və dünyada təbliği, elmin, təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təmini yönümündə gördüyü işlər bunun ən bariz sübutudur. Nəcib missiyalar daşıyıcısı olan Heydər Əliyev Fondunun, onun prezidentinin qarşıya qoyduğu məqsədlər kifayət qədər genişdir və ictimai həyatın demək olar ki, bütün sahələrini əhatə edir.

Qayğıkeş ana, eyni zamanda, görkəmli ictimai xadim olan ölkəmizin birinci xanımı bu gün qadın hərəkatının önündə gedərək beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edir, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırır, Azərbaycan adlı məmləkətin həqiqətlərini, inkişaf yolunu bəşəriyyətə nişan verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə dünyaya eşitdirir. Cari ilin fevralın 17-də Parisdə Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Mehriban xanım Əliyeva Azərbaycanın tarixi, müasir tərəqqi yolu, qazandığı nailiyyətlərlə yanaşı, bir daha ölkəmizin ərazi bütövlüyünün zor gücünə pozulması faktını yüksək tribunadan beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı. Eyni zamanda, Azərbaycanın gələcəyə istiqamətlənən bir dövlət olduğunu qeyd etdi: "Biz əminik ki, gün gələcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, hər bir məcburi köçkün, hər bir qaçqın öz doğma torpağına qayıdacaqdır. Bizim hər bir nailiyyətimizin arxasında Azərbaycan vətəndaşının zəkası, biliyi, bacarığı, istedadı və əməyi durur. Azərbaycan gələcəyə istiqamətlənən dövlətdir. Biz böyük yolun əvvəlindəyik. Müstəqil və dünyəvi dövlət olaraq, tariximizə və köklərimizə sadiq olaraq, mədəniyyətimizi və ənənələrimizi qoruyaraq biz ümumdünya dəyərlərinə, azadlıq, demokratiya, aşkarlıq, dünya birliyinə inteqrasiya yolunu seçmişik".

Bununla yanaşı, Azərbaycanın memarı olan ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, onun amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən fond Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasına, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasına və təbliğinə əvəzsiz töhfələr verir. Fondun missiyalarını layiqincə yerinə yetirən onun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva isə fərqli mədəniyyətlər arasında dialoqun qurulmasında, xaricdəki Azərbaycan gənclərinin təşkilatlanmasında, ölkəmizin dünyada təbliğində, "Xocalıya ədalət" kimi vacib bir kampaniyanın aparılmasında, eləcə də bu qəbildən olan digər mühüm tədbirlərin reallaşmasında mühüm xidmətlərin müəllifi kimi çıxış edir.

Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.

 

 

Vəsilə KƏRİMOVA,

"Demokratik Qadın Dünyası"

İctimai Birliyinin sədri

 

Azərbaycan.- 2011.- 5 mart.- S. 4.